Azərbaycan İdeyası

MƏN NIYƏ ŞƏHID DEYILƏM?!

Tarix:4-02-2020, 11:17
Baxış Sayı:245

(Bütün şəhidlərimizə həsr edirəm)

O, Sabirabad rayonunun Muradbəyli kəndində kolxozçu ailəsində dünyaya gəlmişdi... Bu kəndin bir tərəfi Kür çayı, bir tərəfi Sarısu gölü (orda yaşayanlar bu gölə “çala” deyirlər), bir tərəfi də Mirzağa arxı ilə əhatə olunub. O, bu kənddə boya - başa çatmışdı, uzun boylu, enli kürək, qaraşın bir igid idi Maqsud... Onlar 5 qardaş, 3 bacı idilər. Qardaşlarının adları “M” hərfi ilə başlayırdı. Mehman, Mais, Mail, Maqsud, Murad, Şamama, Şəhla və Güləzər bacıları. Atası Xankişi əmi və anası Səmayə xala adi kolxozçu idilər. Maqsudun əsgərlik vaxtı çatdı. 1990 - ci il, fəlakətlərimizin tüğyan etdiyi illər... Maqsud Daxili Qoşunlara düşdü. Artıq 4 cü il idi ki xidmət edirdi, vuruşurdu mənfur düşmənlə. 1993-cü ilin dekabr ayı idi. Arxalı, azğın düşmən Beyləqan istiqamətində ağır texnika, tanklarla hucuma keçmişdi. Maqsud öz döyüş yoldaşları ilə qəhrəmancasına vuruşurdu, düşmənin 4 - dən çox tankını, çoxlu sayda canlı qüvvəsini məhv etmişdilər. Amma arxalı köpəklər yeni qüvvə ilə yenə də hucuma keçirdi. Maqsudun o biri döyüş yoldaşları həlak olmuşdular. 3 nəfər qalmışdılar səngərdə. Yalnız bir tank vuran mərmi qalmışdı, düşmən isə güllələri od kimi yağdırırdı. Maqsud tankların bir az da yaxınlaşmasını gözləyib, axırıncı mərmi ilə tankın birini də məhv etdi. Artıq heç bir doyüş sursatları qalmamışdı. Tanklar isə onlara tərəf sürətlə irəliləyirdi. Mənfur düşmən tankı Maqsudgilin səngərinin üstündə fırlanaraq bu igidləri torpağa diri-diri basdırdı...!
O gün yer palçıq idi, 3 gün idi ki yağış yağırdı. Maqsudun böyük qardaşı Mehman inəkləri Garıs meşəsinə ötürüb, yola yaxın su arxının üstündəki çəpərə ayağındakı rezin sapoğun palçığın silirdi. Bir içərisi hərbi geyimdə olan, hərbiçilərlə dolu "UAZ" Mehmanın yanından ötüb keçdi. Mehmanın qardaş ürəyi zıqq elədi, bir an özün itirdi, "UAZ" isə atasıgilin evlərinə sarı gedirdi... Ayağında yekə rezin sapoqla Mehman da atasıgilə tərəf qaçmağa başladı. Qaçırdı, amma çata bilmirdi, elə bilirdi ayaqları getmir, rezin sapoq ayağından çıxmışdı. Xəbəri yox idi palçıqda ayaqyalın qaçırdı, çata bilmirdi bu "UAZ"a... Can qardaş, pis şey gəlmişdi ürəyinə... Xankişi əmi də heyvanları meşəyə ötürüb gəlmişdi, oturmuşdu pilləkəndə. Səmayə xala isə xamır yoğururdu.
Xankişi əmi dedi:
- Ay Səmayə, Mail balıq tutmağa gedib. Balıq gətirsə, sən Allah ləmbic elə, isti çörəklə yeyərəm, nəsə ürəyim yaman göynəyir.
Səmayə xala dedi:
- Yaxşı, ay kişi, vallah bu gecə Maqsud yuxumnan çıxmayıb, bircə hə desəydi, nişanlayardım balamı, deyir ay Xankişi, keçən dəfə Maqsud Axtaçıya toya getmişdi ha, toyda oyneeb, nədi o mahnının adı? Həə, “taksi burda saxla, o qız bu kəntdəndi”, yağın Axtaçıdan kiminsə qızın isser, ay kişi, görəsən kimin qızıdı?
- “Ay Səmayə, saalla məyi bu işlərə qatma, qoy Güləzər bacısına sirr gəlsin, siz arvadlar gedin düzün – qoşun, onsuz da elə həmişə arvadlar düzüb qoşur, biz kişilər də elə yalandan şirinçay içib “Allah mübarək eləsin” deyirik.
- Ay kişi, Güləzər deyir ki, Maqsuda dedim ki, qardaş, kimi isseersən de anama deyim, getsinlər elçiliyə. Maqsud deyib ki, yox ay bacı, qoy müharibə qurtarsın, olmadı elə, oldu belə, xalxın qızın bədbəxt edərəm, inşallah, müharibədən sonra deyəcəyəm bacı..."
"UAZ" həyətə girmişdi, hərbi geyimdə 5-6 nəfər düşmüşdü maşından yerə. Xankişi əminin gözü uzaqdan yaxşı görmürdü, dedi:
- Ay Səmayə, deyəsən Maqsud əsgər yoldaşları ilə gəlib bir az tez elə, çörəyi bişir.
- Bıyy, başına dönüm balamın da, əsgər yoldaşlarının da. O su dolu vedrəni bəri ver suyu qızdırım, sən də toyuqları... yer palçıqdı, hindən çölə buraxmamışam, o bu ilki xoruzun ikisini tez kəs ver mənə. Bıyy, ay Allah, nə yaxşı, yuxum çin çıxdı, balamın boyuna qurban ollam...
Mehman da artıq çatmışdı həyətə, maşında tabutu görcək, istədi qışqıra, bacarmadı. Boğazı qəhərdən qurumuşdu.
Xankişi əmi dedi:
- Ay Mehman, Maqsuda denən gəlsinlər dənə evə, yorulmuşam, dura bimirəm.
- Ay lələ, evimiz yıxılıb, ay lələ!.. Başımıza daş düşüb, ay lələ!.. Qardaşım tabutda gəlib, ay lələ!..
Xankişi əmi durmaq istədi, dura bilmədi. Beli sınmışdı. Ağır olur övlad itkisi. Səmayə xala bir az ağır eşidirdi, soruşdu:
- Ay Xankişi, Mehman nə qışqırır orda? Denən gəlsinlər öyə dənə. - ...və pilləkəndən düşdü aşağı. Gördüyü mənzərə onu havalandırdı:
- Ay nakam gedən Maqsudum! Bəs mən sənə elçi gedirdim, ay bala!? Qurban olum, ay Maxsud... Allah, yandım, ay Allah!!!
Həmin günün axşamı Maqsud Xankişi oğlu Daşdiyev “Azərbaycan Bayrağı” ordeni ilə ölümündən sonra təltif olundu. Muradbəyli kənd orta məktəbi onun adını daşıyır. Xankişi əmi çox yaşamadı Maqsuddan sonra. Səmayə xala sağdı, amma psixikası pozulub yazıq arvadın. O gün dəyməyə getmişdik, heç kimi tanımır, elə arada deyir : "Ay Murad, vallah qapıya maşın gəldi, bax gör Maqsud deyil gələn?!"
Mən hər dəfə Rusiyadan gələndə birinci növbədə Xankişi əmiyə və Səmayə xalaya baş çəkərdim. Böyük qardaşımın qaynatası və qaynənəsidi bunlar. Rəhmətlik Xankişi əmi mənimlə söhbəti çox xoşlardı, amma mən o kişinin kişi qeyrətli üzünə baxmağa utanırdım, xəcalət çəkirdim ki, mən niyə Şəhid deyiləm.
İndi də körpə Zəhramıza görə xəcalət çəkirəm... Biz kimik, İlahi!!?

MƏN NIYƏ ŞƏHID DEYILƏM?!

Həsən Həsənov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO