Azərbaycan İdeyası

ZÜLM ƏRŞƏ ÇƏKİLƏNDƏ HAQSIZLIQ BAŞ ALIB GEDİR

Tarix:24-09-2020, 14:06
Baxış Sayı:636

Müsahibim müddətsiz həqiqi hərbi xidmətdə 21 il fədakarlıqla Vətənə, torpağa xidmət etmiş, 2 aprel 2016-cı ildə Lələtəpə döyüşlərində vuruşmuş “Gizir” Əliyev Azad Vəliyyəddin oğlu kimdir. Hansı səbəbdən redaksiyamıza məktub yazıb, onu bir mətbuat işçisi kimi dinləməyi xahiş etdi
Hörmətli oxucularım, müsahibim 21 il müddətsiz həqiqi hərbi xidmətdə vicdanla, qeyrətlə qulluq etmiş Cəbrayıl rayonu istiqamətində gedən hərbi əməliyyatlarda düşmənlə vuruşmuş, ağır xəsarət olmuş məcburi köçkün Ağdam rayon Novruzlu kənd sakini 25.02.1997-ci il təvəllüdlü “Gizir” Əliyev Azad Vəliyyəddin oğludur. Yaşadığı 5 mərtəbəli evin kandarında bir xeyli söhbət edəndən sonra məni evinə dəvət etdi, dəvətini qəbul etdim. İndi 5 nəfər onun ailə üzvü ilə 1 otaqlı evdə onun acı həyat səlnaməsini dinlədikcə bir insan olaraq mənən ağrıdım, öz-özümə deyirəm, ilahi şükür sənin dərgahına bu əqidə ilə bu məsləklə biz hara gedirik. Kiçik bir otaqlı dar bu evdə uşaqlar öz aləmlərində idilər. Onların səs-küyü imkan verməyirdi ki, Azadı diqqətlə dinləyim. Başqa bir otaq da yox idi ki, uşaqları ora göndərək, çöldə də, yağış yağırdı. Belə olduqda Azada məsləhət gördüm ki, gəl fikrimiz yayınmamaq üçün söhbətimizi dialoq şəklində aparaq. Onu da qeyd etdim ki, jurnalistin ən güclü silahı sualdır. Bir gün qocaman bir müəllim tələbəsinə sual verir ki, jurnalistin ən güclü sualı nədir. Şagird cavab verir ki, qələmidir. O da öz növbəsində şagirdin əlindən qələmini alıb sındırır və deyir indi göstər gücünü.
Elə ona ilk sualımı belə başladım.

- Gizir Azad Əliyev xahiş edirəm özünüz haqqında qısa bir məlumat verin?
- 17.07.1997-ci ildə Xaçmaz Xudaq bölgəsində sərhəd qoşunlarında həqiqi-hərbi xidmətə getdim, xidmətimi 1999-cu ildə uğurla başa vurandan sonra 1993-cü ildə məcburi-köçkün düşdüyümüz Balakən rayonunun Poşbinə kəndinə ailəmizin yanına qayıtdım. Allah heç kimə köçkünlük qismət etməsin. Mən 5 nəfər ailə üzvümlə Poşbinə mal fermasında məskunlaşmışdıq. Rayona həmişə gedəndə çalışırdıq ki, piyada gedək, nə qədər təmizlik etsək də üstümüzdən miz iyi gəlirdi. İnsanlardan aralı qaçırdıq. Bir sözlə çox ağır durumda yaşayırdıq.
- Nə üçün yenidən hərbi xidmətə getməyə qərar verdiniz?
- Hələ iki illik hərbi xidmətdə olanda elə hey fikirləşirdim, xidməti başa vurandan sonra nə edəcəm. Daima düşmən tərəfindən darmadağın edilən evimiz, kəndimiz yuxuma girirdi, elə bir uzaqdan lap çox uzaqdan qulağıma fəryad səsləri gəlirdi, məni oraya çağırırdılar. Amma bütün bu yuxuların sonunda yuxuda ağ atlı qoca bir nurani kişi yuxuma girib deyirdi bala tələsmə, bala tələsmə o gün çox da uzaqda deyil, səbrli ol, Allah səbr edənləri sevər. Nəhayət bir gün qəti qərara gəldim. Həyat yoldaşıma yenidən hərbiyə gedəcəyimi deyəndə məəttəl qaldı:
- Dedi ki, ay Azad bəs sən bizi nə edəcəksən, görmürsən ki, vəziyyətimizi iki körpə uşaqla bizi bu kənddə kimin yanında qoyub gedirsən. Yoldaşım xasiyyətimi bilirdi: - Dedi ki, Allah xeyirlisini etsin. Bundan sonra artıq getmək üçün qəti qərara gəldim. 2000-ci ildə Balakən hərbi komissarının yanına gedib qəbula düşdüm, fikrimi ona dedim. Bu işdə mənə köməklik etməyini xahiş etdim. Bundan sonra onun köməkliyi ilə “Gizir” hazırlıq kursuna qəbul olundum. Bir il burada təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin əmri ilə Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissələrində BMP-2 hərbi maşınlarının komandiri kimi xidmət etdim. 2007-ci il tarixdə müdafiə nazirliyinin əmri ilə başqa bir hərbi hissəyə qulluq etmək üçün göndərildim. 702 saylı hərbi hissəsnin tərkibində qulluq etmişəm. Beləliklə 21 il Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində qüsursuz xidmət göstərmişəm.
- Bu 21 ildə hansı xidmətləriniz olub, bayaq uşaqlar səs-küy saldılar, yaxşı eşidə bilmədim. Bu hərbi xidmət dövründə hansı şücaətləriniz, təltifləriniz olub. Xahiş edirəm bu haqda da məlumat verin.
- Şükür Allaha ki, xidmət etdiyim 21 ildə daima dövlətimizin, xalqımızın, (ailə də kiçik bir dövlətdir) başını uca tutmuşam. Və bunun da cavabında həmişə dövlət tərəfindən orden, medal fərmanlarla təltif edilmişəm.
26 iyul 2008-ci il “Yubiley medalı” ilə təltif olmuşam.
13 iyun 2011-ci il. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal.
24 iyun 2013-cü il. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı.
24 iyun 2013-cü il. “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli medal
26 iyun 2018-ci il. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı.
26 iyun 2018-ci il. “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medal.
31.12.2008-ci il. N saylı Hərbi Hissə komandiri polkovnik V.Qasımovun əmrinə əsasən “Fəxri Fərman”.
26 iyul 2008-ci il Ordu Korpusu Komandiri general mayor R.Əkbərovun əmrinə əsasən “Fəxri Fərman”
15.06.2010-cu il. N saylı Hərbi Hissə komandiri polkovnik V.Qasımovun əmrinə əsasən “Fəxri Fərman”.
7 iyul 2012-ci il. N saylı hərbi hissənin komandiri general leytenant K.Vəliyevin əmrinə əsasən “Fəxri Fərman”
17 oktyabr 2015-ci il. N saylı hərbi hissənin komandiri v.m.i.e polkovnik leytenant S.Quliyevin əmrinə əsasən “Fəxri Fərman”la təltif olunmuşam və sairə.

- Bayaq yanıqlı-yanıqlı deyirdiniz, yuxularınız ərşə çəkilmişdir, ürəyiniz düşməndən qisas almaq hissi ilə yaşayırdı. Bu 21 ildə məqam oldu. Yağı düşməndən qisas ala bildinizmi?
- Bəli Allah gözəl Allahdır. Qisas heç vaxt Qiyamətə qalmaz. Şükür Allaha o mənfur Ermənilərdən mənə də qismət oldu qisasımızı alım. Azərbaycan Ordusunun bir giziri kimi. 2 aprel 2016-cı il əməliyyatında iştirak edən bir BMP-2 nin komandir kimi onu deyə bilərəm ki, düşmən üzərinə əməliyyatımız çox uğurlu oldu. Komandiri olduğum BMP-2-nin şəxsi heyəti ilə Lələtəpə istiqamətində mövqeyimizi atəşə tutan düşmənə qarşı əks hücuma keçdik. Bir daha öz döyüşümüzlə, şücaətimizlə aerməni dığalarına göstərdik ki, bax qorxaq it kimi qaçırsınız. Bir gün gələcək o torpaqlarımızın hamısını işğaldan azad edəcəyik. Bilirsiniz, erməni dığaları qabağımızdan elə qaçırdılar ki, yıxılıb ayaqlarımızın altında siçan kimi ölürdülər. Döyüş zamanı ermənilərin köməyinə əlavə qüvvə gətirən bir kamaz dolu əsgərlərini və DOD atəş nöqtələrini ani surətdə mərmilərimizlə məhv etdik. Aparıb bayrağımızı Lələtəpə yüksəkliyinə qürurla sancdıq.

- Bəzi ağzı göyçəklər deyirlər ki, Lələtəpənin alınmasının elə bil xeyiri yoxdur?
- Bunu həmişə bu vətəni sevməyən bəzi baltası özümüzdən olan bədxahlar deyə bilər. Lələtəpə dağ silsiləsidir, ora strateji bir yüksəklik idi. Ermənilər daima o yüksəklikdən bizim kəndlərimizi atəşə tuturdular. Ancaq indi oranı tutandan sonra ermənilər bizim ayaqlarımızın altında qalıblar.

- Axı hələ də torpaqlarımız işğaldan azad olmayıb nə üçün ordudan təxris olundunuz. Bəlkə bu elə bir ani hiss idi, gəldi getdi. Daha vuruşub torpaqlarımızı azad etmək istəmirsiniz?
- Yox nə üçün elə danışırsınız, bu gün də Ali Baş Komandan İlham Əliyev əmr versə bu xəstə canımla yenə də könüllü olaraq cəbhəyə gedən sırada duran əsgərlərimizin sırasında məmnuniyyətlə öz döyüş BMP-2 maşınımla ön sırada duraram. Lakin yuxarıda qeyd etdim ki, 2 aprel 2016-cı il Lələtəpə döyüşlərində iştirak etmiş, orada düşmənlə üz-üzə vuruşan zaman bizə tərəf atılan zəhərli düşmən mərmisinin partlaması nəticəsində həm zəhərləndim, həm də başımdan ağır xəsarət aldım. Gecə cəbhə bölgəsindən məni helikopterlə Füzulinin Əhmədbəyli kəndində yerləşən Hospitala gətirdilər. Orada ilk tibbi yardım göstərildikdən sonra vəziyyətim ağır olduğuna görə hərbi həkimlərin müşayəti ilə yenidən helikopterlə Bakıya Papanindəki Hərbi Hospitala apardılar və orada müalicə olundum.

- Bakıda hərbi hospitalda neçə gün yatdınız sizi necə müayinə etdilər həkimlərimizdən razı qaldınızmı?
- Hospitalda savadlı həkimlərin böyük səyi nəticəsində 10 gün çox ciddi müalicə oldum. Vəziyyətimin qənaətbəxş olduğunu görüb xanım nevropotoloq həkimdən xahiş etdim ki, sağ olun 10 gün mənim gecə-gündüz yanımdan əl çəkmədiniz müayinə etdiniz. İndi özümü yaxşı hiss edirəm. Mən burada qala bilmərəm, döyüş yoldaşlarım məni gözləyir mən orada cəbhədə olmalıyam. Nevropotoloq Venera həkim isə mənə dedi ki, mən sizi heç cür buraxa bilmərəm. Vəziyyətinizin yaxşılaşması müvəqqətidir. İndi ona görə siz özünüzü yaxşı hiss edirsiniz ki, iynə, dava-dərmanlar ağrılarınızı müvəqqəti keyidib. Bax müalicəni yarımçıq qoyub getsəniz, bir də bura qayıdacaqsınız. Bizim də əziyyətimiz hədər gedəcək. Dedim ki, əgər məni buradan buraxmasanız ikinci mərtəbədən özümü atacam.
Bu sözdən sonra şöbə müdiri Elnur həkim və nevropotoloq bir-birinin üzünə baxıb məni buraxmağa qərar verdilər. Yenə ürəkləri soyumayıb mənə verdikləri epiqirizdə 5 gün xidmətdən kənar dincəlmək üçün qeydiyyat etmişdilər. Hospitaldan çıxanda Venera xanım mənə dedi ki, gizir Azad Əliyev, Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilmiş “Yeddi oğul” kinosunu görmüsənmi? Orada Mirpaşa Qəqəniyə atəş açmağı öyrədəndə deyir ki, Qəqəni Gəray bəyin başından vur, baş elə bir yerdir ki, onunla zarafat etmək olmaz. O, zədələndisə huri-qılman da gələ onu geri qaytara bilməz. Bax sənə deyirəm ha başla zarafat etmə.

Bəs Hospitaldan hara getdiniz?
- Mən Bakıdan Hospitaldan bir başa Füzuli bölgəsinə öz yoldaşlarımın döyüş maşınının yanında xidmətimi davam etdirdim. Alxanlı, Abdurahmanlı kəndləri istiqamətində düşmənlə üzbəüz cəbhə xəttində xidmətimi davam etdirdim. Bir ay keçəndən sonra qəfildən məndə şiddətli baş ağrısı, gözağrısı, əsəblərim pozulmağa başladı. Vəziyyətimin getdikcə pisləşdiyini görən hərbi hissənin həkimləri, komandanlığa raport yazdılar və məni yenidən Bakıya Hospitala müalicəyə apardılar. Burada yenidən təkrar 1 ay müalicə olunandan sonra təkrar öz hərbi hissəmə qayıtdım, lakin yenə də ağrılar başlayırdı. Bundan sonra vəziyyət elə gətirdi ki, mənim xidmət müddətim də başa çatmışdı. Buna görə də komandanlıq vəziyyəti dəyərləndirib məni təqaüdə göndərdilər.

- Bu qədər orden medal tərifnamə almısınız, müharibə iştirakçısı olmusunuz, sizin əməyinizi dövlət hərbi komandirlər lazımınca dəyərləndiriblər. İndi nə edirsiniz, işlə təmin olunmusunuzmu?
- Yox sadəcə təqaüdçüyəm, heç bir yerdə işləmirəm, hara müraciət edirəmsə iş tapmıram. Tez-tez xəstələnirəm baş ağrıları imkan vermir. Bəzən də dərmanlarımı almağa pul tapmıram.

- Gizir Əliyev nədən razısınız, nədən narazısınız?
- Ən əvvəl bizi Yaradan Allahımdan, dövlətimizdən, prezidentimizdən razıyam. O, yeni-yeni reformalar, islahatlar edir, ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək üçün xarici sərmayədarları buraya cəlb edir. Hər vəchlə çalışır ki, Azərbaycan insanı yaxşı yaşasın. Gülərək bir də bundan, bizə çay gətirən saatlarla bizim müsahibəyə mane olmamaq üçün mətbəxdə ayaq üstə dayanan həyat yoldaşını göstərdi və əlavə etdi o bütün çətinliklərə dözməsəydi mən rahat vətənə xidmət edə bilməzdim. Elə əslində əsl qəhrəmanlıq ona düşür.

- Bəs yaşadığınız bu həyatda nədən qorxursunuz?
- Həyatda ən çox qorxduğum şey biganəlikdir ki, bu da başıma gəldi. Bax bu sualınızla mənim yaralı yerimə toxundunuz. Mənim bir sözlə ən qorxduğum, ən narazı olduğum iş yerlərində məmur özbaşınalığıdır.

- Bayaq mətbəxə keçəndə elə bil həyat yoldaşınız dedi ki, Azad insafın olsun bir az da jurnalist əmiyə ev məsələsindən danış. Nədir bu ev məsələsi, bir az danış görüm?
- Hə yoldaşım düz deyir. Hərbdən danışanda hər şey yadımdan çıxır. Axı yuxarıda Sizə dedim, yerlərdə məmur özbaşınalığı var. 1993-cü ildə məcburi köçkün düşəndə Balakən rayonunun Poşbinə kəndində işıq, su, qaz olmayan köhnə mal fermasında məskunlaşdıq, 2016-cı ildən 2017-ci ilə kimi Balakən rayon Mahamalar kəndində yerləşən Geoloji Kəşfiyyat İdarəsinin uçuq-salxaq binasında hansı çətinliklərlə yaşamışıq oradakı kənd camaatı da sizə deyə bilərlər. Mən cəbhədə olanda həyat yoldaşım da uşaqlarımla burada fədakarlıq edib onları böyütmüşdür.

- Ümumiyyətlə Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bu haqqda kimə müraciət etmisiniz?
- 2016-cı ildə Aprel döyüşlərində qızğın müharibə gedəndə həyat yoldaşım, anam bir də qardaşım burada Komitənin Qax, Zaqatala-Balakən üzrə (o məcburi köçkün deyil, Qax şəhər sakinidir) səlahiyyətli nümayəndəsi Hacıyev Vidadi Əhməd oğlunun Zaqataladakı ofisinə gəlib. Burada tikilən 5 mərtəbəli evlərdən bizə də verilməsini tələb edirlər. Vidadiyə deyiblər ki, oğlum Azad müharibədə düşmənlə ölüm-dirim mübarizəsindədir. Onun da ailəsi qapılarda qalıb niyə ona da ev vermirsiniz? Vidadi şəxsən qardaşım Ruslana deyib ki, Azadın özünə də demişəm, pulsuz ev yoxdur, müharibə bölgəsində ikiqat maaş alır, hələ onlara qanlama pulu da verirlər. Pulsuz ev yoxdur. Gətirsin pulunu versin ona ev verək. Vidadi bundan sonra qardaşım Ruslanla dalaşıb deyib ki, çox mənim başımı ağrıtma, kimə xidmət edib, getsin ondan da ev alsın. Mən ona borclu deyiləm. Mən ona deməmişəm get vuruş. Bundan sonra Vidadi qardaşımı qorxutmaq üçün çağırıb telefonla Polisə müraciət edir ki, burada Ruslan adlı Ağdam köçkünü mənim normal iş fəaliyyətimə maneçilik törədir. Polisdən gələn post-patrul işçiləri qardaşımı dindirəndən sonra, Ruslandan xahiş ediblər ki, görürsünüz də şər-xata adamdır, indi siz buranı tərk etməsəniz bizdən də şikayət edəcək.
Qardaşım da polislərin bu sözündən sonra buranı tərk etmişdilər. Qardaşım deyir ki, o vaxtı Vidadi çağıran polisləri üzdən tanıyıram, indi də görsəm tanıyaram. Polislərin rəhbəri mayor çox vicdanlı adam idi. Lazım gəlsə elə bilirəm o da bu hadisəni danmaz.

- Ümumiyyətlə bu illərdə Vidadi müəllimlə üz-üzə görüşmüsünüz?
-Bəli mən mütəmadi olaraq Vidadi müəllimə zənglər edib onunla danışırdım ev istəyirdim. Dəfələrlə ona müraciət etsəm də o həmişə mənə pul məsələsini qabardırdı. 2017-2018-ci ildə də onunla əlaqə saxlayanda mənə dedi ki, burada ev alıb başqa rayonlarda yaşayanlar var, onlar evlərini satmaq istəyirlər. Ev almaq istəyirsən onların hər hansı biri ilə danışım pulunu gətir sənə ev alım verim. Aidiatı evlər bölünüb verilib, boş qalan evlər isə komitənin işçiləri tərəfindən satılıb. Sən də atını yəhərləyib minib düşmüsən dalımcan. Qardaş mən burada buyruq quluyam, mənə deyirlər sat, satıram, ev ver, verirəm. Beləliklə 2018-ci ilə qədər ailəm onun-bunun qapısında qaldı. 2018-ci ildə Vidadi mənə qəfildən zəng etdi dedi Azad çox ev-ev deyirsən, gəl görüşək sənə bir təklifim var. İndi burada qəsəbədə (Zaqatalada) ev boşalacaq. Gəldim onunla Ağ sarayın qarşısında görüşdük. Mənə dedi ki, bir nəfər polis zabiti burada 3 otaqlı evinin qapısını bağlayıb başqa rayonda yaşayır. Onu məhkəməyə vermişik. Məhkəmə yolu ilə evi boşaldacağıq. Gedirəm Qaçkınkoma, əgər ev istəyirsənsə, gedim danışım. 1000 manat ver, o evi sənə verək. Mən isə ona dedim ki, indi mənim 1000 manatım yoxdur. Sən get danış o evi mənə ver, mən də sənə pul tapıb verim. Vidadi çox bic adamdır. O mənim yaşayışımın ağır olduğunu neçə illər idi ki, bilirdi. Ona görə də məni imtahana çəkirdi ki, pul alsın.

Sonradan necə oldu ki, sən 1 otaqlı ev almağa nail oldun?
- 2018-ci ildə Vidadi yenə də məni çağırıb dedi ki, boş ev var ancaq gedib Qaçqınkomdan özün istəməlisən. Buna görə də mən komitənin sədrinin qəbuluna getdim, lakin oradakı məmurlar mənə imkan vermədilər. Mən başa düşdüm ki, burada məmurlar mənə dərs verirlər ki, get Vidadi ilə hesablaş. Mənim qəti təkidimdən sonra komitənin sədrinin birinci müavini Gəray müəllimlə (o vaxtkı komitənin sədri Əli Həsənovun müavini idi) görüşdüm və bildirdim ki, qəsəbədə boş evlər var, onlardan mənə də verin. O cənab isə mənə dedi ki, get araşdırıb sənə cavab verəcəm. Elə bundan bir müddət keçmişdir ki, Vidadi müəllim məni Balakənddəki iş otağına çağırdı və dedi ki, 1 otaqlı ev var. Çox adam istəyir, mən də istəyirəm sənə verim. Ancaq sənə demişəm pulsuz ev yoxdur. İndi gətir hələ ki, 500 manat ver, onsuz da sənin ailən böyükdür sonra hesablaşıb sənə 2-3 otaqlı ev verəcəm. Hələ burada çox evlər boşalacaq.
Bundan sonra çıxılmaz vəziyyətdə qalıb, uşaqlarımın tez-tez xəstələnməsini nəzərə alıb sözdə onunla razılaşıb gəlib indi yaşadığımız 1 otaqlı evə köçdüm.

- Bəs necə oldu Vidadiyə pul verdinmi?
- Bundan sonra Vidadi günümü qara etmişdir, tez-tez deyirdi ki, gətir evin pulunu ver komitədən məni incidirlər, sən indi bu evə pul verməsən, sonra 2-3 otaqlı ev ala bilməyəcəksən elə burada da çürüyəcəksən, əgər pul versən səni işlə də təmin edəcəm. Sonra naəlac qalıb Vidadiyə 200 manat pul verdim. İndi də neçə dəfə qabağımı kəsib deyir ki, pulun qalanını da ver!.. Komitədən istəyirlər.
- Biz yolda gələndə elə bil ki, siz dediniz ki axı komitənin yeni sədri cənab Rövşən Rzayevin qəbulunda olmusunuz, bu hadisə necə oldu o sizə nə vəd verdi?
- 2019-cu ilin may ayında Zaqatalada Heydər Əliyev Mərkəzində Komitənin sədri Rövşən Rzayevin bizimlə görüşündə xahişimi nəzərə alıb sağ olsun məni şəxsən qəbul etdi, çox diqqətlə məni dinlədikdən sonra ətrafındakı işçilərə baxıb başını əllərinin içinə alıb əsəbi halda xeyli fikirləşdi. İşsizliyimi və mənzil şəraitimi nəzərə alıb yanındakı köməkçilərə xüsusi tapşırıq verdi. Dedi ki, bu oğlanı xüsusi nəzarətə götürün, görün harada imkan var bunun ailəsini təcili yerləşdirin. Sonra da dedi ki, Azadı layiqli bir işlə təmin edin o Vətən üçün, xalq üçün vuruşub, elə bir işlə təmin edin ki, gedib kiminsə ayağının altını təmizləməsin.

- Rövşən Rzayevin qəbulundan sonra nə dəyişdi bir nəticə hasil oldumu?
- Mən Rövşən müəllimdən narazı deyiləm. Allah tərəfi bu insan gələndən bəri çox işlər görüb. O, sözünü dedi, tapşırığını verdi, mənim kimi minlərlə köçkün var Rövşən müəllim hamını yadında saxlaya bilməz ki, heç bunu robot da edə bilməz. Lakin Qaçqınkomun yerli nümayəndələri tərəfindən Rövşən müəllimin tapşırıqları yerinə yetrirlmədi. Əminəm ki, Rövşən müəllimin xəbəri yoxdur. Mən onun səmimiyyətinə inanıram.

- Bəs nə üçün ona yenidən müraciət etmirsiniz?
- Qaçqınkomda Vidadinin məmur dostları buna imkan vermirlər. Dəfələrlə rəsmi məktublar və ərizələrlə Prezidentə də, Rövşən müəllimə də şikayət etsəm də bilirəm ki, mənim ərizələrimi ona çatmağa qoymayırlar. Bax əsl məmur özbaşınalığıdır.
Dediniz ki, Vidadini prokraturaya da vermisən aranızda bir 300 manat çek məsələsi və 400 manat nağd pul məsələsi olub bu nə məsələdir, buna da bir aydınlıq gətirə bilərsiniz, əgər istəyirsinizsə?
- Bilirsiniz nə var, elə olur ki, zülm ərşə çəkilir, haqsızlıq baş alıb gedəndə Lenin demişkən məcburiyyət qarşısında rüşvətxorluğa, qanunun pozulmasına sən də istəmədən rəvac verirsən. Xahiş edirəm məni qınmayın, mənə diqqətlə qulaq asın (bunu deyə-deyə əlində olan çeki mənə təqdim edir) mən ölkəmə xidmət edirəm, bu yolda canımı əsirgəmirəm, döyüşürəm, xəsarət alıram, yenə də əqidəmdən dönmürəm.
Ancaq mənim ailəm isə Vidadi kimi məmurların ucbatından əziyyət çəkir. Gördüm daha onunla bacara bilmirəm. Qulluq etdiyim Füzulinin N saylı hərbi hissəsində komandirdən icazə alıb Horadiz qəsəbəsinə gəlib 300 manat Vidadinin adına pul göndərdim. O vaxt məzuniyyətə gələndə də 400 manat əlimlə ona pul vermişdim. Lakin məni aldadıb pulumu aldı 3 otaqlı ev vermədi. Bu gündə bir otaqlı evdə ailə üzvlərimlə çürüyürük. Şikayət etdim çox sağ olsun Zaqatala prokuroru Əli müəllim pulumu alıb verdi. Mən də daha ondan şikayət etmədim.
Daha bu haqda danışmaq istəmirəm.

- Azad söhbət əsasında dediniz ki, burada qəsəbədə 3 otaqlı ev var. Vidadi müəllim zəbt edib, heç orada da yaşamır, deyirəm o evi mənə ver, deyir ki, yox bunu mənə komitə verib, bu mənim xidməti evimdir. Bu haqda nə deyə bilərsiniz?
Necə yəni, Vidadi müəllim, burada 3 otaqlı xidməti ayrıca iş otağı, qəbul otağı var, Balakəndə xidməti otağı var. Azad Əliyev siz deyirsiniz mən də buradayam 30 ildir ki, araşdırmaçı jurnalist işləyirəm. Belə bir işə rast gəlməmişəm. Məcburi köçkün olmadığı halda, hansı yollasa, komitəyə məsul işə götürülür, bunun üçün ev bron edilir, əmək haqqı verilir. Axı Prezident həmişə öz çıxışlarında deyir ki, heç bir toxunulmaz məmur yoxdur. Hamı qanuna tabe olmalıdır.

- Axı bu necə olur yəni bu qədər haqsızlıq olar ?
- Bəli bütün bu yuxarıda sizə danışdığım hadisələri məcburi köçkünlərin yerli nümayəndəsi Vidadi Hacıyev Əhməd oğlunun bizə yaşatdığı bir həyat faciəsidir.

- Yaxşı bu qədər müddətsiz hərbi həqiqi xidmətdə olmusunuz. Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamə var nə üçün Sizə Müharibə Veteranı adı verilməyib axı siz bu ada layiqsiniz?
- Dərdimi açma ev məsələsindəki kimi burada da bəxtim gətirməyib. Yenə də gəlirəm məmur özbaşınalığına. Mən bu haqda Müdafiə Nazirliyinin həkim komissiyasına sənədlərimi təqdim etdim. Açıqca deyəcəm məndən 500 manat pul istədilər. Mən də nə pulum yoxdur nə də ki, o veteranlıq vəsiqəsini pulla almağı vicdanıma sığışdırmadım. Dedim ki, bu mənim haqqımdır verirsiniz verin, verməyirsiniz də özünüz bilin məhkəməyə müraciət edəcəm.

- Məhkəməyə müraciət etdinizmi?
- Bəli məhkəməyə müraciət etdim. Ədalətli qərar çıxdı.

- Bəs veteranlıq vəsiqəsi necə, ala bildiniz?
Yox hələ ki, almamışam. Onda mən ona dedim ki, eybi yoxdur mən bir jurnalist araşdırması aparıb sənə kömək edərəm. Görüm indi niyə vermirlər.

- Müdafiə Nazirliyinin həkim komissiyası nəyi əsas götürdü ki, səndən pul istədilər, sən də pul vermədin deyə sənə veteranlıq vəsiqəsi vermədilər?
- Götürəndə komissiyanın qərarı çox gülünc doğururdu. Bunu deyə - deyə o hospitalın xəstəlik haqqında epiqris sənədlərini mənə göstərdi və dedi ki, yuxarıda da göstərdim ki, ilk dəfə xəsarət alanda məni Füzulinin Əhmədbəyli kəndinə helikopterlə hospitala ağır vəziyyətdə gətirdilər. Orada həkimlər vəziyyətimin ağır olduğunu görüb xəstəlik vərəqəmə epiqriz yazıb, Bakıya mərkəzi hərbi hospitala göndərdilər. Orada da həkimlər məni müalicə edib xəstəlik kağızıma xəsarətim haqqında epiqriz yazdılar. İndi bu komissiya deyir ki, epiqrizlərin bir-birindən fərqi var. Bu da çox gülüncdür. Bu işə məntiqlə yanaşanda görürük ki, hər iki hospital çox düzgün qərar veriblər. Sadəcə belə bir el misalı var aşığın sözü qurtaranda dalay-dalay deyir.

Azad Əliyev dediyinə görə səninlə Lələtəpə döyüşlərində iştirak edib hətta heç bir xəsarət almayan əsgər yoldaşların veteranlıq vəsiqəsi alıblar. Ancaq sən ağır beyin travması aldığın halda sənə haqsızlıq edib veteranlıq vəsiqəsi vermirlər. Bu necə olur?
Birincisi onu deyirəm ki, əslində onların da, mənim də bu vəsiqəni almaq haqqımızdır. Bu döyüşdə bizim hər birimiz şəhid ola bilərdik. Qaldı ki, komissiyanın məni dağa – dərəyə salıb incitməklərini məcburiyyət qarşısında haqqıma çatmaq üçün məhkəməyə müraciət etməyimin səbəbini gedin onlardan soruşun.

- Sizə bu qədər haqsızlıq olub heç inamınızı itirib peşman olan vaxtınız olub?
- Bəzən elə olur ki, haqsızlıq baş verəndə insan az qalır inamını itirsin. Vidadi kimi mal, pul, vəzifə düşkünlü məmurları görəndə bir qara xətt deyim, qara hiss deyim insanı çulğalayır, özündən çıxarır ki, Azad sən nə edirsən, kimin üçün canını fəda edirsən. Lakin ürəyindəki o Vətən, torpaq, yüzlərlə şəhid qanı gözümün önünə gələndə, düşmənə nifrət qəlbimdə alovlanır, o alov beynindən gəlib keçən o anı qara xətlərin hamısını yandırır, hər şey yaddan çıxır. Bu alovun içində əlində məşəl tutan şəhidlərimiz səni intiqama çağırırlar. Torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Mən də vətənim üçün canımdan keçdim!...
Elə bilirəm ki, bu yazıdan sonra Cənab Rövşən Rzayevlə, Eldar müəllimlə görüşümüz baş tutar. Gizir Azad Əliyevin də ev məsələsi müsbət həll olunar. Rövşən müəllimin bilmədikləri bir çox faktları da ona çatdıraram.
Hörmətli oxucular bunuda nəzərinizə çatdırıram ki, Azad Əliyevlə müsahibəmi yekunlaşdırandan sonra ona kömək üçün götürüb getdim Zaqatalada notariusa onun hüquqlarını müdafiə etmək üçün etibarnamə aldım. Ertəsi gün Bakıya qayıtdım. On bir dəfə Salyanski kazarmaya ayaq döyəndən sonra dedim ki, məni məcbur etməyin bu məsələni ictimailəşdirəm bundan sonra Azadın veteranlıq vəsiqəsini qol çəkib götürdüm. Zaqatalaya gedən taksilərlə yola saldım. Bu onun haqqı idi mənim də bir vətəndaş kimi mətbuat işçisi kimi onun kimi Vətən oğullarının qulluğunda durmaq müqəddəs borcumdu. Hamını Vətən üçün vətəndaşlarımız üçün bu məsuliyyətli borcu qorumağa çağırıram!...

P.S Əziz oxucularım yuxarıda göstərdiyim bu yazı 4 aydan çoxdu ki, mənim çantamda gəzir. Çox istəyirdim ki, Qaçqınkomun sədri çox hörmət bəslədiyim Rövşən Rzayev cənabları aparat rəhbəri Eldar Zeynalovla görüşüm bu məsələni onlarla yerində həll edək. Mən araşdırma apardım. Bu məsələdən Rövşən müəllimin Eldar müəllimin də xəbəri yoxdur. Onu bilirəm ki, Rövşən müəllim çox vicdanlı adamdır. 30 ildir ki, Qarabağ hadisələrinin ən qaynar nöqtələrində olub əsl vətəndaş kimi canını – qanını bu yolda fəda edənlərdəndir. Lakin hər yerdə olduğu kimi təəssüf olsun ki Qaçqınkomda da bəzi məmur özbaşınalıqları var. Bilirsiniz, vicdan yaxşı şeydir hər kəsdə ola . Belə bir deyim var: Hər bir məmur işlədiyi yerdə şirkətdə hər hansı bir idarədə balasına çörək qazanır. Ona görə də burada biganəlik nankorluq edib bu mənim işim deyil deyib kənara çəkilsin. Şair demişkən: Qoy mən fani olum cümlə cahan batsada batsın.
Qaçqınkoma dəfələrlə getdim nə mənə imkan vermədilər ki, Rövşən müəllimlə Eldar müəllimlə görüşüm nə də ki bu məsələni həll etməkdən boyun qaçırdılar. Əslində müharibə veteranı Azad Əliyevin problemini onlarla da həll edə bilərdik. Bu haqda Qaçqınkomda işləyən Sənan müəllimlə Faiq müəllimlə komitənin “Vətən səsi” qəzetinin Baş Redaktoru Elşən Əliyevlə zəng edib görüşmək istədim ki, həmkar kimi bu məsəni yoluna qoyaq ictimaiyyələşməsin.Yazıda elə məqamlar var ki, adı çəkilən məmurların özbaşınalığı komitənin nüfuzuna xələl gətirir. Axı insaf da yaxşı şeydi. Qaçqınkomda Rövşən Rzayev qədər heç kim belə vicdanla işləməmişdir. Lakin bəzi məmurların əməllərində insanlar əziyyət çəkir. Hətta baş redaktorun axır sözü o, oldu ki, əşi mənim nəyimə lazımdır, get nə yazırsan yaz. Maraq üçün qeyd edək ki, baş redaktoru olduğu “Vətən səsi” qəzetində əksər yazılar internet materialıdır və baş redaktor adına bir kiçik də olsa yazıya rast gəlmədim. Min-bir əziyyətlə başa gələn, öz hesabına maliyyələşən ən zəif qəzetlərdən də maarifçilik baxımından qat-qat aşağı olduğunu gördük. Və dövlət tərəfindən maliyyələşən qayəsi əslində vətənpərvərlik olmalı olan qəzetə ayrılan pullar hədər yerə gedir. Böyük bir mənsəb sahibi kimi özünü yekə tutdu hətta ona dedim ki, gəlim redaksiyanıza görüşək buna da razı olmadı. Deməli bəziləri işlədiyi iş yerlərinə, biganə yanaşır, ona etimad edilən vəzifəni layiqincə yerinə yetirmirlər. Lakin bütün bunları görüb bədbinləşmək də olmaz. Azərbaycanımız yaxşı vətənsevər insanlardan da xali deyil.
Bir dəfə Xətai rayon 1 saylı İqtisad məhkəməsinə getmişdim. Orada məhkəmə sədri işləyən Rəşid müəllimlə görüşdük. Söhbət əsnasında bildim ki, Rəşid müəllim Rövşən müəllimin qardaşıdır. Onunla görüşüb söhbət etmək mənə çox xoş oldu. Qarabağdan məcburi köçkünlərdən söhbət düşəndə Rəşid müəllim dedi ki, hər bir vicdanlı mətbuat işçisi hər bir sıravi vətəndaş Rövşən müəllimə kömək etməlidir. Çünki bu çox ağır işdi, məsuliyyətli işdir. Bu işin öhdəsindən ümumxalq birliyi gəlməlidir təmənnasız xalq nəzarəti olmalıdır. Buda qandan, gendən gələn bir əməldir.


Surxay [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı