Azərbaycan İdeyası

İldırıma meydan oxuyan şəhidimiz

Tarix:21-12-2020, 17:17
Baxış Sayı:68


Hərbçilik də bir peşədir. Kimlərsə onu özünə qazanc üsulu, dolanışıq yolu kimi seçir. Heç kəsə sirr deyil ki, hərbçilər vətəndaşları olduqları dövlətin nizami ordusunda xidmət etdikləri kimi, dünyanın müxtəlif yerlərində qeyri-leqal birləşmələrdə muzdla da döyüşə bilirlər. Ədalətli, ədalətsiz olurlar (Aydın məsələdir ki, bir-biri ilə döyüşən iki hərbçinin biri haqlı, digəri haqsız tərəfi təmsil edir). Hərçənd, onlar özləri bunun fərqində olmaya da bilərlər. Hərbçi üçün əsas şərt odur ki, peşəkar olsun, qorxmaz olsun, ölümün gözünün içinə dik baxsın, üzərinə götürdüyü vəzifələri, komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirsin.
Amma hərb tarixi çoxdan sübuta yetirib ki, ən güclü hərbçilər məhz öz Vətəni uğrunda döyüşən, işinin haqq olduğunu bilənlərdir. Elə ona görədir ki, İslam dinində məhz haqq, ədalət uğrunda canını fəda edənlərə şəhid deyilir. Haqlı olaraq Vətən müharibəsi adlandırılan İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm qələbəni şərtləndirən amillər sırasında ən mühümü Azərbaycanın bu müharibədə məhz haqlı tərəf olması, hərbçilərimizin təcavüzkarı işğal etdiyi torpaqlarımızdan iti qovan kimi qovmaq istəyi idi. Tarixi ədaləti bərpa etmək arzusu onlara mənəvi güc, ruh yüksəkliyi vermişdi.
Vətən müharibəsinin qəhrəman şəhidi leytenant Vəliyev Qoşqar Nuruş oğlu 1989-cu il aprelin 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Qoşqargilin ailəsi 1993-cü ildə erməni təcavüzü nəticəsində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə köçkün düşdü, “qum karxanası” deyilən ərazidə məskunlaşdı. Lakin 1994-cü ildə Azərbaycan ordusunun əks-həmləsi ilə Füzuli rayonunun bir sıra yaşayış məntəqələri, o cümlədən Kərimbəyli geri alınandan sonra Vəliyevlər ailəsi doğma kəndlərinə qayıtdı.
Dörd-beş yaşlarında ikən yaşadığı bu sarsıntılar balaca Qoşqarın yaddaşında dərin iz saldı. Ağlı kəsəndən yağı düşmənin torpaqlarımızı işğal etməsi daim Qoşqarı düşündürür, intiqam hissi ilə yaşayırdı. Həqiqi hərbi xidmət dövründə qəlbindəki bu hiss daha da alovlandı. Məhz bu amal onu müddətdən artıq hərbi xidmətə yazılmağa sövq etdi. 2010-cu ildə öz böyük arzusuna yetişmək yolunda mühüm addım atdı: Həmin il aprelin 12-də N saylı hərbi hissəyə yollandı və növbəti ad gününü özünə daha yaxın hiss etdiyi mühitdə - əsgər və zabitlər arasında qeyd etdi.
Daşkəsən rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi üç il ərzində Qoşqar hərbin sirlərini səbrlə öyrəndi, tankçı peşəsinə yiyələndi. 2013-cü ildə komandanlıq onu Füzuli rayonuna göndərdi. O, öz heyəti ilə 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak etmiş, komandirləri tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
İkinci Qarabağ savaşı başlayanda Qoşqar ön sırada gedirdi. Daim sərrast atışı ilə düşmənin dayaq mövqelərini, atəş nöqtələrini məhv edirdi. Elə ilk gündən - sentyabrın 27-dən döyüş başlayanda Qoşqar və çiyindaşları Əbdülrəhmanlı istiqamətində cəbhənin yarılmasında böyük şücaətlər göstərdilər. Qoşqar daima yoldaşlarına “möhkəm olun, biz bu vuruşa ölmək üçün yox, öldürmək üçün gəlmişik, çoxdan gözlədiyimiz gündür, Xocalının, generalımız Polad Həşimovun intiqamını almalıyıq” – deyirdi.
Düşmənin hələ güclü müqavimət göstərdiyi ilk gündə birinci elə Qoşqarın tankı vuruldu. Tankı düşmən mərmisindən zədə alsa da, o, mənfur düşmənin yerini müəyyən edib son mərmisi ilə hədəfi məhv etməyi bacardı. Bu ağır döyüşdə kəllə-beyin travması alan Qoşqar iyirmi gün hospitalda müalicə almalı olur. Həkimlər onun hələ tam sağalmadığını desələr də, Qoşqar onlarla razılaşmır, müalicəsini yarımçıq qoyub, “mən orada, cəbhədə, qardaşlarımın yanında olmalıyam” deyib yenidən döyüş bölgəsinə - bu dəfə Hadrut rayonuna qayıdır.
Şuşa şəhərinin yaxınlığında düşmən texnikasını ələ keçirmək istədikləri gün – oktyabrın 22-sində qar yağmışdı, hava qatı dumanlı idi. Əlverişsiz hava şəraiti Qoşqargilin işini çətinləşdirsə də, onlar hərbi qəniməti ələ keçirməkdə israrlı idilər. Lakin heç bir yeri görmək mümkün olmadığından, onların tankdaşıyan texnikası qəfil dağa çırpılır. Nəticədə heyətin doqquz üzvündən Qoşqar da daxil beş nəfəri şəhid olur.
Qoşqar Vəliyev təkcə fəal döyüşlərin getdiyi 2016-cı ilin aprel, 2020-ci ilin payız döyüşlərində deyil, tez-tez pozulan atəşkəs dövründə də düşdüyü çətin situasiyalarda igidliyi, qorxmazlığı, ən əsası isə əsgər yoldaşlarına qayğıkeşliyi ilə seçilirmiş. Yeri gəlmişkən, əlverişsiz hava şəraiti Qoşqarı əvvəllər də sınağa çəkibmiş. Atası Nuruş kişi xatırlayır ki, Qoşqarı hələ Daşkəsəndə xidmət etdiyi vaxt iki ayın içində iki dəfə rəhbəri olduğu postda ildırım vurub. Bununla belə özünü itirməyərək, ildırımdan zərər çəkmiş digər əsgər yoldaşlarına ilkin yardım göstərib. O vaxtdan ətalət qüvvəsi ilə bədənində qalan elektrik yükü hər dəfə şimşək çaxanda qollarını ağrıdırmış.
Yadda qalan hadisələrdən biri də 2012-ci ildə baş verib. Qoşqargilin mövqeyinə sursat gətirən ekipajı düşmən atəşə tutub. Qoşqar əsgər yoldaşlarını atəş altından qurtarmaq üçün başqa istiqamətdən cavab atəşiylə qarşılıq verib, təkbaşına bir neçə saat döyüşərək dəstək gələnə kimi əsas məqsədə - düşməni hədəfdən yayındırmağa nail olub.
Qardaşı xatırlayır ki, Qoşqar əsgərlərə sözün həqiqi mənasında qardaş münasibəti bəsləyirdi: “Bir neçə günlüyə evə gələndə fikri onların yanında qalırdı. Qurban bayramında hər il həyətimizdə qoyunlar kəsilirdi. Qoşqar qurbanlıq heyvanın “şirin əti”ni əvvəl başdan ayırıb hərbi hissəyə - əsgərlərinə çatdırmağa tələsirdi. Onları yedizdirib yenə qayıdırdı. Bəzən də heç qayıtmağa vaxtı olmurdu”.
Şəhid Qoşqar Vəliyevin cənnətməkan ruhu şaddır. Onun apardığı mübarizə qələbə ilə nəticələndi, Vətən müharibəsi möhtəşəm zəfərlə başa çatdı. Qoşqardan yadigar qalan iki övladı – 6 yaşlı oğlu Nurəddin və 4 yaşlı qızı Ayşən də vətənpərvər böyüyəcək, qəhrəman ataları ilə fəxr edəcəklər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Xuraman Əhlimanqızı
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO