Azərbaycan İdeyası

HÜSEYN BÖYÜYƏNDƏ AZƏRBAYCANIN ƏSGƏRİ OLACAQ, YOXSA RUSİYANIN?

Tarix:1-03-2017, 15:14
Baxış Sayı:613


Quba rayon məhkəmə icraçılarının qərara uyğun olaraq 10 yaşlı uşağı anasından alaraq atasına verməyə çalışmaları, lakin atası ilə yaşamaq istəməyən azyaşlı qızın müqavimət göstərdiyini əks etdirən video-görüntülər sosial şəbəkədə yayılandan və bu məsələyə cəmiyyətin həssas reaksiyası baş verənlərə sirayətedici dərəcədə ictimailəşəndən sonra azyaşlı uşaqların taleyinin məhkəmə yolu ilə müəyyən edilməsində "Roma hüququ"ndan istifadə hallarına biganə yanaşmaq olmaz. Belə hallarda daha çox "sonrakı peşmançılıq fayda verməz" atalar məsəlini yada salmaq lazımdır. Redaksiyamıza ərizə ilə müraciət etmiş Bakı şəhəri Murtuza Muxtarov küçəsi 166 ünvanda yaşayan Qulamova Təranə Həsənağa qızı da nəvəsinin gələcək taleyindən narahatdır.
Vətəndaş Qulamova yazır: "Oğlum Dadaşov Baba Yusif oğlu 2014-cü ildə bacım qızı Qədirova Umxanımla qızın atası Zakirin təklifi ilə ailə qurub. Bacım vəfat edəndən sonra 4 yaşlı Umxanımı atası Qədirov Zakir özüylə vətəndaşı olduğu Rusiya Federasiyasına - yaşadığı Moskva şəhərinə aparıb. Z. Qədirov orada üç dəfə evləndiyindən, qızı ata sevgisindən və qayğısından məhrum edərək, dayələrin köməyi ilə böyütmüşdür. Umxanım 6-cı sinifdə oxuyanda atası onu Bakıya, nənəsinin yanına gətirib. Mən Umxanımı ildə cəmi bir dəfə görə bilirdim".
Təranə xanım qeyd edir ki, oğlu hələ Umxanımla nişanlı olan vaxt onun özünü qəribə, aqressiv apardığını görüb nişanı qaytarmaq istəyəndə xala kimi qıza yazığı gəlib, "hər şey düzələr" deyib oğlunu dilə tutub: "Ailə qurandan sonra Umxanımın davranışındakı qəribəliklər artdı. Bıçağı əlinə alarkən yaxınındakılara "Səni bıçaqla vurmadım?; "Yol gedərkən maşın altına atmadım?" deyə qorxulu suallar verirdi. Umxanım özü dryirdi ki, Moskvada olanda psixiatrik dispanserdə qeydiyyatda olub, orada müalicə alıb. Atasının ona Moskvadakı həkimi Svetlana Aleksandrova tərəfindən təyin olunan "servekal", "fluoksatin" kimi dövriyyədən çıxarılmış psixotrop dərmanları alıb göndərdiyi bizə məlum olanda Umxanım bizə uzun illər ərzində şizofreniya xəstəliyindən müalicə aldığını etiraf etdi. Qohumluq münasibətimizi, həm də hamilə olduğunu nəzərə alıb səsimizi çıxarmadıq. Hamiləlik dövründə belə o, bətnindəki körpəni təhlükəı qarşısında qoyaraq, həmin dərmanları qəbul etməkdə davam elədi".
Ərizəçi göstərir ki, 2015-ci ilin noyabr ayının 12-də nəvəsi Dadaşov Hüseyn Baba oğlu dünyaya gələndən sonra Umxanımın xəstəliyi daha da güclənib və onun atasının Moskvadan gəlməyini tələb etmək zorunda qalıblar: "Umxanım xəstəxanadan çıxandan iki gün keçincə süd əmizdirdiyi vaxt körpəni boğulma təhlükəsi qarşısında qoyduğunu müşahidə edib işdən çıxmağa qərar verdim və körpəyə özüm qulluq etməyə başladım. Ana olandan on gün sonra Umxanım uşağı tərk edib getdi. Atası onun ər evini müalicə almaq üçün tərk etdiyini deyib bizə gətirdi. Buna baxmayaraq, o, 30 günlük körpəni yenidən ataraq getdi. Artıq körpənin 2 yaş 3 ayı var. Anası onunla bir dəfə də olsun maraqlanmayıb. Hətta uşaq 5 aylıq olanda Umxanım onunla təsadüfən qonşugildə rastlaşsa da, qayğılanmamışdı... 2015-ci ildə Umxanım Yasamal məhkəməsinə boşanma istəyi haqda ərizə verdi. Öz tərəfimizdən sübutlarımızı məhkəməyə təqdim etmək və tələblərimizi ortaya qoymaq üçün özünü vəkil kimi təqdim edən Əkbər Yusif oğlu Məmmədzadəyə etibarnamə verdik. Lakin həmin şəxs etibarımızı doğrultmayaraq bizi aldatdı. Yasamal rayon məhkəməsinin qərarı ilə tanış olanda öyrəndik ki, bizi təmsil etməli olan Əkbər Məmmədzadə məhkəmədə iştirak etməyib. Bununla da o, bizim qarşımızda olan öhdəliyinə xilaf çıxaraq sübut və dəlillərimizi məhkəməyə təqdim etmədi və faktiki olaraq qarşı tərəfin nəfinə işləmiş oldu. Hakim Fuad Babayev də məhkəmədə uşağın atasının iştirak etməsinə lüzum görməyərək qərar vermişdir".
T. Qulamovanın ərizəyə əlavə etdiyi Yasamal rayon məhkəməsinin 08 iyun 2015-ci il tarixli, nikahın pozulmasını rəsmiləşdirən və alimentin məbləğini müəyyənləşdirən qətnaməsindən bəlli olur ki, məhkəmə uşağın valideynlərindən hansının yanında qalmasını müəyyən edərkən, onun yalnız "azyaşlı olmasını, daha çox ana qayğısına və nəvazişinə ehtiyac duyduğunu" əsas tutmuşdur. Qətnamənin mətnindən diqqət yetirilməsi gərəkən bu cümlələırin altını çızırıq: Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Dadaşov Baba Yusif oğluna xəbərdarlıq edilməsinə baxmayaraq, o özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir... 21.04. 2015-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış nikahın pozulmasına etiraz etmədiyini və 12. 11.2014-cü il təvəllüdlü Dadaşov Hüseyn Baba oğlunun cavabdeh Dadaşov Baba Yusif oğlunun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir".
Halbuki, Ə. Məmmədzadə ümumiyyətlə, məhkəmə iclasında iştirak etməyib. Ə. Məmmədzadə ən azından uşağın taleyinə biganə qalmamalıydı.
Bakı Apellyasiya Məhkəməsi də Dadaşov Baba Yusif oğlunun apellyasiya şikayətini təmin etməmiş, özünün 31.08.2015-ci il tarixli 2(103)-5806/2015 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi də Dadaşov Baba Yusif oğlunun kassasiya şikayətini təmin etməmiş, özünün 12.01.2016-cı il tarixli 2(102)-189/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin məlum qətnaməsini dəyişdirmədən saxlamışdır.
İ. Abdullayev
Təranə xanım yazır ki, 2016-cı il oktyabrın 25-də Xəzər rayon məhkəməsinə oğlu Dadaşov Baba tərəfindən müaciət olunub. Xəzər rayon məhkəməsinin hakimi Zeynəb Axundova onların təqdim etdikləri sübut və dəlillərə çox soyuq və etinasız yanaşıb: "Bizim şahidlərimizin qonşunun evinə uşağın 5 aylığında gəlib Umxanım körpəni görüb aparmadığını, Umxanımın "serokvel" və "fluoksetin" dərmanlarını qəbul etdiyini görən sahə həkiminin ona süd əmizdirməməyi tövsiyə etdiyini bilsə də, hakim şahid ifadələrini önəmsəmədi. Hazırki nümayəndəmiz məhkəmənin gedişində Moskvaya zəng vurub həkim - psixiatr Svetlana Aleksandrova ilə əlaqə saxlasa da, hakim Z. Axundova bunu nəzərə almadı".
Bakı şəhəır Xəzər rayon məhkəməsinin 09 yanvar 2017-ci il tarixli 2(003)-259/2017 saylı qətnaməsinin surətindən bəlli olur ki, məhkəmə iclasında şahid qismində dindirilən qonşu Rəsulova Yeganə Çingiz qızı verdiyi ifadədə Umxanımın hamilə olanda dərmanlar qəbul etdiyini və davranışlarının qeyri-adi olduğunu görmüşdür. Məhkəmə qətnaməsində bu xüsusatla bağlı bir məqam xüsusilə diqqətçəkəndir: "Şahid Y. Rəsulova Umxanımın davranışının qeyri-adi olduğunu qeyd etsə də, qeyri-adi davranışın nədən ibarət olduğunu göstərməmişdir".
Maraqlıdır, qətnamədə göstərilmir ki, məhkəmədə şahid Y. Rəsulovaya Umxanımın davranışında müşahidə etdiyi qeyri-adiliyinin nədən ibarət olması barədə sual verilib, ya yox. Bəlkə heç sual verilmədiyinə görə Y. Rəsulova haqqında danışdığı qeyri-adiliyin məhz nədən ibarət olduğunu izah etməyə lüzum bilməyib.
Qətnamədən oxuyuruq: "Dindirilmiş digər şahid Dəmirova Şükufə Mahmud qızı verdiyi ifadədə bildirmişdir ki, uşaq doğulduqdan sonra o, tərəflərin yaşadığı evə getmiş, orada olarkən Umxanımın hərəkətləri onu təəccübləndirmişdir. Belə ki, Umxanım ona uşağın göbəyini dartmağı demişdir. Sonra Umxanımın qaynanası Umxanımın dərmanlar içdiyini demiş, o da gedib baxdıqda həmin dərmanların şizofreniya xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar olduğunu görmüşdür".
İndi isə gəlin görək, hakim şahid Dəmirovanın ifadəsini necə qiymətləndirib: "Verilmiş şahid ifadələri yetərli sübut kimi qəbul oluna bilməz. Belə ki, şahid Ş. Dəmirova ifadəsində iddiaçının anasının dediklərinə istinad etmişdir..."
T. Qulamova bu qənaətdədir ki, hakim Z. Axundova şahid Ş. Dəmirovanın 1 saylı uşaq poliklinikasının sahə həkimi olduğunu bilərəkdən qətnamədə qeyd etməmişdir: "Körpəsini "sevən" anaya da sual verməmişdir ki, "Sən uşağın sahə həkimini tanımadığını demisən. Bəs niyə uşağının sağlamlığını düşünmürdün, mütəmadi ambulator qeydlər aparan həkimi belə xatırlamırsan?"
"Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədova Təranə Arif qızı verdiyi ifadəsində bildirib ki, o, iddiaçı ilə qonşuluqda yaşayır. Uşaq 4 aylıq olarkən nənəsi uşağı müvəqqəti qalmaq üçün onun yanına gətirmiş, bundan sonra Umxanım atası ilə birlikdə uşağa baxmaq üçün onun yaşadığı evə gəlmiş, uşağa baxmış və getmişdir. Həmin vaxt Umxanımın hərəkətlərində hər hansı bir qeyri-adilik görməmişdir".
Təəccüblüdür ki, hakim bu ifadədə zərrəbinsiz də görünən Umxanımın qeyri-adiliyini sezməmişdir. Əcəba, ana ayrı düşdüyü körpəsiylə görüşmək fürsətini beləmi dəyərləndirməlidir? Heç öpüb əzizləməli, bağrına basmalı deyildimi? Sadəcə baxıb getməli idimi? Məgər bu ifadələrdən məlum olmurmu ki, Umxanım xəstə olduğundan körpəsinə qayğı və nəvaziş göstərmək iqtidarında deyil?
T. Qulamova yazır: "Oğlum körpənin atası olaraq göstərir ki, ana deyilən bu Umxanım körpəsini iki dəfə atıb. Elə bu iki fakt kifayət edir ki, uşaq anaya verilməsin. Nümayəndəmiz qaldırdığı vəsadətlə Qədirova Umxanımın Rusiyada psixiatrik dispanserdə müalicə almasının təsdiqi üçün sorğu göndərilməsini tələb etmişdir. Lakin hakim Z.Axundova nədənsə bu sorğunun göndərilməsi barədə vəsadəti təmin etmədi. Hətta Xəzər rayon məhkəməsinin 9 yanvar 2017-ci il tarixli qətnaməsində belə bir vəsadətin qaldırıldığı barədə qeyd də yoxdur. Nümayəndəmizin "körpəni xilas etmək lazımdır" sözləri də hakimdə heç bir narahatlıq doğurmadı. Bizim vəsadətlərimizin hətta heç qeydiyyata alınmadığı üzə çıxsa, əsla təəccüblənmərik".
Təranə xanım təəssüf hissi ilə yazır: "Mənim rəhmətlik bacımın qızına belə yanaşmam kiməsə ağır gələ bilər. 25 ildir ki, bacım qızı üçün ağlayıb gəzmişəm. Onun evdəki davranışlarına da göz yummuşam. Tək övladımı fikirləşməyib bacım qızını xoşbəxt etməkçün gəlin gətirmişəm. Bu mənim günahım deyil ki, Umxanım xəstə oldu. Atası günahkardır ki, onu sevgidən, istəkdən uzaq qoyub. İndi vacib olan körpənin taleyidir. Mən də anayam, istərəm ki ana baladan ayrılmasın. Əlimdən gələn yaxşılıqları etdim. Lakin indi körpə nəvəmin sağlamlığını fikitrləşirəm. Dövlətimə səslənirəm ki, nə qədər gec deyil, bu körpənin həyatını xilas etmək olar. Körpənin mənafeyini qorumaq hamımızın borcumuzdur. Oğlumun 26 yaşı var, ata kimi oğlunun hər gecə əlindən alınacağını və psixi xəstəliyi olan anasının gözlənilməz hərəkətlərinin vəd etdiyi təhlükə qarşısında qalacağını düşünəndə göz yaşı tökür. Bu məsələ nəticəsiz qalsa, uşaq məcbur alınıb xəstə anaya verilsə, gələcəkdə baş verə biləcək faciəni indidən təsəvvür eləmək belə adamı dəhşətə gətirir. Mən ilk növbədə xalayam. Bacım qızını qoruya bilmədim. Amma nəvəmi qorumaqçün son nəfəsimədək mübarizə aparacağam. Möhtərəm Prezidentimizdən kömək istəyirəm ki, bu məsələ axıradək araşdırılıb yoxlanılsın".
Qulamova həmçinin göstərir: "Serokvel"in instruksiyasında yazılıb ki, bu dərmanı yalnız o halda hamilə qadının qəbul etməsi özünü doğrulda bilər ki, qadının özü üçün gözlənilən xeyiri dölün itirilməsi riskindən artıq olsun. Dərmanı qəbul edən qadına döş əmizdirməmək məsləhət görülməlidir. Xəzər rayon məhkəməsinin sədri İlqar Qaralovun sayəsində Tibbi - məhkəmə ekspertizasının sədri Əkbər müəllimin qəbulunda olmuşuq və Umxanımın bloknotundakı qeydləri və qəbul etdiyi dərmanları gösrtərmişik. Bununla belə, Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 14.12.2016-cı il tarixli, 1932 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının eksperti Rauf Qəmərlinski rəy verib ki, Qədirova Umxanım Zakjir qızında heç bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, psixi vəziyyəti özü və ətrafdakılar üçün təhlükə kəsb etmir, uşağın həyat və sağlamlığına təhlükə yaratmır. Bu ananın qapıma gələrək körpəsinin üstünə cumaraq "verin mənə, onu öldürəcəyəm, amma sizə verməyəcəyəm" deməsi, körpəni təhlükədən uzaqlaşdırmaqçün qaçırsaq da, üstümə şığıyaraq mənə xəsarət yetirməsi təhlükə deyil, bəs nədir? Onu da bildirim ki, həmin insidentin qeydə alındığı Yasamal polis idarəsində Umxanım barədə cinayət işi açılıb.
Məhkəmə işində ən ilginc məqamlardan biri və bəlkə də ən əhəmiyyətlisi Dadaşov Baba Yusif oğlunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə Rusiyanın Azərbaycandakı səfirliyinin vasitəsilə göndərilən cavabda "Rusiya Federasiyası vətəndaşı U. Qədirovanın xəstəlik tarixindən çıxarışın verilməsi və psixonevroloji dispanserdə qeydiyyata götürülməsi faktının təsdiqi həkim sirri təşkil edir və şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan verilə bilməz" cümləsinin əslində həqiqətən də U. Qədirovanın stasionar müalicədə olduğuna dəlalət etməsinin nəzərə alınmamasıdır. RF XİN-indən sorğuya cavab olaraq Azərbaycan səfirliyinə daxil olmuş cavab notasında bu cür məlumatın hansı hallarda şəxsin özünün və qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcəyi 10 şərt göstərilib. Həmin şərtlərin sırasında 3-cüsü məhz təhqiqat, istintaq, məhkəmə araşdırmaları ilə əlaqədar sorğulardır.
Hər şey aydındır: Məhkəmə uşağın taleyinə ədalətli yanaşmaq istəsəydi (məhkəmələr istəsəydilər) Rusiyaya sorğu göndərib cavab ala bilərdilər. Həmin cavab isə çəkişən tərəflərdən Azərbaycan vətəndaşı Dadaşov Baba Yusif oğlunun lehinə, ikili vətəndaşlığı olan Qədirova Umxanım Zakir qızının əleyhinə işləyə bilərdi. Bəlkə biz bilmirik, bu məsələ siyasidir - elə iki ölkə arasında "vətəndaş qazanmaq uğrunda müharibə"dir? Axı balaca Hüseyn anasında qalacağı təqdirdə böyük ehtimalla gələcəkdə Rusiya Federasiyasının vətəndaşı ola bilər. Elə isə niyə Hüseyn Azərbaycanın deyil, Rusiyanın əsgəri olmalıdır?
Hüseynin atası Xəzər rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermək qərarındadır.


Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb