Azərbaycan İdeyası

Təhsil ekspertləri dövlət imtahan mərkəzini yaxşı halda "dilənçi", pis halda "soyğunçu" adlandırırlar

Tarix:26-05-2017, 13:40
Baxış Sayı:313


Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsinin pullu olacağı barədə məsələ ictimaiyyətdə birmənalı qarşılanmadı. Ekspertlər DİM-in sözügedən qərarının doğru addım olmadığı qənaətindədir. DİM-in fəaliyyətini əks etdirən məlumatların pullu edilməsinin yolverilməz olduğunu deyən tarix üzrə fəlsəfə doktoru, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Şərq”ə açıqlamasında maraqlı məqama toxunmuşdu: "DİM bəyanat verəndə deyir ki, bundan sonra xidmətlər, sayt pullu olacaq. Belə təsəvvür yaranır ki, sanki DİM yaranana qədər, TQDK olanda pulsuz olaraq vətəndaşlar tərəfindən istifadə olunurdu. Əvvəla, qeyd edim ki, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə TQDK ləğv olunaraq onun bazasında ölkə ərazisində bütün imtahan xidmətlərini həyata keçirmək üçün publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi (DİM) yarandı. Əvvəllər fəaliyyət göstərən TQDK dövlət qurumu idi və büdcə vəsaiti ilə maliyyələşirdi, yeni yaranmış DİM isə bu imtiyazlardan məhrumdur, göstərdiyi xidmətləri pullu edərək öz büdcəsini formalaşdırır. Ancaq bu o demək deyil ki, pullu xidmətlər deyəndə bütün məlumat bazası nəzərdə tutulmalıdır”.
Təhsil ekspertinin sözlərinə görə, istənilən halda DİM göstərdiyi xidmətlərə görə heç bir xidmət haqqı almadan statistik, analitik məlumatlar verməyə borcludur: "Məlumat azadlığı haqqında”, "İnformasiya əldə etmək haqqında” qanunların tələbinə görə onlar ay, il ərzində gördükləri işlər, göstərdikləri fəaliyyət haqqında şəffaflığın təmin olunması üçün məlumatlar yaymalı, statistik göstəriciləri hazırlayıb ictimaiyyətin nəzərinə çatdırmalıdırlar. Fəaliyyət və idarəetmə formasından asılı olmayaraq dövlətin siyasətini əks etdirməklə xidmət göstərən bütün dövlət, qeyri-dövlət təşkilatları Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları və Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu xidmətləri pulsuz olaraq göstərməyə borcludurlar”.
Ekspertin qeyd etdiyinə görə, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində göstərilib ki, yalnız ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək, imtahanlar keçirmək, vəsait, jurnallar çap etmək səlahiyyətinə malikdir: "Amma öz fəaliyyətinin obyektivliyini əks etdirən, ictimai məmnunluğu təmin edən, elmi dayanıqlılığın təmin edilməsi üçün hazırlanan məlumatların pullu edilməsi yolverilməzdir. Bütün mənbələri pullu etmək olmaz. Azərbaycan dövlətinin daxili siyasətinin əsasını sosial rifah təşkil edir. Prezident tərəfindən təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə təhsil əlçatan olmalıdır. Amma bütün xidmətləri pullu edərək biz bunun qarşısını almış oluruq. Düşünürəm ki, 2017-2018-ci tədris ili üçün tətbiq edilmiş yeni xidmət haqqı qiymətləri kifayət qədər yüksəkdir və DİM özünün bütün maliyyə xərclərini ödəyə bilər”.
K.Əsədov bildirib ki, DİM bütün xidmətləri pullu edəcəyi təqdirdə ölkədə alternativ bir qurumun, başqa bir imtahan mərkəzinin yaradılması məsələsi aktuallaşmalıdır. Onun sözlərinə görə, bu sahədə tək müəssisənin fəaliyyət göstərməsi keyfiyyət yox, kəmiyyət artımına yönəlir: "Başqa bir imtahan keçirən qurum yaradılsa, onlar arasında daha ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi üçün rəqabət yaranacaq və heç kim daha çox qazanmaq haqqında yox, daha keyfiyyətli xidmət göstərmək haqqında düşünəcək. Hesab edirəm ki, qəbul və sınaq imtahanlarından başqa digər xidmətlərin pullu edilməsi işin keyfiyyətinə mənfi təsir göstərəcək”.
İqtisadçı-ekspert Natiq Cəfərli də özünün feysbuk səhifəsində məsələyə kəskin reaksiya verib. Onun sözlərinə görə, DİM sözügedən bəyanatı yaymaq əvəzinə, idarənin qabağına qara qutu qoyub rəsmən dilənsələr, bundan yaxşı olardı: "Lap ağını çıxardıblar, imtahanları pullu ediblər, əsgərlik yaşı hələ yayda, payızda, qışda tamam olanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən alınmış möhlət hüququ olmadan may ayında olan imtahana buraxmırlar - kimin belə problemi var, gedib arayış almaq üçün adam axtarır, rüşvət verir. Bütün dünya tam pulsuz təhsilə keçməyə can atır, bunlar səviyyəsiz və keyfiyyətsiz təhsil verirlər, hələ bir buna görə də vətəndaşlardan imtahana pul, təhsilə ödəniş alırlar. Anlamırlar ki, vətəndaş həyatı boyu birbaşa və dolayı vergiləri ilə dövlətə ödənişlər edir, dövlətin də borcu vətəndaşa pulsuz və keyfiyyətli xidmət göstərməkdir”.
Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanından sonra abituriyentlər kütləvi şəkildə Dövlət İmtahan Mərkəzindən şikayət ediblər. Belə ki, abituriyentlər test kitabçalarında sualların silindiyini bildiriblər və bu səbəbdən sualları oxuya bilmədiklərini deyiblər.
Bu məqama DİM rəsmi şəkildə aydınlıq gətirib və bildirilib ki, mübahisəli bütün suallar və silinən testlər abituriyentlərin xeyrinə hesablanacaq. Maraqlı məqam isə ondan ibarətdir ki, suallar silinən kitabçalar abituriyentlərə verilməyib. Təhsil eksperti Kamran Əsədov bu məsələyə də münasibət bildirib: "Bütün bu halların baş verməsi Dövlət İmtahan Mərkəzinin qeyri-peşəkarlığının və işinə məsuliyyətsiz yanaşamasının göstəricisidir. Test kitabçalarında sualların silinməsi kütləvi şəkildə olub və buna bir adla biabırçılıq deyərdim. Bu Dövlət İmtahan Mərkəzinin işinə qeyri-peşəkar yanaşdığını göstərir. Burada bir abituriyentin taleyindən söhbət gedir, DİM sualları necə silə bilər? Bu qurum hər tələbədən 40 manat pul alıb və Azərbaycanda 35 min abituriyent var. DİM bu qədər pulu nə edib? İmtahana düşən sualların demək olar ki, hamısı təkrar suallar idi. Bu qurum bu qədər pul toplayır, ancaq sual hazırlamağa ərinir. Əvvəlki illərdə sınaq və qəbul imtahanlarına düşən sualların təkrarlanması DİM-in fəaliyyətsizliyini göstərir. Məncə artıq Azərbaycanda yeni imtahan qurumu yaradılmalıdır. Əminəm ki, bu qurum daha peşəkar və məsuliyyətli olacaq. İmtahan zallarında bəzi nəzarətçilər uzun kabluk geyiniblər və bu da abituriyentlərin fikrini dağıdıb. DİM hər incəliyə fikir verməlidir, gənclərin talehi ilə belə oynamaq olmaz. Bir daha qeyd edirəm ki, bütün bunlar hüquq pozuntularıdır və ciddi araşdırılmalıdır.
Kamran müəllim imtahanların ödənişli olmasının təhsilə necə təsir göstərəcəyi ilə bağlı suala ilk olaraq onsuz da qəbul imtahanlarının bütün proseslərinin ödənişli olduğunu bildirməklə cavab verir. Bunlar özünü elektron ərizə vermək və nəticələri öyrənmək üçün göndərilən SMS-lər formasında göstərirdi. İmtahana buraxılış vərəqələrini də abituriyentlər özləri çap etdirib aparır, yəni TQDK imtahana qədər heç bir xərc çəkmir. Yalnızca sual kitabçalarının hazırlanması və nəzarətçilərə ödənən kiçik məbləğə görə xərc çəkildiyini qeyd edən K.Əsədov bunun abituriyentlərin ödədiyi pulla artıqlaması ilə qarşılana biləcəyini vurğulayır. Həmçinin toplular, test kitabçaları, dərs vəsaitlərinin satışından da böyük məbləğdə gəlir götürülür, bu da imtahanların keçirilməsi üçün kifayət edir. TQDK-nın imtahanlarının beynəlxalq nüfuzlu imtahanlar olmamasına görə onun böyük məbləğdə ödənişinin olması düzgün deyil. Kamran müəllimin fikrincə, yüksək bal toplayan abituriyentlərin böyük əksəriyyətinin aztəminatlı ailələrdən olması onların təhsilə cəlb olunmasında problemlər yaradacaq. “Hesab edirəm ki, bu fikir Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil haqqında qanun və digər qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulması deməkdir” –deyə bildirən ekspert dövlətin aztəminatlılara diqqət ayırmağa başladığı bir vaxtda İmtahan Mərkəzinin belə fikir irəli sürməsinin anlaşılmaz olduğunu qeyd edir.
İmtahanların ödənişli olmasının dünya praktikasında necə əks olunduğu barədə də danışan ekspert Kamran Əsədov xarici ölkələrin heç birində öz orta məktəbini bitirib öz ölkəsindəki ali təhsil müəssisələrinə sənəd təqdim edən şəxslərdən ödəniş alınmadığını deyir. Yalnızca xarici ölkələrdə təhsil zamanı beynəlxalq hüquqa malik İELTS, TOEFL, SAT, YÖS və digər imtahan nəticələri tələb edilir ki, onlar müəyyən ödəniş əsasında verilir. Kamran müəllim onu da vurğulayır ki, bu imtahanların nəticələri Kanadadan Avstraliyaya qədər bütün ölkələrdə rəsmi sənəd sayılır.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 manat müəyyən edilib. Bu isə ictimaiyyətin, təhsil ekspertlərinin narazılığına səbəb olub. Həmçinin abituriyentlər də durumdan narazıdır. Əhalinin yaşayış səviyyəsini nəzərə alsaq, əslində bir abituriyent üçün bu məbləğin böyük bir məbləğ olduğunu deyə bilərik. Bir sıra ekspertlərin fikrinə görə, bu qərar bir sıra abituriyentləri oxumaq fikrindən daşındıracaq. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahana giriş üçün müəyyən etdiyi məbləğ hələ ƏDV xaric qiymətdir.
Təhsil eksperti Kamran Əsədov dedi ki, bu məbləğ insanların orta aylıq əmək haqqı ilə tərs mütənasiblik təşkil edir: "DİM əvvəllər qeyd edib ki, biz iddiaçının bir imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Ondan sonra qeyd etdilər ki, onların məqsədi pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiyməti bunların ikisini də inkar edir. İlk növbədə qeyd etmək istəyirəm ki, istedadlı şəxslərin ali təhsil almaq hüququna əsasən konstitusiyanın 42-ci maddəsinin IV hissəsi zəmanət verir. Bu o deməkdir ki, yüksək imtahan qiyməti müəyyən etməklə kifayət qədər istedadlı şəxsləri təhsildən məhrum edə bilərik. Bildiyiniz kimi, əvvəlki illərdə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 63 faizi cari ilin məzunları, 37 faizi isə əvvəlki illərin məzunları idi. İmtahanda iştirak edən abituriyentlərin 70 faizi isə keçid balını toplaya bilmirdi. Çünki onların hazırlıq səviyyəsi aşağı idi. Əlbəttə ki, indi daha çox hazırlıqlı şəxslər ali məktəblərə sənəd qəbulunda iştirak edəcək. Amma bu ali təhsil alacaq insanların sayına ciddi şəkildə təsir edəcək. Dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti insanların orta əmək haqqı ilə bizdə elan olunan xidmət haqları qədər tərs mütənasib deyil. Bu qərar insanları kütləvi şəkildə təhsildən məhrumetmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 150 manat təşkil edir, deməli, müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmlərdir. Məsələn, ABŞ da orta aylıq əmək haqqı 2500 dollar təşkil edir və onlarda imtahan qiyməti 35 dollar təşkil edir. Türkiyədə orta aylıq əmək haqqı 2 min TL təşkil edir və imtahan qiyməti təhsil pilləsinə görə 55 və 35 TL təşkil edir”.
Ekspert qeyd edib ki, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil: "Azərbaycan ərazisində müəyyən xidmət müəssisələri xidmət haqqına ƏDV-ni (Əlavə Dəyər Vergisi) daxil etmirlər. Bu da həmin xidmət haqqının 18 faizidir. Deməli, DİM-in müəyyən etdiyi imtahan qiymətlərinin üstünə 18 faiz ƏDV əlavə olunacaq. Bundan başqa, imtahan iştirakçıları imtahanda iştirak etmək və ödəmə kartı əldə etmək üçün müvafiq mobil operatorların SMS nömrələrinə boş SMS göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil. Deməli, bu da qiyməti artıran hallardır. Nəticələri öyrənmək üçün də yenə də müvafiq SMS nömrələrə imtahanda iştirak edən sms yollayacaq ki, bu da imtahan qiymətlərinə baxsaq kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq.

20 manat olan ƏDV ilə 23.6 azn;
40 manat olan ƏDV ilə 47.2 azn;
50 manat olan ƏDV ilə 59 azn
60 manat olan ƏDV ilə 70.8 azn;
100 manat olan ƏDV ilə 118 azn".

Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü isə bu qərara yenidən baxmağın vacib olduğunu deyib: "Abituriyentə iki dəfə imtahana girməyə icazə verilirsə, sözsüz ki, bu məbləğ çoxdur. Hazırkı iqtisadi durumla bağlı belə başa düşürəm ki, qəbul imtahanlarının pullu olması məzunları ikinci dəfə imtahana girməkdən çəkindirəcək. Ailələrin, xüsusən də rayonlarda yaşayanların yaşayış tərzindən bu adamların xəbəri yoxdurmu? Bu birbaşa oxuma deməkdir. Düşünürəm ki, məbləğ çox böyükdür. Mən 15-20 manat civarında gözləyirdim. Ancaq bir halda ki, aşağı hədd 20, yuxarı hədd 100 manatdırsa, sözsüz ki, bu çoxdur. Düşünürəm ki, bu qərara yenidən baxılmalı və dəqiq məbləğ deyilməlidir ki, məsələn, birinci imtahan 20 manatdır, ikinci imtahan 15 manat. Magistr dərəcəsi də 30 manat. Bunu indidən dəqiq söyləmək lazımdır. Bunu belə elan etməklə bəlkə də cəmiyyətin reaksiyasını yoxlayırlar. İndiki vəziyyətlə bağlı düşünürəm ki, bu qərara yenidən baxılmalı, dəqiq məbləğ göstərilməlidir ki, camaat indidən işini bilsin. Magistr dərəcəsi üçün 100 manat ödəmək, rayondan gəlmiş burada yaşayış yeri, yataqxanası olmayan bir magistr üçün böyük məbləğdir”.
Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciətində bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istəsələr mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər.
Təhsil üzrə ekspert Nabatəli Pələngovun fikrincə, DİM-in müraciət məsələsi pulla bağlıdır:
“Abituriyentlərin hamısının tələb olunan ödəniş haqqını vermək imkanı yoxdur. Vaxtı da artırmaq onu göstərir ki, DİM-in həqiqətən qarşısında tariflə bağlı mövcud məsələ olmalıdır. Həmin qurum Tarif Şurasına ödənişin miqdarının azaldılması üçün müraciət etməyi mütləqdir. Məncə, məbləğ münasib olsa, heç bir problem yaranmaz. Boş büdcəni abituriyentin hesabını doldurmaq taktikası qəbulolunmazdır. Qiymət DİM-in xərclərinə adekvat olmalıdır. Adekvat deyilsə, demək bu, soyğunçuluqdur”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO