Azərbaycan İdeyası

UZUN QAZMALAR KƏNDİNİN UZUN YAZMALI DƏRDİ *

Tarix:26-05-2017, 13:47
Baxış Sayı:7 960

Səriştəsiz AXC-Müsavat hakimiyyətindən miras qalan problem Zaqatalada etnik "Fındıq müharibəsi" törədə bilər
*
Zaqatala rayonunun Danaçı ərazi nümayəndəliyində qeydiyyatda olan Uzunqazmalar kənd sakinləri Həsənova Nazilə Tacəiddin qızı və digər vətəndaşlar (Mirzəyevlər, Həsənovlar, Hüseynovlar, Heydərovlar, Əhmədovlar, Əliyevlər, Əmircanovlar, Ramazanovlar, Quliyevlər, Mahmudovlar, Məmmədovlar, Məhəmədjanovlar, Musayevlər, Muradovlar, Murtruzəliyevlər, İsayevlər, İsmayılovlar, Həbilovlar, Karatovlar, Koçiyevlər, Xəlilovlar, İbrahimovlar, Bayramovlar, Səfərovlar, Sofiyevlər, Saydulovlar və başqa soyadları daşıyan ailələrin üzvləri) redaksiyamıza şikayət ərizəsi ilə müraciət edərək, müstəqilliyimizin ilk illərində üzləşdikləri haqsızlıq səbəbindən pozulmuş hüquqlarının gec-tez bərpa olunacağına bəslədikləri son ümidlərin də indilər puç olduğunu bildirmişlər:
"Zaqatala rayon İcra Hakimiyyətinin 10 yanvar 1992-ci il tarixli 16 saylı, 02 mart 1992-ci il tarixli 1238 saylı sərəncamlarına əsasən Sabir adına kolxozun 7 və 8 saylı briqada üzvlərini 2 saylı fındıqçılıq sovxozuna bizim əmək kollektivinin razılığı olmadan birləşdirmişlər. 12 mart 1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin yazdığımız məktubda qeyd olunur ki, sovxoz fəhlələri Sabir adına kolxozun 7 və 8 saylı briqadaların əmək kollektivimizə birləşdirilməsinə razı olmayıblar. Nəticədə 3 il ərzində əkib-becərdiyimiz fındıq bağlarımızı zorla bizdən alaraq həmin briqada üzvlərinə paylamışlar. Kənd təsərrüfatı nazirinin müavini C. Nuriyevə 05.03.1994-cü ildə yazdığımız məktubun cavabından da görünür ki, yenə də 2 saylı fındıqçılıq sovxozunun kollektivi Sabir adına kolxozun 7 və 8 saylı briqadalarına birləşməyə etiraz ediblərmiş. 22 ildir ki, heç bir zəhmət çəkmədən onlar milyonlarla manat gəlir götürürlər. Bu fakt bu günə qədər bizim hər birimizə mənəvi əzab verir..."
KƏND SAKİNLƏRİ HAQQ ETDİKLƏRİ TƏSƏRRÜFATIN SIRF ONLARA MƏXSUSLUĞUNU İSBATLAYAN HADİSƏLƏRİ, SƏNƏDLƏRİ SADALAYIBLAR:
"Zaqatala rayon Xalq Deputatları Sovetinin (XDS) 1962-ci il tarixli müvafiq qərarı ilə Uzunqazmalar kəndi ərazisində fındıq sovxozu yaradılmış və həmin sovxoz "2 nömrəli fındıq sovxozu" adlandırılmışdır. Ümumi sahəsi 1200 hektar olan sovxozda 1984-cü ilədək kənd sakinlərinin ağır zəhməti ilə 559 hektar fındıq bağı salınmışdır. Sonradan 159 hektar sahə silinmiş, hazırda 400 hektar fındıq sahəsi mövcuddur..."
Ərizəçilər bildirirlər ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının (AİK) 30.04.1999-cu il tarixli, guya "Sovxozun Aqrar İslahat Proqramı"nın təsdiq edilməsi barədə 78 saylı qərardan Uzunqazmallar kənd əhalisinin xəbəri olmamış, gizli şəkildə hazırlanaraq təsdiq edilmişdir, hətta yerli islahat komissiyası üzvləri tərəfindən də imzalanmışdır:
"Yuxarı Tala kənd Sabir adına kolxozun 7 və 8 saylı briqadaları olmuş və onlar həmişə həmin sovxozun üzvləri olmuşlar. 1992-ci ildə keçmiş Sabir adına kolxozun sədri Ömər Ömərov, rayon İcra Hakimiyyətində yüksək vəzifə tutan Məhəddin Ömərov və rayonda vəzifədə olan digər Yuxarı Tala sakinlərinin dəstəyi ilə gizli plan hazırlamışlar ki, bizim uzun müddət zəhmət və əziyyətlə əkib-becərdiyimiz fındıq bağ sahələrini ələ keçirsinlər. Bu məqsədlə saxta şəkildə guya Uzunqazmalar kəndində "ümumi yığıncaq protokolu" tərtib edilmiş, bununla da Zaqatala rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1992-ci il tarixli 16 saylı, 02 mart 1992-ci il tarixli 138 saylı sərəncamlarına əsasən Sabir adına kolxozun 7 və 8 saylı briqadasının ayrılaraq 2 saylı fındıqçılıq sovxozuna birləşdirilməsi prosesi başlanılmışdır..."
ŞİKAYƏTÇİLƏR BİLDİRİRLƏR Kİ, BELƏ BİR QANUNSUZ QƏRARIN VERİLMƏSİ 1992-Cİ İLDƏ ÖLKƏDƏ SƏRİŞTƏSİZ "CƏBHƏ-MÜSAVAT" CÜTLÜYÜNÜN HAKİMİYYƏTDƏ OLMASI İLƏ ƏLAQƏDAR OLMUŞDUR:
"Eyni zamanda bu qanunsuz və xalqa zidd qərarın verilməsi həmin vaxt dövlət müşaviri işləyən, əslən Zaqatalalı olan Arif Hacıyevin diqtəsi ilə həyata keçirilmişdir. O vaxtlar qısa bir müddətdə icra başçısı işləmiş səriştəsiz Qalib Qurbanov əslində Arif Hacıyev kimilərin sifarişini yerinə yetirərək, belə əsassız və düzgün olmayan qərarlar vermişdir. Təəccüblüdür ki, təxminən 45-50 kilometr uzaq məsafədə yerləşən Yuxarı Tala ərazisində yaşayan kolxozçular Uzunqazmalar kəndinə necə birləşdirilə bilər? Belə bir birləşdirmə mümkün idisə, rayonun ən çox əhalisi olan, ərazi nümayəndəliyi eyni olan Danaçı kəndinin briqadaları ilə birləşdirilərdi. Bundan başqa, "birləşdirmə" adı altında ciddi qanun pozuntularına yol verilmiş və bu qanun pozuntuları torpaq islahatları vaxtı ciddi hal olmuşdur. Belə ki, bir gün belə Uzunqazmalar kəndində yaşamayan və ərazi nümayəndəliyində qeydiyyatda olmayan Yuxarı Tala kəndinin sakinlərinə fındıq sovxozundan fındıq bağları torpaq payı kimi verilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən kolxoz və ya sovxozlarda daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində yaşayan şəxslər, sovxoz və kolxozdan həqiqi hərbi xidmətə çağırılmış və müvəqqəti qaib olmuş şəxslər, bu qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin və kiçik müəssisə və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Göründüyü kimi, Sabir adına kolxozun 7 və 8 nömrəli briqadaları üzvlərinin daimi yaşayış yeri Yuxarı Tala kəndi və qeidiyyatda olduqları yer də elə həmin ərazi nümayəndəliyi olmuşdur. Onların Danaçı ərazi nümayəndəliyi və Uzunqazmalar kəndində daimi yaşayış və qeydiyyatları yoxdur. Bundan başqa, Sabir adına kolxozdan ayrılma və 2 nömrəli fındıq sovxozuna birləşmə adı altında verilmiş qərarda lazımi sənədləşmə prosedur nəzərdə tutulsa da, 7 və 8 saylı briqadalara məxsus bütün əsas və dövriyyə vəsaitləri, inventar və avadanlıqlar, əmlak tamamilə keçmiş Sabir adına kolxozda qalmışdır. Deməli, Tala əhalisi kollektivləşmə dövründə qazandığı əmlakı, torpağı və bağları Sabir adına kolxozda saxlayaraq, Uzunqazmalar kənd əhalisinin 1962-ci ildən əziyyətlə yaratdığı 2 nömrəli fındıq sovxozunun əmlakına, çoxillik fındıq bağlarına şərik çıxaraq mənimsəmişlər. Fındıq bağı saldıqdan 6-8 il tələb olunur ki, bağ məhsula düşsün. Normal məhsuldarlıq almaq üçün 10 il tələb olunur. 1992-ci ildə qanunsuz fındıq sovxozuna birləşdirilən işçilər heç bir əziyyət çəkmədən hazır məhsullarımıza və əmlakımıza şərik çıxaraq mənimsəmişlər. "Torpaq islahatı haqqında" qanunun 13-cü maddəsinə görə torpaq paylama ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin, subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Beləliklə, qanun və müddəları da burada ciddi şəkildə pozulmuşdur. Özəlləşdirilən ümumi torpaq Uzunqazmalar əhalisinin və həmin ərazidə yaşayanların sayına bölünməli olduğu halda, 50 km aralıda doğulan və yaşayan 1782 nəfər bizim payımıza şərik olmuşlar. Onların Sabir adına kolxozda böyük həyətyanı sahələri, həyətyanı sahələrə bitişik normadan artıq olan pay torpaqlarından çıxılmalı olan torpaqları olduğu da islahat aparılarkən nəzərə alınmamışdır. Həmin əhalinin istifadəsində xeyli miqdarda şabalıd meşələri olduğu da nəzərə alınmayıb. Beləliklə, məlum olur ki, bizim həm də adambaşına düşən torpaqlarımıza və eyni zamanda əmlakımıza şərik çıxaraq mənimsəmişlər.
"2003-CÜ İLDƏN DÜRÜSTLƏŞMƏ ADI ALTINDA APARILAN ÖLÇMƏLƏR BAŞQA MƏQSƏD DAŞIYIRMIŞ..."
İlkin islahatlarda - saxta qərarlarla aparılan islahatlarda buraxılmış səhvləri və nöqsanları aradan qaldırmaq üçün 25.09.2003-cü il tarixli Zaqatala rayon AİK-nin 110 saylı qərarı olmuşdur. Birincisi, həmin qərarda qismən düzəlişlərdən söhbət gedir. 4-cü bənddə göstərir ki, ilkin islahatlardakı aktlar yalnız məhkəmə qaydasında ləğv edildikdə, məhkəməyə müraciət edildikdə etibarsız sayılır. Uzunqazmalarda dürüstləşmə ilə əlaqədar ləğv aktı yoxdur.
Rayon AİK-nin 05.04.2002-ci il tarixli 99/2 saylı qərarı ilə 2 nömrəli fındıqçılıq sovxozunda aqrar islahatın başa çatması ilə əlaqədar yerli AİK-nın fəaliyyəti dayandırılmışdır. Sonra 2003-cü ildə ilkin islahatlarda səhvlər və dürüstləşmələr, qismən dəyişikliklər barədə 110 saylı qərar verildi. Qərarda qismən dəyişikliklərdən söhbət getsə də, rayonda bütün torpaq sənədləri geri yığılmışdır. Bu günə qədər əlimizdə mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadığına görə və ilkin islahat komissiyaları gizli fəaliyyət göstərərək əhaliyə məlumat vermədiyindən biz gözlədik ki, hüququmuzu təsdiq edən sənəd əldə edək və sonra müraciət edək. Ayrı-ayrı təşkilatlara müraciətlərimiz cavabsız qaldıqdan sonra məcbur qaldıq məhkəməyə müraciət edək... Rayonda 10-a qədər təsərrüfat vardır ki, torpaq sahələri almamışlar. Səbəb islahatda buraxılan ciddi səhvlərdir. Deməli, 2003-cü ildən dürüstləşmə və s. adı altında aparılan ölçmələr başqa məqsəd daşıyırmış".
Uzunqazmalar əhalisi hazırlanmış torpaq sahələrinin plan və ölçü sənədlərini qəbul etmirlər. Adambaşına düşən torpaq payını düzgün müəyyən etməklə, torpaq almaq hüququ olmayan şəxslərin oradan çıxarılmasını tələb edirlər. Bundan ötrü yenidən komissiya yaradılıb 2 nömrəli fındıqçılıq sovxozunun 750 hektar özəlləşdirilməli olan torpağını 356 nəfər daimi orada yaşayan və işləyən, pay torpaq allmaq hüququ olan subyektlərə verilməsini istəyirlər.
Uzunqazmalar sakinləri redaksiyadan xahiş edirlər ki, ilkin islahatlar başlandıqdan bu günə qədər baş vermiş bütün qanun pozuntularının aşkar edilməsi, təqsirkarların müəyyən edilib barələrində lazımi tədbirlər görülməsi üçün yardımçı olaq, problemi ictimailəşdirərək aidiyyati qurumların diqqətini cəlb edək.
UZUNQAZMALAR SAKİNLƏRİ ÖZ HÜQUQLARININ MÜDAFİƏSİ UĞRUNDA MÜCADİLƏLƏRİNƏ ÇOXDAN BAŞLAYIBLAR
Ərizəyə qoşma edilmiş materiallardan və sakinlərin özləri ilə keçirdiyimiz söhbətlərdən məlum oldu ki, Uzunqazmalılar öz hüquqlarının müdafiəsi uğrunda mücadilələrinə çoxdan başlayıblar. Hələ 2003-cü ildə kənd sakinlərindən Əhmədov Mərdalı Əziz oğlu, İsayev Məhərrəm Xəlil oğlu, Əmircanova Şahnaz Məhəmməd qızı Zaqatala rayon məhkəməsinə müraciət edərək "Zaqatala rayon XDSİK-nin 10.01.1992-ci il tarixli 16 saylı sərəncamının ləğv edilməsi, iddia müddətinin uzadılması, özgənin istifadəsində olan 559 hektar fındıq bağı sahəsinin qaytarılması, həmin sahədən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi, Zaqatala rayon İcra Hakimiyyəıti, Zaqatala rayon Aqrokombinatı və Zaqatala rayon Yuxarı Tala kəndi Sabir adına kolxoza qarşı iddia qaldırmışlar. Lakin məhkəmə onların iddiasını rədd etmişdir.
Məhkəmənin qətnaməsini işin faktiki hallarına uyğun saymayan və maddi hüquq normalarının bir tərəfli tətbiqi əsasında çıxarıldığı qənaətində olan iddiaçılar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-na 11 aprel 2003-ci il tarixli həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində göstəriblər ki, Uzun Qazmalar kənd sakinləri 559 hektar sahəni təmizləyib yararlı vəziyyətə salarkən Yuxarı Tala sakinləri belə bir fəaliyyətlə məşğul olmayıblar. 30 il ərzində bu sahədə əlini ağdan qaraya vurmayan Yuxarı Tala kənd sakinləri həmin torpaqlara nail olmağa can atmış və bu məqsəd üçün 1992-ci ildə səriştəsiz Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən istifadə etmişlər. Belə ki, Yuxarı Tala kəndindən deputat Arif Hacıyev bu məsələdə onlara kömək etmişdir ki, bununla da bu deputatın özü bütün torpaq qanunvericiliyini pozmuşdur. Əvvəla Yuxarı Tala kəndindən 100 km aralıda bu kəndin sakinlərinin istifadəsinə torpaq sahəsi verilməsi barədə komissiyanın tam qeyri-qanuni qərarı belə bir mürəkkəblik yaratmışdır və bu qərarın özü qeyri-qanuni xarakter daşıyır. İkincisi, torpaq qanunvericiliyinə əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxslərin həmin sahədən gələcəyinə istifadə etmək hüququndan məhrum edir və bu illər ərzində həmin sahəyə xidmət etmiş (hətta heç bir qərar olmadan belə) şəxslərin istifadəsinə keçir. Bundan başqa, Uzun Qazmalar kənd sakinlərinin belə bir birləşmədən xəbərləri olmamışdır. Üstəlik, Yuxarı Tala kənd sakinlərinin öz istifadəsində və kənd yaxınlığında 1300 hektar torpaq sahəsi vardır. Belə vəziyyətdə isə Uzun Qazmalar kənd sakinlərinin 1962-ci ildən işlətdikləri və abadlaşdırdıqları sahənin Yuxarı Talalılara verilməsi heç bir qanun çərçivəsinə sığmır.
KƏND SAKİNLƏRI RAYON İCRA HAKİMİYYƏTİNİN SƏRƏNCAMI BARƏDƏ XEYLİ VAXT MƏLUMATSIZ OLMUŞLAR
Uzun Qazmalar kənd sakinləri rayon İcra Hakimiyyətinin 10.01.1992-ci il 16 saylı sərəncamı barədə xeyli vaxt məlumatsız olmuşlar. Belə ki, bu cür qərar hətta 1962-ci ildən mövcud olsaydı da, 30 il ərzində Yuxarı Tala kənd sakinlərinin 2 nömrəli fındıqçılıq sovxozunda heç bir fəaliyyətlə məşğul olmamaları onların bu sahədən məhrum olması ilə nəticələnməliydi və belə bir qərar da öz qüvvəsini itirmiş hesab olunmalıydı. Bundan başqa, Uzun Qazmalar kənd əməkçilərinin, yəni əmək kollektivinin razılğı olmadan torpağın inzibati bölgüsü aparıla bilməz. Buna görə də məhkəmənin iddia müddətinin buraxılması faktına istinadı burada tətbiq oluna bilməz. Belə ki, MM-nin 78-ci maddəsinə (keçmiş redaksiya) istinad etməklə bu faktı əsas gətirmişdir. Halbuki, həmin qanunun 76-cı maddəsinə görə iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılması üçün məhkəmə tərəfindən qəbul edilməlidir. Belə halda isə bu müddətin ötürülmə səbəbi aydınlaşmalıdır. Belə ki, MM-nin 78-ci maddəsinə əsasən iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK 07.07.2003-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməmişdir. Həmin qətnamədən oxuyuruq: "Tərəflər arasında münasibətlər yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət üç il müəyyən edilmişdir. Həmin məcəllənin 82-ci maddəsində göstərilir ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır..."
Bundan sonra bütün iddiaçılar adından kənd sakini Məhərrəm İsayev Apellyasiya Məhkəməsinin 07 iyul 2003-cü il qətnaməsindən kassasiya şikayəti verib qətnamənin ləğv edilərək dəyişdirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tək bir iddiaçının özündən başqa maraqlı tərəflərin heç birinin nümayəndəsinin iştirak etmədiyi 26 noyabr 2003-cü il tarixli iclasda MİÜMK bu nəticəyə gəlmişdir ki, Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə heç bir əsas yoxdur, ona görə də dəyişdirilmədən saxlanılmalıdır.
MƏHKƏMƏ YÜZLƏRLƏ İDDİAÇININ GÖSTƏRDİKLƏRİNİ İNANDIRICI SAYMAYIB
2011-ci ildə kənd sakinləri olan iddiaçılar Muradov Yasin İbrahim oğlu, Əliyev Xeyrulla Niyaz oğlu, Ramazanova Zərifə Bəşir qızı və Əhmədov Mərdəli Əziz oğlu cavabdeh Zaqatala rayon İcra Hakimiyyətinə qarşı yerli aqrar islahat komissiyasının yaradılması və 2 nömrəli fındıq sovxozunda torpaq islahatının keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2011-ci il tarixli 2İNZ(84) 577/2011 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamış, iddiaçılara tələblə bağlı Zaqatala RİH-nə müraciət etmələrui tövsiyə olunmuşdur. Bundan sonra iddiaçılar Zaqatala RİH-nə müraciət etmiş, imtina cavabı aldıqdan sonra yenidən Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23.08.2011-ci il tarixli qərardadına əsasən iddia ərizəsi mümkün sayılmamış, həmin qərardaddan verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 27.09.2011-ci il tarixli qərardadı ilə qeyd olunan qərardad ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08.12.2011-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
İddiaçılar iddia predmetinin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarının, sovxozda islahat keçirilməsi barədə yerli aqrar islahat komissiyalarının müvafiq qərarının və bu qərarlar əsasında hazırlanmış "torpaq sahələrinin plan və ölçüləri" sənədlərinin etibarsız sayılaraq ləğv edilməsi, yeni aqrar islahat komissiyasının yaradılması və torpaq islahatının keçirilməsi barədə qərar qəbul ediməsini xahiş etmişlər.
Lakin Şəki İnzibati-İqtisadi Məhkəməsi 26 dekabr 2011-ci il tarixli qərarı ilə iddianı əsassız hesab edərək maraqlı (!) arqumentlərə istinad edərək təmin etməmişdir: "İddiaçılar və onun nümayəndələri ləğv edilməsi tələb edilən müvafiq inzibati aktların onların hüquqlarına nə dərəcədə mənfi təsir etdiyini və nəticədə onlar hansı hüquqlardan məhrum olmalarını əsaslandıra bilməmişlər".
Bundan sonra iddiaçılar Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti vermişlər. Lakin məhkəmə kollegiyası torpaq islahatının Uzunqazmalar kənd sakinlərinin xəbəri olmadan keçirilməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir: "İstər iddiaçıların, istərsə də kəndin digər sakinlərinin hazırda istifadə etdikləri torpaq sahələri onlara torpaq islahatları ilə bağlı verilmişdir. Ona görə də həmin torpaq sahələrinin hansı əsaslarla onlara verilməsindən xəbərləri olmamaları barədə iddiaçıların göstərdikləri inandırıcı deyildir".
Daha sonra iddiaçılar və onların vəkili Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2012-ci il tarixli qərarından kassasiya şikayəti vermişlər. Lakin kassasiya şikayəti təmin olunmamışdır.
İDDİANIN ƏSASI, PREDMETİ VƏ CAVABDEH İDDİAÇININ RAZILIĞI OLMADAN DƏYİŞDİRİLİB
2015-ci il. İddiaçılar bu dəfə cavabdeh Zaqatala RİH-nə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilat tərəfindən vurulmuş mənəvi zərərə görə konpensasiya qismində 5 muilyon manat məbləğində pulun Zaqatala RİH-dən alınıb verilməsi və ya mənəvi zərəri ödəmək üsulu kimi hər birini qarşılıqlı razılıq əsasında fındıq bəhərli torpaq sahəsi ilə təmin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişlər. Di gəl, Şəki İnzibati-İqtisadi Məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan kimi göstərilmiş Zaqatala RİH-nin və ya onun vəzifəli şəxslərinin hərəkətləri nəticəsində iddiaçıların hüquqlarının pozulması haqqında hər hansı bir ehtimal belə mövcud deyildir (!?) və ona görə də iddianın mümkün sayılmaması barədə 15 sentyabr 2015-ci il tarixdə 2-1(84)-678/2015 nömrəli qərardad çıxarmışdır. Qərardaddan narazı qalan iddiaçılar Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verərək qərardadın ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası "iş materiallarından müəyyən etmişdir" ki, kolxoz və sovxozların torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon icra hakimiyyətləri tərəfindən deyil, rayon aqrar islahat komissiyalarının qərarları əsasında verildiyindən, RİH və onun vəzifəli şəxslərinin hərəkətləri nəticəsində iddiaçıların hüquqlarının pozulması haqqında hər hansı bir ehtimal belə mövcud deyildir və o üzdən şikayəti təmin etməmişdir. Göründüyü kimi, iddiaçılar mübahisənin başlanğıc tarixini RİH-nin 1992-ci il sərəncamlarından götürmək istəsələr də , məhkəmə vurğunu Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarının üstündə saxlayır. Ona görə ki, aqrar islahat komissiyası artıq yoxdur, icra hakimiyyəti isə mövcuddur.
UZUNQZMALILAR BAŞLARINA GƏLƏNLƏRİ AZSAYLI XALQLARA QARŞI BƏZİ MƏMURLARIN AYRI-SEÇKİLİK MÜNASİBƏTİNİN TƏZAHÜRÜ KİMİ QƏBUL EDİRLƏR
Bundan sonra iddiaçılar Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti vermişlər. İlk məhkəmə baxışlarında olduğu kimi, izahatlarının saxtalaşdırılacağından, əsl iddia tələblərinin qeyri-qanuni başqa səmtə yönəldiləcəyindən, əsl və yeganə cavabdeh olan Zaqatala RİH-ni digər bir qurumla əvəzlənməyə cəhd ediləcəyindən ehtiyatlanan iddiaçılar bütün bunlardan sığortalanmaq məqsədilə hər bir iddiaçının adından imzalanmış ayrıca izahatları da iddia ərizəsinə qoşma etmişlər.
Lakin yüzlərlə ailə başçısı tərəfindən imzalanmış izahatlar heç nəyi dəyişməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 16 fevral 2016-cı l tarixli qərarı ilə onların şikayətini təmin etməmişdir. Ardından iddiaçılar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının məlum qərarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğun olmadığını göstərərək, həmin qərarın qüvvədən düşmüş hesab edilməsini xahiş etmişlər.
Amma Konstitusiya Məhkəməsinin palatası hesab etmişdir ki, şikayət işin faktiki hallarının araşdırılması ilə bağlıdır və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 37.0.2-ci maddəsinə əsasən məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyildir. O üzdən Palata şikayəti Konstitusiya Məhkəməsinin icraatına götürməmişdir və şikayətin qəbulundan imtina haqqında 02 noyabr 2016-cı il tarixli qərardad çıxarmışdır. Bax belə, bircə cümlə ilə Konstitusiya Məhkəməsinin Palatası Uzunqazmalar sakinlərinin Azərbaycan məhkəmələrinə son ümidlərinin də üstündən xətt çəkmişdir.


Sadiq Fəxrəddinoğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı