Azərbaycan İdeyası

HÜQUQ-MÜHAFİZƏ ORQANLARI QUBADA QONŞULARI DÜŞMƏNƏ ÇEVİRİBLƏR

Tarix:28-11-2017, 16:54
Baxış Sayı:785



Azərbaycan Respublikası “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru Xuraman Əhliman qızı Quliyevaya

Quba r-n Vəl-vələ kənd sakini Hüseynov Zakir Tələt oğlu tərəfindən

Müraciət

Nəzərinizə çatdırıram ki, hüquq-mühafızə orqanları tərəfindən konstitusion hüquqlarım pozulmuş və hal-hazırda da bu pozuntularla üzləşməkdəyəm.
Artıq 47 ildir ki, hüquq-mühafızə orqanları tərəfindən bəlkə də analoqu olmayan təzyiqlərə məruz qalmışam. Bu, hüquq-mühafizə və məhkəmələr tərəfindən təkcə mənim hüquqlarımın pozulması və təzyiqlərə məruz qalmağım deyil. Bu, sonda bir neçə ailənin faciəsinə səbəb olan, bizə qarşı törədilən böyük cinayət əməlləridir. Bəli, 47 il davam edən iztirablardan xilas olmaq üçün sizə müraciət etməli oldum ki, bəlkə siz mənim haqq səsimi “Dövlət başçısına çatdırmaqla” mənə kömək edəsiniz.
Bu elə bir faciədir ki, bunları yazmaq mənim üçün olduqca ağırdır, çəkdiyim əzablar, keçirdiyim iztirablar və təkrar üzləşdiyim ədalətsizliklər gözüm önündə yenidən canlandığından, daha çox mənəvi və fıziki sarsıntılar keçirirəm. Bu səbəbdən də üzləşdiklərimi çox ixtisarla nəzərinizə çatdırmaq istəyirəm... Düşünürəm ki, yazdıqlarımı oxuyan hər hansı vicdanlı bir yüksək vəzifəli məmur hal-hazırda pozulmuş hüquqlarımın bərpa olunmasında mənə yardımçı ola bilər.
Xahiş edirəm yazdıqlarımı diqqətlə oxuyasınız.
Belə ki, 27 iyul 1964-ci ildə atamız Hüseynov Tələt avtomobil qəzasında 42 yaşında həlak olmuşdur. Biz 5 qardaş atasız qaldıq. 9 avqust 1964-cü tarixdə 6-cı qardaşım dünyaya gəldi. Böyük qardaşımın 16 yaşı, mənim isə 10 yaşım var idi. (Anamız heç kəsə əyilmədən bizi çətinliklə böyütmüşdür.)
Yusif Politexnik İnstitutunun Su-meliorasiya fakültəsinə qəbul olmuşdu. 1969-cu ilin may ayında Yusifdən kiçik qardaşım hərbi xidmətə yollanır. Yusif isə institutu bitirir.
24 avqust 1970-ci il tarixdə Vəl-vələ kənd sakini Lətifov Seyfəddin Sədrəddin oğlu saat 23:00 radələrində ov silahından atılan atəş nəticəsində öldürülür.
Elə ondan sonra faciələr başlayır. Belə ki, mən 16 yaşında, Yusif isə 20 yaşında Seyfəddinin ölümü ilə bağlı təqsirsiz həbs olunuruq.
Quba rayon DİŞ-nin cinayət axtarış bölməsinin rəisi H.Zeynalovun təkidi və mənə verdiyi işgəncəyə görə başqasının törətdiyi ölüm işini üstümə götürməklə, gələcəkdə həmin cinayət işinin açılmasını nəzərə alaraq qəribə tərzdə ifadə yazaraq, sonda qəribə tərzdə imza edirəm:
“Mən axşam saat 16:30-da ot çalmağa gedərkən özümlə dəryazı və evdən tüfəngi götürdüm. Mən ot çalarkən Seyfəddin sərxoş halda üstümə gəldı, o, yerdən bülöv daşın götürüb mənim boynumdan vurdu, bundan sonra o, yerdən dəryazı götürüb məni vurmaq istərkən onun əlindəki dəryaz mənim əlimdəki kəndiri kəsdi. Bu vaxt mən dala çəkilərkən tüfəng işləyib ona dəydi. Mənim heç bir günahım yoxdur” imza: “Həsən V”.
Belə ki, istintaq dövründə Seyfəddini kim öldürdüyünü bilmədiyim barədə verdiyim ifadələrin altında öz imzamı, qolumu çəkmişəm. Lakin cinayəti mənim tərəfımdən törədilməsi ilə bağlı ifadələrin sonunda ancaq “mənim günahım yoxdur” yazmaqla “Həsən V” imzası atıb qol çəkmişəm. (İzah üçün bildirirəm ki, “Həsən” yəni, Seyfəddini öldürən mən deyiləm, yəni başqasıdır. “V” hərfı isə bunu yazmağa “vadaram” mənasını daşiyırdı). Beləliklə, 29.04.1971-ci il tarixdə Quba rayon Xalq Məhkəməsinin hökmü ilə mən təqsirsiz olaraq Azərbaycan SSR CM- 95 maddəsi ilə 10 (on) il müddətinə, Yusif isə təqsirsiz olaraq Azərbaycan SSR CM-221-ci maddəsi ilə l (bir) il müddətinə azadlıqdan məhrum edilirik.
Yusif cəzacəkmə koloniyasında cəza çəkərək oradan evə məktub yazaraq yaxın 2-3 günə çıxacağını bildirərək təzə paltarlarını koloniyaya görüşə gətirməsini anasından xahiş edir. Ana məktubu oxuyarkən sevincinin həddi-hüdudu olmur. Sevinir ki, təqsirsiz tutulan oğullarından biri, yəni böyük oğlu Yusif azad olur, artıq türmə qapılarına, prokurorluğa şikayətlər verməyə getməkdən yorulmuşdur. Sevinir ki, təqsirsiz cəza çəkən 16 yaşlı oğlu Zakirin dalıyca Yusif özü gedəcək.
Beləliklə də, anam 04.07.1971-ci il tarixdə Yusifin paltarlarını götürərək 12 №-li cəzaçəkmə koloniyasına Qaradağa gedir.
Anam görüş qapısına çatır, nəzarətçiyə yaxınlaşaraq oğlu Hüseynov Yusif Tələt oğlu ilə görüşmək istədiyini, ona paltar gətirməsini bildirir. Nəzarətçi gözləyin deyir. Anam 1-2 saat gözləyir, lakin oğlundan heç bir xəbər gəlmir. Artıq anam şübhələnməyə başlayır, onun bütün sevinci kədərə dönür.
Yenə 1 saat keçdikdən sonra 3 nəfər zabit anama yaxınlaşaraq, onu qucaqlayaraq: -“Yusif zəhərlənmədən vəfat edib”...
- Yusif, Yusif, balam Yusif - deyə anam fəryad edir.
Bəli, anam 21 yaşında canlı oğlu Yusiflə yox, onun meyidi ilə görüşərək, onu doğulduğu kəndə gətirərək, onunla əbədi vidalaşaraq dəfn edirlər.
Yusifın müəmmalı olaraq ölməsi anamı çox qorxuya salmışdır.
Qorxurdu ki, məni də zəhərləyib öldürəcəklər. Mən 6 №-li İƏK-da cəza çəkirdim. Yusifin ölümündən xəbərim yox idi. Düz bir ay sonra anam yanıma görüşə gələrək mənə yeməyimdə ehtiyatlı olmağı, kimlərinsə məni zəhərləyə biləcəyindən qorxduğunu dedikdə şübhələndim ki, Yusifə qəsd olunub. Nə baş verdiyini anamdan soruşduqda, baş vermiş vəziyyəti mənə danışdı. Yusifin günahsız ölümü məni pis sarsıtdı. Bir neçə gün şok vəziyyətində qalaraq, pis xəstələnərək DİN-nin Mərkəzi Xəstəxanasına aparılaraq, 5 aydan çox orada müalicə olunaraq 1972-ci ilin fevral ayının 10-da yenə 6 №-li İƏK-na qaytarıldım.
02 oktyabr 1975-ci il tarixdə vaxtından əvvəl azadlığa buraxıldım. Təqsirsizliyimizi sübut etmək istəyərək bizə bəraət verilməsi üçün daima aidiyyəti orqanlara, o cümlədən mərkəzi ali orqanlara, yəni Moskvaya üz tutdum. Həmin cinayət işinin üstü açılmasın deyə maraqlı tərəflər də sakit durmurdu. Cinayət işinin açılmasında önəmli olan şahid Gülbalayev Sədi 1977-ci ildə müəmmalı şəkildə öldürülərək Quba-Bakı yolunun kənarına atılır, cinayət işi açılsa da, həmin iş Quba rayon DİŞ-i tərəfindən ört-basdır edilir.
28.09.1980-ci il tarixdə qonşunun həyətindən mənə ov silahından atəş açılır. Nəticədə mən ayaq - bud nahiyəmdən xəsarət alıram (Bax, qoşma şəkil № 1).
İlkin tibbi yardım aparılması üçün mən milis işçiləri tərəfindən Quba MX-na aparılıram. Orada ayağımdan 2 qırma çıxarılaraq mənə ötəri tibbi yardım göstərildikdən sonra DİŞ-nə gətirilirəm və orada mənə atəş açılmasını inkar etməyimi məcbur etsələr də, mən buna razı olmuram.
Səhəri gün yenə də mənə buna görə işgəncələr verilir (bax. Şəkil 2).
Görünür, Quba rayon DİŞ-si Seyfəddinin qatilinin ifşa olunmamasında çox maraqlı idilər. Ard-ardınca hüquq-mühafızə orqanları tərəfindən mənə edilmiş təzyiqlərə görə aldığım xəsarətlərlə Moskvaya SSRİ DİN-ə qaçmalı oldum. Orada məni SSRİ DİN-in CAİ-nin rəisi general Vladimirov qəbul edərək məni Moskva şəhəri Sklifasovski xəstəxanasına göndərir. Orada atəş nəticəsində buduma dəyib qalmış qırmanı çıxartmaqla mənə tibbi yardım göstərilir. SSRİ DİN-i mənə qarşı törədilən cinayətin açılmasını Azərbaycan SSR DİN-dən tələb etsələr də, həmin cinayət işi də ört-basdır edildi.
Mən isə ardı-arası kəsilmədən Seyfəddinin ölümünün üstünü açmaq məqsədi ilə şikayətlər yazaraq həmin şikayətdə qatilin kim olduğunu bilən növbəti şahidlərin adlarını çəkirdim. Bəli, yenə növbəti şikayət - növbəti şahid ölümü. Belə ki, 1983-cü ildə yenə bir şahidim Məmmədov Minhac müəmmalı şəkildə öldürülür. Minhac
meşəbəyi idi, onun meyidi bir gün sonra meşə kənarında tərəvəz bostanının yanında tapılır. Onun geyindiyi pencək və şapkası onun üzərində olmaması və qolunun sınması müşahidə edilmişdir.
Yenə Quba DİŞ-nin işçiləri maraqlı olduğundan Minhacın meyidi müayinə edilmədən dəfn edilərək, növbəti ölüm işi ört-basdır edilmişdir.
Beləliklə də, mən Azərbaycan SSR Respublikasına 175 ərizə, 151 şikayət, 120 teleqram, 20 qəbul müraciətləri etmişəm. SSRİ, yəni Moskvaya 770 ərizə, 527 şikayət, 205 teleqramma və 47 dəfə qəbulda olmaqla müraciətlər etmişəm. Təqsirsizliyimizi sübut etmək barədə Moskvaya getmək üçün 300 (üç yüz) dəfə Bakı-Moskva-Bakı marşrutuna, təyyarəyə bilet alaraq ora uçmuşam (Bütün biletlər saxlanılır).
Nəhayət, 19 ildən sonra 18.10.1989-cu il tarixdə SSRİ prokurorluğu həmin işin dərindən yoxlanmasını Azərbaycan SSR prokurorluğuna tapşırıq versə də, heç bir nəticəsi olmur (bax: məktub 3).
Sonuncu dəfə mən bir çox sübutları SSRİ prokurorluğuna təqdim etdikdən sonra mənim şikayətim əsaslı sayıldığı üçün SSRİ Baş prokurorunun müavini Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinə protest verərək, Lətifov Seyfəddinin ölümündə bizim təqsirimiz sübuta yetmədiyi üçün bizim barəmizdə olan cinayət işinə xitam verilməsini tələb etmişdir (bax: məktub 4). Buna görə də protest qismən təmin edilərək iş yenidən istintaq aparılması üçün Quba rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, 13 aprel 1992-ci ildə müstəntiq Üzeyir Hacıyev mənim barəmdə olan cinayət işinə xitam verir.
Müstəntiq öz qeyri-qanuni qərarından şikayət edəcəyimi düşünərək ehtiyat etdiyindən qərarın surətini mənə vermir.
Bu barədə Respublika Baş Prokurorluğuna dəfələrlə müraciət etdikdən sonra nəhayət - 22.10.2012-ci il tarixdə yuxarıda qeyd etdiyim 13.04.1992-ci il tarixli qərarın surətini aldım. Qərarın qeyri-qanuni olduğundan Baş Prokurorluğa şikayətlə müraciət edərək bizim barəmizdə düzgün qərar verilməsini xahiş etdim.
(Məlumat üçün qeyd edim ki, müstəntiq Hacıyev 13.4.92-ci il tarixli qərarla mənə bəraət verməklə həmin ölüm işini qardaşım Yusifın üzərinə yönəltmişdir. Buna dözməyən anam streslər keçirərək dünyasını dəyişib.)
Azərbaycan Respiblikası Baş Prokurorluğu həmin işi araşdıraraq mənim şikayətimi əsaslı hesab edərək 15.12.2012-ci il tarixli qərarı ilə Quba rayon prokurorluğunun müstəntiqi Üzeyir Hacıyevin 13.04.1992-ci il tarixli qərarını ləğv edərək işi yenidən istintaqa qaytarır.
Həmin iş Quba rayon Prokurluğunda müstəntiq Elvin Nəbizadə tərəfindən araşdırılaraq Lətifov Seyfəddinin bizim tərəfımizdən öldürülmədiyi müəyyən edildiyi üçün barəmizdə 14.04.2013-cü il tarixli qərarla 41580 №-li cinayət işinin
icraatına əməlimizdə cinayət tərkibi olmadığı üçün bəraətverici əsasla xitam verilir.
Nəhayət ki, 43 ildən sonra haqq-ədalət öz yerini tapdı. Lakin bunun heç bir faydası olmadı.
Bundan sonra mən bəraət almış şəxsə (reabilitasiya) vurulmuş ziyanın ödənilməsinə dair iddia qaldırdım.
Tələb olunan məbləğin cüzi bir hissəsi mənə ödənilsə də, Yusif barədə olan iddia tələbim müxtəlif bəhanələrlə hələ də təmin olunmur.
2014, 2015-ci illərdə mənə və ailəmə qarşı törədilən cinayət əməlləri də, məhz 1970-ci illərdə baş vermiş ölüm cinayət işi ilə bağlıdır.
Belə ki, uzun sürən düşmənçilik və münaqişə nəticəsində Vəl-vələ kənd sakini Bağırov Nəbi və arvadı Bağırova Mehbarə həyat yoldaşım Çiçək Hüseynovaya və qardaşımın yoldaşı Əlviyyə Kərimovaya qarşı cinayət törədərək bel ilə onların başlarını vurub yarmışlar.
Belə ki, Əlviyyə Kərimova özünəməxsus pay torpaqdan keçərkən Bağırovlar ona mane olmuş, bu zaman yaranan mübahisəni Əlviyyənin 14 yaşlı qızı İradə mobil telefonla lentə alarkən Mehbarə onun əlini dişləyərək onu yerə yıxmış və telefonu onun əlindən almışdır. Telefon mənə məxsus olduğu üçün Çiçək Mehbarəyə yaxınlaşaraq mənim telefonumu onun əlindən almaq istədikdə, Nəbi əlində bel onlara yaxınlaşaraq məqamdan istifadə edərək Çiçəyi öldürmək məqsədi ilə güclü zərbə ilə beli onun başına vurur. Zərbənin təsirindən belin dəmir hissəsi sınıb yerə düşür, belin sapı isə Nəbinin əlində qalır. Nəbi belin sapı ilə amansızcasına ikinci dəfə Çiçəyin başından vurur, üçüncü zərbəsi anasına yardıma gələn qızım İfadəyə dəyir, dördüncü zərbəni vurmaq istədikdə Nəbinin qızı Səadət buna mane olur. Az sonra Bağırova Mehbarə sınıb yerə düşmüş belin dəmir hissəsini yerdən götürərək Əlviyyənin başına vuraraq ona xəsarət yetirir.
Beləliklə, hər iki yaralı Quba rayon MX-na aparılır.
Hüseynova Çiçək 27 gün xəstəxanada müalicə olunduqdan sonra ambulator müalicə üçün evə buraxılır.
Yuxarıda göstərilənlərdən başqa, qeyd edim ki, cinayət nəticəsində Çiçək Hüseynovaya yetirilən xəsarətin dərəcəsi Quba Tibbi Ekspertizasının rəyinə görə “az ağır“ kimi qiymətləndirilmişdir. Lakin biz ekspertizanın rəyindən narazı qaldığımız üçün təkrar ekspertiza aparılmasını müstəntiqdən xahiş etsək də, təkrar ekspertiza aparılmamışdır. Bundan sonra zərərçəkmiş Çiçək Hüseynova 11.07.2015-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyə xəstəxanasında müayinə edilmiş və MRT müayinəsinin nəticəsinə görə Çiçəyin beynində yarımkəskin qansızma olduğu aşkar edilmişdir (bax: qoşma vərəq). Əgər MRT müayinəsi 77 gündən sonra qansızma olduğunu aşkar edibsə, deməli, Quba Tibbi Ekspertiza nəticəsinə görə xəsarətin az ağır olması bizdə bir çox şübhələr yaratdığından təkrarən 3.09.2015-ci il tarixdə Quba rayon prokurorluğuna ərizə verərək təkrar ekspertiza aparılmasını xahiş etsək də, təkrar ekspertiza aparılmamışdır .
Bağırovlar polis tərəfındən müdafiə olunduqlarından faktla bağlı Quba rayon RŞ-də CM-nin 128-ci maddəsi ilə cinayət işi qaldırılır.
Bir çox şikayətlərdən sonra Nəbi Bağırovun əməli CM-nin 127.2.3 və 221.3 maddələrinə tövsif edilir.
Halbuki, onun əməli CM-nin 29-120-ci maddəsinə tövsif edilməli idi, yəni qəsdən adam öldürməyə cəhd.
İstintaq orqanı tərəfindən Bagırova Mehbarənin əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir.
Qeyd edim ki, işi araşdıran istintaq orqanları şəxsi maraqları səbəbindən cinayət işinin materiallarını saxtalaşdıraraq işi cinayətkarların xeyrinə yönəltmişlər. Qeyd edim ki, müstəntiq Rasim Seyfullayev zərərçəkmiş Çiçək Hüseynovanın ifadəsini dəyişərək özü onun xəttinə oxşar “ifadəm mənim sözlərimlə yazılmışdır, doğruluğunu imzamla təsdiq edirəm” sözlərini yazmaqla özü onun əvəzindən imza etmişdir. (bax: qoşma - dindiriş protokolunun sonuncu vərəqi 7).
Bunu da qeyd edim ki, müstəntiq Seyfullayev süni olaraq istintaq müddətini süründürməçiliyə salmışdır. Bundan sonra isə iş başqa müstəntiq Laçın Əliyevə həvalə edilmişdir. Laçın Əliyev də istintaqı düzgün aparmamışdır. Belə ki, Nəbi Bağırov vəkili İbrahim Agamovum iştirakı ilə 18 oktyabr 2016-ci il tarixdə şübhəli şəxsi dindirmə protokolunda yazdığı ifadəsinin 2-ci vərəqəsinin 26-45-ci sətirlərində qeyd edir ki, onun Hüseynovlarla uzun müddət aralarında münaqişə olmasını, bundan bezdiyini, vurdugu birinci zərbədən belin dəmir hissəsinin sınıb yerə düşdüyünü, əlində qalan sapla ikinci zərbəni Çiçəyin başına vurarkən boşa getməsini, uçüncü zərbəni vurmaq istədikdə buna qızı Səadət mane olmasını gostərmışdır .
Bəli, Nəbi yazaraq etiraf etdiyi bu əməli açıq-aşkar Azərbaycan Respublikası CM-nin 29-120-ci maddəsinin tərkibidir.
Qeyd edim ki, mobil telefonun görüntüsünə alınmış cinayət hadisəsinin gedişi də buna sübutdur.
29 mart 2017-ci il tarixdə Quba rayon məhkəməsi Fərid Yaqubov CM-nin 127.1-ci maddəsi ilə 2 il müddətinə islah işi, Bağırova Mehbarəyə isə CM-nin 128-ci maddəsi ilə 1 il müddətinə islah işi ilə cəzalandırır.
Həmin hökmdən Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov hər iki cinayətkarı cəzadan azad edir .
Qeyd edim ki, CPM-nin 109.6-cı maddəsinin tələbinə görə, Nazim Mövsümovun işə baxmasına rəsmi qaydada etiraz etsəm də, Nazim Mövsümov öz inadından dönməyərək qeyri-qanuni olaraq işə baxaraq cinayətkarları müadifə etdi.
Hal-hazırda işə kassasiya şikayətimizlə bağlı Ali Məhkəmədə baxılacaqdır. Nəzərinizə çatdırıram ki, həmin hadisənin görüntüsü noyabr 2015-ci ildə AZ.TV-də xəbərlər proqramında yayımlanmışdır. Məlumat üçün bildirim ki, həmin hadisə “Quba qonşu davası” və “Quba rayon Vəl-vələ kənd sakini Hüseynov Zakirin Prezidentə müraciəti” başlığı altında “YOUTUBE” saytında və “Milli TV” saytında verilmişdir.
İndi sizdən artıq dərəcədə xahiş edirəm ki, təkrarən hüquq-mühafızə orqanları və Məhkəmələr tərəfındən pozulmuş hüquqlarımı bərpa edilməsində mənə köməklik edəsiniz.
Xahiş edirəm ki, kütləvi informasiyalar vasitəsi ilə mənə haqlı narazılıqlarımı və görüntüləri işıqlandıraraq aidiyyəti üzrə yüksək vəzifəli məmurlara çatdırasınız.
Belə ki, cinayətin istintaq orqanı və Məhkəmələr tərəfındən ört-basdır edilməsinə baxmayaraq inanıram ki, hər bir vicdanlı yüksək səlahiyyətli məmur o görüntüyə baxdıqda, mənim hüquqlarımın bərpasında fəal iştirak edəcəkdir. Haqq-ədalət öz yerini tutacaq ümidi ilə.

Qoşma: 7 vərəqdə

İmza: Hüseynov Zakir

27 sentyabr 2017-ci il
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO