Azərbaycan İdeyası

Xüsusi notarius Nidayət Rzayevin sirr saxladığı "I" əməliyyatı

Tarix:5-04-2018, 12:07
Baxış Sayı:358

*
Mingəçevir şəhəri, Təbriz küçəsi ev 11, mənzil 29 münvanda yaşayan Məhərrəmov Qüdrət Qədir oğlunun aldadılaraq evinin satılmasına dair redaksiyamıza daxil olmuş ərizəsi ilə əlaqədar apardığımız araşdırma çərçivəsində göndərdiyimiz sorğuya Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontorundan cavab gəlmişdir. XNK-nın 17 noyabr 2017-ci il tarixli 663 saylı həmin cavab məktubunda bildirir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasənm notariat əməliyyatı sirrdir. Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılması barədə tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və ya hüquqi şəxslərə verilməlidir".
Xüsusi notarius Nidayət Rzayev həmçinin bildirmişdir ki, alqı-satqı əməliyyatı notariat kontorunda qanunvericiliyin tələblərinə uyğun aparılmış, məbləğ bank vasitəsilə ödənilmişdir: "Notariat əməliyyatı aparılan zaman Q.Məhərrəmovu mənzilin alıcısı olan oğulluğu İvançenko Oleq Fyodoroviç və ya digər şəxslərin aldatmasına dair notariat kontorunda heç bir məlumat olmamışdır. Ərizəçi alqı-satqı əməliyyatının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, hər üç məhkəmə instansiyası notariat əməliyyatının qanunvericiliyin tələıblərinə uyğun aparıldığını təsdiq etmişdir".
Xatırladaq ki, bu mövzuda qəzetimizdə gedən "88 yaşlı ata oğulluğu tərəfindən aldadılaraq evsiz qalıb" sərlövhəli məqalədə göstərdiyimiz kimi, Qüedrət kişi oğulluğu Oleq İvançenkonu doğma balası kimi böyütmüş, 1984-cü ildən o, Leninqrad (indiki Sankt Peterburq-red.) şəhərinə gedib orada yaşamış, 2013-cü ildə anası xəstəlikdən vəfat edəndə dəfnə gəlmişdir: "Mənim ağır iflic xəstəliyi keçirməyimdən, köməksiz vəziyyətimdən, savadsızlığımdan, ahıl yaşımdan istifadə edib mənə bldirdi ki, "sən qocasan, ağır eşidirsən, həm də ayaqların iflicdir, ora-bura gedə bilmirsən, mənə etibarnamə ver, mən dəfn xərci üçün müavinət alım". Mən də ona inanıb evə gətirdiyi sənədlərə qol çəkdim. Bir il sonra evimi təmizləməkdə mənə kömək edən qadın mənə bildirdi ki, oğulluğum Oleq Mingəçevir 2 saylı Notariat Kontorunda 29 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi təsdiqlətdirməklə, 3 otaqlı evimi guya bankda mənim adıma 16000 (on altı min ) manat keçirməklə satın almışdır..."
Qüdrət Məhərrəmov yazırdı ki, heç kəs o cür 3 otaqlı evi aşağı qiymətə - 16 min manat satmaz. Bunu özü bilməyib, notarius bilməliydi: "Notarius müqavilənin şərtlərini mənə oxusaydı, ona imza atmazdım. Mənim yerimə imza atmış Əbdülhəsən Mirzəyevi də tanımıram. Mən Oleqin mənə qarşı dələduzluq etdiyini eşidib Leninqrada ona zəng etdim. O, mənimlə danışmaq istəmədi..."
Aldadılmış qoca Mingəçevir şəhər Məhkəməsinə saxta alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiası ilə müraciət etmiş, lakin Mingəçevir şəhər Məhkəməsi 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsini əsas göstərərək Q. Məhərrəmovun iddiasını rədd etmişdi. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinin iddia müddətinin bərpası tələbini kobud surətdə pozmuşdur. Həmin maddədə isə göstərilib: "İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə ağır xəstəlik, köməksuz vəziyyət, savadsızlıq və sair səbəbdən iddia müddətinin ötürülməsinin üzrlü sayıldığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir".
Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Məhərrəmov Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin məlum qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2016-cı il tarixli qətnaməsi ilə Q. Məhərrəmovun apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, yeni qətnamə ilə iddiaçı Q.Məhərrəmovun cavabdehlər Mingəçevir şəhəri 2 saylı Notariat Kontoruna və İvançenko Oleq Fyodoroviçə qarşı, maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi olmaqla "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın, əqdlərin etibarız hesab edilməsi tələbinə dair" iddiası təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə və onun nəticəsi etibarsız hesab edilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2016-cı il tarixli qətnaməsindən cavabdehlər - Oleq İvançenko və notarius Rzayev Nidayət Bəşir oğlu kassasiya şikayətləri vermişlər.
AR Ali Məhkəməsinin MK-nın 20 sentyabr 2016-cı il tarixli qərarı ilə İvançenkonun kassasiya şikayəti qismən, N. Rzayevin kassasiya şikayəti isə tam təmin edilmiş və yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
Şəki Apellyasiya Məhkəməsi isə iddiaçı Məhərrəmovun apellyasiya şikayətini təmin etməmişdir.
İndi isə, həmin məqalədə məhkəmələrin ixtiyar yaşlı qocanın aldadılmasına nə cür don geyindirməsini əks etdirən sitatların altını bir daha cızırıq:
1. Şəki Apellyasiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli qətnaməsində göstərilir: "İddiaçı Məhərrəmov apellyasiya şikayətində bildirir ki, o, 16000 manat pulu almamışdır. Notariat Kontorunun depozit hesabının olduğu "TexnikaBank"ın Mingəçevir filialının və ümumiyyətlə adı çəkilən bankın fəaliyyətinə xitam verildiyindən 16000 manat pulun iddiaçı tərəfindən alınmasına dair bank sənədi əldə etmək mümkün deyildir..." Maraqlıdır, "TexnikaBank"ın fəaliyyətinə xitam verilməsi hələ o demək deyildir ki, bankın bütün sənədləri məhv edilib, fəaliyyətinin izi-tozu da qalmayıb. Birdən bu məsələ bir vətəndaşın əmlakı ilə deyil, bütövlükdə ölkənin milli təhlükəsizliyi ilə bağlı olaydı, onda da məhkəımə hakimiyyəti öz gücsüzlüyünü etiraf edəcəkdi?
2. İddiaçı Məhərrəmov apellyasiya şikayətində göstərib ki, o, latın qrafikalı əlifbanı bilmədiyinə görə müqavilədə nə yazıldığını bilmədən onu imzalamışdır. Məhkəmə kollegiyası iddiaçının bu mülahizəsini ədalətsizcəsinə əsassız saymışdır. Belə ki, Mülki Məcəllənin 331.4-cü maddəsinə müvafiq olaraq, əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə, savadsızlığına görə əqdi bağlayanın özünü imza edə bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli ş.əxs tərəfindən təsdiqlənməlidir. Alqı - satqı müqaviləsini Məhərrəmovla yanaşı Əbdülhəsən Mirzəyev adlı-soyadlı şəxs imzalamışdır. Məhərrəmov həmin şəxsi tanımadığını desə də, məhkəmə bu xüsusatı araşdırmamışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli qətnaməsində hakim Mirbahəddin Hüseynovun belə bir mülahizəsi yer alıb: "Görünür, O. İvançenko mübahisəli mənzili ona görə öz adına keçirmişdir ki, atalığının ahıl və tənha olmasından başqa maraqlı şəxslərin istifadə edib mənzili ələ keçirmələrinə imkan verməsin..." Əcəb mülahizədir, deyilmi? Heç İvançenko və onun nümayəndəsi Dərgah Mehdiyev məhkəmədə Oleqin belə bir "xeyirxah" niyyətə qulluq etdiyini özləri dilə gətirməmişlər. Üstəgəl, belə təhlükədən ehtiyatlanmağa dəyərdisə, ehtiyat tədbirini Q. Məhərrəmovun gəlini Nağıyeva Zərxanım Mikayıl qızı görərdi. Axı, Məhərrəmov mülkiyyətində olan mübahisəli mənzili hələ 19 mart 2007-ci il tarixdə ona vəsiyyət etmişdir.
4. Məhkəmənin "görmədiyi" başqa xüsusatlar da vardır. Məsələ burasındadır ki, mübahisəli mənzili Q. Məhərrəmov hələ ikinci arvadı Aqnessa Məhərrəmova ilə ailə qurmamışdan əvvəl almışdır. Aqnessa Məhərrəmova onunla birgə təsərrüfat aparıb ev almamışdır. Odur ki, Aqnessa Məhərrəmovanın birinci əri Fyodor İvançenkodan olan oğlunun heç qeydiyyatda belə olmadığı həmin mənzilə heç bir hüququ olmayıb.
Q. Məhərrəmov hələ də o fikirdədir ki, oğulluğu O. İvançenko səbirsizliklə onun ölümünü gözləyir, sonra mənzili satıb pulunu götürüb ayağını Azərbaycandan çəksin. Oleq və ona kömək edənlər hətta 88 yaşlı Q. Məhərrəmova böhtan atmaqdan belə çəkinməmişlər. İfadələrində bildirmişlər ki, Qüdrət kişi bu yaşında üçüncü dəfə evlənmək istəyir və növbəti arvadı olacaq qadın onu mənzili ucuz satdığına inandıraraq mübahisəyə sövq etdirmişdir. Gəlin, razılaşaq ki, bunun böhtan olduğunu görməmək üçün gərək kor olasan.
O ki qaldı cənab Nidayət Rzayevin cavab məktubuna, hörmətli xüsusi notarius bilməlidir ki, biz sorğu məktubumuzu ona məhz qanunvericilikdə göstərildiyi kimi, "notariat hərəkətlərinin aparılması barədə tapşırmış hesab etdiyi fiziki şəxsin redaksiyamıza yazdığı ərizə əsasında tərtib olunmuşdur və o üzdən sirr hesab olunmamalıdır. Əgər bu arqument N.Rzayevi qane etmirsə, arayışı bizə deyil, Qüdrət Məhərrəmova versin.
Mövzuya qayıdacağıq.

Sənan Abdullayev [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO