Azərbaycan İdeyası

"ONU ELƏ ADAM TAPŞIRIB KI, MƏN NƏ ONDAN PUL ALA BILƏRƏM, NƏ DƏ TUTA BILƏRƏM"

Tarix:9-04-2019, 15:20
Baxış Sayı:304

TRANSMİLLİ, MÜTƏŞƏKKİL CİNAYƏTƏ NİYƏ YALNIZ BİR NƏFƏRİN DƏLƏDUZLUĞU KİMİ HÜQUQİ QİYMƏT VERİLİR?

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 19-da imzaladığı fərmanla Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib. İdarənin funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə 1 ay vaxt verilib.
Xatırladaq ki, ləğv olunan idarə Təhsil Nazirliyinin ən çox tənqidə məruz qalan struktur vahidlərindən biri kimi tanınıb. İdarənin bəzi vəzifəli şəxslərinin adı diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratmaqda hallanıb. Hətta indi, ləğv olunduqdan sonra belə idarə mənsublarının və onların işbaz ortaqlarının cəmiyyətə vurduqları ziyan barədə şikayətlər səngimir.
Redaksiyamıza Füzuli rayonunun Zobucuq-3 qəsəbəsi. ev 219 ünvanda yaşayan Quliyev Ərəstun Ərşad oğlunun ərizəsi daxil olmuşdur. Ərizə müəllifi bildirir ki, 2012-ci ildə keçmiş Azərbaycan Müəllimlər İnstitutunda işləmiş dostu Vaqif Allahverdiyevlə Ağcabədi rayonunda toy mərasimində görüşərkən təsadüfən ikincinin keçmiş iş yoldaşı Orucov Nazim Gəncalı oğlu ilə tanış olub. Nazim o vaxt onlara Təhsil Nazirliyində işlədiyini deyib. Bildirib ki, Nazirlikdə xaricdən gələn diplomların tanınması işinə baxır, məsələn, Azərbaycandan uşaq aparıb Moskvada ali məktəbə qəbul etdirə, bir il sonra isə sənədlərini Azərbaycanın istənilən ali təhsil müəssisəsinə "perevod" elələtdirə bilir.
Ərəstun Quliyev onlardan ayrılıb evinə qayıdıb, söhbətin detallarını isə unutmayıb. Bir gün qonşusu Süleyman Məmmədov mütəəssir halda ona deyib ki, oğlu Elxan ali məktəbə qəbul oluna biməyib, bu məsələdə köməklik edəcək adam axtarır. Ərəstun əvvəlcə ona köməklik edəcək adam tanımadığını deyib. Qonşusu deyib ki, oğlunun hətta xarici universitetlərin birinə də qəbul olunmasına razı olardı. Bu dəfə Ərəstunun yadına Ağcabədidə eşitdiyi söhbət düşüb və eşitdiklərini Süleymana danışıb. Qonşusu xahiş edib ki, onun oğlunun bu yolla ali təhsil almasına köməklik göstərsin. Ərəstun da Vaqifdən Nazimin telefon nömrəsini öyrənib onunla danışıb.
Ərizə müəllifinin sözlərinə görə, Nazim ondan oğlanın attestatını və şəxsiyyət vəsiqəsinin ona göndərilməsini istəyib və bildirib ki, o da öz növbəsində oğlanın adına qəbul olunacağı ali təhsil müəssisəsindən arayışı və tələbə biletini onlara göndərəcək. Bu işin müqabilində 17000 (on yeddi min) manat rüşvət tələb edib. Yarısını öncədən, digər yarısını da iş tam düzələndən, yəni, tələbə xarici universitetdən Azərbaycana köçürüləndən dərhal sonra ödəmək şərtilə. Nazim bu şərti irəli sürüb və hətta heç pul almadan belə Elxan Süleyman oğlu Məmmədovun adına arayışı və tələbə biletini çatdırıb. İlkin olaraq 9500 manat ödəyən Elxan Məmmədov həmin sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon Şöbəsinə təqdim edərək, əsgərlikdən möhlət hüququ qazanıb.
Quliyev yazır ki, bu söhbət digər qonşulara da yayılıb. Başqa qonşular - Hüseynov Saleh 8500, Orucov Elçin 4000, Xəlilov Qərib 8500 manat ödəyərək, eyni üsulla Ərəstunun vasitəsilə Nazimin "xidmətindən" yararlanıblar. Nazim Orucov onlardan da Ərəstunun əli ilə danışılmış pulun yarı hissəsini alıb hər birinə arayış və tələbə bileti satıb. Sonradan isə pulların qalıq hissəsini də onlardan alıb.
Ərəstun və qonşularına sentyabrın 15-dən sonra məlum olub ki, aldanıblar, uşaqlar heç bir ali məktəbə qəbul olunmayıblar. Nazimdən pulları geri istədikdə isə, o, qaytarmaqdan imtina edib. Bundan sonra yaxası qonşularının əlində qalan Ərəstun Quliyev hüquq-mühafizə orqanlarına şikayət edib. Yazır ki, müraciət etdiyi instansiyalardan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Baş İdarəsindən onun ərizəsini "aidiyyəti" üzrə Nəsimi rayon Polisinə göndəriblər. Ərizəçi bildirir ki, Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Rəhimov işi 6 ay yubatdıqdan sonra Orucov Nazim Gəncəli oğlunun barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən 160070039 saylı cinayət işi Bakı şəhər prokurorluğu vasitəsilə davam etditrilməsi üçün "aidiyyəti" üzrə 31.03.2016-cı il tarixdə Səbail rayon prokurorluğuna göndərilib. Ceyhun Rəhimovun Səbail rayon Polis İdarəsindəki həmkarı müstəntiq Anar Miralayev isə öz növbəsində işi daha 1 il 8 ay yubadıb və Ərəstunun suallarına: "Nazim pulu vermir, mən neyləyim, işi verin məhkəməyə" deyərək cavab verib. Ə.Quliyevin təəccübünə səbəb olan isə A.Miralayevdən eşitdiyi bu sözlər olub: "Nazimi elə adam tapşırıb ki, mən nə ondan pul ala bilərəm, nə də tuta bilərəm". Halbuki, Səbail rayon prokurorluğunun Səbail RPİ-nin rəisinə göndərmiş olduğu 25.08.2016-cı il tarixli məktubda Ə.Quliyevin müraciətinin Bakı şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyü, nəticə barədə müraciət müəllifinə məlumat verilməsinin və müəyyən tarixə kimi rayuon prokurorluğuna ətraflı arayış təqdim eduilməsinin təmin olunmasının vacibliyi xatırladılmışdır.
Bakı şəhər prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin "diqqət mərkəzində" olan bu iş necə deyərlər "haçalanıb". Quliyevin və qeyrilərinin pullarının ələ keçirilməsi ilə bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə Vidadi Hümbətovun 2000 manat pulu ələ keçirməsi epizodu üzrə Nazim Orucovun cinayət əməli Cinayət Məcəlləsinin 178.1 (Dələduzluq) maddəsinə tövsif edilərək ona yeni məzmunda ittiham elan edilməklə cinayət işi ittiham aktı ilə Səbail rayon Məhkəməsinə göndərilmiş və həmin cinayət işindən Qərib Xəlilovun, Elçin Orucovun, Süleyman Məmmədovun və Saleh Hüseynovun pullarının ələ keçirilməsi epizodları üzrə həmin Məcəllənin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi ayrılıb Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Maraqlıdır ki, istintaq işi təzədən Ceyhun Rəhimova verilib. İş daha bir il onda qaldıqdan sonra şikayətçiyə heç bir məlumat verilmədən Hüseyn adlı başqa müstəntiqə ötürülüb.
Ərizəsində göstərilənləri ictimailəşdirməyi redaksiyadan xahiş edən Ə.Quliyev problemi əlaqədar instansiyalara çatdırılmasını istəyir.
Ə.Quliyev ərizəyə bir sıra sənədlərin, müxtəlif instansiyalardan aldığı cavab məktublarının surətlərini də qoşma edib. Həmin materialların ən sonuncusundan bəlli olur ki, Quliyev Ərəstun Ərşad oğlunun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması barədə müraciətinə baxan Respublika Baş Prokurorluğu aşağıdakıları müəyyən edib: "... 29 may 2017-ci il tarixdə Orucov Nazim Gəncəli oğluna Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 10 iyul 2017-ci il tarixdə Orucov Nazim Gəncəli oğluna AR CM-nin 178.1-ci maddəsi ilə yeni məzmunda ittiham olunmuş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 14 iyul 2017-ci il tarixdə AR CM-nin 178.1.-ci maddəsi ilə cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir..."
Göründüyü kimi, adi bir toyuq oğrusunu dərhal həbs edən hüquq-mühafizə və cinayət təqibi orqanları əvvəllər də məhkumluğu olmuş Nazim Orucova münasibətdə həddən ziyadə humanist mövqe sərgiləmiş, hətta ev dustaqlığı tədbiri seçməyə belə lüzum görməmişlər. Qanunun sərt üzünü görməyən və yəqin ki, A.Miralayevə onu tapşıran havadarına arxayın olan N.Orucov da mənimsədiyi pulları qaytarmaq barədə düşünməmişdir.
Əslində burada həqiqətən də söhbət təkcə bir nəfərin dələduzluq əməllərindən deyil, mütəşəkkil, hətta bəlkə də transmilli cinayətdən gedir və işin əhatə dairəsi respublikamızın sərhədlərini aşır. Aldadılan şəxslərdən Məmmədov Elxan Süleyman oğluna verilmiş Moskva Təhsil Akademiyasının İqtisadiyyat və idarəetmə fakültəsinin (əyani) 2235-12 nömrəli tələbə biletində imzası görünən rektor Natalya Nesterovaya da sual ünvanlanmalı və bu məsələyə Rusiya hüquq-mühafizə orqanlarının da diqqəti cəlb olunmalıdır.

Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO