Azərbaycan İdeyası

BAŞ PROKURORLUQ ZƏRƏRÇƏKMİŞ QARDAŞLARI DƏYİŞİK SALIB

Tarix:20-06-2019, 14:18
Baxış Sayı:336

Qəzetimizin 12 fevral 2019-cu il tarixli sayında "Onu elə adam tapşırıb ki, mən nə ondan pul ala, nə də tuta bilərəm" sərlövhəli, "Transmilli, mütəşəkkil cinayətə niyə yalnız bir nəfərin dələduzluğu kimi hüquqi qiymət verilir?" yarımbaşlıqlı məqalə dərc olunmuşdu.
Vətəndaş Quliyev Ərəstun Ərşad oğlunun redaksiyamıza müraciəti əsasında hazırlanmış həmin məqalədə ehtiva olunan məsələlərin obyektiv araşdırılmasını nəzarətə götürülməsi və nəticə barədə redaksiyamızın məlumatlandırılmasının təmin edilməsi xahişi ilə Azərbaycan Respublikasının Baş Prokuroruna məktubla müraciət etdik və baş prokurorluqdan əsli bizim redaksiyaya, surəti şikayətçi Ərəstun Quliyevə ünvanlı 08/13781 saylı 1 mart 2019 tarixli cavab məktubu aldıq. Əlbəttə, əgər buna cavab demək olarsa...
İndi isə həmin məqalədə söhbətin nədən getdiyini qısa məzmunda xatırladaq: Füzuli rayonunun Zobucuq-3 qəsəbəsi, ev - 219 ünvanda yaşayan Ərəstun Quliyev bildirirdi ki, bir dostunun vasitəsilə tanış olduğu Orucov Nazim Gəncalı oğlu ona Təhsil Nazirliyində işlədiyini, Azərbaycandan uşaq aparıb Moskvada ali məktəbə qəbul etdirə, bir il sonra isə sənədlərini Azərbaycanın istənilən ali təhsil müəssisəsinə "perevod" elətdirə bildiyini demişdir. Ərəstun da Nazimə inanaraq övladlarını bu yolla ali təhsilə yiyələndirmək istəyən qohumlarını və qonşularını inandırmışdır. Nəticədə bir neçə nəfər övladlarına xarici ali təhsil müəssisələrindən diplom almaq üçün Nazimə müxtəlif məbləğlərdə rüşvət vermişlər. Sonradan Nazim onlara vəd etdiyi işi görməmiş, pullarını da qaytarmamışdır. Yaxası əldə qalan Ərəstun, ondan sonra da digərləri hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışlar. Hüquq-mühafizə və cinayət təqibi orqanlarında yubandıqca yubanan bu işdə Ərəstunun təəccübünə səbəb olan isə müstəntiqdən eşitdiyi bu sözlər olmuşdu: "Nazimi elə adam tapşırıb ki, mən nə ondan pul ala bilərəm, nə də tuta bilərəm".
Ötən məqalədə qeyd etdiyimiz kimi, əslində burada həqiqətən də söhbət təkcə bir nəfərin dələduzluq əməllərindən deyil, mütəşəkkil, hətta bəlkə də transmilli cinayətdən gedir və işin əhatə dairəsi respublikamızın sərhədlərini aşır.
İndi isə keçək Baş Prokurorluqdan gələn cavaba. Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəis müavini Qəzənfər Bayramlının icra etdiyi həmin məktubda bildirilir: "Müəyyən edilmişdir ki, Orucov Nazim Gəncəli oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib , zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş maddi ziyanı tam ödəməsi nəzərə alınaraqhəmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 2 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bundan başqa, Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Orucov Nazim Gəncalı oğlunun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmünün müstəqil icra olunması qərara alınmışdır. İzah olunur ki, Azərbaycan Respublikası CPM-nin 383.1.5 və 386. - cı maddələrinə əsasən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsadət qaldırmaqlazərər çəkmiş şəxslərin həmin məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüquqları var".
Bir daha xatırladırıq ki, həmin məktubun surəti Ərəstun Quliyevə göndərilib. Onunla əlaqə saxladıqda bildirdi ki, Baş Prokurorluğun cavab məktubu ona aid deyil: "Nazimlə mənim heç bir barışığımız olmayıb. Mənə vurduğu 30 min manat ziyanı ödəməyib. 2016-cı ildə mənim deyil, qardaşım Qayıbov Əflatun Ərşad oğlunun iddiası üzrə məhkəmə olub və Nazim onun 20800 manat pulunu qaytarıb. Daha bir məhkəmə də zərərçəkmişlərdən Hümbətov Vidadinin iddiası ilə baş tutub və onun 2000 manat pulu qaytarılıb. Məni heç kəs məhkəməyə çağırmayıb, pulum qaytarılmayıb, Baş Prokurorluğun yazdığı cavabın da mənə aidiyyəti yoxdur".
Hər şeydən göründüyü kimi, deyəsən doğrudan da Nazim Orucovu güclü havadarı tapşırıb. Zarafat deyil, dələduzluqla, saxtakarlıqla o qədər adamı aldadıb pullarını alasan, bir gün də həbsdə yatmayasan. Tutaq ki, səni zərər yetirdiyin şəxslərin hamısı bağışladı, qanun niyə bağışlamalıdı? Axı zərəri ehtiyatsızlıqdan vurmamısan, dələduzluq etmisən! Özü də bir dəfə deyil, dəfələrlə.
CM-nin 70 - ci maddəsinin (Şərti məhkum etmə) şərtinə görə, məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Sual olunur: N.Orucovun islah olunması necə mümkün olub ki, zərər yetirdiyi şəxslərdən Ə.Quliyevin pulunu qaytarmayıb?
70-ci maddəyə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Yenə də sual yaranır: Bəyəm Nazim Orucovun törətdiyi cinayət ictimai təhlükə kəsb etmirmi?
O ki qaldı Nazim Orucovun barəsində cinayət işinə xitam verilməsi üçün əsas götürülən 173-cü maddəyə, bu maddə artıq CM-dən çıxarılıb.
P.S. Redaksiyamıza daha dəqiqləşdirilmiş cavab göndərilməsini təmin etməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova məktub göndərilmişdir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO