- TƏRANƏ ƏLİYEVANIN SUBORDİNASİYA VƏ PEŞƏ ETİKASI QAYDALARINI POZMAQ SİNDROMU İRSİDİR?

Məlum olduğu kimi, valideynlərin başına gələn hadisələr övladların yaddaşında silinməz izlər buraxır, bəzən hətta komplekslər yaradaraq onların xasiyyətlərində müsbət və ya mənfi cizgilər formalaşdırır. Həmin hadisələr ictimai əhəmiyyət daşıyırsa, eşitmək istəyib-istəmədiklərindən asılı olmayaraq zaman-zaman gündəmə gətirilərək övladlara xatırladılır. Bu xatirələr hərdən övladların hərəkətləri üçün motivasiya təşkil edir. Məsələn, qəhrəmanın övladı həyatda alnı açıq, üzü ağ gəzməyə, məğrur olmağa, müəllimin övladı oxumağa bir növ borclu düşür.
Tanınmış vəkil Təranə Əliyeva da mərhum atası Telman Əliyev barədə bəzi xatirələrin yada salınmasını istəmir. Ələlxüsus da, özü ilə münasibəti yaxşı olmayan şəxslərin dilindən səslənəndə.
Rəhmətlik Telman Əliyev sovet dönəmində 11 il Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Məlumata görə, Sov.İKP MK-nın birinci katibi Brejnevin qızı və yeznəsi ilə dostluq edib. Onları Bakıya qonaq çağıraraq Mərdəkanda istirahət etmələrini təşkil edib. Lakin bu barədə daxili işlər nazirini və Azərbaycan SSR KP MK-nın birinci katibini xəbərdar etməyib. Söz yayılıbmış ki, məhz bu hərəkəti (hərəkətsizliyi) ilə subordinasiya qaydalarını pozduğuna görə vəzifəsindən kənarlaşdırılıb. Bu məlumatı Telman Əliyevin rəhbərliyi altında işləmiş sabiq milis işçisi Valeri Tatarintsev ictimailəşdirib.
Kriminal aləmin mənsublarının hüquqlarının müdafiəsinə qalxan vəkillər barədə cəmiyyətdə ictimai rəy birmənalı deyildir. Lakin, əlbəttə ki, burada qanunsuz heç nə yoxdur və vəkilin öz seçimidir. Belə vəkillərdən biri də yuxarıda adını çəkdiyimiz keçmiş nazirin qızı Təranə Əliyevadır. Bu günlərdə redaksiyamıza onun barəsində şikayət xarakterli məktub daxil olub. Məktubun müəllifi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 48, mənzil 6 ünvanda yaşayan vətəndaş Qəribə Əjdər qızı Məmmədovadır.
Q.Məmmədova yazır ki, Təranə Əliyeva onun 2016-cı ildə Tiflis şəhərində öldürülmüş oğlu Elşən Məmmədovun ailəsini dağıdıb, Elşənin həyat yoldaşı Ülkər Rzayevaya məkrli məqsədlə himayədarlıq edir, onu dilə tutaraq 4 azyaşlı uşağı ilə birlikdə gəlini olduğu evi tərk etməyə, sonra isə məhkəmədə mülki iddia ilə mənzil və qızıl tələbi irəli sürməyə təhrik edib. Şikayətçinin sözlərinə görə, Təranə Əliyeva Suraxanı rayon məhkəməsinin 6 iyun tarixli iclasına gələrək tələb edib ki, mərhumun qardaşı Əjdərə məxsus olan ev də alınaraq Ülkər Rzayevaya verilməlidir. Növbəti iclas ayın 14-nə təyin olunub.
Qeyd edək ki, Q.Məmmədova ərizə ilə Daxili İşlər Nazirliyinə də müraciət edib və hazırda həmin iş üzrə Bakı şəhər Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsində araşdırma aparılır. O da məlumdur ki, Təranə Əliyeva bu məsələ ilə əlaqədar sosial şəbəkədə və bəzi elektron KİV-də açıqlamalar verib. Məsələn, Lent.az saytına verdiyi informasiyada Q.Məmmədovanın yuxarı instansiyalara yazdığı şikayətnamələrdə onun atasının keçmiş nazir müavini olması barədə xatırlatdığı üçün irad tutub, bu məsələlərin bir-birinə aidiyyəti olmadığını deyib.
Doğrudur, bu məsələlərin hüquq müstəvisində bir-birinə aidiyyəti yoxdur. Amma Təranə Əliyeva özü də bu məsələlərə aydınlıq gətirərkən kriminal aləmin mənsublarına vəkil kimi funksional vəzifələrinə aid olmayan, yəni, əlavə qeyri-prosessual xidmətlər göstərdiyini etiraf edib. Q.Məmmədova ilə tanışlıqlarının tarixçəsini danışarkən Lent.az saytına deyib ki, Elşəni 2005-ci ildən vəkili olduğu kriminal "avtoritet"in dostu kimi tanıyıb, sonra da onun ailəsi ilə tanış olub: "Elşənin uşaqlarının ad günü olanda xahiş edib mənə pul verirdilər ki, onun uşaqlarını gedib təbrik edim. Mən də həmişə anası Qəribə ilə görüşüb pulu ona verirdim..."
Göründüyü kimi, T.Əliyeva müvəkkili olduğu şəxsə təkcə vəkillik deyil, həm də "təmənnasız" kuryerlik xidməti göstərirmiş. Necə ki, Ülkər Rzayevaya "heç nə ummadan" köməklik göstərir. Başqa sözlə, öz peşə fəaliyyətinin sərhədlərini aşan vəkil indi özgələrinin sözlərinə sərhəd cızır. Onun bu "təmənnasızlığının" əsl səbəbini öyrənməyə çalışırıq.
Mövzuya qayıdacağıq.
TANINMIŞ XANIM VƏKİL ÖLDÜRÜLMÜŞ "AVTORİTET" ELŞƏN  MƏMMƏDOVUN  HƏYAT YOLDAŞINA NİYƏ "TƏMƏNNASIZ" KÖMƏKLİK GÖSTƏRİR?
Korrupsiya-q.az