Azərbaycan İdeyası

HAKİMLƏR NOTARİUSLARIN AYAQLARINI TAPDALAMIRLAR - ŞƏKİ RAYON VƏ APELLYASİYA MƏHKƏMƏLƏRİ ƏMLAKI MƏNİMSƏNİLƏN MƏRHUMUN ADINDAN ATILMIŞ SAXTA İMZAYA NİYƏ HÜQUQİ QİYMƏT VERMİRLƏR?

Tarix:27-09-2019, 15:42
Baxış Sayı:901

KORRUPSİYA-Q.AZ
Şəki rayonunun Turan qəsəbəsi sakini Qəfərov Füzuli Sərxan oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 1998-ci ildə torpaq islahatı gedən zaman ona və üzv olduğu ailəyə 15 hektar torpaq sahəsi verilmişdir:

"Həmin torpaq sahəsini bir neçə il əkdikdən sonra müəyyən səbəbdən yaşayış yerimizi dəyişməli olduq. Bizim üçün həmin torpaq sahəsi uzaq düşdüyü üçün torpağı Alxasov Elşad Kamil oğluna şifahi razılıq əsasında 10 illik (2005-2015-ci illər üçün) icarəyə verdik ki, əksin. Müddət bitdikdən sonra həmin torpağı yenidən özümüz əkmək istədik. Aqro-texniki işlər aparmağa başlayanda Şəki rayon Sarıca Polis Bölməsinin rəisi Niyazi Süleymanov müdaxilə etdi və polis əməkdaşlarını ora göndərərək mənim həmin torpaq sahəsindən çıxmağımı tələb etdi. Mən etirazımı bildirdim. Onlar mənə dedilər ki, torpaq sənin deyil, Elşadındı. Mən heç bir söz demədən çıxıb gəldim. Belə qərara gəldim ki, Ədliyyə Nazirliyinə müraciət edim. Şikayətimə baxaraq bildirdilər ki, məhkəmədə iddia qaldırmalısan. Mən 11 noyabr 2015-ci il tarixdə məhkəmədə iddia qaldırdım. İddiama baxıldı, 02 mart 2017-ci il tarixdə məhkəmə prosesi yekunlaşdı. Məhkəmə qərarı icraata getdi, icra şöbəsi qərarı göndərdi ƏMDK-nın 12 saylı Ərazi İdarəsinə ki, həmin torpaq sahəsinə çıxarış verilsin. Torpaq sahəsinə çıxarış almaq üçün reyestrlə pul ödədim. Mənə bildirdilər ki, 24.05.2017-ci il tarixdə gəlib sənədləri götürə bilərəm. Həmin tarixdə 12 saylı Ərazi İdarəsinə getsəm də, oradan mənə bildirdilər ki, qarşı tərəf apellyasiya şikayəti verdiyi üçün sənədləri sizə verə bilmirik. Qarşı tərəfin apellyasiya şikayəti təmin olundu, rayon məhkəməsinin qərarı dəyişdirildi və ləğv edildi. Qardaşımın da başına eyni əhvalat gəlib. 12 hektar əkin üçün pay torpaq sahəsinin qeyri-qanuni yolla Sadıqova Sevda Muradxan qızına satılması aşkar olundu".

Ərizə müəllifi qeyd edir ki, həm ona məxsus 15 hektar, həm də qardaşına məxsus 12 hektar torpaq sahəsinin özlərinin iştirakı olmadan alqı-satqı müqavilələri tərtib edilərək mənimsənilməsi 2 saylı Dövlət Notariat Kontorunun notariusu Məmmədov İsrail Abdulla oğlunun imzası və möhürü ilə həyata keçirilmişdir. Odur ki, faktların ictimailəşdirilərək oxucu kütləsi qarşısına çıxarılmasını, aidiyyəti qurumların diqqətinə çatdırılmasını redaksiyadan xahiş etmişdir.

Fizuli Qəfərov göstərir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Şəki rayonu Bolludərə ərazisində yerləşən 15 hektar torpaq sahəsi ataları Qəfərov Sərxan İsmayıl oğlunun, anaları Qəfərova Sona Məhərrəm qızının, onun, Qəfərov Əli Sərxan oğlunun və Qəfərova Fatma Mədət qızının ümumi mülkiyyətlərinə verilmiş və onların həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN 0003 nömrəli, kod 40402027 nömrəli dövlət aktı ilə 09 dekabr 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ataları Qəfərov Sərxan İsmayıl oğlu 2015-ci ildə, anaları Qəfərova Sona Məhərrəm qızı isə 02 avqust 2000-ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsinin aktı naməlum şəraitdə itirilmişdir. Aktın dublikatının alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə 12 avqust 2015-ci il tarixdə müraciət edilmiş və idarənin 26 sentyabr 2015-ci il tarixli cavab məktubu ilə məlumat verilmişdir ki, torpaq sahəsinin Elşad Alxasova satılması haqda notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi mövcuddur. Halbuki, onlarla Alxasov arasında alqı-satqı ilə bağlı hər hansı bir razılaşma olmamış, onlar belə bir müqaviləyə imza atmamışlar. Bundan başqa, həmin müqavilə bağlanmazdan bir neçə il əvvəl anansı Sona vəfat etmiş, anasının da həmin müqavilədə imzası qeyd edilmişdir ki, bu da mümkün deyildir.

AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2016-cı il tarixli 11756 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş Qəfərov Sərxanın, Qəfərov Əlinin, Qəfərova Sonanın, Qəfərova Fatmanın imzaları saxta, Fizulinin imzası isə həqiqidir. Doğrudur, Fizuli Qəfərov ekspertiza rəyinin ona aid hissəsi ilə, yəni, alqı-satqı müqaviləsindəki imzanın ona məxsus olması qənaəti ilə razı deyildir. Hərçənd, digər imzaların saxtalığının ortaya çıxması çox mətləblərdən xəbər verir.

Ərizəyə qoşma edilmiş məhkəmə qərarlarından aşkar görünür ki, hakimlər notarius tərəfindən təsdiqlənmiş alqı-satqı müqavilələrində imzaların saxta olduğunu, o cümlədən, onlardan birinin ölmüş adam adından edilməsini bilə-bilə bu qanunsuzluğa hüquqi qiymət verməmiş, iddianı iddia subyekti olmayan şəxslər tərəfindən qaldırılması əsası ilə təmin etməmişlər.

Şəki rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli (İŞ № 2 (075) - 37/2017) Qətnaməsindən bəlli olur ki, iddiaçı Qəfərov Fizuli Sərxan oğlu, müstəqil tələb irəli sürən III şəxslər (Fizulinin ailə üzvləri) Qəfərova Fatma Mədət qızının və Qəfərov Əli Sərxan oğlunun cavabdehlər Alxasov Elşad Kamil oğluna, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətində olmuş Şəki rayonu Bolludərə qəsəbəsi ərazisində yerləşən 15 hektar torpaq sahəsinin Alxasov Elşad Kamil oğluna satılması haqqında müqavilənin 17 avqust 2006-cı il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu İsrail Məmmədov tərəfindən notarial qaydada təsdiqləndiyi andan etibarsız hesab edilməsi, Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsində həmin torpaq sahəsinə dair Alxasov Elşad Kamil oğlunun mülkiyyət hüququ haqqında dövlət qeydinin ləğv edilməsi və ona verilmiş hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları bərpa edilərək onlara hüquqlarının dövlət qeydiyyatına dair çıxarışın verilməsinin Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbini ehtiva edən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, vəfat etmiş ər və arvad, yəni, Qəfərov Sərxanvə Qəfərova Sona mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfləridirlər. Onların övladları məhkəməyə onların adından iddia qaldırmaları üçün subyektiv hüquqa malik olmalarına dair sənəd ( bu misalda torpağın valideynlərindən onlara miras qalmasını təsdiqləyən sənəd) təqdim etməlidirlər. Ona görə də iddia tam təmin edilməmişdir.

Şəki Apellyasiya Məhkəməsinin məlum mübahisə ilə bağlı Qətnaməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticədən az fərqlənmişdir. Eyni ssenari ilə eyni aqibəti Fizulinin qardaşı - 12 hektar torpaq sahəsinə görə çəkişən Qəfərov Fazil Sərxan oğlu və ailəsi yaşamışlar.

Haqlı bir sual doğur: Əgər alqı-satqı müqavilələrində adları satıcı kimi göstərilən övladların heç birinin, o cümlədən, müqavilələrdə imzaları həqiqi sayılanların öz mərhum valideynlərinin mülkiyyətində olmuş torpaq sahəsinə sahiblik hüquqları yox idisə, niyə həmin müqavilələr etibarlı hesab olunur? Yaxud, Şəkidə vaxtında açılmamış, vərəsələri müəyyən edilməmiş bütün miraslaramı dövlət deyil, cəmiyyət deyil, xalq deyil, məhz yuxarıda adları göstərilən iki nəfər - Elşad Alxasov və Sevda Sadıqova yiyə çıxırlar? Onlar göydənmi düşüblər? Tutaq ki, kimsə səhlənkarlıq üzündən, yaxud, ölümünün gözləmədiyi bir vaxtda onu haqlaması səbəbindən vaxtında vərəsəlik sənədlərini qaydaya salmayıbsa, malı-mülki yadlara qismət olmalıdır? Həmin o "yoğurub-yapmadan hazırca kökə tapan" yad adamlardan olmaq üçün neyləmək lazımdır - sadəcə, qarşına çıxan malı birinci zəbt eləməlisən, yoxsa, Şəki rayon və Şəki apellyasiya məhkəmələrinin hakimlərinin qəlbinə hakim olmalısan?

Ceyhun Dadaşov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO