KORRUPSİYA-Q.AZ
Ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb.

Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli iki yaşayış binası və infrastruktur obyektləri inşa olunub, istifadəyə verilib. Daha bir yaşayış binasının tikintisi də nəzərdə tutulub.

İnşa olunmuş yaşayış binaları Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərirlər. 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarla müəssisənin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla "Məzun evi"nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.

Di gəl, internat evlərindən məzun olan çoxlu sayda şəxslər onlar üçün inşa edilən binadan mənzil ala bilmədiklərindən narazıdırlar. Zaman-zaman onların narazılıqları KİV müstəvisinə də çıxır. Aydın məsələdir ki, onların hamısı birdən mənzillə təmin oluna bilməzlər. Lakin bu qəbildən olan gənclər bəzi hallarda dələduzlar tərəfindən aldadılırlar.

1985-ci ildə İmişli rayonunda anadan olmuş Novruzova Arzu Əligüşad qızı rəsmən Bakı şəhərinin Nərimanov rayonunda qeydiyyatda olsa da, faktiki olaraq neçə ildir ki, paytaxtda kirayələrdə yaşadığını bildirir. Yazır ki, 5 yaşından Lənkəran şəhər Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində böyümüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bizim kimilərin ev ilə təmin olunmağımıza təşəbbüs göstərməsi sevincimizə səbəb oldu. Mənimlə oxumuş Kazımlı Seymur Ağalar oğlu zəng edərək mənə bildirdi ki, Mehriban xanım bizlərə ev verəcək, amma hörmətsiz mümkün deyil. Mən tez onun yanına gedərək, "hörmətin" nədən ibarət olacağını soruşdum. O isə 3500-4000 manat tələb olunduğunu, mənə güzəşt edə biləcəyini, işi 3000 manata düzəldəcəyini dedi. Mən neçə illər boyu birlikdə oxuduğum Seymura inanaraq məsələni həyat yoldaşıma danışdım və o, razılıq verdi. Biz iki-üç aya güclə tələb olunan pulu düzəldib verdik. Amma hələ də bu günə qədər evsizəm. Mənim kimi aldadılan şəxslər çoxdur".

Ərizə müəllifi Seymur Kazımlıdan əlavə onunla işbazlıq edən Rüxsarə və Validə adlı qadınların da adını hallandırmışdır. Həmçinin yazır ki, dəfələrlə Nazirlikdə müvafiq şöbənin müdiri Vüqar Behbudovun qəbuluna düşməyə çalışmış, lakin həmin vəzifəli şəxs onları qəbul etməmişdir. Arzu Novruzova redaksiyadan problemi ictimailəşdirməyi xahiş etmişdir.

İnternet üzərindən apardığımız araşdırma nəticəsində öyrəndik ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyində təlimçi kimi çalışdığı bildirilən Seymur Kazımlı adlı şəxsin barəsində bu ilin fevral ayında KİV-də internat məzunları Rəfael Hüseynov, Rəna Həsənova, Sevanə Həsənova və Rahil Həsənov eyni motivli ittihamlar səsləndiriblər. Lakin o, həmin iddiaları təkzib edib.

Arzu Novruzovanın ərizəsində adı çəkilən Rüxsarə adlı qadın yəqin ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən internat uşaqları üçün inşa edilən "Məzun evi"nin direktoru Ruxsarə Axundovadır. Vüqar Şəfa oğlu Behbudov — Səlim Müslümovun hakimiyyəti dönəmindən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifəsində işləyir. "Məzun Evi"nin mənzillərinin paylanılmasına məsuldur.

Məsələyə aydınlıq gətirmək məqsədilə V.Behbudova zəng açıb suallarımızı vermək istədik. Lakin o, zəngimizin məqsədini bilən kimi bizə danışmağa imkan verməyərək, bizi şantajçılıqda, guiya ona böhtan atmaqda ittiham etdi. Halbuki, biz hələ haç nə yazmamışdıq. Bundan əlavə, şantajın motivi olmalıdır. Şantaj edən şantaj olunandan rüşvət və ya başqa nəsə tələb etməlidir. Qoy desin görək, biz ondan nə tələb etmişik. Deyib sübut eləməsə, Arzu Novruzova kimi aldadılmış yetimlərin qabağından qaçmasın, onları qəbul eləsin.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva