Azərbaycan İdeyası

İlkin Həsəni: "Anam mənə dedi ki, elə oğlu yoxdur..." - FOTO

Tarix:12-11-2015, 13:19
Baxış Sayı:376

"Korrupsiya və Qanun"qəzeti Teleaparıcı İlkin Həsəninin "Qafqazinfo"ya müsahibəsini təqdim edir.
- İlk olaraq ANS-lə aranızda baş verən qalmaqaldan başlayaq. Adətən media rəhbərləri dalaşanda, əməkdaşlar qarışmırlar ki, sabah digər media qurumunda çalışa bilərlər. ATV-ANS davasında niyə üz-üzə gəldiniz?
- ATV mənim ikinci evimdir, doğma kanalımdır. Sabah hansı kanala getsəm, ATV mənim üçün eyni önəmi daşıyacaq. Bu kanal məni tanıdan, sevdirən, pul qazanmağıma köməklik edən, istedadımın üzə çıxmasına səbəb olandır. Gözümü açıb ATV-ni görmüşəm, 14 ildir ki, buradayam. Bəzi zamanlarda gözləmək, səbr etmək lazımdır. Lakin elə mövzular olur ki, tez özümdən çıxıram. O kadrları görüb çox pis oldum, əsəblərimi cilovlaya bilməyib ANS haqda status yazdım. Məhkəmənin qərarı var, vəkilim açıqlamalıdır. Mən onsuz heç nə deyə bilmərəm.
- Bu qalmaqaldan sonra sosial şəbəkədə yazdıqlarınıza daha diqqətli yanaşırsınız?
- Əlbəttə, yazdıqlarıma diqqət edirəm. Onu başa düşdüm ki, hər bir sosial şəbəkə istifadəçisi özü-özlüyündə kütləvi informasiya vasitəçisidir. İstənilən statusu bu gün böyük xəbər portalları manşetə daşıya, böyük kanallar xəbərlər proqramında yayımlaya bilər. Hər kəs, əsasən də, tanınmışlar yazdıqları bir hərfə də diqqət etməlidirlər.
- Azərbaycanda yadda qalan aparıcı olmaq üçün hansı keyfiyyətlər lazımdır?
- Azərbaycanda aparıcı olmaq üçün öz üslubunu, stilini seçməlisən. Ola bilər, kimisə kumir kimi görəsən, kiməsə pərəstişkarlıq edəsən, amma öz üslubun, düzgün danışıq və davranış qabiliyyətin olmasa, tamaşaçı səni qəbul etməyəcək, o aparıcını kiminsə kopyası adlandıracaq və o, 1-2 ay sonra unudulacaq. Amma hazırda aparıcılıq sahəsində yenilik görmürəm. Bacarıqlı gənclər olsa da, onlar efirlərdə yoxdur, 5-6 ildir ki, televiziyalara yeni simalar gəlmir. Televiziyaya yeni simalar lazımdır. Bir dönəm gündəmdə olursan, daha sonra səni yeniləri əvəzləyirlər. Biz də kiminsə əvəzinə gəlmişik.
- Yeni aparıcıların olmamasının səbəbi nədir? Yenilərə ehtiyac yoxdur, yoxsa artıq müğənnilər də, aktyor, aktrisalar da aparıcılıq etdikləri üçün yenilərə yer ayrılmır?
- Ehtiyac hər zaman var. AzTV-nin 50-ci illərdən sonra diktorluq məktəbi yaranandan bəri həm diktorlara, həm aparıcılara ehtiyacımız var. Onlar nə qədər peşəkar və savadlı olarlarsa, tamaşaçının da onlara ehtiyacı olar. Əgər aparıcı üzərində işləməsə, studiyasının dekorasiyasını ildə bir dəfə dəyişməsə, tamaşaçı ondan bezəcək və gələn dəfə başqa verilişlərə baxacaq. Tamaşaçının yorulmaması üçün yeni simalar lazımdır.
Bəziləri düşünürlər ki, tanışları yoxdur, kanalda çalışa bilməzlər. Belə bir qayda yoxdur. 2001-ci ildə ATV-yə gələndə nə day-dayım, nə tanışım var idi. Müsabiqədə iştirak etdim, səsimi, diksiyamı bəyəndilər, xəbər diktoru kimi 1 il radioda çalışdım, sonra kanala keçdim. İnsanın bacarığı olmasa, day-day boş söhbətdir. Aparıcı olmaq üçün bacarıq lazımdır. Buradan aparıcı olmaq istəyən istedadlı gənclərə səslənirəm. Kimisə parodiya etməklə deyil, yeni sima, tərz gətirmək istəyirlərsə, onlara dəstək olmağa hazıram.

- Sizi tamaşaçılara nə sevdirdi? Xarici görünüş, düzgün diksiya və danışıq, yoxsa?
- Yerli televiziyamızda jurnalistika ixtisasına sahib olmayan insanlar var. Bəzən onları qınayanlar olur. O qınayanlara deyirəm ki, bir insan tibbi oxusa da, jurnalistika, rejissorluq, aktyorluğu oxuyandan daha bacarıqlı ola bilər. 2002-ci ildə "ATV maqazin" verilişini aparmağa başlayanda məndən başqa maqazin verilişi aparan kişi aparıcı yox idi. İkincisi, hər zaman yenilik axtarırdım. Danışığımda dəyişiklik edə bilməzdim, mənə səhnə danışığı öyrədən Azad Şükürov kimi müəllimim baxıb deyə bilərdi ki, 5 alan tələbə niyə belə danışır? Əl jestləri və mimikalar etməyə başladım. O vaxt parodiyalarım da oldu, vaxt keçdikcə onları da yığışdırdım.
Həm də o vaxt internet inkişaf etməmişdi, yerli telekanallara maraq çox idi. Yerli kanallar arasında ATV maqazin verilişlərinə görə reytinqdə birinci idi. Yerli kanallara, şou-biznesə olan maraq məni sevdirdi. Bu gün isə müğənnilər özlərini divara çırpırlar, amma diqqət çəkmirlər.
- Hazırda şou-biznesimiz də durğunluq dövrünü yaşayır. Müğənnilərin uğur qazana bilməmə səbəblərindən biri də budur.
- Təəssüf ki, indi əvvəlki kimi deyil. Əvvəl il ərzində məşhur müğənnilərin konsertləri olurdu. Hazırda konsert üzrə nömrə bir Röyadır. Disklərin, albomların, kasetlərin yüksək tirajla satılan vaxtları olub. Bu gün müğənnilər tamaşaçı üçün maraqlı olan hər şeyini sosial şəbəkədə təqdim edir. Bildirirlər ki, artıq televiziyalara ehtiyacları yoxdur.
- İlkin Həsəni şou-biznesin hansı tərəfindədir?
- Mən İncəsənət Universitetinin "Televiziya rejissoru" fakültəsini bitirmişəm. Hər zaman kameranın arxasında olmağı arzulayırdım. Elə oldu ki, istəmədən də olsa, efirə çıxası oldum, şans üzümə güldü. Şou-biznesdə olmağıma gəldikdə isə, heç vaxt istəməmişəm ki, saytlarda xəbərlərim şou-biznes bölməsində olsun. "Filankəs filankəsi döydü", "Filankəs alt paltarını göstərdi" kimi xəbərlər ilə eyni sırada İlkin Həsəninin xəbərlərini görmək məni məyus edir. Müğənni dostlarım olsa da, mən şou-biznes adamı deyiləm. "ATV maqazin" verilişini aparanda şou-biznesin içində idim, indi televiziya karyeramı davam etdirirəm.
- Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Nanə Ağamalıyeva kimi aparıcılar efirə sizdən sonra gəlsələr də, verilişləri sizinkilərdən daha reytinqli olur. Bunun səbəbi verilişlərinin "ağlaşma"dan ibarət olmasıdır, yoxsa?
- Bu gün gündəm əsas tutulur. Müəyyən verilişlər var ki, onlar tamaşaçının nəyə üzüləcəyini, maraq göstərəcəyini bilir və məsum tamaşaçının hissləri ilə oynayır, reytinq qazanır. İllər əvvəl izdivac proqramları gündəmdə idi, bu gün "ağlaşma" verilişləri gündəmddir. Vaxt gələcək sosial problemləri əks etdirən verilişlər efirə gedəcək. Arzulayıram ki, gələcəkdə tamaşaçının şəxsi problemi deyil, dünyadakı, ölkəmizdəki ümumi problemlər əks olsun.
- Şou-proqram deyil, maarifləndirici, intellektual verilişlə yenidən efirə aparıcı kimi qayıtmaq fikriniz var?
- İntellektual, maarifləndirici verilişin çox az tamaşaçısı var. Özümü o formatda proqramda görmürəm. Tok-şou, debat olsa, apara bilərəm. Aparıcı kimi efirə qayıtmaq fikrim var. Hazırda başımız yeni seriala qarışıb. "Bozbaş Pictures"in aktyorları bu serialda tam başqa obrazda olacaqlar. Onların xasiyyətləri, geyimləri fərqli olacaq. Ssenari üzərində işləyirik, bitdikdən sonra çəkilişlərə başlayacağıq. Bu ahqda geniş çəkilişlər başlayanda danışacam.
- "Bozbash Pictures" bayağı mahnılara ironiya ilə yanaşır. Bu ironiya eyni zamanda həmin mahnıların təbliğidir. Fikrimlə razısınızmı?
- Biz onları təbliğ etmək istəmirik. 2014-cü ilin yeni mövsümündə dəyişiklik etmək istədik, bayağı musiqiləri səhnəciklərdən yığışdırmağa və seriyanın sonunda sosial mesaj verməyə qərar verdik. İstədik ki, tamaşaçı həm baxıb gülsün, həm də düşünsün. "Yas" seriyamızda israfçılıq edirik, yaslara nəzarət edən qurumun əməkdaşı gəlib qazanları yığıb aparır. Biz də onların arxası ilə düşürük. Sonda görürük ki, qazanları uşaq evinə verir. Şəmi ilə Şöşü düşünürlər ki, bunu onlar da edə bilərdilər. Seriyamızın sonunda ibrətamiz mesaj verməyə başladıq. Sonra bizə yenə irad tutdular ki, təqdim etdiyimiz seriyalar bozbaş deyil, maarifləndirici proqramdır. Yenidən tamaşaçıların istəyini nəzərə alıb köhnə formatımıza qayıtdıq. Biz bayağı mahnıları göstərib, deyirik ki, həyatda bunlar da var. Primitiv söz və musiqidən ibarət olsalar da, hərəsinin milyon baxışı var. Verilişimiz üçün meyxanalar, mahnılar yazılır. Biz bayağı mahnıların təbliğatı ilə məşğul deyilik.
- Şəmi ilə İlkin Həsəni arasında hansı oxşarlıqlar var?
- Şəmi ilə İlkin fərqli insanlardır. Anam birinci dəfə Şəmini görəndə mən olduğuma inanmamışdı, müəyyən vaxt keçməsinə baxmayaraq məni o obrazda qəbul etmək istəmirdi, deyirdi ki, elə oğlu yoxdur. Biz "Bozbaş Pictures"in personajlarını ATV-nin ad günü üçün hazırlamışdıq, sonra efirə verdik, maraqla qarşılandı. Bir müddət çəkdik, fasilə verdik. İnternet dövrü inkişaf etdikdən sonra gördük ki, personajlarımız, səhnəciklərimiz sevilir. 2013-cü ildə ATV rəhbərliyi bizi çağırdı, bildirdi ki, hərtərəfli bizə kömək etməyə hazırdır, çəkilişləri davam etdirək. 2013-cü ildə yeni nəfəs verdik və rayonları gəzməyə başladıq.
- Hər zaman komik obrazları canlandırırsınız. Nə zamansa, tamaşaçı sizi dramatik obrazda görə biləcək?

- Tədbirlərin birində fikirli dayanmışdım, müğənni Nura Suri mənə baxıb dedi ki, mənimlə dramatik obraz canlandırmaq istəyir. Dramatik obrazda rol ala bilərəm, əsas odur, yaxşı təklif olsun.

- Faiq Ağayevin "Ayrılma məndən" klipində dramatik obrazı canlandırmışdınız.
- 2004-cü ildə Kənan M.M. təklif etdi, Vəfa Zeynalova ilə kamera qarşısına keçdik. Vəfayla yaş həddimiz klipdə bilinirdi, amma hər kəs dramatik obrazda məni bəyəndi. Fərda da göstərdi ki, güldürməyi də, ağlatmağı da bacarır. Türkiyənin Cem Yılmazı da həm güldürüb, həm ağlada bilən aktyorlardandır. Məncə, dramatik obraz da məndə yaxşı alınar.
- Bu qədər komediya janrında filmlər, seriallar çəkilir, yumoristlərimiz var. Bəs niyə Azərbaycanın Cem Yılmazı yoxdur?
- Çox istəyərdik ki, bizim də Bəyazımız, Cem Yılmazımız olsun. Təəssüf ki, "Parni iz Baku" ilə həm güldürən, həm düşündürən intellektual dönəm bitdi, yəqin ki, nə zamansa, olacaq.
- Cem Yılmazın sevilməyinin əsas səbəbi problemi öz üzərindən təqdim etməsi, özünü lağa qoyaraq məsələni qabartmasıdır. İnanmıram ki, bizdə kimsə özünü lağa qoya-qoya qarşısındakını tərbiyələndirər.
- Bizdə "stand-up"çılar var. Biz bunu ilk Rusiya, Türkiyədən görmüşük deyə bizə elə gəlir ki, onlar başqalarını parodiya edirlər. Yenilik etmək istəyəni Cem Yılmaza və başqalarına oxşadırıq. Biz dəstək olmaq əvəzinə tənqid edirik. Xarici filmlərdə vulqar sözləri qəbul edirik, özümüzdə etmirik, xaricilərdə açıq-saçıq səhnələri qəbul edirik, özümüzdə isə etmirik. Bizim problemimiz budur. Əminəm ki, bizdə də Cem Yılmaz, Beyaz kimi istedadlar var, onları üzə çıxartmaq lazımıdr.
- Toylarda tez-tez iştirak edirsiniz. Hansı adət-ənənəmizi bəyənmirsiniz?
- Bəzi adət-ənənələrimiz kağız üzərində qalıb, yerinə yetirən yoxdur. Çox məclisdə oluram, bəzən "bəyi oğurlayaq" deyirlər, bu adəti bəyənmirəm, toyun ritmi ölür. Vağzalının yerinə xarici mahnının çalınmasına qarşıyam. İstəyirəm ki, vağzalımızı yaşadaq. Vağzalının yerini heç bir əsər verə bilməz. Müasirliyə görə milliliyi itirmək olmaz.
- Sentyabrda nişanlanacağınızı demişdiniz. Xeyir işi niyə gecikdirirsiniz?
- O qədər evlənməyimi soruşdular ki, axır sentyabr-oktyabrda olacağını dedim. Hamı konkret tarix gözləyirdi. Konkret tarixi həmin gün deyəcəm. Xeyir işə ilk addım atanda birinci mətbuatda işləyən dostlarım biləcəklər. Toyum isə mediaya qapalı olacaq.
- Bəzi məşhurlar qadın toyunu ayrı, kişi toyunu ayrı edirlər. İlkin Həsəni də özünə kişi toyu edərmi?
- Elə adamlar var ki, qonağı çox olur, ona görə iki məclis təşkil edir. Bəzən uşaqlarla oturub siyahı tuturuq, görürük ki, qonaqların sayı 600-ü keçir. Yəqin, Namiq Qaraçuxurlu da qonaqları nəzərə alıb kişi toyu edib. Amma mən belə bir addım atmaq niyyətində deyiləm. İstəmərəm ki, vağzalı ilə gələndə yanımda xanımım, gəlinim olmasın. Namiqin toyunda jurnalist Vüqar Vüqarlı ilə yanaşı oturmuşduq. Dedi ki, məclisin bəzəyi xanımlardır. Qadınlarsız məclis maraqsızdır.
- Müsahibələrinizin birində demişdiniz ki, Azərbaycan qadını üçün standartlar var. Məsələn, bizim qadınlar bir-iki dəfə sevə bilərlər. Hələ də qadınlarımızı çərçivədə görürsünüz?
- Standartlar ilbəil dəyişir, yenilənir. Azərbaycan qadını nə vaxtsa çox sevə bilər. Amma qohum-əqrəbanı, ətrafı nəzərə alıb ərinə deyir ki, bir dəfə sevib, o da yoldaşıdır. Dünyanın bir çox ölkələrində olmuşam. Qadın olub ki, kənardan çox baxımlı, gözəl görünüb, amma elə hərəkət edib ki, gözəlliyi yox olub, gözdən düşüb. Xarici görkəmi gözəl olmayan qadın isə mədəniyyəti, danışığı ilə insanı valeh edə bilir. Azərbaycan qadını dünyanın ən gözəl qadınıdır. Xaricdə olanda qadınlara baxıb həmişə demişik ki, bizim qadınlar həm daxilən, həm xaricən gözəldirlər.
- İlkin Həsəni xanımına hansı qadağalar qoyur?
- Qadağalar qoymağı xoşlamıram. Qadağanı xasiyyətimlə bildirirəm. Xanımıma demirəm ki, oraya getmə, filan paltarı geyinmə. Xanımım yanımda ola-ola 1-2 aya hər şeyi özü başa düşür. Qadağaları özü təyin edir. Xoşuma gəlməyən nüansları özü yox edir.
- Oxuculara son sözünüz...
- Azərbaycanımızda çox savadlı, istedadlı insanlar var. Onların tanınması üçün istənilən köməkliyi etməyə hazıram. Mənə müraciət edə bilərlər. Bir tamaşaçı kimi mənim də gözüm eyni simaları görməkdən yorulub. Gəlsinlər, yeniliklər etsinlər. Çox istərdim ki, aktyorluq, aparıcılıq sahəsinə yeni insanlar gəlsin. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı