Azərbaycan İdeyası

PAYTAXTIN 45 SAYLI TAM ORTA MƏKTƏBİNDƏ NÖVBƏTİ RƏZALƏT - FOTO

Tarix:27-09-2019, 15:40
Baxış Sayı:638

Psixoloji problemi yaranma riski olan şagirdi qovmaq üçün valideyninin şəxsiyyət vəsiqəsini girov götürüblər

Yeni tədris ili (2019/2020-ci illər) başladı. Təqvimin 15 sentyabr səhifəsi özü ilə bərabər məktəblilərə və onların ailələrinə təkcə "Bilik Günü" sevinci gətirmədi, həm də problemləri yada saldı. Hərçənd, haqqında söhbət açacağımız şagirdin dərs başlayanadək həllini tapmayan problemi tək bir günün sıxıntısı deyil, bir az dərindir, oxuduğu məktəbdəki mənəvi-psixoloji mühitlə bağlıdır.
Məktəb rəhbərliyinin müəssisədə sağlam mənəvi-psixoloji mühit formalaşdırmaq və sabit saxlamaq vəzifəsi az qala tamam unudulmuşdu. Sanki belə bir vəzifənin mövcudluğu yalnız məktəbli qız Elina Hacıyeva intihar edəndən sonra yada düşdü. Məlum oldu ki, məktəb direktoru rəhbərlik etdiyi təhsil müəsisəsində psixoloji problemləri yaranma riski olan təhsilalanların sosial vəziyyəti ilə tanış olmaq, ona kömək etmək vəzifəsini unutsa, həmin təhsilalanın həyatını da təhlükədə qoya, özü isə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Məlum faciəli hadisədən sonra Təhsil naziri 12.04.2019-cu il tarixli K-405 nömrəli əmr imzaladı, bütün məktəblərə təlimatlar paylanıldı, ümümtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqmətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı. Bununla belə həmin əmri yerinə yetirməyən məktəb direktorları vardır.
Bu günlərdə redaksiyamıza müraciət etmiş Laçın rayonundan olan məcburi köçkün, Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev - 190, mənzil - 29 ünvanda qeydiyyatsız yaşayan vətəndaş Əhmədova Fərqanə Zahid qızı bildirir ki, övladları - 2005-ci il təvəllüdlü Mirzəyeva Samirə Hüseyn qızı və 2008-ci il təvəllüdlü Mirzəyev Samir Hüseyn oğlu paytaxtın 45 saylı tam orta məktəbinin müvafiq olaraq VIII və IV siniflərini bitiriblər. Valideynin sözlərinə görə, oğlu Samir zəif gördüyünə görə eynək taxır. Amma sinif yoldaşları onu lağa qoyur, sataşırlar. Bu üzdən aralarında dava-dalaş yaranır. Məktəb rəhbərliyi bir neçə aydır onu məcbur edir ki, Samirin məktəbini dəyişsin. Buna nail olmaq üçün təkcə Samirə deyil, bacısı Samirəyə də təzyiq göstərilir, qiymətləri kəsilir. Bu azlıq edirmiş kimi, Fərqanə Əhmədovanın şəxsiyyət vəsiqəsi də əlindən alınaraq girov saxlanılıb. Qarşısına şərt qoyublar ki, oğlunu köçürəcəyi məktəbi tapıb oradan "zapros" gətirməyincə, sənədini qaytarmayacaqlar. Şikayətçi qeyd edir ki, məktəbdə gördüyü belə dözülməz münasibət Samiri dərsdən soyutmuş, davamiyyətini və müvəffəqiyyət göstəricilərini aşağı salmışdır. Bu isə məktəb rəhbərliyinin əlinə daha bir təzyiq vasitəsi vermişdir - Samirə "qeyri-kafi" qiymət verib sinifdə saxlamaq təhdidi. Nəticədə necə deyərlər, "ölümündən yapışılan valideyn qızdırmaya boyun qoymuşdur. Başqa məktəb axtaracağına söz vermişdir - Təki oğlu 45 saylı məktəbi ibtidai təhsilini başa vuraraq tərk etsin, il itirməsin.
Müraciətində qeyd etdikləri vəziyyətlə bağlı kifayət qədər aydın mənzərə yaranmadığı üçün vədələşib valideynlə görüşdük və təfərrüatları öyrəndik. Məlum oldu ki, Fərqanə Əhmədova ərindən boşanıb, tənha ana kimi övladlarını təkbaşına böyüdür. Söhbət əsnasında bildirdi ki, maddi imkanı zəifdir. Ər çörəyi yeyən başqa qadınlar kimi uşaqları üçün məktəbə tez-tez baş çəkə bilmir. Hətta vaxt tapıb gedəndə də müəllimlərdən soyuq münasibət görür. Ona guya oğlunun nadincliyi barədə şikayətlənirlər. Halbuki, sözlərinə görə oğlu çox istiqanlı, sadəlövh, sülhsevər uşaqdır. Dedi ki, 2017-ci ilin sentyabrında Nəcibə Axundova məktəbə direktor təyin olunandan sonra bəzi dəyişikliklər olub. Şagirdlərin kastalara bölünməsi, yaxşı oxuyanlarla pis oxuyanların bir-birindən ayrı salınması prosesi həyata keçirilib. Samirin oxuduğu sinif yenidən komplektləşdirilib, buraya zəif oxuyan və nadinc uşaqlar toplanıb. Qeyd etdi ki, Samirin məktəbinin dəyişdirilməsi barədə iltizamnaməni də ona deyil, onun dilindən qızı Samirəyə yazdırıblar. Bildirdi ki, məktəbdə nəzarətsizlik o həddə çatıb ki, digər valideynlər özlərini məktəbə gəlib Samiri tənbeh etmək imtiyazına malik hesab edirlər. O, məktəbə gedəndə isə nəzarət güclənir: direktorla, müavinləri ilə söhbət etmək üçün qəbullarına düşməzdən əvvəl çantasını, telefonunu əlindən alırlar. Onu digər valideynlərdən fərqləndirərək hətta qarlı-yağışlı havada belə içəri buraxmamaq barədə qapıçıya göstəriş verilir. Müəllimlər yaxıngörmə qüsuru olan Samiri ön sıradakı partalara əyləşdirmək əvəzinə, onu arxada oturdurlar ki, bəs sən nadincsən, dərsə mane olursan. Bir sözlə, oğlana qarşı tədricetmə siyasəti yürdülüb. Valideyn bildirir ki, məktəb rəhbərliyinin sərgilədiyi ögey münasibət nəinki uşaqlarını, hətta onun özünün də əhvalına çox pis təsir göstərib. Hətta bir dəfə fikirli halda məktəbdən ayrılanda qəzaya düşüb, burnu əzilib. Bununla əlaqədar xəstə yatdığı bir həftə ərzində uşaqları onunla qayğılandıqlarından məktəbdə dərs buraxıblar. Bu barədə yerli poliklinika şöbəsindən arayış alıb məktəb direktoruna təqdim edəndə isə, direktor əsəbləşərək tibb müəssisəsinə zəng vuraraq sərt şəkildə hədəyəbənzər iradını bildirib.
Məktəbin direktoru Nəcibə Axundova ilə telefon əlaqəsi saxlayıb məsələ ilə bağlı suallarımıza aydınlıq gətirməsini xahiş etdik. Şikayət edən valideynin adını eşidən kimi, Nəcibə müəllimə bildirdi ki, həmin valideyn məktəblə əməkdaşlıq etmək istəmir, dəfələrlə dəvət olunsa da, məktəbə gəlmir. Söhbətin bu yerində həmin dəvətin qüvvədə olub-olmadığını soruşduq. "Bəli" cavabını alandan sonra təklif irəli sürdük: "Olarmı ki, valideyn bizim müşayiətimizlə qəbulunuza gəlsin, fikir mübadiləsi aparasınız, şahid olaq?" Direktor qəti şəkildə etiraz etdi: "Təhsil Nazirliyi jurnalistləri qəbul etməyimizə icazə vermir, valideyn özü gəlsin".
Bu yerdə xatırlatmağa dəyər ki, hər bir nazirlik, eləcə də TN özü "KİV haqqında" Azərbaycan Respublikası Qanununu pozmaqaq daxili qaydalar tətbiq edir. Hərçənd, şəffaflığa zidd olan həmin o qaydalarda Nazirlikdən icazəsiz jurnalistə müsahibə verən məktəb direktorunun cəzalandırılması nəzərdə tutulmayıb, tutula da bilməz. Üstəgəl, Pedaqoji Universitetin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova indiyədək yazarlarla ünsiyyətə yetərincə meylli şəxs kimi tanınır. Məsələn, söhbət rəhmətlik ərindən - şəhid polkovnik Sənan Axundovdan gedəndə jurnalistlərin ondan müsahibə almaq təkliflərini əsla geri çevirmir. Amma görünür, "bu həna o hənadan deyil", məktəb direktoru valideynlə edəcəyi söhbəti kənar şəxsin, ələlxüsus da jurnalistin eşitməsini məqsədəuyğun hesab etmir.
Valideynin şəxsiyyət vəsiqəsinin girov götürülməsinə gəlincə, gözlənildiyi kimi, direktor heç kimdən sənəd götürmədiyini, bu məsələ barədə məlumatı olmadığını dedi.
Ertəsi gün, yəni, sentyabrın 14-də F.Əhmədovav zəng vurub bildirdi ki, mobil telefonla direktorun təlim-tərbiyə işləri üzrə müavini Əsli Mansurovadan şəxsiyyət vəsiqəsini qaytarmağı tələb edib. Müavin isə deyib ki, ondan istədikəri sənədi - Samirin təhsilini davam etdirəcəyi təhsil müəssisəsindən verilməli olan arayışı gətirsin, şəxsiyyət vəsiqəsini götürsün. Valideyn həmin telefon söhbətinin qeydə alındığı audio-yazısını da səsləndirdi.
Beləliklə, aydın görünür ki, 45 saylı məktəbin rəhbərliyi psixoloji problemi yaranma riski olan şagirdi hər vəchlə olur-olsun, müəssisədən kənarlaşdırmaq, "başdan etmək" istəyir, buna nail olmaq üçün qeyri-məqbul vasitələr də işə salınıb. Çünki, rəhbərlik məktəbdə onunçün təhlükəsiz olacaq sağlam mənəvi-psixoloji mühit yaratmaq, təhsilalanlarda müsbət davranış modeli formalaşdırmaq iqtidarında deyil.


Pünhan Şükür

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO