Məlum olduğu kimi, Milli Məclisin 2017-ci il oktyabrın 31-də keçirilən plenar iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri qəbul olunandan sonra fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsi bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi, vəkillik institutunun daha da gücləndirilməsi nəzərdə tutulurdu. Dəyişikliyə əsasən, 2018-ci il anvarın 1-dən kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilmir.
Hələ layihə müzakirə olunanda deputat Siyavuş Novruzov doğru olaraq bildirmişdi ki, hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur: "Ali məktəbin yeni bitirmiş tələbələrə üstünlük verilməlidir, nəinki həmin şəxslərə. Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar".
Belə "vəkillərin" yarıtmaz xidmətləri barədə şikayətlər o vaxtdan hələ indiyə qədər KİV-ə ünvanlanmaqdadır.
Şəki rayon sakinləri Süleymanov Silon Süleyman oğlu və Qəfərov Fizuli Sərxan oğlu redaksiyamıza müraciət edərək, 2-3 il əvvəl onları etibarnamə ilə nümayəndə kimi mülki işlər üzrə məhkəmələrdə təmsil etmiş və bir çox başqa məsələlərdə vasitəçilik etməyi boynuna götürmüş Ağdam rayonunun Mahrızlı kəndində qeydiyyatda olan Vəliyev Eldəniz Savalan oğlunun barəsində onların və zərərçəkmiş digər şəxslərin şikayəti ilə Şəki Rayon Prokurorluğunda 07.08.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanaraq ibtidai istintaqının davam etdirilməsi üçün Şəki ŞPŞ-nə göndərilmiş, 10.08.2018-ci il tarixdə icraata götürülmüş cinayət işinə xitam verilməsi haqda Şəki Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis polkovnik leytenantı Müşfiq Qasımovun 01 mart 2019-cu il tarixli qanunsuzluqlarla müşayiət olunan Qərarının uzun müddət onlardan gizlədilməsi barədə məlumat vermiş, problemin ictimailəşdirilməsini xahiş etmişlər..
Vəliyev Eldəniz Savalan oğlu özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə 2016-cı və 2017-ci illər ərzində özünü vəkil kimi təqdim etdiyi Süleymanov Silon Süleyman oğluna, Qarayev İlham Məmməd oğluna, Məhərrəmov Həzi Rəfael oğluna, Məhərrəmov Arif Abdulhəmid oğluna, Qəfərov Fizuli Sərxan oğluna, Hüseynov Akif Mehti oğluna müxtəlif məsələlərdə onlara hüquqi xidmət göstərəcəyi barədə yalan vədlər verərək, aldadaraq mütəlif məbləğlərdə pullarını ələ keçirmiş, onlara ziyan vurmaqla qəsdən dələduzluq cinayəti törətmişdir.
Bununla da Vəliyev Eldəniz Savalan oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aparılan ilkin istintaq zamanı kifayət qədər sübut olunduğundan, Vəliyev Eldəniz Savalan oğlunun barəsində 20.09.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar qəbul edilmiş, lakin Eldəniz Vəliyev istintaqdan yayındığı üçün ona həmin maddə ilə ittiham elan etmək mümkün olmadığından, barəsində həmin tarixdə axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır.
Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Vəliyev Eldəniz Savalan oğlu 12.12.2018-ci il tarixdə istintaqa gələrək təqdim olunduğundan, qeyd olunan tarixdə cinayət işi üzrə icraat təzələnmişdir.
Vəliyev Eldəniz Savalan oğluna 12.12.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində iltizam qətimkan tədbiri seçilmişdir.
Eldəniz Vəliyev iş üzrə təqsirləndirilən şəxs kimi dindirilərkən, verdiyi ifadədə ona qarşı irəli sürülən iddiaların çoxunu təkzib etmişdir. İfadəsindən açıq-aşkar bəlli olur ki, o, rəsmən təsdiqlənmiş hüquqi savadı, hüquq xidmətləri göstərmək səlahiyyəti olmaya-olmaya öz üzərinə ona aid olmayan işləri götürmüşdür. Ondan soruşulmamışdır ki, bu yolla pul qazanırsansa, dövlətə vergi verirsən, ya yox. İfadəsindən belə çıxmışdır ki, guya o, təsdadüfən tanış olduğu şəxslərə göstərdiyi hüquq və vasitəçilik xidmətlərinin qarşılığında yalnız halallıq pulu və nəqliyyat xərclərini almışdır.
Maraqlıdır ki, müstəntiq Eldənizin hərbi komissarlıqdan "vasitəçilik xidməti" göstərdiyi çağırışçı üçün hərbi xidmətdən möhlət hüququ ala bilməsinə, hərbi xidmətdə olan əsgəri hərbi hissə komandirinə "tapşıra" bilməsinə adi məsələ kimi, haqqı ödənilən xidmət kimi baxır, onun bu əməllərində korrupsiya motivi görmür, amma onun gənc əsgəri istədiyi hərbi hissəyə yerləşdirmək vədi verdiyi barədə şikayətə inanmır.
Bundan başqa, müstəntiq belə qərara gəlmişdir ki, Eldənizi ittiham edən şəxslər bir-birləri ilə qohum olduqları üçün sözləşərək, ona qarşı əsassız şikayətlər etmiş, verdikləri pul məbləğlərini həddən artıq şişirtmişlər. Eldəniz həmçinin bildirmişdir ki, nümayəndə kimi çıxdığı məhkəmə proseslərində uduzduğu işlər ondan asılı olmayan səbəblərdən alınmamışdır. Bir sözlə, müstəntiq Eldənizin hər sözünə inanmışdır.
Şikayətçilər həmçinin bildirmişlər ki, Eldənizi sonradan onun guya axtarışda olduğu deyilən müddət ərzində müstəntiqin yanında görüblər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva