Главная > Cəmiyyət > TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..

TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..


24-01-2019, 13:08. Разместил: Xuraman Quliyeva
TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..

MÜƏLLİMLƏR ARASINDA QÜTBLƏŞMƏ YARADAN İSMƏTLİ MƏKTƏBİNİN
DİREKTORU İNDİ DƏ ŞAGİRDLƏR ARASINA TƏFRİQƏ SALIR

Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd məktəbinin müəllimləri Təhsil Nazirinə ünvanladıqları növbəti ərizənin bir surətini də redaksiyamıza göndərmişlər və açıq formada dərc olunmasını xahiş etmişlər. Sadiq oxucularımız xatırlayarlar, qəzetimizdə bu mövzuda "İsmətli məktəbinin direktoru fironluq edir - 17 müəllim yalan danışa bilməz" sərlövhəsi altında müfəssəl tənqidi məqalə dərc olunmuşdu. Məqalədə məktəbin kollektiv üzvləri direktor Ağamməd İbayevin onlarla həqarətli davranışından, kobud və saymazyana hərəkətlərindən, təkəbbürlüyündən, əsassız tələblərinin onları təngə gətirməsindən, cana doydurmasından şikayətlənmişdilər. Bildirirdilər ki, Ağəmməd İbayev direktor kimi fəaliyyətə başladığı ilk gündən indiyə kimi dəfələrlə saxtakarlıq etmiş, saysız-hesabsız maliyyə pozuntuları törədərək mövcud qanunvericiliyin tələblərini pozmuş və kifayət qədər dövlət vəsaitini mənimsəmişdir. Ayrı-ayrı vaxtlarda məktəbdən çıxıb getmiş müəllimlərin adları hələ də saxlanılaraq onlara qanunsuz əmək haqqı yazılmış və mənimsənilmişdir. Nəinki məktəbdə işləməyən, hətta ərazidə belə yaşamayan, ünvanları hələ də heç kimə bəlli olmayan texniki işçilərə bu günə kimi əmək haqqının yazılması və mənimsənilməsi faktları mövcuddur. Vakant yerlərin nazirlikdən, dərs saatlarının müəllimlərdən gizlədilməsi halları vardır. Dərs bölgüsündə sosial ədalət prinsipi pozulur, qərəzçiliyə yol verilir və s.
Ərizədə göstərilir:
"Cənab nazir, məktəbimizin direktoru Ağəmməd İbayevin direktorluq fəaliyyətinə başladığı 2011-ci ildən indiyə kimi törətdiyi cinayət əməlləri, maliyyə fırıldaqları, "mənəm-mənəmliyi", heç kimlə hesablaşmaması və bu kimi əməlləri barədə Sizə bundan əvvəl də dəfələrlə məktub və teleqramlarla məlumat vermişdik. Bununla bərabər dəfələrlə Təhsil Nazirliyində və Saatlı rayonunda qəbulunuzda olmuşuq.
Hörmətli nazir, göndərilən yoxlamanın araşdırmaları zamanı bütün faktlar bir daha təsdiqləndi. Görülən işlərin nəticəsi olaraq, Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov ona təkcə şiddətli töhmət verməklə öz işini bitmiş hesab etməklə direktoru himayə edir, onun çirkin əməllərini ört-basdır edir. Bir daha nəzərinizə çatdırırıq ki, kor tutduğunu buraxmadığı kimi, direktor indi də öz çirkin əməllərindən əl çəkmək istəmir. Məktəbi müəllimlərini hədələyir, ünvanlarına hədyanlar yağdırır və məhkəməyə verəcəyi ilə qorxudur. Belə ki, məktəbdə baş verən eybəcərliklər buna əyani sübutdur. Bütün bunlar azmış kimi direktor və onun tərəfdarları qatı bir cinayətə əl ataraq şagirdlər arasında təfriqə salmış, onları müəllimin üzərinə (haqsız olaraq) qaldırmağa çalışmışlar. Belə ki, onlar saxta imza toplayaraq müəllim İlhamə Alışanovanı təhdid etmişlər. Çünki İlhamə müəllimə onların saxta əməllərinə qarşı çıxmış və bunların bağışlanmaz cinayət əməli olduğunu bildirmişdi.
Bütün bunlardan başqa, bu ilin noyabrında baş verən xoşagəlməz hadisəni nəzərinizə çatdırmaq istərdik: Məktəbin 11 A sinif şagirdi (direktorun qardaşı nəvəsi) Mətin İbayev məktəbə övladını 1-ci sinifə gətirmiş xanım valideynə qarşı əxlaqsız hərəkəti məktəbdə və kənddə böyük əks-səda doğurmuş, RTŞ-nə bu haqda ətraflı məlumat verilmişdir. Bunları ört-basdır etmək üçün şagirdin adını jurnalda saxlamaqla onu müvəqqəti olaraq qonşu məktəbə göndərmişlər. Onu da bildiririk ki, kənddə son zamanlar bu soyadlarla bağlı tez-tez kriminal hadisələr baş verməkdədir. Bütün bunalar heç də direktoru narahat etmir. Belə olmasaydı, direktorun digər qardaşı nəvəsi İbayev Vüqarın apardığı idman dərsində müəllimin diqqətsizliyi nəticəsində bir şagird digərini xəstəxanalıq etmiş və hadisə rəhbərlik tərəfindən gizlədilmişdir. Bütün bunların fonunda hal-hazırda məktəbimiz hər an partlmağa hazır olan "barıt çəlləyi"nə dönmüşdür. Direktor öz çirkin əməllərini, maliyyə fırıldaqlarını, bağışlanmaz səhvlərini kimlərinsə himayədarlığı sayəsində bu gün də davam etdirməkdədir. Direktora verilən şiddətli töhmət onun etdiyi ağır cinayət əməllərinin qarşılığı ola bilməz və ədalətsiz bir qərar kimi cılız görünür. Təsadüf nəticəsində təhsil sistemində rəhbər vəzifəyə gəlmiş, təhsilimizə ləkə olan bu "fironu" dərhal tutduğu vəzifədən azad etməklə, məsuliyyətə cəlb etməyinizi və haqq-ədalətin bərpa olunmasında bizə yardımçı olmağınızı Sizdən xahiş edirik. Hal-hazırda iş o yerə çatmışdır ki, sabah nələrinsə baş verməyəcəyinə zəmanət vermək çox çətindir. Direktor öz qohumları və əlaltıları vasitəsilə qruplaşma yaratmışdır. Bu da təlim və tərbiyənin keyfiyyətcə aşağı düşməsinə səbəb olmuşdur".
İnanmaq istəyirik ki, "Korrupsiya v Qanun" qəzetinin oxucularının diqqət mərkəzində saxladığı, keçən il həllini tapmayan bu məsələ yeni 2019-cu ilin elə əvvəlindəcə çözüləcək.
Вернуться назад