Azərbaycan İdeyası

MƏHKƏMƏ HAKİMLƏRİ SABİQ NAZİR FƏRHAD ƏLİYEVDƏN MİRAS QALMIŞ PROBLEMLƏRDƏN SUİ-İSTİFADƏ EDİRLƏR

Tarix:13-11-2015, 15:55
Baxış Sayı:509

Məhkəmə-Hüquq Şurası korrupsiyaya rəvac verən hakimlərin mövcudluğunu etiraf etsə də, onlara yalnız töhmət verməklə kifayətlənir. Şuranın ötən ay keçirilən iclasının nəticələri də bunu təsdiqlədi.
Iclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparıldı, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olundu. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib. Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.
Maraqlıdır, Məhkəmə-Hüquq Şurası “korrupsiyaya şərait yaradan hallara” yol vermiş hakimləri hələ də məhkəmə sistemində niyə saxlayır? “Korrupsiyaya şərait yaradan hal” o deməkdir ki, korrupsiya baş verib, adları çəkilən hakimlər də buna şərait yaradıb. Başqa sözlə, bu məsələdə onların da əli olub.
Azərbaycan məhkəmələri indiyədək onlarla adamı korrupsiya ittihamı ilə heç yetərincə sübut-dəlil olmadan uzunmüddətli həbs cəzasına məhkum edib. Bəs korrupsiyaya şərait yaradan hakimlərə niyə güzəşt edilir? Onlar nəinki həbs edilmir, hətta vəzifədən də çıxarılmır, yalnız töhmətlə cəzalandırılır.
Korrupsiyada əli olduğu Məhkəmə-Hüquq Şurası səviyyəsində təsdiqlənən adamlara başqalarının taleyini həll etmək vəzifəsinin həvalə olunması hallarına yəqin ki, yalnız Azərbaycanın məhkəmə-hüquq təcrübəsində rast gəlmək olar. Bu paradoksdan ziyan çəkən vətəndaşların üz tutduğu yeganə ünvan isə kütləvi informasiya vasitələri olur.
“Korrupsiya və Qanun” qəzetinin poştuna Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi ev 18A, mənzil 5A ünvanında yaşayan Salahova Tahirə Zakir qızının şikayət ərizəsi daxil olmuşdur.
Ərizəni olduğu kimi dərc edirik:
“Yazıb Sizə bildirirəm ki, mən Salahova Tahirə Zakir qızı 1980-ci ildən Bakı şəhərində yaşayıram. 1984-cü ildə 1 №-li Tikiş fabrikində işə qəbul olmuşam.İşə qəbul olunandan sonra yaşayış yerim olmadığına görə 1 №-li Tikiş fabrikinin nəzdində olan Bakı şəhəri, Yasamal rayonu M.D.Hüseynov küçəsində yerləşən yataqxanadan mənə yaşayış otağı verilmişdir və 13.06.1988-ci il tarixdə isə mən həmin yataqxanada daimi pasport qeydiyyatına düşmüşəm. 1980-ci ildən 1987-ci ilə qədər müvəqqəti qeydiyyatda olmuşam.1988-ci ildən fabrikin yataqxanasına daimi qeydiyyata düşmüşəm. 1984-cü ildən Tikiş fabrikinə tikişçi kimi işə qəbul olunmuşam, sonra usta vəzifəsində işləmişəm. 1989-cu ildə Tikiş fabrikinin işçisi kimi ev növbəsinə durmuşam və 1989-cu ildə 1 №-li Tikiş fabrikinin tikdiyi mənzil kooperativinə 2 otaqlı mənzil almaq üçün 28000 (iyirmi səkkiz min) Sovet rublu köçürərək, kooperativə üzv olmuşam. Lakin sonra mənzil tikinti kooperativi mənə mənzil vermədiyi üçün 1990-cı ildə Bakı şəhər Sovetinə müraciət etmişəm, ancaq Baksovet mənə kömək etmədi və bildirdilər ki, pul verdiyim vəzifəli şəxslər işdən çıxarıldıqları üçün heç bir köməklik göstərə bilmərik. Beləliklə, mən kooperativə mənzil üçün pul köçürsəm də, mənzil tikilib mənə verilmədi və mən mülkiyyətimdən məhrum oldum.
1 №-li Tikiş fabrikinin müdiriyyətinin və Həmkarlar Komitəsinin təqdimatına əsasən yataqxananın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 18.8 kv. metr olan bir otaqlı yaşayış sahəsinin mənim istifadəmə verilməsi barədə 25 mart 1997-ci il tarixli 348 №-li Order verilmişdir. Bu günə qədər də mən həmin yaşayış sahəsində yaşayıram. Mənim yaşadığım otağın ünvanı Bakı şəhəri, Mirəli Seyidov bina 18A, mənzil 5A adlanır. Bizim yaşadığımız yataqxana 2 blokludur və binanın sağ və sol hissəsindən giriş-çıxış vardır. Sol blokda yaşayan sakinlər onlara verilmiş mənzili özəlləşdirmişdilər. Sağ blokda birinci mərtəbədə yerləşən sahəni isə Əmlak Komitəsi qanunsuz olaraq qeyri-yaşayış yeri təyin edib. Belə ki, hal-hazırda yaşadığım mənzil mənim xəbərim olmadığından Əziz adlı şəxs tərəfindən o zaman Əmlak Komitəsinin sədri işləmiş Fərhad Əliyevin əli ilə özəlləşdirilmişdir. Fərhad Əliyev həbs ediləndən sonra heç kim mənə niyə burada yaşayırsan deməyib. 2013-cü ildə özünü Əzizin həyat yoldaşı kimi təqdim edən bir qadın mənə hədə-qorxu gələrək, məni məhkəməyə verib ki, sənin yaşadığın ev mənim şəxsi əmlakımdır. Mən çıxılmaz vəziyyətdə qalıb hüquqşünaslarla məsləhətləşəndən sonra Xətai rayon Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinə və “Mehri-Fan LTD” MMF-nə qarşı iddia qaldırdım və məhkəmədən
1. Dövlət Əmlak Komitəsi və “Mehri-Fan LTD” MMF arasında bağlanmış 16.03.1999-cu il tarixli, 4689 №-li Bakı şəhəri, M.Seyidov küçəsi 18A saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 118.5 kv. metr sahənin icarəyə verilməsi barədə müqavilənin;
2. Dövlət Əmlak Komitəsi ilə “Mehri-Fan LTD” MMF arasında bağlanmış 11.04.2001-ci il tarixli, 4534619 №-li Dövlət Əmlakının icarəyə verilməsi barədə müqavilənin qismən – yəni mənim qanuni istifadəmə verilmiş və yaşadığım 18.8 kv. metr hissəsində və yardımçı sahələr olan hamam, tualet və mətbəx otağının daxil olduğu hissədə etibarsız hesab edilməsi;
3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirməsi departamenti ilə “Mehri-Fan LTD” Məhdud Məsuliyyətli Firması arasında bağlanmış 31.10.2001-ci il tarixli 280 №-li icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin qismən – yəni mənim qanuni istifadəmə verilmiş və yaşadığım 18.8 kv. metr hissəsində və yardımçı sahələr olan hamam, tualet və mətbəx otağının daxil olduğu hissədə etibarsız hesab edilməsi;
4. və “Mehri-Fan LTD” MMF-na verilmiş 05.11.2001-ci il tarixli № 000600 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdim.
Ancaq Xətai rayon Məhkəməsinin hakimi Fuad Məmmədov 29.09.2014-cü il tarixli qətnaməsi ilə mənim iddiamı təmin etmədi. Hakim Fuad Məmmədov mənim apardığım şahidlərin verdiyi ifadələrin hamısını yanlış yazmışdır. Mənim nümayəndəm buna etiraz etsə də, hakim etirazı təmin etmədi. Beləliklə, Xətai rayon Məhkəməsi Əmlak Komitəsinin mənim mənzilimi qanunsuz özəlləşdirməsinə haqq qazandırdı.
Məni məhkəməyə verən qadın hakimin yanında məni təhqir etməyə başladı, mən ona “qanun var, dövlətimiz var” deyəndə, həmin qadın “qanun mənim cibimin puludur” deyib gülməyə başladı.
Mən Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdim və eyni zamanda, Sizə də ərizə ilə müraciət elədim. Prezident Aparatından mənə cavab məktubu gəldi ki, ərizəmə baxılmışdır və qanuni yolla araşdırma aparılacaq. Mən buna çox sevindim. Lakin sevincim uzun sürmədi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyasının verdiyi qərar məni çox məyus etdi. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətim təmin edilmədi. Xətai rayon Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlandı.
Mən işə baxan hakim Məmməd Məmmədova dedim ki, “siz işi araşdırmadan qərar verdiniz, mən Prezidentimizə məktub yazmışdım və cavab gəldi ki, sənin işinə qanunla baxılacaq”. Hakim mənimlə gedən şahidləri içəri buraxmadı, mənim ona dediyim 1984-cü ildən hal-hazıradək yaşadığım Bakı şəhəri Mirəli Seyidov küçəsi 18a saylı binanın 5A saylı mənzilin bütün kommunal haqlarını ilbəil özüm ödəmişəm və yaşadığım ev mənim qanuni evimdir” sözklərimin qarşılığında hakim kinayə ilə gülüb mənə sual verdi ki, “siz orda yaşayırsınız?”
Mən müstəqil Azərbaycanda yaşayıram, dövlətimə də inanıram, prezidentimə də inanıram. Mən 35 ildir Bakıda yaşayıram. 1988-ci ildən də yaşadığım yataqxanada qeydiyyatdayam. Mən tək və tənha qadınam, mənim imkanım yoxdur ev almağa.
Mən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2015-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verdim. Ancaq kassasiya şikayətimə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 15 iyul 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətimi təmin etməyərək məni evsiz qoymuşdur”.
Vət. Salahova redaksiyadan xahiş edir ki, onun pozulmuş hüquqlarının bərpası ilə bağlı jurnalist araşdırması aparılsın və ona məxsus Bakı şəhəri, M.Seyidov küçəsi 18A yataqxananın 1-ci mərtəbəsində yerləşən 5A saylı yaşayış otağına olan hüquqlarının bərpa olunmasına köməklik göstərilsin.
Qəzetin növbəti sayında məhkəmələrdə vət. T. Salahovanın etibarlı nümayəndəsi kimi çıxış etmiş Abşeron rayon Hüquq Məsləhətxanasının vəkili Rafiq Alışovun məsələyə hüquq müstəvisində verdiyi qiyməti öyrənib oxucuların müzakirəsinə verəcəyik.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub