Azərbaycan İdeyası

“Dünyada insanlar arasında hərarət itib, biz onu bərpa etsək, virus məhv olacaq...”

Tarix:20-04-2020, 12:43
Baxış Sayı:70


Korrupsiya-q.az Moserator.az-a istinadən “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəslə karantin rejimiylə bağlı müsahibəni təqdim edir:

- Qulu müəllim, karantin rejimini siz necə keçirirsiniz?

- Karantin günlərinвэ demək olar ki, günün əksər hissəsini “Ulduz”un “instaqram” və “facebook” səhifəsində keçirirəm. Adminlə birlikdə gələn materialları saf-çürük edirik. Jurnalın aprel sayını artıq hazırlamışıq və son variantını oxuyandan sonra ilk öncə PDF variantında yazıları təqdim edəcəyik, karantin rejimindən sonra isə jurnalı çap edəcəyik. Evdə heç dincəlməyə vaxt olmur, müxtəlif layihələrimiz var ki, onları həyata keçiririk. Bizim “insaqram”da “Ulduzlu qonaqlar” layihəmiz var və orda da müxtəlif sənət adamlarından qonaqlarımız olur. Koronavirusla bağlı bir şeirim yayımlanıb və hazırda karantinlə bağlı başqa bir yazı üzərində işləyirəm və onu da bir neçə gün sonra oxuculara təqdim edəcəm.

- Sizcə insanlar bu gün hansı günahının cəzasını çəkir?

- Bu gün dünyada qlobal istiləşmə gedir, bütün ekoloqlar həyəcan təbili çalırlar. Ekoloqların etdiyi çağırış bəllidir və bunu hamı eşidir. Amma bununla yanaşı, dünyada insanlar arasında qlobal soyuqlaşma gedir. Qardaş-qardaşın, bacı-bacının qapısını açmır, oğul atanı danışdırmır, anasının məzarını ziyarət etmir və s. Bir sözlə, bütövlükdə insani münasibətlər soyuqlaşıb. Bir tərəfdən günəş nə qədər yer kürəsini qızdırsa belə insanlar arasında soyuqlaşma gedir. İndi yaranan koronavirus ən öldürücü virus olsa belə hərarətdən məhv ola bilir. Bu gün bütün dünyada insanlar arasında hərarət itib, biz o hərarəti, istiqanlığı bərpa etsək, mənə elə gəlir ki, o virus məhv olub gedər. Görünür dünyanı günəş yox, insanların münasibəti qızdırmalıymış. Biz hər şeyi günəşin boynuna qoymuşuq. Halbuki insanlar bir-birinə qarşı isti olmalıymış. Biz bir-birimizə qarşı isti olsaq, buna da qalib gələcəyik. Bu istilik isə boynumuza mənəvi borc kimi yox, ölüm-qalım məsələsi kimi düşməlidir. Adəmdən üzü bəri bütün insanlar əslində bir adamdır. Biz virusdan yaxa qurtarmaqdan ötrü o, bir insanı qorumalıyıq. İndi sanki yer üzündə vur-tut bircə insan var. Təhlükə önündə bütün dinlər, irqlər, tayfalar yaddan çıxıb, insan faktoru ön plana keçib. Yer üzünün əşrəfi saydığımız insanın nə qədər zavallı olduğunu gördük. Allah bizə öz məqamımızı, yerimizi göstərdi və bildirdi ki, insan, sən busan. Biz gözəgörünməzə inanmırdıq. Amma bu gün bizi yerdəki gözəgörünməz düşməndən, göydəki gözəgörünməz xilas edəcək.

- Bu gün insanlar bir-birilərinə yardım edirlər, amma bunu da müxtəlif istiqamətlərə yozurlar. Sizcə biz necə yardımlaşmalıyıq?

- Bu gün bütün insanlar bir-birinə əl uzatmalıdır. Baxmayaraq ki, salamlaşmaq, əl görüşmək olmaz, sosial məsafə dövrüdür. Amma bu gün məhz həm də bir-birimizin əlimizdən tutmaq dövrüdür. İmkanlılar imkanı olmayanlara kömək etməli, onların qarnını doydurmalıdır. Bu gün dolların da, böyük valyutaların da üzərində koronavirusun olduğu elm tərəfindən sübut edilib və məlum olub ki, doğrudan da pul nəinki əl çirki, təhlükəli bir şeymiş. Mən istəyərdim ki, o imkanlılar həmin pulları yuyaraq təmizə çıxarıb yetim-yesirə əl tutsunlar. Amma burda fikir haçalana bilər. Kimsə etdiyini reklama çıxarırsa, heç nə olmaz, qoy dünyada bir dəfə də yaxşı şeylər reklam olunsun, nə olar, buna etiraz etmirəm. Amma başqa bir qisim insan var ki, yaxşılıq edir və heç kimə də demir. Şəxsən mənim tanıdığım imkanlı dostlarım var və onları sövq etmişəm yardım edirlər. Etdikləri yardımın isə adını da tutmurlar. Mən etdiyi yaxşılığı deməyən insanları da təqdir edirəm.

- Qulu müəllim, bu gün sizin doğum gününüzdür. Ümumiyyətlə, heç fikirləşirdinizmi ki, karantin rejimində ad günü keçirəcəksiniz?

- Mən düşünürdüm ki, aprelin 20-də karantin rejimi qurtaracaq və ona görə də dostlara qonaqlıq söz vermişdim, amma karantin rejimi uzadıldı. Heç vaxt ağlıma gəlməzdi ki, karantin rejimində doğum günümü qeyd edəcəm, çıxacağım yer binanın balkonu olacaq, bir də uzaq başı zibil atmağa və çörək almağa gedəcəm. İş o yerdədir ki, evə tort da sifariş vermədik, çünki fikirləşdik ki, onu indiki vaxtda necə bişirib evə gətirəcəklər. Ona görə də ailə üzvlərimlə birlikdə doğum günümü qeyd edəcəm. Çünki heç vaxt dəbdəbəli bir gün kimi bunu qeyd etməmişəm. Axşam da ənənəvi olaraq verilişə çıxacam, evdə bir studiya yaratmışam. Amma çox istəyərdim ki, kollektivimizlə bir yerdə olaq. Allahın işidi və evdən çıxası olmadıq. Belə də gözəldir, təki dünyamız sakit olsun, insanlar ölməsin. Dünyanın harasında koronavirusdan adam ölürsə, onun hansı ölkənin vətəndaşı olmasının heç bir önəmi yoxdur, çünki virus gələndə o insanı şərqliyə, qərbliyə, müsəlmana, xristiana bölmədi, insana-insan kimi yanaşdı. Ona görə də dünyanın harasında virusdan adam ölürsə, bu bizim acımızdır. Son hadisələr bizə bütün dünyada insanlığın bir yerdə olmağını öyrətdi. Əgər bundan nəticə çıxaracağıqsa, növbəti faciələrə insanlıq, bəşəriyyət hazır olacaq. İnsanlığın yaddaşı çox qısadır, pandemiyadan sonra əgər bunlar unudularsa, bizi qarşıda bundan da pis fəlakətlər gözləyəcək. Yəni artıq nüvə silahlarına, hərbi sınaqlarına bütün ölkələr yenidən baxmalıdır”.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb