Azərbaycan İdeyası

DAVAM EDİR MƏHKƏMƏ ƏDALƏTSİZLİYİ..

Tarix:3-04-2017, 09:48
Baxış Sayı:841



. Xatırlayırsınızsa, qəzetimizin ötən sayında "MTN İŞİ"NİN "YADDAN ÇIXMIŞ" EPİZODU: "AKULA AKİF"İN TİKİNTİ MAQNATLARININ ŞƏRLƏDİYİ İŞ ADAMI BƏRAƏT İSTƏYİR" sərlövhəsi altında Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev-69, mənzil-15-də yaşayan vətəndaş Süleymanova Sevda Fətəli qızının şikayəti əsasında hazırlanmış məqalə dərc olunmuşdu.S. Süleymanova redaksiyamıza müraciət edərək, artıq neçə müddətdir ki, özünün və həyat yoldaşı Süleymanov Qüvvətəlinin bir qrup mülki şəxs və onlarla cinayət əlaqəsinə girmiş hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları tərəfindən haqsızlığa, qanunsuzluqlara məruz qaldıqlarından şikayətlənmişdi. Bu sətirlərin müəllifi Sevda xanımın haqq işi uğrunda apardığı mübarizə meydanlarından sayılan məhkəmələrin birində iştirak etmiş, həqəqətən də məhkəmə ədalətsizliyinin şahidi olmuşdur. Məhz həmin məhkəmənin - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (Əfəndiyev Akşin Ramiz oğlunun sədrliyi ilə) 24 fevral 2017-cı il tarixli, İş № 3 (004)-140/2017 saylı qərarı ilə Sevda Süleymanovanın yaxın qohumu İsmayılov Elimdar Məhərrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM adlanacaq) 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibatı qaydada həbs edilmişdir. İsmayılov Elimdar Məhərrəm oğlu vəkili vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və qanun pozuntularının tanınmasını xahiş etmişdir. İndi isə təfərrüatlara göz ataq: İşin faktiki halları. İsmayılov Elimdar Məhərrəm oğlu 22 fevral 2017-ci ildə qətnamə götürmək üçün yaxın qohumu Süleymanova Sevda Fətəli qızı ilə birlikdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə getmişdir. Hakim Sərdar Mehrəliyevin 12 fevral 2014-cü il tarixdə çıxardığı qətnamənin surətini götürmək üçün. Təqribən saat 15:00 radələrində. Onlar əvvəlcə, Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov və məhkəmədə məsləhətçi işləyən Ceyhun müəllimlə görüşmüş, onlardan sözügedən qətnamənin surətinin verilməsinə köməklik göstərmələrini xahiş etmiş, onlar hər ikisi heç bir problem olmadığını demişlər, Sevda xanım onlara demişdir ki, bunun üçün ərizə yazmaq lazımdır? Onlar isə heç bir ərizəyə ehtiyac olmadığını demişlər və dəftərxana işçilərinə tapşırıq vermişlər ki, qətnamənin surətini versinlər. Həmin gün qətnamənin surəti arxivdən tapılmamışdır. Sonradan onlara məsləhət görmüşlər ki, aşağıdan hakim Sərdar Mehrəliyevə zəng etsinlər, ola bilər ki, qətnamə ondadır. Sevda xanım aşağıdan zəng etmiş, Sərdar Mehrəliyevlə danışmış, o Sevda xanıma demişdir ki, mən belə verə bilmərəm, dəftərxanaya ərizə yaz, ondan sonra baxarıq. Sevda xanım ərizə yazandan sonra yenə qətnamə tapılmamışdır. Ceyhun müəlim onlara demişdir ki, gözləyin. Nəhayət, axşam saat 7-yə işləmiş Ceyhun müəllim atrıq gec olduğunu və oğlunun ad günü olduğunu bildirib, onlardan getməyi və səhər tezdən gəlməyi xahiş etmiş, bildirmişdir ki, həmin vaxt qətnamənin surəti hazır olacaq. 23 fevral səhər tezdən yenidən məhkəməyə gəlmiş, Ceyhun müəllim onlara demişdir ki, hakim Sərdar Mehrəliyev qətnamənin surətini vermək istəmir, onun özüylə əlaqə saxlamağı və bunun üçün 2-ci mərtəbədəki 4-cü zala getməyi bildirmişdir. Şikayətçi və Sevda İsmayılova 4 saylı məhkəmə zalına qalxmış, zalın qapısını döyərək, hakimin icazəsi ilə zala daxil olmuş, həmin vaxt zalda başqa bir proses getdiyindən gözləmişlər. Proses qurtardıqdan və hakim Sərdar Mehrəliyev müşavirəyə getdikdən sonra Sevda Süleymanova məhkəmə iclas katibinə qətamənin surətini götürmək istədiyini demişdir. Bu vaxt hakim gəlmiş, bank mübahisəsi üzrə qətnamə elan edilərkən cavabdeh tərəf olan vətəndaşlar qətnamənin nəticəsindən narazı qalmış, narazılıqlarını açıq şəkildə yüksək səslə hakimin diqqətinə çatdırmışlar. Sevda xanım hakimə qətnamənin surətini istədiyini demiş, ancaq hakim qətnamənin surətini ona verə bilməyəcəyini demişdir. Daha sonra məhkəmə iclas zalını tərk edib, yenidən 1-ci mərtəbədə Ceyhun müəllimin yanına getmişlər, Ceyhun müəllim təzədən Sərdar Mehrəliyevin yanına getmiş, xeyli müddət keçdikdən sonra icra məmurları Ceyhun müəllimin otağına gəlmiş və onlar haqqında şikayət olduğunu bildirmişlər, onları məcbur etmişlər ki, gedin Sərdar müəllimdən üzr istəyin ki, akt tərtib etməyək. Ancaq Elimdar İsmayılov və Sevda Süleymanova heç bir günahı olmadığı halda nəyə görə üzr istəməli olduqlarını demiş, bundan imtina etmişdirlər. Bundan sonra onları zorla 3-cü mərtəbəyə aparmış, orada guya məhkəmə iclas zalında səs-küy salmaları və məhkəmənin gedişatına maneçilik törətmələri barədə saxta akt tərtib etmiş, onlara məcbur etmişlər ki, həmin akta imza atsınlar, ancaq onlar bundan imtina etmiş, sonra polis çağırılmışdır. Halbuki, onlar məhkəmə iclas zalında səs-küy salmamış, məhkəmənin gedişatına hər hansı maneçilik törətməmişlər. Bundan sonra məhkəməyə çağırılmış polis əməkdaşları tərəfindən əvvəl Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə, daha sonra isə Yasamal rayon Polis İdarəsinə aparılmış, daha sonra yenidən 28-ci polis bölməsinə qaytarılmış, axşam saatlarında onlar barəsində qanunsuz olaraq inzibati qaydada tutma protokolu tərtib edilmiş, protokolda tutmanın əvvəli kimi 23 fevral 2017-ci il saat 14:00 göstərilmiş, ertəsi gün məhkəməyə saat 14:11 radələrində çıxarılmışlar. Elimdar İsmayılov barəsində inzibati qaydada tutma protokolu tərtib edilərkən və sonradan 10 (on) gün müddətinə inzibati həbs cəzası tətbiq edilərkən Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat verilən bir sıra təməl hüquqları pozulmuşdur. Tələbin hüquqi əsasları. 23.02.2017-ci il tarixdə tərtib edilmiş Akta 4 nəfər – Yasamal rayon İcra Şöbəsinin icra məmurları Allahverdiyev İlqar Məhəmməd oğlu, Hümbətov Aydın Tofiq oğlu və hal şahidləri olan məhkəmə iclas katibi Heydərli Samir Ramiz oğlu və Paşazadə Kənan Əhməd oğlu imza atmışdırlar. Məhkəmədə ifadə verən icra məmurları İlqar Allahverdiyev və Aydın Hümbətov məhkəmənin 1-ci mərtəbəsində olarkən 2-ci mərtəbədən səs-küy eşitdiklərini, Elimdar İsmayılov və Sevda Süleymanovanı məhkəmə iclas zalından çıxarkən, dəhlizdə gördüklərini, onların məhkəmə iclasındakı davranışlarının şahidi olmadıqlarını dedilər. Yasamal rayon İcra şöbəsinin icra məmurları məhkəmə zalında olmayıb, əslində zalda nə baş verdiyini bilməsələr də, Akt imza atmışdırlar. Azərbaycan Respublikası İXM-nin 79.3-cü maddəsinə əsasən Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Məhkəmədə ifadə vermiş hal şahidi, Yasamal rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin katibi Samir Heydərli Sevda Süleymanovanın prosesin gedişi zamanı atmaca atdığını, icra məmurlarını özünün çağırdığını bildirdi. İXM-nin 69.1-ci maddəsinə əsasən İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar... Halbuki, Samir Heydərli inzibati xətanın baş verdiyi iddia olunan məhkəmə prosesində iclas katibi olduğundan o, işin nəticəsində maraqlıdır və bu səbəbdən də akta hal şahidi kimi imza ata bilməzdi. Kənan Paşazadə hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçən məhkəmə iclasında, bank mübahisəsi üzrə iddiaçı tərəf olduğunu, ancaq iddiaçı olsa da, məhkəmədə baxılan iddia tələbinin nədən ibarət olduğunu bilmədiyini, Elimdar Hüseynovun bank əməkdaşı olduğunu bildirdi. Məhkəmə iclasında ifadə verən inzibati xəta haqqında 24 fevral (protokolda əvvəlcə 23 fevral yazılmış, sonradan tarix 24 fevrala dəyişdirilmişdir) 2017-ci il tarixli AZA 023819-260 nömrəli protokolu tərtib etmiş Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru, polis kapitanı Qurbanov Ərəstun Eldar oğlu inzibati xətanın törədilməsinin bilavasitə şahidi olmadığını, hər hansı əlavə inzibati araşdırma aparmadığını, protokolu Akt əsasında tərtib etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Süleymanova Sevda Fətəli qızı Elimdar İsmayılovun hər hansı inzibati xətaya yol vermədiyini bildirdi. Məhkəmədə və 23 fevral 2017-ci il tarixdə polisə verdiyi izahatında İsmayılov Elimdar Məhərrəm oğlu Aktda yazılanların tamamilə yalan olduğunu, məhkəmə zalında hüquqazidd hər hansı bir hərəkətə yol vermədiyini bildirmişdir. 23.02.2017-ci il tarixli Akt-da Elimdar İsmayılov və Sevda Süleymanovanın “tərəf olmadıqları məhkəmə prosesinə icazəsiz girərək, məhkəmə prosesini pozduqları və məhkəmə prosesinin gedişinə maneçilik törətmələri..., səs-küy salmaları” qeyd edilsə də, onların konkret hansı hərəkətlərə yol verməsi və bu hərəkətlərin nədə ifadə olunması göstərilməmişdir. İnzibati xəta haqqında 24 fevral 2017-ci il tarixli protokol 23 fevral 2017-ci il tarixli Akt-a əsaslansa da, 1 gün sonra tərtib edilmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinn tələbi pozulmuşdur. Həmin maddənin tələbinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Elimdar İsmayılov barəsində inzibati araşdırma aparılmadığından, İXM-nin 101.2-ci maddəsinə əsasən protokolun tərtibi gecikdirilə bilməzdi və 23 fevral 2017-ci ildə tərtib edilməliydi. Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamaq üçün 3 əsas vardır. 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. İnzibati xəta haqqında işin materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına (hərçənd bu haqda qərardad qəbul edilməmişdir) Yasamal rayon Məhkəməsində tərtib edilmiş Akt əsas olsa da, hər hansı bir əlavə inzibati araşdırma aparılmamış, akta imza atmış şəxslərin izahatı alınmamış, zaldakı videogörüntülərə baxış keçirilməmişdir. Halbuki, İXM-nin 102-ci maddəsində inzibati araşdırma aparılması nəzərdə tutulmuşdur. Bundan başqa, protokol 24 fevralda tərtib edilsə də, dərhal baxılmaq üçün hakimə göndərilməmişdir. İXM-nin 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Məhkəmədə 4 saylı iclas zalında quraşdırılmış kamera görüntülərinin təıləb edilərək, baxılmasına dair vəsatət verilsə də, təmin edilmədi. Halbuki, İXM-nin 61.1.8-ci maddəsində deyilir ki, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq...barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarından biridir. İXM-nin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Üstəlik, doğrudan da əgər Elimdar İsmayılov məhkəmədə prosesin keçrilməsinə maneçilik törətmişdirsə, onda İXM-nin 526-cı maddəsinə əsasən (Məhkəməyə hörmətsizlik göstərilməsi) ilə inzibati xəta ilə inzibati məsuliyyətə cəlb edilə bilərdi. Həmin maddədə deyilir ki, Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmaması məhz bu inzibati xəta pozuntusnu yaradır. İXM-nin 76.2-ci maddəsinə əsasən Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 12.1-ci maddəsində deyilir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, ...inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa, 23.02.2017-ci il tarixli AZA 001199 nömrəli İnzibati qaydada tutma haqqında protkolla Elimdar İsmayılov 23.02.2017-ci il tarxidə saat 14:00-da inzibati qaydada tutulmuşdur və maraqlısı budur ki, həmin vaxt inzibati xəta haqqında protokol tərtib edilməməsinə baxmayaraq, tutmanın əsası kimi İXM-nin 510-cu maddəsi qeyd edilmişdir. Protokolda tutmanın əvvəli qeyd edilsə də, bütövlükdə hansı müddəti əhatə etdiyi qeyd edilməmişdir. İXM-nin 86.1.2-ci maddəsinə əsasən inzibati qaydada tutmanın məqsədi inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi güdür. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün ...səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda tətbiq etmək hüququna malikdirlər. İXM-nin 89.1-ci maddəsində deyilir ki, İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2–89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Elimdar İsmayılov barəsində iznibati tutmaya heç bir hüquqi əsas olmamışdır. Üstəlik, ona istinad edilən inzibati pozuntu Məcəllənin sözügedən 89.2-89.3-1-ci maddələrin təsir dairəsinə düşmədiyindən, 89.4-cü maddəsinə əsasən yalnız uzaqbaşı 24 saatadək tutula bilərdi. Ancaq o, tutma müddəti 24 fevral 2017-ci ildə saat 14:00-da başa çatmasına baxmayaraq, azad edilməmiş, yalnız 24 fevral saat 14:11 radələrində məhkəmə qarşısına çaxarılmışdır. Göründüyü kimi, Elimdar İsmayılov heç bir inzibati xətaya yol verməmiş, ictimai qaydani pozmamiş, ictimai qaydanı pozmağı və cəmiyyətə hörmətsizlik göstərməyi arzu etməmişdir. Ancaq buna baxmayaraq, qanunsuz və əsassız şəkildə həbs edilmiş, bununla bağlı keçirilən məhkəmə prosesi ədalətli məhkəmə araşdırması hüququnun standartlarına cavab verməmişdir. Elmdar İsmayılov Vəsatətlər qaldıraraq, - 1. Yasamal rayon Məhkəməsinin 4 saylı məhkəmə zalındakı videokamera görüntüləri tələb edilərək, həmin görütülərə baxış keçirilməsini; - 2. Yasamal rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlu şahid qismində məhkəməyə dəvət edilib dindirilməsini xahiş edir. Yuxarıda qeyd olunanları, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5 və 6-cı maddələrini, Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, Məhkəmədən xahiş edir ki, - 1. İnzibati xəta hadisəsi olmadığından onun barəsində Yasamal rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin; - 2. Əsassız olaraq inzibati qaydada tutulması və sonradan həbs edilməsi qanunsuz hesab edilsin və ona münasibətdə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5.1 və 6.1-ci maddələrinin pozuntusu kimi qiymətləndirilsin.


Xuraman Quliyeva






[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO