Azərbaycan İdeyası

SƏLƏMÇİYƏ İŞLƏYƏN ŞİRVAN MƏHKƏMƏSİ

Tarix:14-09-2018, 15:38
Baxış Sayı:478

Azərbaycanda danılmaz gerçəkliklərdən biri də budur ki, indi vazkeçilməz qohum, etibarlı dost olmayan adama borc verən çətin tapılır. Kənar şəxslərə borc verən də sələmlə verir, həm də girov müqabilində. Sələmçiliyi özünə peşə etmiş şəxsləri də cəmiyyət tanıyır. Hüquq-mühafizə orqanları da həmçinin. Onlardan edilən şikayətlərə də barmaqarası yanaşılır. Başqalarından fərqləndirən "imtiyazları" da budur ki, pulları var.
"Sizin, mülki mübahisəli məsələ ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə vermiş olduğunuz şikayət tərəfimizdən araşdırılmış, araşdırma zamanı toplanmış materialda cinayət tərkibi və inzibati hüquqpozma müəyyən olunmadığı üçün toplanmış material işə alınmış və şöbənin dəftərxanasına verilmişdir. Qeyd edirik ki, müraciətinizdə göstərdiyiniz xüsusatlar mülki xarakterlidir. Odur ki, gələcəkdə borc müqavilələrinin və mülki öhdəliklərin yerinə yetirilməməsi və digər mülki mübahisəli məsələlərlə bağlı məhkəmə orqanlarında mülki iddia qaldırmaq hüququnuzun olması Sizə izah olunur" - Şirvan şəhər Polis Şöbəsi çoxsaylı vətəndaşların ayrı-ayrı vaxtlarda şəhər sakini, deyilənə görə davamlı sələmçiliklə məşğul olan Əliyeva Səbirə Oktay qızından etdikləri şikayətlərin demək olar ki, hamısına məhz belə cavab vermişdir. Həm də dərhal yox, xeyli çək-çevirdən sonra. Maraqlıdır ki, şikayətçilərin şikayətlərinin motivinin eyni olması hər şikayətin ətrafında "xeyli çək-çevir" aparan şəhər polisinin diqqətini çəkməmişdir.
Redaksiyamıza ayrı-ayrı məktublarla müraciət etmiş bir qrup Şirvan şəhər sakininin yazdıqlarına deyil, onlara əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin qətnamələrinin surətlərinə inansaq, aşkar görünən (göstərilən) budur ki, Səbirə Əliyeva çox imkanlı və olduqca humanist, ehtiyaclı insanlara əl tutan şəxsiyyətdir. Az qala hər istəyənə borc verirmiş. Qarşılığında da heç nə deyil, yalnız borclunun götürdüyü borcun məbləğini və qaytarılacağı tarixi təsdiqlədiyi borc müqaviləsi (iltizamnamə) alırmış. "Məsuliyyətsiz" borclular isə bir qayda olaraq onu aldadırmışlar, pulunu alıb qaytarmırlarmış. Səbirə xanım o qədər ürəyiyumşaq, savab qazanmaq istəyi güclü və sadəlövh adammış ki, dəfələrlə aldadıldığına baxmayaraq, insanlara borc verməkdə davam edirmiş. Əlindən gələn də yalnız bu olurmuş ki, ədalətinə çox inandığı Şirvan şəhər Məhkəməsinə onlardan şikayət edib pullarının geri qaytarılması tələbini ortaya qoyurmuş. Şirvan şəhər Məhkəməsinin laqeyd hakimləri isə onun pul tələbini təmin etsələr də, ona heç olmasa məsləhət də görmürmüşlər ki: "Ay mələk kimi insan, bu adamlara yaxşılıq yoxdur. Görürsən aldadırlar, xeyirxah işindən əl çək, daha heç kimə borc vermə. İndiyədək etdiyin yaxşılıqların savabı sənə yetər. Sənə də, bizə də əziyyət olmasın".
Borclular isə sanki bir-biri ilə danışıblarmış kimi Səbirə Əliyevanı sələmçilikdə suçlayırmışlar. Yazırlar ki, Səbirə xanım boircu böyük faizlə sələmə verir. Borc məbləğini xeyli üstələyən dəyərdə qızıl zinət əşyalarını girov götürüb saxlayır. Borc verdiyi şəxslərə imzalatdırdığı müqavilələrdə verdiyi pulun deyil, almaq istədiyi (yəni, qazancı də nəzərdə tutulmaq şərtilə) pulun qədərini yazır. Verdiyi pulu artıqlaması ilə geri alsa da belə, girovu qaytarmır. Qaytarmamaq bir yana, ümumiyyətlə, girov əşya götürdüyünü danır. "Qara məni basınca, qoy qaranı mən basım" prinsipi ilə hərəkət edərək, müqaviləni əsas götürüb məhkəməyə şikayət edir. Yazırlar ki, Səbirə xanımın əli vəzifəli şəxslərin ətəyindədir deyə, ondan qızıllarını geri tələb edən şəxslərə hədə-qorxu gəlir.
Şirvan şəhər Məhkəməsi isə həmişə Səbirə Əliyevanın "haqlı" tələbini yerinə yetirir, onun xeyrinə qətnamə çıxarır. Məhkəmə qətnaməsinə etiraz edən vətəndaşların isə əlləri boşda qalır. Onların hamısının yalançı, bircə Səbirənin doğruçu olduğu üzə çıxır. Məhkəmə etirazçıların hamısına xatırlatmışdır ki, Səbirə Əliyevanın borcu faizlə verdiyi barədə borc müqavilələrində qeyd yoxdur, Səbirəyə zinət əşyaları verdiklərini, götürdükləri borcu hissə-hissə qaytardıqlarını təsdiqləyən sübutlar ortada yoxdur.
Diqqətiçəkəndir ki, Səbirə Əliyevanın borclu saydığı adamlardan pulunu geri tələb etməsi üçün iddia müddətləri ötmüşdür. Sanki birdən ağlına gəlmişdir ki, hamısını məhz bu il məhkəməyə versin. Və bütün hallarda Şirvan şəhər Məhkəməsi onun "ağır xəstəliyini" nəzərə alaraq Mülki Məcəllənin 382-ci maddəsinə əsaslanıb iddia müddətinin bərpa edilməsini qət etmişdir. Olub ki, məhkəmə Səbirə Əliyevanın pul tələb etdiyi adamların iştirakı olmadan belə qətnamə çıxarmışdır.
Hazırda Şirvan şəhər sakini Qarayeva Çiçək Ağaqasım qızı çəkişmə aparır ki, Səbirə Əliyeva ona 4 il əvvəl 15 faizlə sələmə verdiyi 1400 (bir min dörd yüz) manat əvəzinə 3120 (üç min bir yüz iyirmi) manat qaytardığı halda, girov kimi götürdüyü sep-qolbaq dəstini, iki ədəd brilyant qaşlı üzüyü, biur ədəd qızıl qolbağı, bir ədəd qızıl nişan üzüyünü, bir ədəd yantar (kəhrəba) üzüyü, iki ədəd kulonu - ümumi şəkisi 80 qram olan qızıl-zinət əşyasını vermir.
Rəhimov Elşən Elxan oğlu yazır ki, 2013-cü ildə Səbirə Əliyevadan hər ay 150 (bir yüz əlli) manat əlavə faiz ödəmək şərtilə 1500 (bir min beş yüz) manat borc götürmüş, yeddi ay ərzində ona ümumilikdə 2550 (iki min beş yüz əlli) manat qaytarmışdır. Elşən də iddia edir ki, Səbirə ondan qiyməti 1500 (bir min beş yüz) və 200 (iki yüz) manat olan iki boyunbağı, İtaliya istehsalı olan 1000 (bir min) manat qiymətində qızıl zinət əşyaları dəsti, qiymətləri 300 (üç yüz) və 250 (iki yüz əlli) manat olan sırğalar, bir ədəd 200 (iki yüz) manat qiymətinə İtaliya malı olan kulon girov götürüb qaytarmır. Buna baxmayaraq Səbirə Əliyeva ona qarşı məhkəmədə 800 (səkkiz yüz) manat pul tələbi irəli sürmüşdür.
Etirazçılardan Xəlilov Vüqar Valeh oğlu və Xəlilova Mehriban Əsgər qızı yazırlar ki, Səbirə Əliyeva onlara 2012-ci ildə 3000 (üç min) manat borc pul vermiş, sonrakı beş ay ərzində ona üstünün 15 faiz sələmi ilə ümumilikdə 5250 (beş min iki yüz əlli) manat qaytarmışlar.
Etirazları məhkəmə tərəfindən qəbul olunmayan vətəndaşlar həmçinin bildirirlər ki, əl ilə yazılmış iltizamnamələri özündə saxlayıb indi şantaj vasitəsi kimi istifadə edən Səbirə Əliyeva qeyri-qanuni sələmçilik fəaliyyətindən dövlətə vergi ödəmir. Nəinki qızıl-zinət əşyalarını girov şəklində mənimsəyir, hətta mülkiyyət sənədlərini də girov götürüb insanların əmlaklarına əl qoyur. Sual ortaya qoyurlar ki, heç bir yerdə işləmədiyi, bizneslə məşğul olduğu halda bu qədər pulu hardandır. Məsələn, Nağıyev Mirağa Mustafa oğlu yazır ki, Səbirə Əliyeva onun bacısı Nağıyeva Gülşən Mustafa qızını şantaj edərək ondan 30000 (otuz min) manat pul istəyir. Hansı ki, Səbirə Gülşənə faizlə verdiyi əsas borc puldan əlavə 23 kv.m mağaza yerini, altı sot torpaq sahəsini və xeyli qızıl zinət əşyasını ondan girov götürmüşdür. G.Nağıyeva S.Əliyevaya ümumilikdə 36000 (otuz altı min) manat qaytarsa da, Səbirə onu da məhkəməyə vermişdir.
Ən nəhayət, öz əlləri ilə yazdıqları iltizamnamənin qurbanı olan Şirvan şəhər sakinləri bu qərara gəlmişlər ki, Səbirə Əliyeva ilə onların məhkəmə çəkişmələri apellyasiya instansiyasında ayrı-ayrılıqda nəzərdən keçirilməsin, birləşdirilsin. Amma... bu xahişləri də keçmir. Niyəsi bilinmir. Amma məntiqli tələbdir. Birdəfəlik aydınlıq gələr ki, bu vətəndaşlarmı əvvəldən bir-birləri ilə sözləşiblər, yoxsa, Səbirə Əliyeva məhkəmə ilə bu ərəfədə sözləşib. Axı bu qədər də təsadüf olmaz. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO