Azərbaycan İdeyası

Bakıdakı binalarda lift fobiyası

Tarix:6-09-2018, 12:59
Baxış Sayı:251

  Bakıdakı binalarda lift fobiyası

Liftlərin təhlükəsizliyinə görə məsuliyyəti kim daşıyır?

Argentinanın sənaye naziri Dante Sika bu günlərdə ölümdən dönüb. Belə ki, içərisində nazirin və 10 nəfərin olduğu lift gözlənilmədən 10 metr hündürlükdən qırılaraq şaxtaya düşüb. Xoşbəxtlikdən qəza zamanı heç kəs xəsarət almayıb.
Azərbaycanda da tez-tez liftlərdə bu cür insidentin yaşandığının şahidi oluruq. Məsələn, bu günlərdə Bakının Fəzail Bayramov 11/56 ünvanında yerləşən yeni yaşayış binasında xoşagəlməz qəza baş verdi. Binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq, birinci mərtəbəyə çırpılıb. Qəza zamanı liftdə 5 İraq vətəndaşı və bir azərbaycanlı olub. Qəza nəticəsində iki ərəb xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Bu səbəbdən əksər insanlarda lift fobiyası yaranıb, onlar liftə minməyə qorxurlar. Əksər hallarda liftlərdə yaranan problem onların təhlükəsizliyinin düzgün təmin olunmaması, vaxtaşırı baxış keçirilməməsi ilə bağlıdır.
Qeyd edək ki, liftlərin istismar müddəti 25 il müəyyən olunub. Buna baxmayaraq, həm paytaxtda, həm də digər böyük şəhərlərdə, Gəncə və Sumqayıtda istismar müddəti bitən liftlərdən istifadə olunur. Məlumata görə, hazırda Bakıda istismar müddətini başa vuran liftlərin sayı 5000-dən çoxdur. Bu isə çoxlu sayda insanın həyatının təhlükə altında olması deməkdir.
Xatırladaq ki, bu günə qədər liftlərin təmiri və yenilənməsi ilə bağlı dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Belə ki, 2013-cü ildə ölkə rəhbəri Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən bu şəhərlərdə olan çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb. Həmçinin dövlət binalarında istifadə olunan hər liftə görə ayda 35 manat pul ayrılır. Lakin liftlərin vəziyyəti ilə bağlı durum bu günə qədər dəyişməz olaraq qalır. Yalnız ara-sıra liftlərin hansısa elementləri təmir edilərək, yenidən istifadəyə verilir.
Bəs liftlərin təhlükəsizliyi necə qorunmalıdır? Qəza baş verən zaman məsuliyyət hansı qurumun və yaxud kimlərin üzərinə düşür?
Mövzu ilə bağlı ekspert Nüsrət İbrahimov “Yeni Müsavat”a danışıb:
“Sovet dövründə Bakıdakı çoxmərtəbəli binalarda yerləşən bütün liftlərə vaxtaşırı nəzarət olunurdu. İldə bir dəfə liflər yoxlamadan keçirilirdi. Hazırda isə çoxmərtəbəli binaların sayı iki dəfədən çox artıb. Lakin sovet dövründən bu günə qədər liftlərə nəzarət edən komitənin əməkdaşlarının sayı artmayıb. Həmin komitə Fövqəladə Hallar Nazirliyinin tabeliyindədir. Bu qurum vaxtaşırı bütün liftlərdə xüsusi proqramla yoxlamalar aparmalı, nəzarət etməlidir.
Liftlərə xidmət edən kommersiya qurumları var. O qurumlarla müqavilə bağlanılmalı, 2-3 aydan bir yoxlama keçirilməli, vəziyyətlə bağlı aktlaşma aparılmalıdır. Bundan əlavə, bina sakini liftdə hər hansı bir nasazlıq, səs müşahidə edərsə, mütləq şəkildə dərhal həmin quruma müraciət etməlidir.
Burada birinci məsuliyyət binanı istismar edən tərəfin üzərindədir. Yəni binada yaşayan mənzil mülkiyyətçiləri kimlə müqavilə bağlayıbsa, məsuliyyət onların üzərindədir. İkinci növbədə məsuliyyət müqavilə bağlanan kommersiya qurumunun üzərinə düşür. Üçüncü isə təbii ki, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan müvafiq qurumun üzərində olur".
Ekspertlər qeyd edir ki, liftdən istifadə edərkən liftin kabinəsinin divarına vurulmuş istifadə qaydalarına diqqət yetirilməlidir. Bu qaydalarda əsasən liftin istehsal tarixi, istehsalçı şirkət və liftin qaldırma qabiliyyəti haqqında məlumatlar öz əksini tapır. Məhz insanların xüsusi diqqət göstərməli olduğu əsas məsələ liftin qaldırma qabiliyyəti haqqında məlumatdır. Çünki lift istifadəçiləri bu məlumat əsasında liftə hansı sayda şəxsin minməsi və liftin ümumi tutum çəkisi haqqında məlumat əldə etmiş olur. Yadda saxlamaq lazımdır ki, liftdə olan şəxslərin sayının və ümumi çəkisinin müvafiq normanı ötməsi qəti qadağandır.
Bəzi hallarda insanlar lifti çağırmaq üçün ikiistiqamətli çağrı düyməsinin ikisini də basırlar. Bəziləri belə düşünür ki, bu halda lift daha tez gələcək. Bu, yanlış haldır və hər bir şəxs yalnız gedəcəyi istiqamətə uyğun - aşağı və ya yuxarı düyməni basmalıdır. Liftə mindikdən sonra isə yalnız gedəcəyiniz mərtəbənin düyməsini basmalısınız. Liftin qapılarının arasında dayanmaq olmaz. Liftə tez girib və tez də çıxmaq lazımdır.
Tez-tez rast gəlinən hallardan biri də uşaqların liftdən fərdi şəkildə istifadə etməsidir. Bu, uşaqlar üçün təhlükəli haldır. Belə ki, hər hansı nasazlıq ucbatından lift dayanarsa, insanlarda narahatçılıq və təşviş halları baş verir. Uşaqlarda isə bu hal daha qabarıq şəkildə özünü büruzə verir. Liftdə tək qalan uşaqlarda qorxu, həyəcan hissi bəzən o həddə çatır ki, onlar özlərini itirir, nə edəcəklərini bilmir və ağır psixoloji travma alırlar. Bu səbəbdən də uşaqların liftdən valideynlərsiz və böyüklərsiz istifadəsi qəti qadağandır.
Liftdə olarkən bir-birini itələmək, tullanmaq və sərt yerdəyişmələr etmək liftin dayanmasına səbəb olur. Və yaxud normadan artıq yüklənmə liftin normal fəaliyyətinə əngəl yaratmaqla yanaşı, onun sıradan çıxmasına da səbəb olur.
Lift sıradan çıxarsa, nadir hallarda sürətlə aşağıya doğru hərəkət edə bilər. Bu halda liftdə olan şəxs üzü üstə döşəməyə uzanaraq və ya çömələrək əllərini liftin sağ və sol divarlarına sıxmalıdır. Unutmaq olmaz ki, zəlzələ və yanğın zamanı liftdən istifadə qətiyyən olmaz, bu, insan həyatı üçün böyük təhlükə deməkdir. (musavat.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb