Azərbaycan İdeyası

İlin 9 ayı geridə qaldı: payızda manatı nə gözləyir?

Tarix:1-10-2018, 14:40
Baxış Sayı:313



 İlin 9 ayı geridə qaldı: payızda manatı nə gözləyir?
Milli valyuta payızda "üşüyəcəkmi"?- iqtisadçı alimdən ölkə iqtisadiyyatı ilə bağlı təhlil
2018-ci ilin 9 ayı geridə qaldı. Ötən 9 ay ərzində Azərbaycanın milli valyutası olan manatın məzənnəsində dəyişiklik nəzərə çarpmadı. ABŞ-ın Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsində dəyişiklik etsə də, qonşu dövlətlərin valyutaları devalvasiyaya uğrasa da, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi 1.70 AZN olaraq qalmaqdadır.
Eyni zamanda, ötən 9 ay ərzində dünya bazarında da neftin qiymətində artım nəzərə çarpdı. Bu isə neft ixracatçısı olan Azərbaycan iqtisadiyyatı üçün müsbət amil kimi xarakterizə olundu.
Bəs 9 ayın yekunu olaraq ölkə iqtisadiyyatının vəziyyəti necədir?
"Yeni Müsavat"a danışan iqtisadçı alim Fikrət Yusifov qeyd etdi ki, bu aylar ərzində ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra addımlar atılıb:
"Ötən illərdən fərqli olaraq ölkə iqtisadiyyatında artımlar qeydə alınır. Ötən ildə də bu, belə idi. Lakin 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün böhranlı il idi. Əminliklə deyə bilərik ki, 9 ayın yekunları 8 ayla müqayisədə daha da müsbət olacaq. Artıq ümumi iqtisadiyyatda pozitiv nəticələr qeydə alınıb. Ancaq ümumi iqtisadiyyatın aparıcı qanadı olan qeyri-neft sektorunda göstəricilər daha önəmlidir. Qeyri-neft sənayesində 10 faizə qədər artım qeydə alınıb. Digər sahələrdə də pozitiv nəticələr özünü göstərir. Hesab edirəm ki, ilin sonuna doğru bu rəqəmlər daha da artacaq. Məlumdur ki, indi payız aylarıdır və yığım dövrüdür. İlin sonunda isə müsbət nəticələri görəcəyik. Bunlar hamısı onun nəticəsidir ki, dünya bazarında 3 il öncə neftin qiymətləri kəskin şəkildə ucuzlaşdığı ərəfədə hökumət Azərbaycanda post-neft dövrü elan etdi. Bu istiqamətdə doğrudan da ciddi addımlar atıldı.
Bunun nəticələrini görməkdəyik. Daxili bazarın yerli məhsullarla təmin edilməsi istiqamətində ciddi işlər görülür. İlk növbədə eyniadlı məhsulların idxal rüsumlarının artırılması, digər tərəfdən Azərbaycanda ixracın stimullaşdırılması, xaricdə Azərbaycanın ticarət yerlərinin açılması, səfirlik və konsulluqlarda bu ticarət nümayəndələrinin müəyyən edilməsi böyük kompleks tədbirlərin ayrı-ayrı hissələridir. Bunlar ona hesablanıb ki, Azərbaycanda real sektor daha sürətlə inkişaf etsin. 2014-cü ilin ortalarında neftin qiyməti kəskin şəkildə aşağı düşən zaman bir daha başa düşdük ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Elə səviyyədə olmalıdır ki, dünya bazarında neftin qiyməti ucuzlaşan zaman Azərbaycan iqtisadiyyatı problemlər yaşamasın. Təbii ki, iqtisadiyyatda problem olarsa bu, ölkənin milli valyutasına, maliyyə vəziyyətinə təsir edir. Bütün bunlar isə investisiyaların artımına da təsir göstərir və itkilər baş verir. Bu gün görülən tədbirlər yaxın 2-3 il içərisində özünü göstərəcək. Artıq idxalda bəzi məhsullara daha yüksək rüsumların tətbiq edilməsi, daxildə həmin məhsulları əkib-becərən şəxslərin işini də stimullaşdırır. Kartof, bəzi tərəvəz məhsullarının əkilməsi çox yüksək səviyyədədir. Biz artıq bunun böyük hissəsini ixrac da edə bilirik".
İqtisadçı alim payız aylarında manatı nəyin gözləməsi barəsində də danışıb: "Rusiya və Türkiyə aydındır ki, bizimlə ciddi ticarət dövriyyəsindədir. Türkiyə ilə bizim 5 milyard ABŞ dollarına yaxın ticarət dövriyyəmiz var. İranla da bu qədər olmasa da ticarət əlaqələrimiz var. Qeyd etdiyimiz ölkələrin milli valyutalarının dollara nisbətdə ucuzlaşması, təbii ki, bizi vadar edir ki, manatımıza baxaq. Bu durumda biz manatın məzənnəsini hökmən sabit saxlamalıyıqmı, yoxsa analoji addımlar atmalıyıq? Doğrudur ki, sadaladığımız ölkələrdə milli valyutalar əsasən siyasi səbəblər üzündən ucuzlaşıb. Lakin buna baxmayaraq, nə qədər ki, iqtisadi-siyasi əlaqələrimiz dərindir, biz manatın məzənnəsində müəyyən yumşalmalara getsək, daha yaxşı olar. Çünki bu gün dünya bazarında neftin qiymətləri elə bir həddədir ki, bu, 2014-cü ilin ortalarından bəri olan bütün rekordları təzələyib. Hər kəsə bəllidir ki, bu, siyasi müstəvidə ABŞ-ın Rusiyaya, İrana qarşı olan sanksiyaları ilə bağlıdır. Noyabr ayının əvvəllərində İran neftinə sanksiyalar tətbiq olunacaq. Eyni zamanda, İran və Rusiyaya qarşı bundan başqa da sanksiyalar paketi hazırlanır. Belə bir zamanda, təbii ki, həmin ölkələrin milli valyutalarında bir qədər də ucuzlaşma baş versə, neftin qiymətinin hansı səviyyədə olmasına baxmayaraq, mütləqdir ki, valyutamızın məzənnəsinə yenidən baxaq. Tədricən dəyişiklik olmalıdır. Çünki biz bazarda baş verən prosesləri öz maliyyəmizdə hiss edirik. Manatın məzənnəsini bugünkü kimi saxlasaq, sabah da siyasi səbəblərdən neftin qiyməti kəskin ucuzlaşsa, o zaman biz yenidən kəskin devalvasiyaya getməli olacağıq. Unutmaq olmaz ki, neftin qiyməti siyasi səbəblərdən bahalaşır. Bir gün barış olarsa, bu qiymətlər belə yüksək olmayacaq və sürətlə düşəcək. Manatın məzənnəsinin az-az ucuzlaşdırılması, bizim ixrac istehsalımızın sığortalanması deməkdir. Bu gün qeyd etdiyimiz ölkələrdə milli valyuta ucuzlaşırsa, bizim məhsullarımız orada ixracatçıya əvvəlki qədər valyuta gətirə bilmir. Bu da ciddi haldır".
İqtisadçı qeyri-neft sektoru sahəsində görülməli olan işlər barəsində aşağıdakıları söyləyib: "Əvvəlcə deyim ki, qeyri-neft sektorunun inkişaf sürəti, qəbul edilmiş qərarlara adekvat deyil. Cənab prezident bütün səylərini ortaya qoyub, hətta heç kimin ağlına gəlməyən addımlar da atılır ki, real sektor inkişaf etsin. Strateji yol xəritələri, onlarla müxtəlif qərarlar, biznes sahəsində atılan addımlar və digərlərini saatlarla sadalamaq olar. Ancaq təbii ki, nəticələr bir o qədər də ürəkaçan deyil. Deməli, burada icraçılarda problem var. İcraçılar qəbul edilmiş qərarları lazımı səviyyədə icra edə bilmirlər. Doğrudur, qeyri-neft sektorunda müəyyən inkişaflar var. Ancaq nəzərə alaq ki, bizim 1 illik idxalımız 12 milyard dollardır. Ancaq biz cəmisi 1 milyard 200 minlik ixrac ediriksə, bu, ən yaxşı halda idxalımızın 10 faizi qədərdir. Lazımdır ki, bizim ixracdan gələn valyuta gəlirlərimiz, ümumi idxalımızın təxminən 40-50 faizi səviyyəsində olsun. Yəni il ərzində 1-1.2 milyard dollar deyil, 5-6 milyard dollar valyuta əldə etməliyik. Belə olarsa, neftin qiymətləri bizi narahat etməyəcək. Baxın, aqrar sektora böyük ümidlər bəslənirdi. Keçmiş rəhbərlik 3-4 il müddətində faktiki olaraq bu ümidləri doğrultmadı. Bir xeyli iş görülsə də, böyük itkilər də oldu. Yeni rəhbərlik aqrar sektorda pozitiv addımlar atıb, inkişafa səy göstərir. Kadr, icraçı məsələsi çox önəmlidir. İcraçıların hamısı prezidentin tələb etdiyi səviyyədə, qəbul edilən qərarlara adekvat şəkildə işlərini qura bilsələr, biz bu gün yəqin 1.5 milyard deyil, daha yüksək ən azı 2.5-3 milyard ixracdan gəlir əldə edərdik və qarşıdakı illərdə bunu 4-6 milyarda da qaldırmaq olardı". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO