Azərbaycan İdeyası

"MTN" qisas alır - Oğulları nahaqdan həbs olunan ədliyyə polkovniki son ümid kimi prezidentə üz tutdu

Tarix:9-04-2019, 15:34
Baxış Sayı:310

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müxtəlif vəzifəli şəxslərinin mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar işlədikləri qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq, hakimiyyətdən və qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq tamah məqsədilə və digər şəxsi maraqlarına görə əmlakını hədə-qorxu, şantaj etmə yolu ilə əldə etdikləri, həmçinin qanunsuz azadlıqdan məhrum etmək yolu ilə külli miqdarda pul vəsaitlərini əllərindən alaraq müflis etdikləri vətəndaşlar arasında hazırda həbsdə olan, məhkəmələri necə deyərlər, "acı bağırsaq kimi uzanan" Sadıxov Xalıq və Fariz qardaşları da vardır. Qardaşların bəxti onda gətirməyib ki, barəsində şikayət etdikləri yüksək vəzifəli MTN əməkdaşlarının bəziləri hələ də məsuliyyətə cəlb olunmayıblar və onlar cinayət təqibi orqanlarındakı və məhkəmə sistemindəki dostlarının əli ilə şikayətçilərdən qisas alırlar.
Bakı şəhəri Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi - 109 ünvanda qeydiyyatda olan, ədliyyə polkovnik-leytenantı Sadıxov Faiz Xalıq oğlu redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı Açıq Ərizənin qəzetimizdə dərc olunmasını xahiş etmişdir. Ərizəni təqdim edirik:
Möhtərəm Prezident!
Oğlanlarım Sadıxov Xalıq və Sadıxov Fariz barəsində 2014-cü ildə başlanan cinayət işinin istintaqı 14.02. 2015-ci il tarixdə başa çatmış və işə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Arıq 5 ildir ki, ibtidai və məhkəmə istntaqı aparılır, lakin hakimlər ədalətli qərar qəbul edə bilmirlər. Buna əsas səbəblərdən biri ləğv edilmiş MTN-nin bir qrup rəhbərləri barədə aparılan istintaq işində oğlum Sadıxov Xalıqın zərərçəkmiş şəxs qismində tanınması və məhkəmədə təqsirləndirilən şəxslərin cinayətkar əməllərini ifşa etməsi, oğlumu zorla MTN-nin inzibati binasına gətirdərək ondan xüsusilə külli miqdarda pul tələb edərək alınması, verməyəcəyi təqdirdə həbs ediləcəyi, barəsində cinayət işi başlanacağı, rüsvayedici məlumatlar yayılacağı və s. hədələyən MTN-nin ən nüfuzlu rəhbərləri barədə məlumatları verməsi olmuşdur. MTN rəhbərlərinin cinayətkar əməllərinin açılmasında oğlum Xalıqın fəal iştirakı, həbs olunmayan, cinayətdən gizlənən digər rəhbərlərin və onların havadarlarından daha böyük rəhbərlərin sifarişinin nəticəsidir ki, 5 il gedən məhkəmə prosesi başa çatmır.
Daha doğrusu, haqq-ədalətin məhkəmə istintaqında oğlumun xeyrinə olması açıq-aydın görünsə də, sonda hakimlər gizli şəkildə bu işin xüsusi sifarişlə təşkil edildiyini açıq-aşkar olmasa da, dolayısı ilə qəbul edirlər. "Bizlik bir şey yoxdur" etirafı bu işin necə təşkili, sifarişli olmasını tam təsdiq edir. İşə baxan hakimlər: Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucov, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Faiq Qasımov, Həsən Əhmədov, İlqar Murquzov, Əmir Bayramov ayrı-ayrı vaxtlarda işə baxmış (Faiq Qasımov istisna olmaqla) ədalətsiz hökm çıxarmış, hökm Ali Məhkəmənin hakimi Əli Seyfəliyev (Ona minnətdaram!) tərəfindən tamamilə ləğv edilərək yeni göstərişlə və bəzi məsələlərə aydınlıq gətirməklə işi geri qaytarılmışdır. Yeni apellyasiya məhkəməsi baxışı zamanında ittihamın sübuta yetməməsinə baxmayaraq, Əmir Bayramov Ali Məhkəmənin qərarında (Əli Seyfəliyevin sədrliyi ilə) göstərilən arqument və dəlilləri araşdırmadan və əməl etmədən ədalətsiz hökm çıxarmaq niyyətindədir. Əmir Bayramovun məhkəməni bağlı elan edəndən sonra oğlum Sadıxov Xalıqı yenidən məhkəmə zalına çağıraraq, "bu, bizlik deyil və biz özbaşına deyilik" ifadəsi istintaqın necə də iyrənc aparılmasından xəbər verir. Bəlkə də Əmir Bayramov həqiqəti dedi, ancaq hər bir halda dedi və sanki, ürəyini boşaltdı. Ən dəhşətli faktlardan biri də budur ki, 29.04.2014-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən iki oğluma qarşı AR CM-nin 178.3.2, 308.2, 192.2.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmış, bir gün sonra oğlumun işlədiyi ofisdən 72347 manat pulu və həmin pullara aid 25 ədəd qovluq olan sənədləri götürmüşlər. 15 gündən sonra, yəni, 14.05.2014-cü il tarixdə həmin pulu guya müstəntiq Kazım Həmzətov oğluma qaytarmışdır. Pulun sənədləri isə 7 ay 22 gündən sonra, yəni, 22.12.2014-cü il tarixdə ofisə qaytarılmışdır.
Qəribə bir ziddiyyət yaranır: Dələduzluq cinayəti ilə istintaqı aparılan şəxsə pul qaytarılır, həmin pulun sənədləri isə istintaq materiallarında saxlanlır. Sənədlər istintaq orqanlarındadırsa, 72347 manat pul məbləği oğluma nə səbəbə verilib, oğlum həmin pulu təyinatı üzrə sənədsiz hara göndərə bilərdi? Bu, o demək deyilmi ki, ümumiyyətlə oğluma pul verilməyibdir? Bu fikri oğlum dəfələrlə bütün məhkəmələrdə bildirdi ki, mənə müstəntiq pul qaytarmayıb. Xahiş edib ki, müstəntiqi onunla üzləşdirsinlər. Lakin 4 dəfə məhkəmə tərkibi dəyişilmiş bir prosesdə müstəntiqin məhkəməyə gəlməsinin əleyhinə çıxıblar. Bu biabırçı hal deyilmi? Kimdir bu müstəntiq, kimin adamıdır, arxasında kimlər dayanır - sirr olaraq qaldı. Laki sirr olmayan hal odur ki, 72347 manat puldan müstəntiqdə 72 manat belə qalmayıb. Pul daha yuxarı dairələrdəki "qurdlar" arasında bölüşdürülüb. Əlbəttə ki, ləğv edilmiş MTN rəhbərliyi və bəzi prokurorluq əməkdaşları birləşib bu işi təşkil ediblər.
Cənab Prezident, Baş Prokurorluqda oğlanlarımın qanunsuz tutulması və sifariş əsasında həbs edilməsini rəhbərlikdən sıravi prokurorlara qədər hamı bilir. Heç kim bu işin əsl həqiqətlərini açıqlamır. Yeganə şəxs Sizsiniz ki, yalnız Siz bu oyunların haradan qaynaqlandığını və bu düyünü bircə göstərişinizlə aça bilərsiniz və bizə Sizin dəstəyiniz lazımdır. İmkan verməyin ki, günahsızlar cəzalansınlar, günahkarlar isə azadlıqda qalsınlar. Bu, ən azı Allaha acıq gedər. Mənim isə Sizə əlim çatır. Möhtərəm Prezident, Sizdən xahiş edirəm, bir qoca, ümidləri kəsilən atanın müraciətinə laqeyd qalmayın. Bu cür haqsızlıqla mübarizə aparmaq üçün Sizdən dəstək və kömək istəyirəm.
Hörmətlə,
təqaüddə olan ədliyyə polkovniki Faiz Sadıxov. 07.01.2019

Redaksiyadan: Faiz Sadıxovun redaksiyamıza verdiyi əlavə məlumatlardan və təqdim etdiyi materiallardan məlum olur ki, keçmiş MTN əməkdaşları onun oğullarını sahibkarı olduqları turizm şirkətinin xətti ilə guya qanunsuz viza alverində və başqa qanunsuz əməllərdə suçlayaraq həbs edəcəkləri ilə hədələmiş və külli miqdarda rüşvət tələb etmişlər. Xalıq Sadıqov ittiham əsassız olsa da, hədəni real qəbul etmiş və tələbi yerinə yetirmişdir. "MTN işi"nin bir qismini aparan Bakı Hərbi Məhkəməsi Sadıxov Xalıq Faiz oğlunu zərərçəkmiş qismində tanımışdır. Ümid edir və inanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyev ixtiyar yaşlı zabitin imdad diləyinə həssas yanaşacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb