2019-cu ilin əvvəlindən Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi artırılıb. Ötən ilin son aylarını fürsət bilən idxalçılar xaricdən daha çox avtomobil gətirmişdilər. 2018-ci ildə Azərbaycana ən çox avtomobil Dekabr ayında idxal olunmuşdu. Noyabr və oktyabr aylarında da idxal yüksək sayda baş tutmuşdu. Dekabr ayında ölkəmizə 6162 ədəd cəmi avtomobil, o cümlədən 5718 ədəd minik avtomobili idxal olunub. Noyabr ayında ölkəmizə 3378 ədəd cəmi avtomobil, o cümlədən 3084 ədəd minik avtomobili idxal olunmuşdu. Beləliklə, o vaxtkı məlumatlarda avtomobil idxalı aylıq müqayisədə 1,8 dəfə artdığı qeyd olunurdu. Həmin ərəfədə pul alıb sözünə əməl etməyən maşın alverçilərinin və onlardan avtomobil gözləyən müştərilərin aralarında mübahisələr yaranmışdır. Lakin bizim nəzərdən keçirdiyimiz misalda, alverçi nə maşını gətirib, bnıə də pulu qaytarıb.
Salyan rayonunun Qarabağlı kəndində yaşayan vətəndaş Elmir Rahil oğlu Əzizov redaksiyamıza ərizə ilə müraciət edərək aldadılmasının təfərrüatlarını ictimailəşdirməyi, aidiyyati qurumların diqqətinə çatdırılmasını xahiş etmişdir. Məhz KİV-ə üz tutmasını həm də ona görə məqsədəuyğun hesab etmişdir ki, başqaları da onu aldadan şəxslərə aldanmasınlar.
Əzizov bildirir ki, 18 noyabr 2018-ci il tarixdə avtomobil almaq məqsədilə rayondan Bakıya gəlib və təsadüfən uzaq qohumu Əlixanov Elman İdris oğlu ilə rastlaşıb. Gəlişinin məqsədini öyrənən Elman ona deyib ki, dostu Əliyev Bəxtiyar Məzahir oğlu xarici ölkələrdən avtomobil gətirir, bu məsələdə ona kömək edə bilər. Elə həmin gün Bəxtiyarın yaşadığı Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki evinə gediblər. Bəxtiyar evdə olmadığından, onları atası Məzahir kişi qarşılayıb, tanış olublar. Bir də vədələşib noyabrın 21-də Elmirlə ata və oğul Əliyevlər üçlükdə görüşərək "ASAN Xidmət" Mərkəzinin Yasamal rayonundakı filialına gediblər. Bəxtiyar Elmirdən onun ümumvətəndaşlıq pasportunu və etibarnamə götürüb, avtomobilin xarici ölkədəki qiyməti məbləğdə pul istəyib, deyib ki, pulun qalan hissəsini avtomobili gətirəndən sonra ödəyər. Elmir Əzizov yazır ki, bu şərtin kəsildiyinə şahid olması üçün Elman Əlixanova zəng vurub danışmaq istəyib, amma həmin vaxt o, telefona cavab verməyib:
"Əliyev Məzahir mənim narahat olduğumu görüb dedi ki, “narahat olma, biz Elmanla qohum-qonşuyuq, burda aldadılmaq söhbəti ola bilməz". Sonra Məzahir kişinin maşınına əyləşdik, 14000 AZN (on dörd min manat) verdim, Bəxtiyar da pulu alıb dedi ki, qalan 13000 (on üç min) manatı avtomobil gəluib çıxandan sonra verərsən, dekabr ayının 5-i ilə 10-u arası maşının Bakıda olacaq. Əliyev Bəxtiyar xaricə gedəndən sonra vatsapla əlaqə saxlayırdı, deyirdi Şirvan şəhərinə maşın gətirəcək, o maşını Bolqarıstandan paroma (bərəyə) verib, qayıdıb mənim maşınımı götürüb söz verdiyi tarixə Bakıda olacaq”.
Əzizov yazır ki, Bəxtiyar həmin tarixdə, yəni, dekabrın 5-10-u arası Bakıya gəlib, Şirvan şəhərinə gətirəcəyi maşını gətiribmiş:
“Bu məsələni atası Məzahir gizlədirdi, deyirdi Bəxtiyar noyabr ayından gedəndi. Sonradan məlum oldu ki, həqiqətən həmin tarixlərdə Bəxtiyar Bakıya gəlibmiş. O vaxtdan bildim ki, aldadılmışam və qohumum Əlixanov Elmana zəng vurub Bəxtiyarla əlaqənin kəsildiyini bildirdim. Elman da dedi ki, “narahat olma, Bəxtiyarla atası Məzahir Əliyevlər indiyədək yüzlərlə maşın gətiriblər, səninki də gəlib çıxar”. Sonradan Əliyev Məzahirlə əlaqə saxladım, o da eyni qaydada dedi ki, narahat olmayım, Bəxtiyar gələcək. Daha sonra Əliyev Məzahirə xəbərdarlıq etdim ki, siz mənə qarşı dələduzluq edirsiz, mən də məcbur olub hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Ertəsi gün Əliyev Məzahir mənə zəng vurdu ki, iki gündü Bəxtiyar çıxıb, maşını gətirir. Sonra əlavə etdi ki: “Mən ölməmişəm ki? Başqa problem olarsa, öz maşınımı satıb sənin pulunu mən verəcəyəm . O vaxtdan bu üç şəxs mənə qarşı dələduzluq edərək aylardır boş-boş vədlər verib məni aldadırlar. Onu da qeyd edim ki, vatsapla əlaqəmizin kəsildiyi həmin ərəfədə Almaniyadan müxtəlif xarici telefon nömrələriylə mənə zənglər gəlirdi, mənəvi olaraq da mənə ciddi zərbələr vurublar”.
Belə başa düşdük ki, Bəxtiyar Əliyev xaricdən müxtəlif telefon nömrələri ilə Elmirə zəng vuraraq danışmamaqla guya əlaqə saxlamağa cəhd etməsi təsəvvürünü yaratmaq istəyirmiş. Ehtimal vardır ki, Bəxtiyar və Məzahir Əliyervlər Elman Əlixanov kimi vasitəçilərin əli ilə dələduzluq yolu ilə daha çox vətəndaşın etibarından sui-istifadə edib pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vurublar.