Azərbaycan İdeyası

GENERAL RAMİZ ZEYNALOV: DÖVLƏT RƏHBƏRLİYİNİN ETİMADINI DOĞRULTMAQ NÜMUNƏSİ

Tarix:27-09-2019, 15:41
Baxış Sayı:1 119

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin ötən ildən start verdiyi struktur islahatları bu il iyunun 20-də imzaladığı sərəncamlarla davam etdirildi. Ölkə rəhbərinin qərarları ilə Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunan Ramil Usubovu azad olunduğu daxili işlər naziri vəzifəsində Vilayət Eyvazov əvəz etdi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsinə aparıldı. Onu DTX-da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyev əvəzlədi.
Struktur islahatlarının davam etdiriləcəyi, daha bir neçə vəzifəli şəxsin vəzifədən azad ediləcəyi bildirilir, o cümlədən, kadr islahatlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsini də əhatə edəcəyi deyilirdi. Adı çəkilən İdarədə rəis müavini və şöbə müdiri vəzifələrini daşıyan iki məmur təqaüdə göndərilsə də, İdarə rəisi, polis general-mayoru Ramiz Zeynalovun 25 ildir daşıdığı vəzifədə qalması bəzi müzakirələrə səbəb oldu.
Həmin ərəfədə bu məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa KİV-ə verdiyi müsahibədə deyib ki, vəzifə yox, o vəzifəyə nə dərəcədə layiq olmaq önəmlidir: "Son təyinatlar ona görə cəmiyyətdə normal dəstəklə qarşılandı ki, həmin vəzifələrə peşəkarlar gətirildi. Ramiz Zeynalov da Azərbaycanda bu sahədə ən peşəkar məmurlardan biridir və öz sahəsinə yüksək səviyyədə xidmət edir. Yol hərəkətinin tənzimlənməsi çox ağır sahədir. Bu vəzifəyə kimi gəldi təyin etmək, yolu kimə gəldi etibar etmək olmaz. Məhz təcrübəsinə, peşəkarlğına görə Ramiz Zeynalov uzun müddətdir bu vəzifədə təmsil olunur. Hesab edirəm ki, bundan sonra da ona etimad göstərilə bilər”.
Fazil Mustafa haqlı olaraq həmin müsahibəsində Ramiz Zeynalovun vəzifədən göndəriləcəyi üzərində formalaşdırılan fikirlərin anlaşılan olmadığını vurğulamışdı.
İndi isə Ramiz Zeynalovun zəngin və şərəfli bioqrafiyasına nəzər salaq:
1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib.1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb.
1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru” rütbəsi verilib. 1995-ci ildə "İgidliyə görə” medalı, 2006-cı ildə isə "Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailəlidir, bir övladı var.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə tərəqqiyönlü işlər görülür və görülməkdədir. İnkişafı göz oxşayan sahələrdən biri də əlbəttə ki, ölkəmizin yol-nəqliyyat infrasrtukturudur. Hava, su, dəmiryol və avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, müasir standartlara uyğunlaşdırılması ilə yanaşı, yollarda təhlükəsizliyin təmin olunmasına nəzarət sistemi də səlis işləyir. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi cənab Ramiz Zeynalovun rəhbərliyi altında avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmini sahəsində çoxsaylı və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlərə DYP əməkdaşlarının stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki vasitələrin tətbiqi ilə yollarda hərəkətin təhlükəsizliyinin təmininə nəzarət etməsi, yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək; xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək; yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək və sair aiddir.
Ramiz Zeynalov polis daxili işlər orqanlarında işlədiyi bütün vəzifələrdə cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirmiş, bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmuşdur desək, yanılmarıq. O, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində həyata keçirmiş, etik davranışı ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmağa və möhkəmləndirməyə xidmət etmişdir. Vəzifəsinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, daxili işlər orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə yönəlmiş Ramiz müəllim heç vaxt insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmişdir. Bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmuşdur. Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən həmişə qərəzsiz olmuş və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsinə şərait yaratmamış, eləcə də siyasi bitərəfliyə əməl etmişdir.
Çox hörmətli Ramiz müəllimə qarşıdakı fəaliyyətində uğurlar, möhkəm can sağlığı arzulayırıq. İnanırıq ki, o, həmişə olduğu kimi bundan sonra da cavan həmkarlarına dövlət rəhbərliyinin etimadını doğrulmaq, dövlətə, dövlətçiliyə vicdanla, ləyaqətlə, şərəflə xidmət etmək nümunəsi göstərəcəkdir.


Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO