Azərbaycan İdeyası

QAZAXDA MASAJÇI QADINA "XOŞRƏFTAR" OLMADIĞI ÜÇÜN ÖZ ƏLİ İLƏ QUYU QAZDIRIRLAR

Tarix:27-09-2019, 15:45
Baxış Sayı:4 919

Qazax rayonu Nərimanov yaşayış massivi - 11 ünvanda yaşayan Məhərrəmova Samirə Vaqif qızı redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, sahibkar Əzimov Eldəniz Yusif oğlunun qeyri-qanuni işlətdiyi "İsrafil Ağa" hamamında masajist işləyirmiş. Eldəniz ondan hamamın müştərilərinə masajdan əlavə vəzifə funksiyalarına aid olmayan başqa xidmətlər də göstərməyi tələb edəndə bununla razılaşmayıb və bu üzdən işdən qovulmuşdur. Bundan sonra S.Məhərrəmova hüquqları pozulmuş bir vətəndaş kimi, iş adamları üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə edən sahibkar Əzimov Eldəniz Yusif oğlunun qeyri-leqal işçilər cəlb edərək, heç biri ilə əmək müqaviləsi bağlamadan onların əməyini quldarcasına istismar etməsi, vergi və əmək qanunvericiliyinin tələblərini pozması, bütün pul hesablaşmalarını nağd yolla həyata keçirərək maliyyə şəffaflığını təmin etmədiyi "İsrafil Ağa" hamamını və "Aybəniz" şadlıq sarayının altındakı "Buxar" saunasını qeyri-qanuni işlətməsi, yalnız həmin obyektlərin yerləşdiyi ərazini icarəyə götürdüyü Qazax RİH-nin Kommunal Müəssisələri Kombinatına icarə haqqı ödəməklə işini bitmiş hesab etməsi, işəgötürən kimi işçiləri ilə münasibətlərin tənzimlənməsində məhz özünün daşıdığı məsuliyyətdən boyun qaçırması barədə Azərbaycan Respublikasının I vitse-prezidentinə, Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Ümid edirmiş ki, Eldəniz Əzimovun fəaliyyəti yoxlanılacaq, onun qanunsuz əməllərinə lazımi hüquqi qiymət veriləcək. S.Məhərrəmova yazır ki, onun şikayətindən sonra vergi orqanı tərəfindən Eldəniz Əzimovun obyektində nəticəsi ona məlum olmayan yoxlama aparılmışdır: "ƏƏMN-nin regional əmək müfəttişliyi də məni çağıraraq izahatımı almışdır. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd müəllim məni icra hakimiyyətinə dəvət edərək söhbət etmiş, məni işə bərpa etdirəcəyini, avqust ayının 10-dan etibarən yenidən işə çıxa biləcəyimi vəd edərək daha yuxarı instansiyalara şikayət yazmaq fikrimdən daşındırmağa çalışmışdır. Mən icra başçısının müavininin sözünə inanaraq avqustun 10-da Eldəniz Əzimovun yanına getdim. O isə məni acıqlı tərzdə qovdu. Dedi ki, "şikayət etdin, sənə nə xeyri oldu? Vergidən gəldilər yoxlamağa, pullarını verdim, yola saldım, getdilər. Başçının müavini Məmməd müəllim isə mənim uşaqlıq dostumdur". S.Məhərrəmova sonradan öyrənib ki, Eldəniz Əzimov onu izahat yazmağa dəvət edən regional əmək müfəttişliyinin çağırışına da məhəl qoymayıb. Müfəttişlik isə sahibkarlıq subyektlərində yoxlama aparmaq səlahiyyətinin 2021-ci ilədək məhdudlaşdırılması səbəbindən Eldənizə heç bir təsir göstərə bilmir. Şikayətçi onu da qeyd edir ki, Eldəniz Əzimova məxsus, qardaşı Elşadın gecələr saat 3-ə kimi işlətdiyi "Buxar" saunasında ikrahdoğurucu olaylar baş verir və Eldəniz polislə də aylıq hesablaşdığından, ona "gözün üstə qaşın var" deyən yoxdur. Nəhayət, S.Məhərrəmovanın yuxarı instansiyalara göndərdiyi şikayət ərizələri görünür, əks-səda doğurub, ərazi vergi idarəsindən Eldəniz Əzimovun fəaliyyətini yoxlamağa müfəttişlər göndərilib. Bu vəziyyət deyəsən həqiqətən də Eldənizin uşaqlıq dostu olan Məmməd müəllimi narahat edib. Əvvəlcə Qazax RİH tərəfindən Samirə xanımın anası, qızının pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəyə qoşulan Məhərrəmova Tərlan İsaxan qızının ünvanına bu məzmunda 14 avqust 2019-cu ul tarixli məktub göndərilmişdir: "...Məlumat üçün bildiririk ki, müraciətinizlə əlaqədar Siz və hamamın icarədarı Eldəniz Əzimov 29.07.2019-cu il tarixdə Rayon İcra Hakimiyyəti başçısının aparatına dəvət oldunuz və bu barədə ətraflı söhbət aparıldı. Ailə vəziyyətinizi nəzərə alaraq qızınızın yenidən işə qaytarılması üçün sizə lazımi köməklik göstərildi. Nəzərə almağınızı xahiş edirik". Lakin işə bərpa olunmadığı, Eldəniz Əzimov tərəfindən təkrar qovulduğu halda RİH-nin məktubunda hansı "lazımi köməklikdən" söhbət getdiyini başa düşməyən şikayətçi KİV-ə göndərdiyi ərizədə yazır: "Məmməd müəllim məni yenidən İcra Hakimiyyətinə çağıraraq özü tərəfindən tərtib olunmuş, hüquq-mühafizə, dövlət orqanlarına ünvanlı və guya Eldənizə böhtan atdığımı etiraf etməyimi əks etdirən məzmunda ərizəni göstərdi, qol çəkməyimi, sonra da notariat qaydasında təsdiqlətdirib ona qaytarmağımı tələb etdi. Vəd etdi ki, yalnız bundan sonra mən işə bərpa oluna bilərəm. Mən isə öz əlimlə mənə quyu qazamaq istədiklərini görüb bu tələbi yerinə yetirmədim". Onu da qeyd edək ki, S.Məhərrəmova həmin ərizəni özü ilə götürmüş, bir surətini də redaksiyaya yazdığı ərizəyə qoşma etmişdir. Məmməd müəllimin planı isə Samirəyə imzalatdırmaq istədiyi ərizənin mətnindən məlum olur. Həmin mətnlə hörmətli oxucuları da tanış edirik: "Mən - Məhərrəmova Samirə Vaqif qızı bu ərizəni yazıb bildirmək istəyirəm ki, indiyədək Əzimov Eldəniz Yusif oğlunamüxtəlif şər-böhtanlar atmışam. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə, mətbuat orqanlarına, müxtəlif qeyri-hökumət təşkilatlarına, Vergilər Nazirliyinə, Əmək Müfəttişliyinə və s. bu yazdıqlarım şər və böhtan xarakterli məktublar, video-müraciətlər heç bir reallığı əks etdirmir. Əzimov Eldəniz məni heç vaxt fahişəliyə cəlb etməyib. Mən bunu kimlərinsə yanlış məsləhətləriylə etmişəm və buna çox peşmanam. Mən Məhərrəmova Samirə Vaqif qızı bundan sonra söz verirəm ki, daha heç vaxt şər və böhtan xarakterli şikayətlər etməyəcəyəm. Bu məktubumla həm də hamamın icarədarı Əzimov Eldəniz Yusif oğlunun yanında işləmək üçün xahiş edirəm. Mən indiyə kimi etdiyim səhvlərə görə üzr istəyirəm. Fürsətdən istifadə edib işlədiyim obyektin yanında yaşayan sakinlərə qarşı etdiyim kobudluğa, şər-böhtana görə də üzr istəyirəm. Xahiş edirəm, mənim maddi çətinliyimi nəzərə alıb mənim etdiyim səhvləri bağışlayasınız və mənə sonuncu dəfə şans verəsiniz və məni Hamama "masajçı" vəzifəsinə qəbul olunmağıma köməklik edəsiniz. Bu gündən etibarən mən söz verirəm ki, obyektin nizam-intizam qaydalarına riayət edəcəyəm. İşçilərlə, müştərilərlə, ətrafda yaşayan sakinlərlə xoşrəftar olacağam. Mən dərk edirəm ki, bu, mənim sonuncu şansımdır və bundan sonra işdən çıxarılaramsa, bir daha heç bir quruma müraciət etməyəcəyəm və işimə bərpa olunmaq şansım qalmır. İş vaxtı sakitçiliyə riayət edəcəyəm. Obyektdə yalnız mənim üzərimə düşən masaj xidmətləri göstərəcəyəm. Masaj zamanı qanunazidd, yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qadağan olunmuş hansısa (intim və s. oxşar) xidmət və s. oxşar hərəkət etməyəcəyəm. Belə bir video-fakt və s. üzə çıxarsa, qanun qarşısına cavabdehliyi şəxsən özüm daşıyacağam. İşə müəyyən olunmuş vaxtda gəlib və müəyyən olunmuş vaxtda gedəcəyəm (üzrlü səbəbdən vacib işim çıxarsa, bu barədə müdiriyyəti və ya işçiləri xəbərdar edəcəyəm. Müştərilərə keyfiyyətli yalnız masaj və fizioterapiya xidmətləri göstərəcəyəm. Müştərilərlə, işçilərlə, müdiriyyətlə, ətraf qonşuluqda yaşayanlarla xoşrəftar olacağam. Qeyd etmək istəyirəm ki, məni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Böhtan" maddəsi ilə tanış etdilər və artıq mən öz məsuliyyətimi tam şəkildə başa düşdüm. Yuxarıda göstərilən yazı mənim sözlərimlə yazılıb, doğruluğunu notarial qaydada öz imzamla təsdiq edirəm". Nə "gözəl"! Gərək nə qədər sadəlövh adam olasan ki, belə bir ərizəyə imza atasan. Heç Məşədi İbad da Sərvərin tapançasının təhdidi altında belə iltizamnamə yazmazdı. Aşkar görünür ki, Eldəniz Əzimov və ona dəstək duran şəxslər hətta hamamın yaxın ətrafında yaşayan sakinlər sırasından da lazım gələndə Samirə Məhərrəmovanın üzünə duracaq adamlar da səfərbər ediblər. Nə isə, qalanını möhtərəm oxucuların müzakirəsinə buraxırıq. Şikayətinin KİV tərəfindən ictimailəşdirilməsini xahiş edən S.Məhərrəmova ümid edir ki, aidiyyati qurumlar məsələyə konstruktiv müdaxilə edərək onun bir qadın kimi hüquqlarının saxta sahibkar tərəfindən pozulmasına biganə qalmayacaq, gücünü arvadlara göstərən özündənrazı Eldəniz Əzimovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.



QAZAXDA MASAJÇI QADINA "XOŞRƏFTAR" OLMADIĞI ÜÇÜN ÖZ ƏLİ İLƏ QUYU QAZDIRIRLAR Hüseyn Azər
QAZAXDA MASAJÇI QADINA "XOŞRƏFTAR" OLMADIĞI ÜÇÜN ÖZ ƏLİ İLƏ QUYU QAZDIRIRLAR [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb