Azərbaycan İdeyası

“Nardaran işi” məhkəməsində: müttəhim əməliyyatçı polisə niyə uzun ömür arzuladı?

Tarix:15-09-2016, 11:06
Baxış Sayı:361

“Nardaran işi” məhkəməsində: müttəhim əməliyyatçı polisə niyə uzun ömür arzuladı?
“Allah sənə ömür versin, öz balalarının üzünə baxanda mənim üzümə durduğunu xatırlayasan”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin mühakimə olunduğu “Nardaran işi” üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Hazırda məhkəmə prosesində ötən il noyabrın 26-fa Nardaran əməliyyatında iştirak etmiş polislərin dindirilməsi mərhələsidir. Sentyabrın 14-də keçirilən məhkəmə iclasında əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşı Kənan Heybətov ifadə verib. Onun ifadəsi də əvvəlki məhkəmə iclaslarında dindirilmiş polislərlə eyni olub: “26 noyabr 2015-ci ildə idarəyə Müsəlman Birliyi Hərəkatının sədri olan Taleh Bağırovun dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə silahlı dəstə yaratması və bu məqsədlə odlu silahlar, döyüş sursatları əldə etməsi barədə məlumat daxil olub. Müşavirə keçirilib. Bundan sonra saat 12:15-də əməliyyat qrupuna daxil edilmiş əməkdaşlar Nardarana yola düşüb. Əməliyyat mövqeyi seçib 15 dəqiqə gözləmişik. Taleh Bağırovun tərəfdaşları ilə birlikdə hansı evdə olması müəyyən edildikdən sonra həyətə daxil olmuşuq. Qarşı tərəf atəş açmağa başlayıb. Xəbərdarlıq atəşi açıb atəşi dayandırmağı tələb etmişik. Lakin xəbərdarlığa məhəl qoyulmayıb. Adını sonradan bildiyim Bəhruz Əsgərova yaxınlaşarkən döyüş fəndi işlədib onu zərərsizləşdirmişəm. Əlində olan bıçağı, beşbarmağı, sağ cibindən qumbaranı və sol cibindən Taleh Bağırovun çağırış kitabçasını götürmüşəm”. Polis vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, 8 güllə atıb. Amma Bəhruz Əsgərova atdığı güllənin ona dəyib-dəymədiyini dəqiq bilmir. Qeyd edək ki, əməliyyat zamanı Bəhruz Əsgərova 10-a qədər rezin güllə və bir döyüş gülləsi vurulub. Kənan Heybətov deyir ki, əməliyyat zamanı onun işlədiyi idarənin əməkdaşlarından əlavə mühafizə qüvvələri olmayıb. Amma vəkil Yalçın İmanov ona əvvəlki məhkəmə iclaslarında dindirilmiş həmkarlarının ifadələrini xatırladıb. Onlar bildirmişdilər ki, əməliyyat zamanı əlavə mühafizə qüvvələri cəlb olunub.

Vəkil Yalçın İmanov:

– Əgər Bəhruz Əsgərov sizinlə qarşı-qarşıya idisə, necə olur ki, ona zərbə arxadan dəyir? Polislər onun ayağına arxadan necə atəş aça bilərlər?

– Bunu mən deyə bilmərəm. Əməliyyatdı da, hər şey ola bilər.

– Bəhruz Əsgərova 10-a yaxın rezin güllə dəyib…

– Məndə rezin güllə atan silah olmayıb.

– İş materiallarına görə, rezin güllələr yalnız ölən polislərdə olub. Ölən polis əməkdaşlarından İsmayıl qəlpə yarası alıb, Vüqar da güllə. Bəs necə ola bilər ki, onlar atsın?

– Yəqin, yaralı olduqları halda atıblar rezin gülləni. “Başa düş ki, mənim həyatımı qaraltmısan…”

\Bəhruz Əsgərov hadisə zamanı yaralanmasından danışıb və bildirib ki, onu xəstəxanaya polislərin çağırdığı Təcili Tibbi Yardım yox, kənd camaatı çatdırıb: “Mən heç bir polislə qarşılaşmamışam. Bunlar basqın edəndə mən təslim oldum, əllərimi qaldırdım. Buna baxmayaraq, mənə 10-a yaxın rezin güllə, ayağımdan bir dənə də “boevoy” güllə vurdular. Əməliyyat bitəndə bunlar yaralıları atıb getmişdilər. Məni kənd camaatı Nardarandakı tibb məntəqəsinə çatdırdı, oradan da Sabunçu xəstəxanasına apardılar. Müstəntiqə dedim ki, “məndən nə çıxıbsa, gətir göstər”. Dedi ki, “səndə beşbarmaq, qumbara olub ki, görmək də istəyirsən?” Bu da gəldi, orda üzümə durdu. Sən mənim balamı atasız qoymusan. Amma mən sənə arzu edirəm ki, Allah sənə uzun ömür versin, öz balalarının üzünə baxanda mənim üzümə durduğunu xatırlayasan. Özün də bilirsən ki, sən məni günahsız yerə şərləyirsən. Nə vaxt səhvini başa düşsən, xəbər göndər, mən səni bağışlayım. Mən sənə qarğış etmirəm. Sən nəyəsə və ya kiməsə görə məni bədbəxt etdin. Mən səninlə üzləşəndə gördüm ki, əllərin əsir. Bildim ki, səndə vicdan var. Mən zindandan, şəhadətdən qorxmuram. Mən xalqıma görə başımdan da keçərəm. Allah səni hidayət eləsin. Sən başa düş ki, mənim həyatımı qaraltmısan. Dediyim kimi, mən təslim olub əlimi qaldırmışdım, amma məni güllələdilər. Sabunçu xəstəxanasında isə polislər məni vurmaq istəyirdilər. Səhlab Bağırov qoymadı, dedi, camaat görür”.

Taleh Bağırzadə şahid polisin ifadəsində dediyi “Biz gözləmirdik ki, silahdan istifadə edərlər” cümləsini xatırladaraq ondan soruşub:

– Əgər bu dəstənin terror planlaşdırdığı barədə sizə məlumat daxil olubsa, deməli, onlarda silah olması da gözlənilən olmalıdır. Siz isə deyirsiz ki, gözləmirdik. Sizcə, bu, mümkündürmü? – …

– Siz Nardarana daxil olanda oranın necə mürəkkəb yer olduğunu bildirdiniz? Nardaran elə bir yerdir ki, orada Heydər Əliyevin və İlham Əliyevin adına heç nə yoxdur. İnsanlarının spesifik xüsusiyyətləri var. Dəfələrlə suya, işığa görə etiraz ediblər. Sizcə bunu nəzərə alıb sizə nə qədər vaxt lazım idi ki, əməliyyatı uğurla başa çatdırasız?

– 2 saat yarım.

– Nardaranın necə bir yer olduğunu bilib orada bu qədər vaxt qalmaq qeyri-mümkündür. Bu suala şahidlərin hamısı fərqli cavablar verib -15 dəqiqə, yarım saat, 1 saat… Nardaranda maksimum 5 dəqiqə qalmaq olar. “Hamı ölkədən qaçıb getməyə çalışır” Kənan Heybətov dindirilərkən təqsirləndirilən şəxslərdən İbrahim Xudaverdiyev onun dediklərinə münasibət bildirib: “Bizə “terrorçu” deyirlər, amma terrorçu biz yox, bizə bu zülmü edənlər, sonra da gəlib burada yalan danışanlardır. Onların etdikləri elə vətənə xəyanətdi. Normal ölkədə mən çoxdan evimdə olmalıydım. Əgər bu hadisə demokratik ölkədə olsaydı, məndən üzr istəyərdilər. Ona görə imkanı olanların hamısı qaçıb bu ölkədən gedir. Parlamenti xalq tərəfindən formalaşdırılan ölkədə son söz xalqındır. Polisin və hakimin yox!”

Təqsirləndirilən Taleh Bağırov da polislərin yalan danışdığını deyir: “Azərbaycan hakimiyyəti Nardaran hadisələriylə xalqa qarşı cinayət törədib, özünə qarşı da cinayət işi açıb. Öldürülən polislərin anası bizə dua edir, çünki yaxşı bilirlər ki, bizlik heç nə yoxdur”. Abbas Hüseynov da polislərin yalan ifadə verdiyini vurğulayıb: “İki aya yaxındır ki, burada tamaşa gedir, Banditlər İdarəsinin əməkdaşları da gəlib burada ziddiyyətli ifadələr verirlər. Yalan ifadə verməyə görə onları tutub dərhal həbs etdirməlisiz, amma siz özünüz onlara şərait yaradırsız”. Məhkəmə prosesinə sədrlik edən Əlövsət Abbasov buna etiraz edib: “Mən tövsiyə edirəm ki, təhqiredici ifadələrdən çəkinəsiniz. Banditlər İdarəsi nədir? Məhkəməni şouya çevirmək lazım deyil. Şahidlər ittiham tərəfinin adamlarıdır və onların ifadələrinin sizin xoşunuza gəlməyəcəyini biz də bilirik. Bəri başdan hər şeyə qiymət verirsiniz. Gəlin o zaman onların ifadələrini elan edək, qurtarsın. Məhkəmənin qaydası belədir ki, hamı ifadə verməlidir. Biz heç kimə güldən artıq söz demirik – nə sizə, nə qarşı tərəfə”.

“Başımı avtomatla partlatdılar”

Daha sonra BMCMİ-nin baş əməliyyat müvəkkili Nadir Novruzov dindirilib. O da digər şahidlərlə oxşar ifadə verib. O, xüsusi əməliyyat zamanı Abbas Quliyevi zərərsizləşdirdiyini deyib. Bildirib ki, Abbas Quliyevin üzərindən bıçaq, qumbara, beşbarmaq aşkar edilib. Vəkillərin suallarına cavab verərkən şahid bildirib ki, təsirləndirilən şəxslərə qarşı işgəncə verməyib və belə bir hadisənin də şahidi olmayıb.

Vəkil Yalçın İmanov: – Niyə bütün polislərin ifadələri tamamilə – nöqtə-vürgülünə qədər eynidi?

– Mən deyə bilmərəm. Mən ifadəni ayrıca vermişəm, demişəm, müstəntiq yazıb.

– Abbas Quliyevlə bağlı ekspertiza rəyində onun üzərində xəsarətlər olduğu və aldığı xəsarətin bərk əşyadan törənə biləcəyi göstərilib…

– Mən onu zərərsizləşdirərkən idman fəndindən istifadə eləmişəm. Həmin vaxt yıxılmışdı. Ola bilsin, yıxılanda xəsarət alıb. Abbas Quliyev isə bildirib ki, saxlanılıb Nardarandan “bandotdel”ə aparılarkən maşında avtomatın qundağı ilə başına vurublar və xəsarət də ondan yaranıb. Abbas məruz qaldığı işgəncələr barədə ətraflı danışmaq istəsə də, hakim qoymayıb. Deyib ki, məhkəməyə ifadə verərkən bu barədə geniş danışıb.

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb