Azərbaycan İdeyası

Özü şeir olan şair

Tarix:3-02-2017, 15:17
Baxış Sayı:677

 Özü şeir olan şair


Azərbaycan Yazıçılar Birliyinin Xurşudbanu Natəvan adına klubu respublika­nın hər gün tədbir keçirilən ən fəal məkanlarından biridir. Maraqlıdır, niyə X.Natəvan adına? Bəli, şahlar, xanlar yola salan Azərbaycan ədəbiyyatı tarix və dövlətçiliklə paralel uzun minilliklər yol getmişdir. Bu gün yazıçı və şairlərin and yeri, sevinc yeri olan bu klubun qadın yazarı adını daşıması milli mədəniyyətimizdə qadın hisslərinə hörmətin yerini, dəyərini bəlli edir.

M. Gəncəvinin, X. B. Natavanın ədəbi ruhu XX əsrdə N.Nəfibəyli, M.Dilbazi, M.Gülgün tərəfindən yaradıcılıq pikinə qaldırıldı. XXI əsrdə belə qadın yazarlarımız çoxaldı. Onların içərisində ədəbiyyat tariximizdə qalanlar, əlbəttə, XX əsrə nisbətən çoxluq təşkil edəcək. Bu dəfə qadın yazarlardan biri – Adilə Nəzər haqqında söhbət açmaq istəyirəm.

Şərur rayonunun Şəhriyar kəndində çoxuşaqlı ailədə uşaqlıq həyatını yaşayan Adilə müəllimə sonrakı həyatında – orta məktəbdə, ali məktəbdə, magistraturada, dissertanturada uğurlara yiyələnib. Yəqin ki, oxucu düşünəcək, bunlar üst-üstə 25 ilə yaxın bir ömür yoludur. Yaradıcılığına orta məktəb illərindən başlayan Adilə xanım “Həsrəti öldürürəm”, “Sabahım, sənmisən gələn”, “Yuxuma yağış yağır”, “Sevgi qum saatıdır”, “Xəbərin oldumu” adlı beş şeirlər və dissertasiya işinə praktik iş olaraq “Fəlsəfə terminlərinin izahlı lüğəti” kitablarının müəllifidir. “Sevgi qum saatıdır” kitabını 2014-cü ildə ilk dəfə nəşriyyatda oxucu əlində gördüm. Aldım. Adətim üzrə əvvəl kitabın zövq ilə hazırlanmasına diqqət yetirib, arxasındakı “Tanrım” şeirini oxudum.

Tanrım!

Qul olsam da varlıyam səndən,

Baxma ki, dilimdə minbir ahım var.

Sənin mənim kimi günahkar bəndən,

Mənim sənin kimi bir Allahım var.

Şeir məni ovsunladı. Oxucu dostum mənə kömək etdi. Kitabı əldə edəndən sonra bütün yaradıcılığı ilə maraqlandım. Bu gün şair haqqında demək olar ki, xeyli məlumatım var. Şairi öyrəndikcə duydum ki, bu insan təpədən dırnağadək şeirdir.

Buluda bel bağlama, göz yaşın olan yerdə,

Gözün qələm gəzməsin, yaddaşın olan yerdə.

Ürəyinə yüklə sən həyat adlı hər yükü,

Kimsədən ağıl umma, öz başın olan yerdə.



Bir də duydum ki, əldə olan 5 şeirlər kitabının hamısındakı şeirləri mündəricatda ayrı-ayrı mövzulara – yəni, bölmələrə ayırmır. Bəli, ana övladlarının birini o birindən qabağa keçirmədiyi, əzizləmədiyi kimi şair də eləcə sıra ilə düzür və onlara gedin uğur qazanın, yaşayın deyir. Bu o deməkdir ki, siz mənsiniz, mən də sizəm. Mən sizi yaşamaq üçün İlahidən pay aldım, siz də məni yaşadın.



Günah mənəm, günahkar sən,

Səni mənə sevdirən – sən.

Bircə acı kəlmən ilə

Yaşayarkən öldürən – sən.

və ya:

Tükdən incə bir ruhum var,

Sanma məni gəl daş-divar.

Bu sinəmin bir ahıyla

Səhralara dönər çaylar.



Bəli, bu şeir şairi əlbəttə yaşadacaq. Oxucu hisslərinə umduğu sevinci yetirməyə qadir olacaq.

Adilə Nəzərin şeirlərində önəmli yerlərdən biri də özünü təbiətə sevdirməsidir. O duyur ki, dünyanın ən mahir rəssamı elə təbiətin özüdür. Mən özüm də hər vaxt bu duyğudayam ki, ən yaxşı sözün də, ifadənin də sahibi elə təbiətdir. Əgər təbiətin yaratdığı o gözəlliklər olmasa, söz, İlahidən bizə “görün, götürün payı göndərilərmi”. Əlbəttə, təbiətin rəssamı bizə pay göndərəndi.

Yağış yuyur küskünlüyümü…

Dönürəm selə-suya,

yağışa qarışıram,

özümlə barışıram…

Tutub bu yağışın ucundan,

çıxıram eşqin zirvəsinə.

Yarpaqlar tək oynayıram

bu yağışın nəğməsinə.

və ya:

Nə ağacam, nə kolam,

Həm gövdəyəm, həm qolam.

Hardan başlayıb yolum –

Oraya gedən yolam…



Ha baxıram dağlara,

Ötüb keçən çağlara…

Qəm sıxır ürəyimi,

Dözürəm bu dağlara.



Qəlbi dolu şair söz axtarmır, ya da mövzu onu dindirəndə sözə yalvarmır.

Bir də onu diqqətinizə çatdırım ki, Adilə xanımın beş şeir kitabında min iki yüzə yaxın şeirləri toplanıb. Yaşının bu söz demək çağında böyük müvəffəqiyyət­dir. Böyük istedad sahibinin gələcəkdə daha çox uğurlar qazanacağına şübhəm yoxdur.

“Səbr elə”, “Sən və mən”, “Yazıq sevgim”, “Səni görmək istəyirəm”, “Sevgim ağlayır” şeirlərində ilham ocağı ilə səmimi dərdləşir, özünü özünə təqdim edib, özündən cavab alır.

Asta-asta vur ürəyim,

hara tələsirsən belə?

səbr elə.

İlmə-ilmə soyma məni,

yarı yolda qoyma məni.

Taleyimə nə yazıbsa Yaradan,

gəlib döyəcək qapısın bəxtimin.

Bilirəm ki, bitməyəcək

gündüzümdə həzin meh,

gecəmdə də fırtınam….

Sevgi, məhəbbət şeirləri tapdanmış yolla keçmir. Hər bir mövzuda şairin öz cığırı olduğu hiss olunur.

Gözlərindən yol salıb,

yenə sənə gəlmişəm.

Ört könlünün qapısını,

geri dönüş biletimi

itirmişəm.

Ümumiyyətlə, bütün yazılarında şair bu mənim üslubum­du, bu mənim yolumdu deyir. Sanki, kiməsə oxşamaqdan qorxur. Bu fikri həm sər­bəst vəznli, həm də heca vəznli şeirləri haqqında demək yerinə düşər. Şeirlərində elə bil öz-özünə pıçıldayır. Bax bu mənəm, bax, indi Adiləyəm. Əslində o, həm də oxucudur. Öz duyğuları ilə bərabər oxucunun da duyğularını yazır.

...Bir şeir istəyirəm,

içimdə boğulan hıçqırığımdan

quşlar da köç etsın yuvalarından.

Yuvalar boş qalmış könül evim kimi

asılsın ağac budaqlarından…



…Yaşamıram, oxucum…

Mən təkcə öz ömrümü yaşamıram,

xəbərdarsan sirlərimdən.

Oxu, sən, sən,

sən də özünü oxu şeirlərimdən.

Sonra… şeir yazdır mənə –

bir şeir istəyirəm…



Şair sevgi mövzusunda da fərqli düşünür, sevginin dili var deyir, sevgi dili ilə kü­­sür, barışır. Küskün hisləri məhəbbəti azad buraxmır, əksinə, onu məc­­­­bur edir ki, hünərin var ürəyimdən qop, amma qana çevrilmə. O da təbəssüm gön­­dərib barışır. Bu mövzularda şair nə klassizmi, nə də müasir şairləri təqlid etmir.

Şairin şeirlərində nisgil müəyyən qədər yer tutur, bu nisgillərin ən böyüyü ata-ana itkisidir. Bu itkilər də döyəcləyir şair qəlbini, onda Adilə xanım yenidən qayıdır Şəhriyar kəndinə. Bütün kəndi gəzir, uşaqlıq illərini, ata sığalını, ana çağırışını axtarır. Şair yuxularına onların həsrəti qarışır.

Yadımdan çıxmayır ayrılıq anı,

Qəlbimi ümidsiz baxışın sıxır.

Son dəfə görüşüb gedəndən, ata,

Hələ də əllərim ayrılıq qoxur.



Yerini boş görmək çətindən çətin,

Ölümün – qəlbimə sancılan iynə.

Səndən nə qalıbsa, yetimdən yetim,

Başımda elə hey fikir üyünər.

və ya:

Nə ağırdır bu həyətin havası,
Boğur məni xatirələr bürkü tək.
Böcəklər də susub, -bitib davası..
Geyinmişəm qəmi kirpi kürkü tək.



Dadını da itirib kəhriz suyu,
Neçə gündür, içdim yenə doymadım.
Salam verib, salam aldım gün boyu… –
Bircə dəfə hənirini duymadım…



Qəm qoxulum, gül qoxurmu oralar?
Gül-çiçəkli həyət-bacan quru yurd…
Hüzün dadır, həsrət qoxur buralar,
Əkdiklərin göz yaşımdan quruyur…



Yaradıcılığını oxuduqca inandım ki, Adilə xanımdakı istedad onu hər gün yazmağa məcbur edir. Həm də duydum ki, o, kitabdan-kitaba, mövzudan-mövzuya, şeirdən-şeirə püxtələşir, yeni poetik ifadələr tapır. Şair səmimi duyğuların qaynar ifadəsində yeniləşir, müasir ədəbiyyatda yeni söz demək axtarışlarına can atır.



Sevgisiz qalan kimi düşdüm ruhdan, əməldən,

Sevgim çox olanda da ağlayıb sızladım mən.

Nədir bu sirr, Xudaya, yanmaq istəyim nədən?

Azalan kimi odum, atəş arzuladım mən.



Adilə Nəzərin heca vəznində yazdığı şeirlərdə bölgülər, qafiyələr, rədiflər vəznin tələblərini ödəyir. Şair çətin söz seçimi yolu ilə getsə də, vəznin tələblərinə məsuliyyətlə yanaşır. Sərbəst vəzndəki şeirlərində getdikcə oxucu tələbini ödəyən yeni məzmun axtarır. O, sərbəst vəzndə də qafiyə yolunu təkmilləşdirməyə həvəslidir və bunu bacarır.

Adilə Nəzər “Fəlsəfə terminlərinin izahlı lüğəti” kitabında 2000-də artıq fəlsəfə termininin izahını açmışdır. Bəlkə də şeirlərindəki yeni, poetik, fəlsəfi ifadələr bu bacarığından irəli gəlir.

Əlbəttə, 6 kitab haqqında söz demək bir yazıya sığmır, gələn yazımda şairin yaradıcılığında nəzəri məsələlərə daha çox diqqət yetirmək fikrindəyəm.

Bir də arzu edərdim ki, şair qələmini uşaq ədəbiyyatında da sınasın. Klassik ədəbiyyata da həvəslə baxsın və yaradıcılığının şaxələrini genişləndirsin. Axı, şair Adilə Nəzər böyük istedad sahibidir, əminəm ki, hər sahədə yaxşı nəticələr əldə edəcəkdir.

Uğurlar, uğurlar!

ƏVƏZ SÜLEYMAN

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

prezident mükafatçısı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
sgdf 2 mart 2017 05:52
  Жалоба     
In the formal social occasions, replica rolex watches are often treated as jewelry, usually only for a ring jewelry to wear men, is very popular. Some people even stressed: "rolex replica watches are not only men's jewelry, but also the most important men's jewelry." In western countries, replica watches, pens, lighters adult man was replica watches uk once known as the "three treasures", every man must never be away from the body.
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO