Azərbaycan İdeyası

Xırdalanda “təmizlik” adıyla sökülən bağçalar satışa çıxarılıb? FOTO,VİDEO

Tarix:15-08-2016, 12:20
Baxış Sayı:273

Xırdalanda “təmizlik” adıyla sökülən bağçalar satışa çıxarılıb? FOTO,VİDEO
Yusif Bağırov: “Biz düşünürdük ki, İradə xanım bizi qəbul edər, narahat olduğumuz məqamlara aydınlıq gətirər, amma belə olmadı”

İyulun 26-da Qafqaznews.az saytında “Xırdalanda aparılan söküntü işləri sakinlərin narazılığına səbəb oldu” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Abşeron RİH başçısı İradə Gülməmmədova Xırdalanda binalar qarşısında salınan bağçaları sökməyə başlayıb.
İyulun 22-də Qafqaz Xəbər Agentliyinə müraciət edən Xırdalan şəhəri 28-ci məhəllə, 19-cu binanın sakinləri bina qarşısında 1 saylı MİS işçiləri tərəfindən söküntü işlərinin aparıldığını bildirmişdilər. Qafqaznews.az olaraq, iyulun 22-də söküntülər olan yerə baş çəkmiş, çəkiliş aparmışdıq. Məlum olmuşdu ki, 19 saylı binanın qarşısında sakinlər tərəfindən salınan bağçaların çəpərləri sökülməkdədir. 1 saylı MİS-in söküntü aparan əməkdaşlarına yaxınlaşıb, nə baş verdiyini soruşduq, onlar isə heç bir sənəd göstərmədən bu söküntüləri “İradə xanımın əmri ilə apardıqlarını” dedilər.
Şikayətçi Yusif Bağırov qafqaznews.az-a bildirdi ki, sakinlərdə bağçalara aid sənəd olmasa da, onlar həmin yerdə bir müddət sonra “moyka” tikilməsindən narahatdırlar: “Binanın yanında “avtoyuyucu” var,bir neçə ay əvvəl ağacları kəsib yerində tikiblər. Həmin “moyka”nın suyu axıb binanın zirzəmisinə gəlir, gecə-gündüz səs-küydən rahatlığımız yoxdur”.
Daha sonra əraziyə 1 saylı MİS-in müdiri Rafiq Zeynalov və polis əməkdaşları da gəldi. Əməkdaşımızla söhbət zamanı Rafiq Zeynalov etiraf etdi ki, söküntülərlə bağlı yazılı bir qərar yoxdur. “Sadəcə İradə xanım tapşırıb ki, orda binaların qarşısında səliqə yaradılsın, ərazi zibildən təmizlənsin. Heç bir yazılı qərar yoxdur”, – deyə MİS müdiri qeyd edib. Biz ərazi ilə bağlı hər hansı layihənin olub-olmamasını da soruşduq, “yox” cavabı aldıq: “Heç bir şey tikilməyəcək. Sakinlər narahat olmasınlar”.
Bina sakinləri bizə bildirdilər ki, zirzəmidə kanalizasiya suları aşıb-daşır, binaların girişinə kəsif qoxudan daxil olmaq mümkün deyil: “Dəfələrlə MİS-ə demişik, bizim şikayətimizə baxan yoxdur”. Rafiq Zeynalov isə açıq şəkildə bildirdi ki, bu, onların fəaliyyətinə aid deyil. Sakin Səmayə Həmidovanın sözlərinə görə, dəfələrlə Abşeron RİH-ə və MİS-ə şikayət etsələr də, problemlərini vecə alan yoxdur.
Abşeron RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev də iyulun 26-da təsdiqləmişdi ki, həmin ərazidəki söküntülər barədə hər hansı qərar və ya gələcəkdə görüləcək işlərlə bağlı layihə yoxdur.
“Əlbəttə, Abşeronun icra başçısı tapşırıb. Gəncənin icra başçısı tapşırmayacaq ki… Orda bu işləri MİS görür, ərazidə təmizlik işləri aparırlar”, – deyə A.Əliyev əlavə etdi. Avqustun 13-də Yusif Bağırov yenidən Qafqaznews.az-a zəng edərək bildirdi ki, hələ 20 gün əvvəl 25 sakinin imzası ilə Abşeron RİH başçısı İradə Gülməmmədovaya müraciət göndərilib, lakin onlara cavab verilmir.
“Hələ də icra hakimiyyətindən bir xəbər yoxdur. Biz düşünürdük ki, İradə xanım bizi qəbul edər, narahat olduğumuz məqamlara aydınlıq gətirər, amma belə olmadı. Lakin Abşeron RİH bizə qarşı laqeydlik göstərdi. MİS işçiləri isə söküntüyə davam edirlər. Gəlib kiçik ağacları qırıb-dağıtdılar. Qonşunun qarajı vardı, onu da sökdülər. Mənim bağçamda bir vanna vardı, onu isə götürüb hara aparıblar, demirlər. Bir sözlə, bizi vecə almadan, “təmizlik” adıyla söküb-dağıtdılar buraları”, – deyə Y.Bağırov qeyd etdi. Onun sözlərinə görə, artıq binanın qarşısındakı ərazinin hansısa sahibkara satılması ilə bağlı şayiələr də gəzir.
“Sakinlərdən eşitdiyimə görə, artıq binanın qarşısında yer də satılıb, yaxın zamanlarda burda obyekt tikiləcək. Təəssüf ki, bu məsələni dəqiqləşdirə bilmirik. Xahiş edirik, şayiələrə aydınlıq gətirilməsi üçün bizə kömək edin”, – deyə şikayətçi əlavə edib.
Biz sözügedən ərazinin satılıb-satılmaması və ya kiməsə sərəncam verilib-verilmədiyini öyrənmək məqsədi ilə, Abşeron RİH-in baş memarı Akif Əliyevlə əlaqə saxlamağa çalışdıq. Lakin Akif Əliyev gün ərzində dəfələrlə etdiyimiz telefon zənglərinə cavab vermədi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb