Azərbaycan İdeyası

MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ OLAN TORPAQ SAHƏSİ GÖZ ÖNÜNDƏ YAĞMALANIR

Tarix:26-01-2018, 12:47
Baxış Sayı:267


*
LƏNKƏRANDA ŞAHMAR MƏLİKOVUN ÖZBAŞINALIĞINA SON QOYAN İQTİDAR SAHİBİ TAPILACAQMI?

Lənkəran rayonu Liman şəhər sakini Dadaşov Eynulla İbadulla oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 01.10.2014-cü iç tarixdə onunla avtomobil və dəmir yollarının tikintisi üzrə ixtisaslaşmış "Azərinşaatservis" MMC arasında bağlanılmış, onun mülkiyyətində olan torpaq sahəsinin adı çəkilən müəssisə tərəfindən istifadəsinə dair icarə müqaviləsinin vaxtı 01.10.2015-ci il tarixdə bitmişdir. MMC sözügedən sahəni tikinti materiallarının və texnikanın yığıldığı qaraj kimi istifadə etmişdir və bu məqsədlə torpağın üst qatını qazaraq yerinə çınqıl tökmüşdür. E.Dadaşov yazır ki, vaxtilə həmin çınqılın, iri daş parçalarının ərazidən çıxarılması və 30-35 sm qalınlıqda torpaq qatının "Azərinşaatservis" MMC tərəfindən bərpa olunması şərtinin əlahiddə bənd kimi müqaviləyə salınması üçün xeyli müddət mübarizə aparıb və nəhayətdə nail olub. Ondan başqa heç kəsin müqaviləsində belə bir bənd yer almayıb. Onun sözlərinə görə, o vaxtlar aparılan danışıqlarda MMC-ni əvvəlcə layihə rəhbərinin müavini, sonradan isə layihə rəhbəri vəzifələrini icra etmiş Şahmar Məlikov adlı şəxs təmsil edib. İcarə müqaviləsinin vaxtı 01.10.2015-ci il tarixdə bitəndə Ş.Məlikov ona deyib ki, onunla yeni müqavilə bağlanılmayacaq və onun torpağından daha istifadə edilməyəcək. Buna baxmayaraq, müəssisəni təmsil edən şəxs kimi tanıdığı Şahmar Məlikov torpaq sahəsinin istifadəsini davam etdirib və etdirməkdədir.
E. Dadaşov Lənkəran rayon Məhkəməsinə müraciət edərək "mülkiyyətə vurulmuş ziyanın ödənilməsi" tələbi ilə iddia qaldırıb. Lənkəran rayon Məhkəməsi 60060 manat maddi ziyan əvəzinin cavabdeh "Azərinşaatservis" MMC-dən tutularaq ona verilməsi barədə 2(49)-119/2017 saylı 17 iyul 2017-ci il tarixli qətnamə qəbul etmişdir. Cavabdeh tərəf "Azərinşaatservis"MMC isə iddia tələbini qəbul etməyərək, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. E.Dadaşov ümid edir ki, Şirvan Apellyasiya Məhkəməsi işə obyektiv yanaşacaq və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayacaq.
E.Dadaşov bildirir ki, Ş.Məlikovun 2016-cı ilin son aylarından "Azərinşaatservis" MMC-də işdən ayrılmasından çox gec xəbər tutub: "Azərinşaatservis"in texnikasını işlədirdi, elə bilirdik şirkətindi, demə o, maşın-mexanizmləri özününküləşdiribmiş, qazıb çınqılı satmaqla, torpağı yararsız hala salmaqla məşğuldu. İşin məhkəmədə olduğunu bilə-bilə niyə qazıntı apardığını soruşanda deyir ki, yaxşı edirəm, hara istəyirsən - şikayət elə".
E.Dadaşov yazır ki, dəfələrlə MMC-nin Liman şəhərindəki nümayəndələrinə xəbərdarlıq etdiyinə, Lənkəran rayon İcra Hakimiyyətinə, Lənkəran rayon Polis Şöbəsinə, Lənkəran rayon Prokurorluğuna, Liman Bələdiyyəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və başqa səlahiyyətli orqanlara müraciət etməsinə baxmayaraq, aralarındakı mübahisənin məhkəmə araşdırması getdiyi müddətdə belə həmin ərazidə Məlikov Şahmarın başçılığı altında ağır texnika işləyir və mülkiyyətində olan torpaq 1 metrdən artıq dərinlikdə qazılaraq daşınır (faktiki oğurluq edilərək satılır), müqaviləsi olan 50 nəfərin də əkinə yararlı torpaq sahəsi yararsız hala salınır. Onu da qeyd edək ki, Liman Bələdiyyəsinin qulluqçuları E.Dadaşovun müraciəti əsasında sözügedən ərazidə olmuş, yerində dəqiqləşdirmə işi aparmış, Dadaşova məxsus paybəlli torpaq sahəsində həqiqətən də Ş.Məlikov tərəfindən qazıntı işləri aparılması faktını müəyyən etmiş və işin nəzarətdə saxlanılması üçün Liman Polis Bölməsinə məlumat vermişlər. Yuxarıda adları göstərilən bütün digər instansiyalar da aidiyyati üzrə materialı Liman şəhər Polis Bölməsinə göndrmişlər. Liman Polis Bölməsinin sabiq rəisi Bayramov isə Dadaşovun müraciəti üzrə toplanmış materialı araşdırmamış, tərəfləri üzləşdirməmiş, Məlikovdan izahat tələb etməmiş, öz seyfində xeyli yubadandan sonda Dadaşova məktubla bildirmişdir ki, material ETSN-nin Lənkəran 1 saylı Ərazi Üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərilib.
Ş.Məlikov bələdiyyəçilərlə söhbətində bildirib ki, bəs vətəndaşlarla, eləcə də E.Dadaşovla bağlanılmış müqavilənin şərtlərində əraziyə tökülmüş qum və çınqıl materiallarının, istehsalat tullantılarının işlər başa çatandan sonra ərazidən götürülərək əvvəlki vəziyyətə qaytarılmasının vacibliyi öz əksini tapıb. Halbuki, sonradan məlum olduğu kimi, məhz işdən çıxması səbəbindən Ş.Məlikovun həmin "bərpa" işlərini "Azərinşaatservis" MMC adından həyata keçirmək səlahiyyəti də yoxmuş. O da məlum olub ki, Məlikov özü fiziki şəxs kimi digər torpaq sahibləri ilə qanunsuz, hüquqi qüvvəyə malik olmayan, notariatla təsdiqlənməyən müqavilələr bağlayıb. Dadaşovla müqavilə bağlamamasının səbəbini isə onun şikayət etməsinə görə incik düşməsi ilə əlaqələndirib. Torpaq "icarəyə" götürən Məlikovun fəaliyyətinin adı da belə çıxır ki, kənd təsərrüfatı məhsullarının istehsalı deyil, mədən sənayesi deyil, məhz "Azəryolservis" MMC-dən miras qalan çınqıl və daşları öz atasının malı kimi satmaq, torpaq sahələrini xarabazara çevirməkdir.
Dadaşov bildirir ki, ETSN-nə yazdığı məktubla əlaqədar Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin baş məsləhətçisi Əziz Səlimov Lənkərana gəlmiş, ETSN-nin Lənkəran 1 saylı Ərazi Üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin iki nəfər nümayəndəsi ilə birlikdə ərazidə olmuşdur: "Mən həmin gün - dekabr ayının 20-də səhər Şirvandan qayıtmışdım, yorğun idim. Əziz müəllimə təklif etdim ki, ətrafa baxış keçirsin, qazılmış torpağın dərinliyini ölçdürsün, şəkillər çəkdirsin. O isə bunun əvəzində mənə dedi ki, "Sən düz etməmisən, bu torpağı heç icarəyə verə bilməzdin; bu iş bizlik deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyətində olan məsələdir". Şahmar sahədə, yaxınlıqda olsa da, onunla görüşüb nəsə soruşmağa lüzum da bilmədi. O zaman mən soruşdum ki, axı mən ərazinin paybəlli torpaq olduğunu ərizəmdə göstərmişəm, sizin Nazirliyə aidiyyəti yoxdursa, bəs niyə bura ezam olunmusunuz. Nə isə, söhbətimiz konstruktiv alınmadı. Həmçinin ETSN Ərazi Şöbəsinin işçiləri mənə Liman şəhər Polis Bölməsindən məktub almadıqlarını da dedilər. Dərhal Liman şəhər Polis Bölməsinin rəisinə zəng vurub məktubun aqibətini soruşdum. O, məktubun bölmə tərəfindən deyil, əraziyə nəzarət edən sahə müvəkkili tərəfindən göndərildiyini bildirdi. Sonra əlaqə saxladığım sahə müvəkkili isə bölmə rəisindən məktub göndərmək tapşırığı almadığını dedi. Bir sözlə, bir-birlərinin üzərinə atdılar.
Daha sonra 1 saylı Ərazi ETS Şöbəsinin müdirinin yanında oldum. Müdir mənə bildirdi ki, bəs həmin ərazidə su yığıntısının olması barədə məlumatlıdır və mənə ayın 21-i tarixli cavab məktubu yazılaraq yola salınıb. Mən dedim ki, əvvəla Lənkərandan Lənkərana göndərilmiş həmin o haqqında danışdığı cavab məktubunu almamışam (hələ də adresata yetişməyib), ikincisi, orada su yığıntısı deyil, əməlli-başlı dərya yaranıb. Onu da öyrəndim ki, Şöbədə müraciətimə qoşma kimi göndərdiyim və mövcud mənzərəni video-foto görüntülərlə əks etdirən diskə də baxmayıblar. Bildirdim ki, Rayon İcra Hakimiyyətinin, polisin, prokurorluğun nəzarətində olan, aidiyyəti üzrə ünvanlarına göndərdikləri bir məsələyə bunca laqeydlik, ətraflı yoxlamanın keçirilməməsi Şöbədə işin obyektiv aparılmadığı, ədalətli qərar qəbul etməkdə maraqlı olmadıqları anlamına, mahiyyətdən yayındıqları gəlir. Yeri gəlmişkən qeyd edim ki, Şöbədə həmin məktubun surətini də mənə vermədilər. Poçtla da dəqiqləşdirmişəm, deyiblər ki, göndərilmiş olsaydı, çatdırardılar.
E.Dadaşov məhkəmə mübahisəsində olan ərazinin qanunsuz istifadəsinin dayandırılmasına, qazılmasının qarşısının alınmasına, ötürülmüş iki il müddətə görə müqavilə bağlanılaraq icarə haqqının tam ödənilməsinə, cavabdehin Boladi çayından açdığı arxın bağlanılmasına, 30-35 sm əkinəyararlı münbit qatın bərpa edilərək mülkiyyətçilərə təhvil verilməsinə nail olmaq istəyir. Ümumiyyətlə, Dadaşov belə bir subyektiv qənaətdədir ki, Məlikov həm ETSN-nin Lənkərandakı strukturu ilə, həm "Azəryolservis" MMC ilə, həm də Liman şəhər polisi ilə "dil" tapmağı bacarıb deyə ona "gözün üstə qaşın var" deyən yoxdur.
Mövzuya qayıdacağıq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO