Şəmkir rayonunun Yuxarı Seyfəli kəndinin bir qrup sakini Həsənova Həvayə Firudin qızı, Məmmədova Aynurə Həsən qızı, Həsənov Firudin Əsgər oğlu, Həsənova Səxavət Firudin qızı, Həsənov Əsgər Firudin oğlu, Namazova Samirə Hüseyn qızı və Ələkbərova Cəmilə Fərəc qızı yuxarı instansiyalara ünvanladığları 19.09.2020-ci il tarixli ərizənin bir surətini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərmişlər.
Bildirirlər ki, Şəmkir rayon notariat kontorunun qarşısında rastlaşdıqları, özünü rayonun Qaranüy kənd tibb məntəqəsinin baş həkimi kimi təqdim edən Dünya Qarayeva adlı qadın onlara pensiyaya çıxmaqda kömək edə biləcəyini demişdir. Bunun üçün nə tələb olunduğunu soruşduqda isə bir nəfər üçün 5000 manat pul istəmişdir.
“Təxminən 2017-ci ilin aprel-may aylarında hər birimiz 5000 AZN-dən ümumilikdə isə 40000 manat maliyyə vəsaitini həmin Qarayeva Dünyaya verdik. Təıqribən 8-9 ay keçsə də, onun bizə pensiya təyin edilməsini həll edə bilmədiyini və bizi aldatdığını başa düşdükdən sonra Şəmkir Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldıq. Rayon məhkəməsində iş üzrə keçirilən iclasa 4-5 gün qalmış Qarayeva Dünya evimizə gəlib, and içib, bizi növbəti dəfə əmin etdi ki, məhkəməyə mənim barəmdə ünvanladığınız ərizənizi geri götürdüyünüz halda mən sizə müvafiq maliyyə kartları verəcəm və həmin kartların vasitəsiylə mənə verdiyiniz maliyyə vəsaitlərini tam şəkildə əldə edəcəksiniz. Biz bu dəfə də onun yalvarışına, andına, vədinə inandıq, bizə özünün adına olan kartları verdi. Həmin kartlardan yalnız birində cəmi bir ayın 165 AZN məbləğində pul vəsaitini götürdük, qalan digər kartların heç birində pul vəsaiti olmadı və beləliklə bizə məlum oldu ki, Qarayeva Dünya bizim ona inamımızdan sui-istifadə edərək külli miqdarda – 40000 manat məbləğində maliyyə vəsaitimizi dələduzluq yolu ilə ələ keçirib. Bu faktdan savayı Qarayeva Dünya Elməddin Abbasovu və Həsənov Firudini Şəmkir Rayon Yaşıllaşdırma İdarəsinə həmin ərəfədə işə düzəldəcəyini də vəd edərək bu məqsədlə əlavə 5000 manat lazım olduğunu bildirdi. Biz də onun səmimiyyətinə inanıb həmin məbləğdə maliyyə vəsaitini ona verdik Təqribən bir il ötdükdən sonra Dünya Qarayeva Elməddin Abbasovun adına Kapitalbankın kartını bizə təqdim etdi. Həmin kartdan da yalnız bir aylıq dəqiq miqdarı yadımızda olmayan vəsaiti aldıq. Sonra daha o kartın vasitəsiylə pul əldə edə bilmədik. Bu faktlarla əlaqədar 3-4 gün əvvəl Daxili İşlər Nazirliyinin “102” xidmətinə etdiyimiz müraciətimizə cavab olaraq bildirildi ki, guya şikayətimizdən imtina olunub. Lakin bu günə qədər də bu barədə bizə rəsmi qaydada heç bir məlumat verilməyib”.
Qarşılaşdıqları halı dələduzluq hesab edən həmkəndlilər ərizələrinə Dünya Qaqrayevanın onları inandırmaq üçün təşkil etdiyi bank kartlarının şəkillərini əlavə ediblər və pullarının geri qaytarılması üçün baş prokurorluğun, dövlət təhlükəsizlik xidmətinin, daxili işlər və səhiyyə nazirliklərinin məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayırlar.
Vətəndaşları pensiyaya çıxarmaq, işə düzəltmək, onları faydasız da olsa kartla təmin etmək iqtidarında olan Dünya Qarayevanı görünür rayon rəhbərliyində də yaxşı tanıyır və hətta qoruyurlar da. Ərizənin araşdırılması məqsədilə redaksiyadan Şəmkir rayonuna ezam olunan əməkdaşlarımız – “Korrupsiya və qanun” qəzetinin hüquq şöbəsinin müdiri Güloğlan Hüseynov və müxbir Adəm Əliyev Şəmkir Rayon İcra Hakimiyyətində elə də məmnun qarşılanmayıblar. Onların ezamiyyə vərəqələrinə möhür vurulmayıb. İmtinanı belə “əsalandırıblar” ki, guya ezamiyyə vərəqəsində konkret olaraq adı çəkilməklə məhz Dünya Qarayevanın işi ilə əlaqədar ezam olunduqları göstərilməliymiş (!?) Bu səbəbdən də əməkdaşlarımız araşdırmanı yarımçıq saxlamalı olublar və Dünya Qarayevanın onlarla görüşüb məsələ barədə ətraflı danışacağını vəd etdiyi günədək rayonda yubana bilməyiblər.
24.09.2020-ci il tarixdə baş redaktorumuz zəng vuraraq Dünya Qarayeva ilə həmin mövzu ilə bağlı danışmağa cəhd edib. Qəribədir ki, D.Qarayeva hədə-qorxu gəlmək yolunu seçib və baş redaktorumuzu polis rəisi ilə hədələyib: “Sizin nömrənizi rəisə verəcəyəm, o, sizlə danışar. Rəisin göstərişi olmadan, mənim izahatım olmadan siz o məsələni ictimailəşdirə bilməzsiniz!” Daha sonra eləmə tənbəllik, hüquqşünasımıza zəng vurub və əvvəlcə onunla görüşəcəyini vəd etdiyini, onu gözləməyin, baş redaktora məlumat verməməyin, məsələnin ictimailəşdirilməsinə tələsməməyin vacibliyini xatırladıb. Sonra da deyib ki, guya baş redaktor onu təhqir edib. Güloğlan müəllim də təbii ki, öz növbəsində onun sözlərinə inanmadığını, baş redaktorundan belə hərəkət gözləmədiyini deyib.
Əslində bu məsələ ilə əlaqədar araşdırılması gərəkən məqamlar çoxdur. İlk növbədə nəzərə almaq lazımdır ki, əlilliklə bağlı pensiya məsələlərinin həllində əsas söz sahibləri ekspert həkimlər olar. Belə çıxır ki, D.Qarayeva rüşvət müqabilində üzərinə götürdüyü işləri məhz qabaqcadan əlbir olduğu həmkarları ilə - mütəşəkkil dəstənin üzvləri ilə görürmüş. Bank kartlarının da məsələsi ciddi araşdırma tələb edir. Bir sözlə, D.Qarayevanın ortaqlarının əhatə dairəsinin müəyyənləşdirilməsi vacibdir.
Mövzuya qayıdacağıq
Quliyeva Xuraman