Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş hesab edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmi Məcəllənin 1246-cı maddəsinə uyğun olaraq, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273.1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur.
Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuş Kazımov Hüseyn Bayram oğlu və qardaşı Kazımov Natiq Bayram oğlu da yuxarıda sadalanan qanunlardan xəbərdardırlar. Lakin onlara mərhum valideynlərindən miras qalmış mülkə - ata yurdlarına sahiblik hüquqlarını həyata keçirmələri yolunda əngəllə qarşılaşmışlar.
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıyev küçəsi, ev – 65 B ünvanda qeydiyyatda olan, hazırda 7-ci mikr-n, Abay Kunanbayev küçəsi, ev – 14. Mənzil – 78 ünvanda kirayə yaşayan Natiq Bayram oğlu Kazımov “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində qardaşı Kazımov Həsən öz ailəsi ilə birlikdə yaşayırmış. Lakin Həsənin həyat yoldaşı Elnurə Abdullayeva ilə aralarında tez-tez münaqişə baş verirmiş. 2013-cü ildə onlar boşanıblar və Elnurə Abdullayeva iki uşağı ilə birlikdə Bakı şəhərində yaşamağa gedib. Valideynləri – anası Xudiyeva Gülxanım Eyvaz qızı 2006-cı ildə, atası Kazımov Bayram Şirxan oğlu isə 2008-ci ildə dünyalarını dəyişmişlər. 2017-ci ilin dekabr ayında qardaşlardan ikisi – Həsən və Əli Kazımovlar vəfat etmişlər. Həsən hələ sağ ikən notarial qaydada valideynlərindən qalan mirasdan imtina etmişdir. Hüseyn və Natiq Kazımov qardaşları mirası (Biləsuvra Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə verilmiş 0.31 ha torpaq sahəsini) qəbul edərək istifadə etsələr də, varis kimi tanınmaları üçün notariat kontoruna müraciət etdiklərində, notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə istinad edərək, mirasın bölüşdürülməsində ixtilafın mövcudluğunu əsas göstərib notariat hərəkəti aparmaqdan imtina etməyə qərar vermişdir. Çünki de-fakto Abdullayeva Elnurə Vaqif qızı uşaqlar ilə birlikdə həmin ünvanda yaşayır və notariat kontoruna müraciət edərək, aralarında ixtilafın mövcudluğu barədə xəbərdarlıq etmişdir.
Natiq Kazımov yazır ki, qardaşı Həsən vəfat edəndən üç ay sonra onun keçmiş arvadı Elnurə Abdullayeva evi öz adına keçirmək üçün Biləsuvara qayıtmışdır: “Məqsədinə çatmaq üçün müxtəlif saxta üsullara əl atmışdır. Əvvəlcə o, evə yerləşərək yaşamaq hüququ əldə etmişdir. Daha sonra ona kömək və arxa duran atası ilə birlikdə kənd icra nümayəndəliyindən rəhmətə getmiş Kazımov Həsənin adına arayış alaraq mərhum atamın adına çıxarış sənədi (“kupça”) çıxarmışdır. Hazırda biz öz mülkümüzə gedə bilmirik. İllər öncə Elnurənin ağlasığmaz hərəkətləri bizi bu gün ata evimizə getməkdən çəkindirir. Hansı ki, bizi bıçaqla hədələyirdi, qardaşımın yoldaşının qolunu yandıraraq onu evdən qovmuşdu. Zamanında Elnurə atama, anama və eləcə də qardaşıma göstərdiyi aşağı münasibət, etdiyi kobudluq, söylədiyi nalayiq ifadələri biz unuda bilmirik”.
Elnurənin yalnız evə sahiblənmək məqsədi güddüyünü qeyd edən Natiq Kazımov problemi ictimailəşdirməyi və aidiyyəti qurumların diqqətinə çatdırmağı redaksiyadan xahiş etmişdir. O və qardaşı Hüseyn Biləsuvar rayon məhkəməsinə vərəsəlik hüquqlarının tanınmasını və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişlər.
Aydın məsələdir ki, əgər mərhum Həsən Kazımov Elnurə Abdullayevlə evliliyi dövründə torpaq və ev alsaydı, boşandıqları vaxt qadın birgə təsərrüfat idarə etdiklərini səbəb göstərib məhkəmə qaydasında mülkiyyətdən pay tələb edə bilərdi. Amma burada söhbət Kazımov qardaşlarına valideynlərinə qalmış mirasdan gedir, hansı ki Həsən Kazımov hələ sağlığında qardaşlarına şərik çıxmaqdan imtina edib.
Ümid edirik ki, Biləsuvar rayon məhkəməsi yuxarıda sadaladığımız qanun maddələrini rəhbər tutaraq işin hallarını ciddiliklə araşdıracaq və ədalətli qərar çıxaracaqdır.
Xuraman Quliyeva