Azərbaycan İdeyası

Şamaxı İH və sahibkarlar arasında narazılıq

Tarix:30-03-2017, 11:40
Baxış Sayı:487

 Şamaxı İH və sahibkarlar arasında narazılıq

Şamaxı rayonunda qış otlaq sahələri təyinatı dəyişdirilmək adi ilə əhalidən alınır. Sahibkarlar torpaqların onların əlindən alınmasında Şamaxı Rayon İcra Hakimiyyətini (RİH) günahlandırırlar. İcra Hakimiyyəti isə sahibkarlarla onlar arasında heç bir problemin baş vermədiyini söyləyir.
Şamaxıda kənd təsərrüfatı işləri ilə məşğul olan bir qrup sahibkar Oxu.Az-a müraciət edərək bildirib ki, onlar Şamaxı rayonunun Padar massivində sahələri 15-20 illik icarəyə götürüblər. 10-15 il ərzində qış otlağı kimi istifadə ediblər, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncami ilə həmin torpaqların təyinatı dəyişdirilərək əkin torpaqları kateqoriyasına aid edilib, hazırda Şamaxı RİH tərəfindən onlardan torpağın təyinatı ilə istifadə etməməsi üçün həmin sahələr geri istənilir.
Sahibkarlar 15 ildir torpaqları qışlaq kimi istifadə ediblər, indi isə torpağın təyinatı dəyişilib
İş adamları redaksiyamıza müraciət edərək deyiblər ki, Azərbaycan qanunlarına müvafiq olaraq, 1995-ci ildən Şamaxı rayonunun Padar massivində qış otlaq sahələri vətəndaşlar tərfindən icarəyə götürülmüş və həmin torpaqlarda ənənəvi olaraq heyvandarlıqla məşğul olublar.
Həmin müqaviləyə əsasən, icarəmizə verilmiş sahələr təyinatı üzrə məqsədyönlü istifadə edilib.
Fermerlər bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016-ci il tarixli 516.S saylı sərəncamı ilə rayonun Padar massivində olan qış otlaq sahələrinin təyinatı dəyişdirilərək əkin torpaqları kateqoriyasına aid edilib.
Bununla əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti 29.11.2016-cı il 138 saylı sərəncam imzalayıb. Sənədə əsasən, vətəndaşlarla bağlanmış torpaq icarəsi müqaviləsi birtərəfli ləğv etməklə, torpaq sahələrinin alınması qət edilmişdir:
“Bizim hərəmizin təxminən 500 hektar torpaq sahəmiz var. Həmin sahələrə 10-15 ildir pul yatırmışıq, heyvandarlıq təsərrüfatı məqsədi ilə həmin ərazilərdə iri müəssələr inşa etmişik. Hazırda isə Şamaxı RİH nümayəndələri bizə təzyiq göstərək heç bir hesablanma və dəyərləndirmə aparmadan tələb edirlər ki, icarənizdə olan torpaqlardan yazılı şəkildə imtina edin.
105 nəfər sahibkarın torpaq icarəsi müqaviləsi əsassız ləğv edilməklə, sahibkarlıq fəaliyyətimizə daimi olaraq son qoyulub. Hazırda məlum olmayan odur ki, həmin ərazilərdə çalışan təxminən 650 ailə haradan dolanacaq, harada işləyəcək, nə yeyəcək və nə geyinəcək. 255000-300000 baş davar, 8000-9000 baş qaramal, 1600 çoban itləri haraya yerləşdiriləcəyi üçün Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülmür.
Torpaqların təyinatının dəyişdirilməsini anlayırıq, həmin ərazilərdə biz özümüz də əkinçilik işləri ilə məşğul ola bilərik. Bizdən isə torpaqlar geri istənilir, heç bir şərait yaradılmır ki, əkinçilik işləri ilə məşğul olaq”, – Salahov Toğrul adlı sahibkar deyib.
Sahibkarlar əlavə edirlər ki, hal-hazırda torpaq icarəsi haqqında müqavilə qüvvədədir və bu sahələrə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində nəzərdə tutulan, torpağın alınmasına əsas verən heç bir dövlət ehtiyacları yoxdur, bununla hüquqları və qanunla qorunan mənafeləri pozulub.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavinlərinə ayrı-ayrılıqdan zəng vurduq. Onlar bizim sorğularımızı qurumun sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əzizov Hafizə yönəltdilər.
H.Əzizov sahibkarların müraciətini əsasız adlandıraraq bildirib ki, həmin ərazilər dövlət ehtiyacları üçün alınır, yaxınlarda həmin ərazilər əkin işləri aparmaq üçün istifadəyə veriləcək.
Sahibkarlara kompensasiya verilən zaman həmin ərazilərdə həqiqi obyektlərin qiymətləri nəzərə alınmır
H.Əzizovun sözlərinə görə, RİH nümayəndələri tərəfində ayrı-ayrılıqda sahibkarlarla görüşlər təşkil edilib, onların razılığı əsasında torpaqlar geri alınaraq onlara müəyyən kompensasiya ödənilib:
“İcra Hakimiyyəti tərəfindən kiməsə təzyiqlər göstərilməsi yalandır. Digər sahibkarlar da bizimlə razılaşmaya gəlməlidir, çünki bu torpaqlar dövlət ehtiyacları üçün alınır. Həmin şəxslərin orada əkinçiliklə məşğul olub-olmaması şübhə altındandır”.
Şamaxı RİH-nin baş məsləhətçisi kompensasiya ilə bağlı konkret rəqəm açıqlamayıb.
Hüquqşunas Oktay Məhərrəmov bildirib ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş əsaslarla otlaqlardan əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi hallarında da torpaq icarəçilərinə vurulacaq ziyanın, kənd təsərrüfatı itkilərinin ödənilməsi təmin edilməlidir.
“Həmçinin nəzərə almaq lazımdır ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun ilə müəyyən edilən əsaslarla bağlı olduqda, icarəçidən torpağın alınması, yaxud onlara eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsinin verilməsi, habelə kompensasiyanın ödənilməsi qaydalarına ciddi riayət edilməlidir.
Sahibkarlar isə bildiriblər ki, kompensasiya təklif edilən zaman həmin ərazilərdə həqiqi obyektlərin qiymətləri nəzərə alınmayıb:
“Bizə yalnız söküntü işləri üçün kompensasiya ayrılır. Sahibkarın 550 min manatlıq əmlakını əlindən alıb, əvəzində 25 min manat təklif edirlər. Bir əmlakın bazar dəyərindən 22 dəfə az məbləğdə kompensasiya təklifetmə nə qədər düzgündür?”.
Bəs qanun nə deyir?
Sahibkararın müraciətində vurğulanır ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqları və qanuni mənafeləri təmin edilməlidir:
“Bu məqsədlə icarəmizdə olan dövlət torpaqlarının geri alınmasına görə müvafiq kompensasiya ödənilməlidir. Alan orqan köçürülmə ilə bağlı bizə seçim imkanlarının verilməsini və hüquqlarımız haqqında məlumat verməlidir. Real və mümkün olan köçürmə alternativləri ilə bağlı məsləhətlərin verilməsini, seçimin təklif etməklə təmin etməlidir. Köçürülməyimizə yardım edilməlidir”.
Məsələ ilə bağlı hüquqşunas Oktay Məhərrəmov bildirib ki, əgər torpaqdan təyinatına zidd istifadə edilərsə bu xitam üçün əsas ola bilər.
Onun sözlərinə görə, sahibkarların sahədə uzun müddət və davamlı şəkildə kənd təsərrüfatı ilə məşğul olmasını, torpağı həmin sahibkarların biznesinin mövcudluğunun iqtisadi əsasını təşkil etməsini nəzərə alsaq, müqaviləyə xitam verilməsi icarəçi, onun ailəsi, işçiləri və öz növbəsində onların ailələri üçün mənfi nəticələr törədə bildiyindən icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi daha ağlabatan və ədalətli görünür.
“İlk növbədə qeyd etmək lazımdır ki, həm əkin, həm də örüş və otlaqlar kənd təsərrüfatı yerləri (uqodiyaları) olmaqla məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir.
Otlaq torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri qanunvericiliklə müəyyən edilmişdir. Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin əsaslarını tənzimləyən 73-cü maddəsində və Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda torpaq sahəsinin təyinatının dəyişdirilməsi icarə müqaviləsinə xitam verilməsinin ayrıca əsasını təşkil etmir.
Bununla belə, əgər torpaqdan təyinatına zidd istifadə edilərsə, bu, xitam üçün əsas ola bilər. Bundan başqa, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun da torpağın təyinatının və kateqoriyasının dəyişdirilməsini torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının ayrıca növü kimi təsnifləşdirməmişdir. Hüquqi dövlətin prinsiplərinə əsasən, dövlət orqanının sahibkarların icarə hüququna müdaxiləsi mütənasib olmalı, dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir”.
O.Məhərrəmov qeyd edib ki, dövlət orqanı tərəfindən sahibkarların iqtisadi mənafelərinin və icarəyə əsaslanan əmlak maraqlarının nəzərə alınmaması və ya kompensasiyanın azlığı müəyyən şərtlər çərçivəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu təşkil edə bilər:
“Belə ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsindəki “əmlak” anlayışı fiziki mallara mülkiyyət hüququ ilə məhdudlaşmayan və daxili qanunvericilikdə formal təsnifatdan asılı olmayan müstəqil mənaya malikdir. Aktivləri təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” kimi qəbul edilə bilər.
Avropa Məhkəməsi öz qərarlarında qeyri-maddi aktivləri, iqtisadi dəyərə malik olan artım gətirən maliyyə hüquqlarını və maraqlarını mülkiyyət hesab etmiş və bu hüquqlara əsassız müdaxiləni pozuntu hesab etmişdir. Sahiblakların icarə hüququ və bu hüquqdan irəli gələn və ona əsaslanan iqtisadi aktivləri də Konvensiya mənasında “mülkiyyət” hesab edilməli və qorunmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?