Azərbaycan İdeyası

Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?

Tarix:4-05-2023, 15:26
Baxış Sayı:69

Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bahalı mobil telefona və bahalı nömrəyə böyük məbləğdə pul verən, bunu prestij hesab edən insanlar var və onların sayı az deyil.

Maraqlısı isə odur ki, bəzən bu addımı atanlar arasında maddi vəziyyəti yaxşı olmayanlara, prestij üçün kredit yükünün altına girənlərə də rast gəlinir.

Məsələn, aylıq gəliri 500-1 000 manat civarında olanlar dəyəri təxminən beş min manat olan “İphone 14 Pro Max” markalı mobil telefon işlətməkdən çəkinmirlər. Bəziləri isə hətta bir qədər də irəli gedərək telefondan da baha olan mobil nömrələr alırlar. Məsələn, ölkədə, əsasən, yüksəkvəzifəli şəxslərin işlətdikləri, dəyəri 10 min manatdan az olmayan, 211-lə başlayan mobil nömrələrin müştərisi olan sadə vətəndaşlar var. Eyni sözü avtomobil nömrələri haqqında da demək olar. Bəs insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?

“Report” bu mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

“Bu, psixoloji xəstəlikdir”

Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycanda bahalı mobil telefonlara və nömrələrə meyillilik psixoloji amillərlə bağlıdır:

“Azərbaycanda insanların bahalı mobil telefon və nömrə ilə özünü təsdiq etmək, başqalarından üstün görünmək kimi bir həvəsi var və bu, artıq xəstəlik həddinə çatıb. Yəni mən bunu psixoloji xəstəlik hesab edirəm. Təəssüf ki, bu cür xərcləmələr bir çox hallarda borclanmalara, müflis olmalara, ailədaxili münaqişələrə, hətta boşanmalara gətirib çıxarır.

Məsələnin digər narahatlıq doğuran tərəfi isə odur ki, maddi vəziyyəti yaxşı olmayanlar da belə dəbdəbəyə maraq göstərirlər. Halbuki, insanın dəyəri hansısa cihaz və yaxud nömrə ilə deyil, onun şəxsiyyəti, əxlaqı, biliyi, savadı ilə ölçülməlidir. Məsələn, Qərb ölkələrində - Avropada bahalı mobil telefonlardan və nömrələrdən yalnız kiçik qrup istifadə edir. Onlarda belə hallar heç də düzgün qəbul olunmur”.
“İnsanlar fərqlənmək istəyirlər”

Psixoloq Könül Babayeva da hesab edir ki, insanların bahalı telefon və nömrəyə meyilli olmaları onların başqalarından fərqlənmək istəyindən irəli gəlir:

“Dəbdəbəli əşya status göstəricisidir, bunları alan şəxs “mən sizdən fərqlənirəm, mənim bu cür bahalı telefon almağa pulum var və demək ki, sizdən daha güclüyəm” mesajı verir. Bahalı əşya aldığı zaman insanların beynində endorfin, el dilində desək, “xoşbəxtlik” hormonu ifraz olunur, alış-veriş edənin emosional vəziyyəti yüksəlir. İnsanda qısa müddətli olaraq seçilmişlik və elitlik illüziyası yaranır, bu da onu müəyyən müddətdə xoşbəxt edir. Əlbəttə ki, fərqlənmək üçün intellektual inkişaf, erudisiya, nizam-intizam və əməklə əldə olunan uğur da istifadə oluna bilər”.

Onun fikrincə, azərbaycanlıların dəbdəbəyə meyilliliyinin tarixi amilləri də var:

“Bu, bütün postsovet məkanında geniş yayılıb. Çünki insanlar bir əsrə yaxın müddət ərzində defisit içində yaşayıblar. Bərabərlik ideologiyası insanların beyninə yeridilirdi, halbuki yüksək vəzifələrdə olanlar ideologiyanın tam əksini edirdilər. Yalnız səlahiyyətli və rəhbər şəxslərin dəbdəbəli əşyalara əli çatırdı (bahalı zinət əşyaları, xəz-dəri geyimlər və s). Bəzi adamların pulu olsa da, defisitə görə dəbdəbəli əşyaları əldə edə bilmirdilər. Sonra sovet sistemindən kapitalizmə keçid baş verdi, sərhədlər açıldı və bahalı mallar daha əlçatan oldu. Artıq onları əldə etmək üçün pul lazımdı. Ona görə əlinə pul keçən şəxslər özlərini elitar və güclü hesab etmək üçün dəbdəbəyə meyil göstərdilər.

Sosial psixologiyaya görə, insanlar daha güclü olanlara, daha yüksək sosial pillədə olan adamlara bənzəmək istəyirlər. Buna görə də bahalı əşyaların saxta surətlərinə da maraq çoxdur. Halbuki ABŞ-də vəziyyət fərqlidir. Artıq varlı insanlar dəbdəbəyə əvvəlki kimi meyil göstərmirlər. Onlar pullarını daha bahalı olan ekoloji təmiz məhsullara, qidaya, ev alarkən daha bahalı və keyfiyyətli inşaat materiallarına xərcləməyə üstünlük verirlər”.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur