Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı bu gün imzaladığı sərəncamda ən çox ictimai müzakirəyə səbəb olan məsələ Səfər Əbiyevin yeni hökumətin tərkibində yer almamasıdır.
Əbiyevin yerinə Daxili Qoşunların Komandanı Zakir Həsənov müdafiə naziri təyin edildi.
AZXEBERCOM Zakir Həsənovun tərcümeyi-halını təqdim edir.
Z. Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.
Bu gündən Azərbaycan Respublikasının müdafiə naziridir.
Ailəlidir. İki övladı var.