Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
Rəsmi nikah münasibətlərdə məsuliyyət hissini formalaşdırır. Vətəndaş nikahı ilə yaşayanlar isə özlərini kimdənsə asılı hiss etmir, məsuliyyət daşımadıqlarını düşünür və bu da onların davranışlarına, birgə yaşayışlarındakı münasibətlərinə təsirini göstərir. Ortada hər hansı bir sənəd olmadığından ölkə üzrə qeyri-rəsmi nikahların statistikasını aparmaq çətindir. Sözügedən rəqəmləri yalnız əhalinin ümumi siyahıya alınması zamanı müəyyənləşdirmək olar. O zaman da gərək insanlar qeyri-rəsmi nikahda olduğunu etiraf etsin. Qeyri-rəsmi nikahdan doğulan körpələrin sayı onlara doğum haqqında şəhadətnamə verilən vaxt ayrıca qeyd olunur. Rəsmi nikah istənilən halda qadının xeyrinədir. Bu, qadın və uşağa hüquqi cəhətdən öz statusunu müəyyənləşdirməyə imkan verir.
Qeyri-rəsmi nikahdan doğulan körpələr sonradan sosial-psixoloji travma yaşayır. Münasibətlərin rəsmi və ya qeyri-rəsmiliyindən asılı olmayaraq atalıq faktı məhkəmə yolu ilə müəyyən olunduqdan sonra uşağın bütün haqları tanınır.
Vətəndaş nikahına daxil olanların sayının çoxalmasına səbəb məsuliyyətdən qaçmaq istəyidir. İnsanlar düşünürlər ki, rəsmi nikaha girməsələr, başları daha çox rahat olar, məsuliyyətdən uzaqda qalarlar. Azərbaycan cəmiyyətində isə qeyri-rəsmi nikah qadınlar üçün böyük narahatçılıqlar törədir. Qeyri-rəsmi nikah münasibətlərdə olan məsuliyyəti itirir. Və kişi istənilən an ayrıla bilir. Nikahdankənar dünyaya gələn körpələr isə gələcək həyatlarında böyük zədələr yaşayır. Onlara cəmiyyət arasında yaxşı baxmırlar, onlar cəmiyyətdən təcrid olunurlar.
Qeyri-rəsmi nikahlar iki cür olur. Bunun bir hissəsi boşandıqdan sonra qurulan münasibətlərin, bir hissəsi isə əyalətdə təhsilsiz, yaşı nikaha çatmayan qızların qurduqları münasibətlərin payına düşür. Qeyri-rəsmi nikahlardan doğulan körpələrin çox hissəsi də kənd yerlərinin payına düşür. Çünki insanlar rəsmi nikahın tərəflərə verdiyi hüquqları bilmirlər. Buna görə də tərəflər ailə qurmaq xatirinə vətəndaş nikahına girirlər. Olan isə uşaqlara olur. Əgər rəsmi nikah yoxdursa, ata dünyasını dəyişirsə, uşaq ömürboyu ananın üzərində qalır və ona ata tərəfdən heç bir pay düşmür. Buna görə də insanlar münasibətə girərkən çalışmalıdır ki, rəsmi nikaha üstünlük versinlər. Rəsmi nikah məsuliyyəti artırır və doğulan uşağın atasının rəsmən kim olduğu avtomatik təsdiqlənir.
Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir: “Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur”.
Uşağın anası ilə atasının rəsmi nikahı yoxdursa, atalığın müəyyən edilməsi məhkəmə tərəfindən reallaşdırılır. Və uşağın doğum şəhadətnaməsinə atasının adı yazıldığı andan etibarən ata uşaq üçün müəyyən məsuliyyət daşıyır. Son zamanlar insanların qeyri-rəsmi nikaha üstünlük verməsinin əsas səbəblərindən biri də tərəflər arasında boşanma zamanı mal-mülk problemlərinin yaranması ilə bağlıdır. Yəni əsasən kişi tərəf rəsmi nikaha girməkdən boyun qaçırır. Bu zaman isə qadının problemləri yaranır. Kişi dünyasını dəyişdiyi və ya ayrılma zamanı qadına və uşaq üçün atalıq tanınmayıbsa, uşağa heç bir şey düşmür. Qısası, qeyri-rəsmi nikahın məsuliyyəti az olsa da, yaratdığı problemlər saysız- hesabsızdır.
Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan Abbasova Ceyran Süleyman qızı artıq ikinci dəfə redaksiyamıza müraciət edərək, taleyin ona "bəxş" etdiyi ailə dramından gileylənib: "Həyat yoldaşım Sərdərov İlqar tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalmışam. Ondan uşağa yemək almaq üçün pul istədikdə, məni vəhşicəsinə döydü, başıma taxta parçası ilə zərbə endirdi. Daha sonra polisə məndən şikayət edərək bildirib ki, guya mən ona bıçaq çıxarmışam. O və qaynanam mütəmadi şəkildə məni döyüb, təhqir edib və dəlixanaya salmaqla hədələyiblər. Həmçinin əsassız şəkildə iddia edirlər ki, guya uşaq həyat yoldaşımdan deyil. Yeganə tələbim budur ki, xərcləri ona aid olmaq şərti ilə atalığın sübutu üçün qan analizi götürülsün. Bundan əlavə, uşağa ata mülkündən pay verilməklə, alimentin də vaxtlı-vaxtında ödənilməsi təmin olunsun.
Həyat yoldaşım onunla ailə qurduğum gündən məni işgəncələrə məruz qoymuş, təhqir etmiş və uşağın ona məxsus olmadığını iddia etmişdir. Onu da qeyd edim ki, maddi imkansızlığa görə DNT analizi xərcini çəkə bilmirəm. Buna cəhd etməyimin də səbəbi odur ki, qaynanam telli xanım 22 saylı uşaq poliklinikasında Nailə həkjimi hədələyib ki, uşağı qeydiyyatdan çıxarsın. Nailə həkim isə ona cavabında deyib ki, mən bunu etməyəcəyəm, o uşaqdır, sən onu çölə atsan belə mən onu qeydiyyatda saxlayacağam. Telli xanım isə həkimə də bildirib ki, uşaq mənim oğlumdan deyil, başqa kişidəndir".
Təhqir olunmuş, maddi və mənəvi iztirablara məruz qalmış qadın - ana redaksiyadan xahiş etmişdir ki, onun pozulmuş hüquqlarının bərpasına köməklik göstərilsin, məsələ KİV də ictimailəşdirilərək, audiyyati qurumların diqqətinə çatdırılsın.
Xatırldaq ki, Ceyran Abbasovanın problemi barədə qəzetimizin 15 fevral 2016-cı il tarixli 02(51)-ci sayında "Zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir" sərlövhəli yazı dərc olunmuş, qəzetin nüsxələri müşayiətedici məktublarla Bakı şəhər Baş Polis İdarəsinə, Aiulə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.
Oxşar məzmunlu ərizə ilə Ağdaş rayonunun Yuxarı Zəki kəndində qeydiyyatda olan İsayeva Leyla Paşa qızı redaksiyamıza müraciət edərək, 2002-ci ildə İsayev Rüstəm İsgəndər oğlu ilə qeyri-rəsmi nikahda olduğunu yazıb: "Ailə qurduqdan sonra bir müddət Rusiyanın Tümen vilayətində yaşadığımız üçün birinci övladımız orada dünyaya gəlmişdir. Lakin Rusiya vətəndaşı olmadığımız, həmçinin rəsmi nikahda olmadığımız üçün atalıq faktı təsdiq olunmayıb. İkinci övladım isə 2004-cü ildə Vətəndə doğulmuş, həyat yoldaşımın da atalıq faktı Ağdaş Rayon Nikah Qeydiyyatı Şöbəsində təsdiq olunmuşdur. Həyat yoldaşım mütəmadi şəkildə içki içib, uşaqlara qarşı pis münasibət göstərmiş, bizi fiziki və mənəvi təzyiqlərə məruz qoymuşdur. Stress nəticəsində uşaqlarımın hər ikisinin səhhətində ciddi xəstəliklər yaranmışdır. Övladlarımın normal yaşayıəşını təmin etməkdə çətinlik çəkirəm. Oğlumun tez-tez özündəngetmələr baş verir. Qızım inkişafdan geri qalıb. Özümün də görmə qabiliyyətim zəifdir. 2012-ci ildə məhkəmə yolu ilə boşandığımıza baxmayaraq, Rüstəm İsayev bir müddət alimenti ödəmiş, sonradan isə ödəməni dayandırmışdır. Ünvanlı sosial yardım almaq istəyi ilə müraciət etdiyim Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə etdiyim müraciətə isə "yox" cavabı verilmişdir. Hazırda keçmiş həyat yoldaşım mənə 1000 manata yaxın pul borcludur. İsayeva tələb edir ki, atası qızına görə atalıq faktını təsdiqləsin. aliment borcunu tam ödəsin, ona və uşaqlarına heç bir fiziki, mənəvi təzyiq göstərməyəcəyinə dair söz versin.
Xatırladaq ki, rəsmi nikahdan kənar doğulan uşağa aliment alınması üçün ilk növbədə onun atasının kimliyi qanuna uyğun müəyyənləşməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
Ailə qanunvericiliyinin mənasına görə, qanunla istənilən sübütun mötəbərliyini qiymətləndirmək hüququ atalığın müəyyən olunması haqqında işə baxan məhkəməyə məxsusdur. Sübutlar isə atalığın müəyyən olunması haqqında ərizədə göstərilən, ərizəyə əlavə olunan yazılı və maddi sübutlar kimi təqdim edilən məlumatlardır; şahid ifadələri, ekspertlərin rəyi, tibbi arayışlar və digər iş üzrə əhəmiyyətli olan sənədlər ola bilər. Məhkəmə uşağın konkret şəxsdən mənşəyini sübüt edə biləcək bütün faktları nəzərdən keçirməli, zəruri hallarda tibbi-məhkəmə ekspertizasının keçirilməsini təmin etməlidir.
Atalığın nkah olmadan doğulmuş uşağa aliment tutulması üçün (əgər atalıq faktı könüllü müəyyən olunmayıbsa) ilk öncə atalıq faktının müəyyən olunması ilə bağlı iddia ərizəsi ilə cavabdehin (atanın) rəsmi qeydiyyatda olduğu məhkəməyə müraciət edilməlidir. Atalıq faktı müəyyən edildikdən sonra həmin şəxsə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə cavabdehin olduğu, yaxud iddiaçının olduğu yer üzrə rayon məhkəməsinə müracəit edilməlidir.
Qeyd edək ki, Ailə Məcəlləsin76-78-ci maddələrinin tələbinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (bütün gəlirlərin) üçdə bir hissəsi miqdarında və ya işin hallarından asılı olaraq sabit pul məbləğində aliment tutulur.