Azərbaycan İdeyası

Azərbaycanda intiharlar niyə gəncləşib?

Tarix:11-08-2016, 11:49
Baxış Sayı:514

Azərbaycanda intiharlar niyə gəncləşib?
Əhməd Qəşəmoğlu: “Burda mənəvi, eyni zamanda iqtisadi məsələlər var”;

Azad İsazadə: “Yeniyetmələr maksimalist olur, güzəştə getmək, orta variantı seçmək yeniyetmələri qane etmir”

Son günlər gənc və yeniyetmələrin, məktəblilərin özünə qəsd hallarının sayı çoxalıb. Demək olar ki, hər gün intihar hadisələri ilə bağlı məlumatlar alırıq və təəssüf ki, onların əksəriyyəti gənc və yeniyetmələrlə bağlı olur. Son hadisələr artıq cəmiyyətdə ciddi narahatlıq doğurub. Sonuncu Kürdəxanıda 15 yaşlı, 8-ci sinif şagirdi Teymur Həsənlinin özünü asaraq intihar etməsi isə bu narahatlığı daha da artırıb.

İlkin versiya olaraq 15 yaşlı məktəblinin sevdiyi qıza görə özünü asdığı deyilir. Başqaları üçün bu səbəb çox sadə, bəlkə də bir qədər gülünc görünsə də, göründüyü kimi, məktəbli şagirdin faciəsinə gətirib çıxara bilib. Buna bənzər hadisə bugünlərdə Sumqayıtda baş vermişdi. Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi, 20 yaşlı Əfqan Məmmədov yaşadığı kirayə evdə özünü asaraq intihar etmişdi. Bəs görəsən, səbəb nədir? Gənc və yeniyetmələr niyə vəziyyətdən çıxış yolu kimi intiharı seçir? Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə intiharların sayı niyə gəncləşərək artıb?

Sosioloq Əhməd Qəşəmoğlu intihar hadisələrinin müxtəlif amillərlə bağlı olduğunu bildirdi: “İstənilən insanın davranışı 2 güclü amillə bağlıdır, bu, alınan informasiya və insanın daxilində formalaşan mənəvi dəyərlərdir. Onları birlikdə götürmək lazımdır. Hər hansı bir davranış bizi maraqlandırır, həyəcanlandırırsa, gərək bütün faktları birlikdə nəzərə alaq. Mühitdə, informasiyalarda nə baş verir, insanların daxilində hansı dəyərlər formalaşıb daha çox yer verilir və sairə. Bu hadisə sosial hadisə kimi artıq müşahidə olunur. Əgər görünürsə ki, gənclər, uşaqlar daha çox intihar edir, araşdırmaq lazımdır ki, bunlara daha çox mühit təsir edir, yoxsa iqtisadi faktorlar.

Doğrudur, iqtisadi faktorlar burda rol oynaya bilər. Amma dərhal iqtisadi faktoru əsas götürmək düzgün deyil, çünki bilirik ki, ölkədə bundan da ağır iqtisadi durum çox olub. Onda həmin vaxt da intiharlar artmalı idi. Burda mənəvi, eyni zamanda iqtisadi məsələlər var. Biz istəyiriksə ki, bu problemin qarşısını alaq, bu cür olaylar olmasın, diqqət etməliyik ki, məktəblərdə uşaqlara hansı mühit yaradılıb, orda bu mühit uşaqlara nə dərəcədə təsir edir. Müəllim-şagird arasında qayğılı-etibarlı münasibət olanda bu cür problemlər azalır. Amma deyək ki, birinin paltarı pisdirsə və ya yaxşı oxuya bilmirsə, buna görə sinif yoldaşları arasında gözdən salınırsa, deməli, burada mühit birbaşa təsir edir. Və yaxud araşdırmaq lazımdır ki, uşaqlar, gənclər axşama kimi sosial şəbəkələrdə, televiziyalarda hansı informasiyaları alır. Onlar daha çox kriminal informasiyalar eşidirsə, beyinləri zədələnir, kriminal, özünə qəsd məsələlərinə maraqları artır.

Bu baxımdan, televiziyaların da üzərinə vəzifələr düşür. Dəyərlərin necə formalaşması ilə məktəblərdə tez-tez psixoloji-sosial araşdırmalar aparmalıyıq ki, görək ki, bizim uşaqlarımızın üstünlük verdiyi dəyərlərdə hansı motivlər daha çox rol oynayır”.

Ekspertə görə, tarix göstərir ki, mənəvi dəyərlər öndə olanda orda hadisələr öz-özünə tənzimlənir, yəni kriminal, xoşagəlməz hadisələr çox olmur: “O vaxt ki maddi dəyərlər önə keçir, cəmiyyətdə hər zaman hər cür cinayət halları çoxalır, o cümlədən gənc və uşaqlar mənəvi cəhətdən zərbə alır. Bu məsələlər elə-belə, xırda məsələ deyil ki, sosioloq bir fakt göstərib cavab versin. Bu məsələ ciddidir və ciddi elmi araşdırmaya, elmin köməyi ilə fəaliyyət proqramı qəbul edib həyata keçirməyə ehtiyacı var”.

Psixoloq Azad İsazadə isə intiharlarla bağlı ən böyük risk qrupuna yeniyetmələrin daxil olduğunu qeyd etdi: “Yeniyetmə çağında biz maksimalist oluruq, bizim üçün hər şey ya ağ, ya qara, yaxşı ya da pisdir. Güzəştə getmək, orta variantı seçmək yeniyetmələri qane etmir. Böyüklər üçün hansısa yüngülvari, bəzən gülməli görünən, ciddi olmayan səbəb yeniyetmə üçün artıq ciddidir və bu onun üçün ilk uğursuzluqdur, düşünür ki, bundan sonra yaşamağa dəyməz. Bu ilk məhəbbət, imtahandan kəsilmə və yaxud valideynlərin nədənsə narazı olmasından yarana bilər.

Dünya statistikasına da baxanda müşahidə edirik ki, intiharların yaşı xeyli cavanlaşıb. Və hətta yeniyetməliyə çatmayan uşaqlar da intihara əl atmağa başlayıb. Təbii ki, burda kifayət qədər səbəblər var ki, onları araşdırıb, aydınlaşdırmaq lazımdır. Sözsüz ki, texnoloji inqilab, kompüter, kommunikasiyaların inkişafı, virtual ünsiyyətin və sairə amillərin təsirləri var. Lakin eyni mənbədən həm müsbət, həm də mənfi nəticə çıxarmaq olar.

Bunun üçün xüsusən valideynlər yeniyetmə və uşaqların hansı məlumat əldə etdiyinə nəzarət etməlidir. Texnoloji prosesin daxilində təbii ki, neqativ və təhlükəli məqamlar da var və onları hansısa formada mütləq nizamlamalıyıq”. Psixoloq təəssüflə ölkədə intiharlarla bağlı məşğul olan hər hansı bir qurumun olmadığını bildirdi: “Bununla bağlı polis pis-yaxşı məşğul olur. Lakin bu, sırf cinayət xarakterli araşdırmadan ibarət olur. Ciddi psixoloji, sosioloji araşdırmalar bu istiqamətdə praktiki olaraq yoxdur. Bu səbəbdən də dəqiq hansısa məsləhətlər vermək çox çətindir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO