Azərbaycan İdeyası

Baş DYP İdarəsi adamdöyən əməkdaşının "ayağını tapdalamadı"

Tarix:3-04-2017, 09:31
Baxış Sayı:265


Sadiq oxucularımız xatırlayarlar. Qəzetimizin 2016-cı il dekabr nəşrində "BEYLƏQAN POLİSİNİN QƏZƏBİNƏ TUŞ GƏLMİŞ AİLƏNİN DRAMI" sərlövhəli məqalə Beyləqan rayonunun "Şərq" qəsəbəsi sakini, Füzuli rayonundan olan məcburi köçkün Hacıyev Cahid Xanbala oğlunun yol polisi tərəfindən zorakılığa məruz qaldığı barədə şikayəti əsasında hazırlanmışdı. Cahid bildirirdi ki, 15. 11. 2016-cı il tarixdə müvəqqəti yaşayış yerindən ev əşyalarını dövlətin onlara bağışladığı yeni mənzilə şəxsi avtomobili ilə daşıdığı vaxt Daşburun qəsəbəsindəki dörd yol ayrıcında yol polisi onun maşınını saxlatdırmaq istəyib. Qaranlıq düşdüyü və avtomobilin sərnişini olan ixtiyar yaşlı anasının qızıl əşyaları da üstündə olduğu üçün Cahid maşını saxlamağa tərəddüd edib. Bu zaman yol polisi ekipajı xidməti maşınla Cahidin avtomobilini təqib edib. 300-400 metr getdikdən sonra ikinci ekipaj onu ötərək qarşısını kəsib. Yazdığına görə, onun yaxasından yapışıb düşürüblər və beş nəfər polis işçisi üstünə tökülüşərək ağır söyüşlər işlətməklə döyməyə başlayıblar. Sonra da ayağa qaldırıb öz maşınları ilə polis şöbəsinə aparıblar. Bir az özünə gələndən sonra ayrıca otağa salıb yenidən təhqiramiz ifadələr işlədərək döyməyə davam ediblər. Şikayətçi bildirir ki, üzündən qan axırmış. Təkcə o yadında qalıb ki polis əməkdaşlarından biri digərlərinin üstünə qışqırıb, "bəsdirin, öldürəcəkmisiniz?" deyib. Yalnız bundan sonra əl çəkiblər.
Cahid Hacıyev bircə "Hunday" markalı DYP avtomobilinin nömrəsinin 99 YP-634 olduğunu və Ülvi adlı polis işçisini yadda saxlayıb. Xatırlayır ki, elə həmin Ülvi öz telefonu ilə onu polis rəisiylə danışdırıb. Dəstəyin o başındakı rəis hesab etdiyi şəxs isə işçilərindən də betər söyüşlərlə onu təhqir edib. Huşunu itirib, üç saatdan sonra polis şöbəsində özünə gəlib. Yazır ki, şöbədə bir nəfər onu hədələyib ki, polisdən şikayət etsə, cibinə nəşə atıb tutduracaqlar. Daha sonra məcbur ediblər ki, sərxoş olduğunu boynuna götürsün.
Şikayətçi qeyd edir ki, başına gələnlər barədə "102" xidmətinə zəng vurub xəbər versə də, məhəl qoyan olmayıb.
Cahidin anası Nağıyeva Aidə Famil qızının redaksiyaya verdiyi digər məlumatlar isə belə düşünməyə əsas verirdi ki, ümumiyyətlə, onun mənsub olduğu Hacıyevlər ailəsi yerli polis tərəfindən qaralanıb. Belə ki, bu il avqustun 8-də Beyləqanın "Şərq" qəsəbəsi sakinləri Mehdiyev Elmir Əsədulla oğlu, Mehdiyev Aslan Məhəmməd oğlu, Mehdiyev Əhməd Əmrəddin oğlu Cahidin qardaşı Hacıyev Ceyhun Xanbala oğlunu döyüb ölümcül vəziyyətə salıbmışlar. Aidə ana oğlunun başına gələnlər haqqında polisə məlumat verdiklərini, lakin yalnız üç gün keçdikdən sonra Ceyhunun polis şöbəsinə çağırıldığını yazıb. Xəsarət alan Ceyhun küt ağrıları olsa da, polisə getmiş və izahat vermişdir. Ceyhun polisdən tibbi-ekspertizaya yollanması üçün arayış istəsə də verməyiblər, arxayın salıblar ki, xuliqanlar layiqli cəzalarını alacaqlar. Ceyhun atası ilə birgə tibbi-ekspertiza mərkəzinə yollanıb rəy almaq istədikdə, həkim rəyi yalnız polisə verəcəyini bildirmişdir. A. Nağıyeva yazır ki, şikayət etsələr də, qarşı tərəf polisə çağırılmayıb, onlarla üzləşdirilməyib. Sonradan məlum olmuşdur ki, Beyləqan Polis Şöbəsi edilmiş müraciət əsasında guya araşdırma apararaq toplanmış materiallar üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edibmiş. Nağıyeva 07.09.2016-cı il tarixli həmin qərarın mövcudluğunu yalnız 19.09.2016-cı il tarixli məktubu alandan sonra öyrənmişdir. Qərarla tanış olanda isə həm ekspertin, həm də polis şöbəsinin niyə həmin qərarı üzə çıxarmağa tələsmədiyi məlum olur: Qərarda Mehdiyevlərin yalnız birincisininin - Elmir Əsədulla oğlunun sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə, Ceyhunu döydüyü qeyd olunur və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi təsdiqlənir. Digərləri isə aradan çıxarılır.
Polisin tərəfkeşliyindən məyus olan Ceyhun Hacıyev öyrənmişdir ki, onu döyən Mehdiyev soyadlı şəxslər həm də hərbi xidmətdən yayınıblar və güclərini torpaqlarımızı işğal edən düşmənə göstərməkdənsə, öz həmkəndlilərinə nümayiş etdirirlər. Ceyhunun bu barədə etdiyi müraciət hazırda Füzuli rayon hərbi prokurorluğunda araşdırılır. Nağıyeva bu qənaətdədir ki, Ceyhunun başına gələnlərlə və polisin tərəf tutması ilə barışmaz mövqe nümayiş etdirmələri onları asayiş keşikçilərinin qəzəbinə tuş gətirib, Cahidin başına gələnlər də elə bu səbəbdəndir.
Məqaləmiz dərc olunandan sonra redaksiyadan aidiyyati üzrə Beyləqan rayon prokurorluğuna və Baş Dövlət Yol Polisi İdarəsinə məktublar göndərilmişdir. Bu instansiyalardan yalnız 06.02.2017-ci il tarixdə BDYPİ tərəfindən cavab almışıq. Məqalə üzrə araşdırma aparan İdarə aşağıdakıları müəyyən etmişdir:
"15.11.2016-cı il tarixdə vət. C. Hacıyev "QAZ 3302" markalı 19-BF-671 dövlət qeydiyyat nişanlı avtomobili Bəhrəmtəpə-Horadiz yolunun 28-ci km-də idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 73-cü maddəsinin IV hissəsinin 1-ci bəndinin tələbinə əməl etməyərək, işıq cihazlarından istifadə qaydasını pozduğuna görə YPX inspektoru Ü. Hüseynov tərəfindən saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.1 və 97-ci maddələrinin tələblərinə əsasən avtomobil mühafizə olunan duracağa yerləşdirilmiş və barəsində Məcəllənin 332.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü protokolla və avtomobildə hər hansı bir qiymətli əşyanın və ya pulun olmaması ilə bağlı tərtib edilmiş aktla razılaşaraq imza etmişdir. Araşdırma zamanı DYP əməkdaşları tərəfindən vət. C. Hacıyevə qarşı qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmamışdır".
Əslində aldığımız məktubun məzmunu bizdə təəccüb doğurmadı. Təxmin edirdik ki, bu məsələdə polis həmrəyliyi üstün tutulacaq və BDYPİ mənsubları araşdırmanın yekun nəticəsində öz paqon yoldaşlarının tərəfini saxlayacaqlar.
“Göz isə gördüyünə inanar”- deyib atalarımız. Biz də öz jurnalist araşdırmamızı aparmışıq. İnspektor Ülvi Hüseynov Cahidin valideynlərinə ilk əvvəl peşmançılığını etiraf edib və onun anası Aidə Nağıyevaya deyib ki, "Cahidi vurduğum yerdə kaş əllərim töküləydi" deyərək bağışlanılmasını xahiş edib. Aidə xanım isə onun qarşısına şərt qoyub: "O halda bağışlaram ki, mənim oğlumun müalicəsini təşkil edərsən". Ülvi isə sual verib ki, "bəs prokurora nə verməliyəm?"
Ülvi ilə baş redaktorumuz da danışıb, Aida Nağıyevanın şərtini xatırladıb, döydüyü oğlanın xərcini çəkməsini bir insanlıq, kişilik borcu olduğunu yada salıb. Ü. Hüseynov isə bundan məmnun olmayıb və deyib: "Mən qanun çərçivəsində cavab verməyə hazıram". Görünür, bilirmiş ki, qanun BDYPİ-nin araşdırması nəticəsində "müəyyən" olunanları əsas götürəcək. Arxayın imiş, beli bağlıymış ki, yuxarı rəhbərlik onun ayağını tapdalamaz.
Uyğunsuz davranışa cəlb olunmuş polis işçilərinə onların rəisləri tərəfindən çox vaxt yumşaq münasibət göstərilir; bir çox hallarda polis cəzasız qalır. Bu özü-özlüyündə arzuolunan deyil və həmçinin, başqa polis işçilərinə də pis nümunə yaradır. Bəlkə də Ü. Hüseynov rəhbərlik tərəfindən bizim bilmədiyimiz şəkildə tənbeh olunub. Lakin polislərə verilən cəzaların geniş şəkildə açıqlanması məqsədəuyğun olmasa belə, ən azından polis xidmətlərinin öz daxilində bəlirlənməlidir. “Adını cəkmək və utandırmaq” metodundan istifadə etmək məsləhətdir və bu hal başqa polis işçilərinə öz həmkarlarının etdiyi hansı əməllərin uyğunsuz davranış olduğunu öyrənməyə imkan verəcək və göstərəcək ki, bu cür addımlar qəbul oluna bilməz. Bu həm də işçilərə inam verir ki, uyğunsuz hərəkət cavabsız qalmayacaq.

K.Q [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO