Beyləqan rayonunun "Şərq" qəsəbəsi sakini, Füzuli rayonundan olan məcburi köçkün Hacıyev Cahid Xanbala oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, yol polisi tərəfindən zorakılığa məruz qaldığından şikayətlənmişdir. Bildirir ki, 15. 11. 2016-cı il tarixdə müvəqqəti yaşayış yerindən ev əşyalarını dövlətin onlara bağışladığı yeni mənzilə şxsi avtomobili ilə daşıdığı vaxt Daşburun qəsəbəsindəki dörd yol ayrıcında yol polisi onun maşınını saxlatdırmaq istəyib. Qaranlıq düşdüyü və avtomobilin sərnişini olan ixtiyar yaşlı anasının qızıl əşyaları da üstündə olduğu üçün Cahid maşını saxlamağa tərəddüd edib. Bu zaman yol polisi ekipajı xidməti maşınla Cahidin avtomobilini təqib edib. 300-400 metr getdikdən sonra ikinci ekipaj onu ötərək qarşısını kəsib. Yazdığına görə, onun yaxasından yapışıb düşürüblər və beş nəfər polis işçisi üstünə tökülüşərək ağır söyüşlər işlətməklə döyməyə başlayıblar. Sonra da ayağa qaldırıb öz maşınları ilə polis şöbəsinə aparıblar. Bir az özünə gələndən sonra ayrıca otağa salıb yenidən təhqiramiz ifadələr işlədərək döyməyə davam ediblər. Şikayətçi bildirir ki, üzündən qan axırmış. Təkcə o yadında qalıb ki polis əməkdaşlarından biri digərlərinin üstünə qışqırıb, "bəsdirin, öldürəcəkmisiniz?" deyib. Yalnız bundan sonra əl çəkiblər.
Cahid Hacıyev bircə "Hunday" markalı DYP avtomobilinin nömrəsinin 99 YP-634 olduğunu və Ülvi adlı polis işçisini yadda saxlayıb. Xatırlayır ki, elə həmin Ülvi öz telefonu ilə onu polis rəisiylə danışdırıb. Dəstəyin o başındakı rəis hesab etdiyi şəxs isə işçilərindən də betər söyüşlərlə onu təhqir edib. Huşunu itirib, üç saatdan sonra polis şöbəsində özünə gəlib. Yazır ki, şöbədə bir nəfər onu hədələyib ki, polisdən şikayət etsə, cibinə nəşə atıb tutduracaqlar. Daha sonra məcbur ediblər ki, sərxoş olduğunu boynuna götürsün.
Şikayətçi qeyd edir ki, başına gələnlər barədə "102" xidmətinə zəng vurub xəbər versə də, məhəl qoyan olmayıb.
***
Cahidin anası Nağıyeva Aidə Famil qızının redaksiyaya verdiyi digər məlumatlar isə belə düşünməyə əsas verir ki, ümumiyyətlə, onun mənsub olduğu Hacıyevlər ailəsi yerli polis tərəfindən qaralanıb. Belə ki, bu il avqustun 8-də Beyləqanın "Şərq" qəsəbəsi sakinləri Mehtiyev Elmir Əsədulla oğlu, Mehtiyev Aslan Məhəmməd oğlu, Mehtiyev Əhməd Əmrəddin oğlu Cahidin qardaşı Hacıyev Ceyhun Xanbala oğlunu döyüb ölümcül vəziyyətə salıbmışlar. Aidə ana oğlunun başına gələnlər haqda polisə məlumat erdiklərini, lakin yalnız üç gün keçdikdən sonra Ceyhunun polis şöbəsinə çağırıldığını yazıb. Xəsarət alan Ceyhun küt ağrıları olsa da, polisə getmiş və izahat vermişdir. Ceyhun polisdən tibbi-ekspertizaya yollanması üçün arayış istəsə də verməyiblər, arxayın salıblar ki, xuliqanlar layiqli cəzalarını alacaqlar. Ceyhun atası ilə birgə tibbi-ekspertiza mərkəzinə yollanıb rəy almaq istədikdə, həkim rəyi yalnız polisə verəcəyini bildirmişdir. A. Nağıyeva yazır ki, şikayət etsələr də, qarşı tərəf polisə çağırılmayıb, onlarla üzləşdirilməyib. Sonradan məlum olmuşdur ki, Beyləqan Polis Şöbəsi edilmiş müraciət əsasında guya araşdırma apararaq toplanmış materiallar üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edibmiş. Nağıyeva 07.09.2016-cı il tarixli həmin qərarın mövcudluğunu yalnız 19.09.2016-cı il tarixli məktubu alandan sonra öyrənmişdir. Qərarla tanış olanda isə həm ekspertin, həm də polis şöbəsinin niyə həmin qərarı üzə çıxarmağa tələsmədiyi məlum olur: Qərarda Mehtiyevlərin yalnız birincisininin - Elmir Əsədulla oğlunun sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə, Ceyhunu döydüyü qeyd olunur və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi təsdiqlənir. Digərləri isə aradan çıxarılır.
Polisin tərəfkeşliyindən məyus olan Ceyhun Hacıyev öyrənmişdir ki, onu döyən Mehtiyev soyadlı şəxslər həm də hərbi xidmətdən yayınıblar və güclərini torpaqlarımızı işğal edən düşmənə göstərməkdənsə, öz həmkəndlilərinə nümayiş etdirirlər. Ceyhunun bu barədə etdiyi müraciət hazırda Füzuli rayon hərbi prokurorluğunda araşdırılır. Nağıyeva bu qənaətdədir ki, Ceyhunun başına gələnlərlə və polisin tərəf tutması ilə barışmaz mövqe nümayiş etdirmələri onları asayiş keşikçilərinin qəzəbinə tuş gətirib, Cahidin başına gələnlər də elə bu səbəbdəndir.