Azərbaycan İdeyası

Əmanətlərin sığortalanması ləğv edilir

Tarix:4-09-2018, 14:35
Baxış Sayı:605

  Əmanətlərin sığortalanması ləğv edilir
Bir neçə il əvvəl qlobal miqyasda baş verən neft böhranı və onun əksər ölkələrin maliyyə bazarlarına təsiri hər bir dövlət kimi Azərbaycanı da adekvat addımlar atmaq məcburiyyətində qoydu. Etiraf etmək lazımdır ki, Azərbaycanın qısa müddət ərzində həyata keçirdiyi antiböhran tədbirləri ölkəmizin bu problemdən daha az itki ilə çıxmasına yol açdı. Hazırda da dünya miqyasında baş verən iqtisadi təlatümlərin, ətraf qonşularımızda gedən maliyyə böhranı problemlərinin Azərbaycana təsirsiz ötüşməsi istiqamətində tədbirlər davam etdirilir.
Ölkənin maliyyə sektorunda atılacaq addımlardan biri də əmanətlərin tam sığortalanmasının ləğvi ilə bağlı prosesdir. Məlumat üçün qeyd edək ki, əmanətlərin tam sığortalanmasının ləğvi 6 aydan sonraya nəzərdə tutulub. Bəs görəsən əmanətlərin sığortalanmasının ləğvinin hansı üstünlükləri olacaq?. Həmçinin bu addım bankların fəaliyyətinə hansı müsbət və mənfi təsirləri göstərəcək? İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: "Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır. Bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15 faizdən çox, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3 faizdən çox deyil. Amma ötən 2,5 il ərzində bağlanmış 6 bank üzrə Əmanətlərin Sığortalanması Fondu tam sığortalanmış əmanətləri kompensasiya edib. Fond bəzən bu vəzifəsindən yayınmağa cəhd edəndə isə məhkəmələrimiz onu məcbur edib. Məhz bunun müqabilində banklardan əmanətlərin çəkilməsi prosesi nisbətən səngiyib.
Lakin bu sistemin cəmi 6 aylıq ömrü qalıb. 4 mart 2019-cu il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək? Bu məsələ əmanətçiləri çox düşündürür". İqtisadçının sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.2-ci maddəsində deyilir ki, 3 illik "müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir". "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə isə Fond tərəfindən hər bir bankda sığortalanmış əmanət 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir: "Misal. Vətəndaş bu ilin 1 iyul tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 15 faizlə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2019-cu il tarixədək bağlansa (lisenziyası ləğv olunsa), əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməlidir. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalıdır. Sözügedən proses Cənab Prezidentin göstərişinə əsasən cari ildə bitsə, bu, bazar üçün müsbət siqnal olacaq. Yəni növbəti ildə bankların bağlanması ehtimalı azalacaq və əmanətlər tam sığortalı olmasa belə, onları geri götürmək istəyən az olacaq. Bunun əksi baş versə, yəni problemli banklar sağlamlaşdırılmasa və ya bazardan çıxarılmasa, növbəti ilin ilk iki ayı əmanətçilərin ciddi təşvişinə səbəb ola bilər. Gözlənti yarana bilər ki, Palata dövlət başçısının göstərişini bir neçə ay gecikməklə icra edəcək. Bu isə "4 mart 2019-cu ildən sonra", yəni əmanətlərin tam sığortalanmadığı dövrdə deməkdir. Hətta ola bilər ki, əmanətləri qaytarmayan bankı belə 4 martdan sonra bağlasın. Təbii, əmanətçilər, son nəticədə isə banklar (əmanətlərin çıxarılması ilə üzləşə bilərlər) üçün bu, çox pis xəbər olacaq. Buna görə də yaxın aylarda iki addımdan bir atılmalıdır. Ya bankların sağlamlaşdırılması prosesi Cənab Prezidentin göstərişinə əsasən ilin sonunadək bitirilməli, ya da əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır. Bu, ilk növbədə bank sisteminin özünə lazımdır". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı