Azərbaycan İdeyası

"ÜSTÜMÜZƏ NEFT TÖKÜB ÖZÜMÜZÜ YANDIRACAĞIQ"

Tarix:26-01-2018, 11:36
Baxış Sayı:223



HƏRBÇİ TƏRƏFİNDƏN ALDADILARAQ EVİNDƏN MƏHRUM OLAN AİLƏNİN FƏRYADINI EŞİDƏN YOXDUR


Sumqayıt şəhəri 18-ci mikrorayon bina-4, mənzil - 16 ünvanda yaşayan vətəndaş Qənbərova Mahizər Koroğlu qızı redaksiyamıza müraciət edərək qızının ev problemi ilə əlaqədar tapdıqları vəkil tərəfindən aldadıldıqlarını bildirmişdir. Yazır ki, vəkil xidmətindən istifadə etmək ehtiyacı onlarda 2014-cü ildə yaranıb. Həyat yoldaşının bir tanışı onlara hüquqşünas Həsənov Ramil Cavnşir oğlunu təqdim edib. İlk əvvəl Mahizər xanımın həyat yoldaşı üstündə həbs olan avtomobilini azad etmək üçün Ramilə 700 manat pul verib. Ramil iki günə problemi həll edəcəyini vəd etsə də, həftələr keçib, amma vədinə əməl etməyib.
Sonra günlərin birində R. Həsənov əlində Mahizər xanımın qızı Aysel Gülmməmmədovanın adına tərtib etdiyi "hüquqi yardım göstərilməsi haqqında Tapşırıq Müqaviləsi" gətirib imzalatdırır və yalandan özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib daha 2000 manat pul alır. M. Qənbərovanın ərizəsinə qoşma olunmuş həmin "vəkalətnamə" isə elə ilk baxışdan görünür ki, heç bir hüquqi qüvvəyə malik deyildir. Çünki üzərində nə notariusun təsdiqi, nə də heç olmasa, R. Həsənovun işlədiyi hüquq məsləhətxanasının möhürü vardır.
Mahizər xanımın yazdıqlarına görə Ramil daha bir neçə dəfə yalan satandan, telefonunu bağlayandan sonra ən nəhayət onu iş yerindən qovub. Deyib ki, pulu Vəkillər Kollegiyasının hesabına köçürdüyü üçün qaytara bilmir. Bundan sonra M. Qənbərova "vəkil"dən DİN-nin "102" xidmətinə şikayət edib. Yazır ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gəlib onu aparsalar da, 1 saat sonra sərbəst buraxıblar. RPİ-nin təhqiqatçısı Emin Quliyevin sözləri isə Mahizər xanımı təəccübləndirib, məyus edib: "Biz bu vəkillərlə bacara bilmirik. Sənin kimi neçə minlərlə adamı bu vəziyyətə qoyurlar".
İndi isə Mahizər xanımın qızı Gülməmmədova Aysel Yasin qızının ev problemi barədə. Aysel Gülməmmədova ərinin həyat yoldaşı hərbçi Şərbətov Eldəniz Gözəlağa oğlu tərəfindən aldadılmışdır. Eldəniz Şərbətov hərbi xidmətdə olarkən tanışı, Sumqayıt şəhər sakini Gülməmmədov İlkin Əbülfəz oğlunun həyat yoldaşı Gülməmmədova Aysel Yasin qızına məxsus və birgə yaşadıqları iki otaqlı mənzili sataraq üç otaqlı mənzil almaq istəyinin olduğu barədə məlumat almışdır. Eldəniz Şərbətov həmin mənzilin satışından əldə olunacaq vəsaiti ələ keçirmək məqsədilə İlkin Gülməmmədovun etibarından sui-istifadə edib, hərbi qulluqçu olduğuna görə güzəştli faizlə ipoteka krediti götürmək hüququnun olduğunu ona bildirərək dostluq münasibətində olduqlarına görə həmin hüququndan onların xeyrinə təmənnasız istifadə etməklə ilkin ödənişin İlkin Gülməmmədov tərəfindən ödənilməsi şərtilə öz adına ipoteka ilə onlara üçotaqlı mənzil almaq və ipotekada olan mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinin mümkün olmadığı nəzərə alınmaqla, onların həmin mənzilə qeydiyyata düşmələrinə, kreditin ödənişi başa çatdıqdan sonra həmin evi onların adına rəsmiləşdirəcəyinə, o vaxta qədər isə əmlakın idarə edilməsi hüququ verən ümumi etibarnamə verəcəyi barədə yalan vədlər verməklə aldadaraq İlkin Gülməmmədovun həyat yoldaşı Aysel Gülməmmədovaya məxsus, Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 4-də yerləşən 16 nömrəli üç otaqlı mənzili almaq niyyətini onlara bildirdikdən sonra Eldəniz Şərbətov ipoteka götürmək üçün bank tərəfindən tələb olunan iş yeri barədə arayışın alınması üçün iş yerinə guya 1000 manat məbləğində pul verilməli olduğunu bildirərək İlkin Gülməmmədovdan arayış almaq adı ilə 1000 manat və "AccessBank"ına olan 500 ABŞ dolları məbləğində borcunun ödənilmədən ipoteka kreditinin götürülməsinin mümükün olmadığını bildirərək banka ödəniş edilməsi üçün daha 392 manat 40 qəpik dəyərində olan 500 ABŞ dollarını, ümumilikdə 1392 manat 40 qəpik məbləğində pulu 2013-cü ilin fevral ayında aldatma yolu ilə İlkin Gülməmmədovdan almış və bundan sonra güzəştli faizlə ipoteka krediti götürmək üçün "Atabank"a müraciət etmişdir.
Eldəniz Şərbətov daha sonra qiymətləndirmə şirkəti tərəfindən 55000 manata dəyərləndirilmiş Sumqayıt şəhəri, 18-ci mkr., bina 4-də yerləşən 16 nömrəli üç otaqlı mənzili öz adına rəsmiləşdirmək üçün ilkin olaraq ödənilməli olan məbləği, mənzilin dəyərinin 15 %-ni təşkil edən 8300 manatı 14 mart 2013-cü il tarixdə İlkin Gülməmmədova "Atabank"ın bank hesabına ödətdirmiş, ilkin ödəniş edildikdən sonra isə İlkin Gülməmmədovun və Aysel Gülməmmədovanın özlərinə məxsus evi artıq satdıqlarını və ilkin ödənişi etdiklərinə görə pulu verməkdən imtina edə bilməyəcəklərini nəzərə alaraq mənzilin alqı-satqı müqaviləsi bağlanarkən yalandan ipotekanı təşkil etmiş şəxslərə pul verməli olduğunu bildirərək İlkin Gülməmmədovu aldadıb ondan 7063 manat 20 qəpik dəyərində olan 9000 ABŞ doları məbləğində pul almışdır.
Eldəniz Şərbətov cinayət əməllərini davam etdirərək İlkin Gülməmmədovun və həyat yoldaşı Aysel Gülməmmədovanın Sumqayıt şəhəri, 18-ci mkr., bina 4-də yerləşən 16 nömrəli mənzilə qeydiyyata alınmaları ilə bağlı razılıq ərizəsi və həmin mənzilə sərəncam hüququ verən ümumi etibarnamə vermək üçün daha 12000 manat pul istəmiş, artıq aldadıldıqlarını hiss edən İlkin Gülməmmədov və Aysel Gülməmmədova etibarnamə veriləcəyi və həmin mənzilə qeydiyyata götürüləcəkləri halda onlarda mənzilə sahiblik hüququ yaranacağını fikirləşərək ödədikləri vəsaitin xilas edilməsi üçün 23 aprel 2013-cü il tarixdə Eldəniz Şərbətova daha 12000 manat məbləğində pul vermişdir. Eldəniz Şərbətov həmin tarixdə notarial qaydada Aysel Gülməmmədovaya Sumqayıt şəhəri, 18-ci mkr., bina 4-də yerləşən 16 nömrəli mənzilə sərəncam verilməsinə hüquq verən 50 il müddətinə etibarnamə (ƏN-N: 345306), habelə İlkin Gülməmmədovun və Aysel Gülməmmədovanın həmin mənzilə qeydiyyata düşmələri üçün Sumqayıt şəhər polis idarəsinə yazılı razılıq ərizəsi vermiş, Aysel Gülməmmədova və İlkin Gülməmmədov həmin mənzilə köçdükdən sonra 08.05.2013-cü il tarixdən 23.04.2014-cü il tarixədək 2301,5 manat məbləğində kredit ödənişini "Atabank" ASC-də Eldəniz Şərbətovun adına açılmış kredit hesabına ödəmiş, 17 noyabr 2013-cü il tarixdə isə Eldəniz Şərbətov 23 aprel 2013-cü il tarixli etibarnaməni sonuncuların xəbəri olmadan notarial qaydada ləğv etdirərək məhkəmə qarşısında onların mənzildən çıxarılması barədə iddia qaldırmış və 13.05.2014-cü il tarixdə İlkin Gülməmmədov və onun həyat yoldaşı Aysel Gülməmmədovanın mənzildən çıxarılmasına dair Sumqayıt şəhər məhkəməsi tərəfindən qətnamənin çıxarılmasına nail olmuş, beləliklə, Gülməmmədovlar ailəsinə məxsus, ümumilikdə 31057, 1 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
Gülməmmədovların şikayətini araşdıran Bakı Hərbi Məhkəməsi 29 sentyabr 2014-cü il tarixdə Eldəniz Şərbətovun barəsində həbs qətimkan tədbiri seçmişdir. Bakı Hərbi Məhkəməsinin 25 fevral 2015-ci il tarixdə baş tutan açıq iclasında isə Şərbətov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə vermişdir ki, guya ipoteka ilə evi özü üçün alıb, Gülməmmədovlara kirayə vermişdir. Lakin məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların, şahid ifadələrinin hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan cinayət əməlini Şərbətov törətmişdir. Həmçinin məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını nə ağırlaşdıran, nə də yüngülləşdirən hallar müəyyən edilməmişdir. Onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi əsaslı və ədalətli hesab etmişdir.
Lakin iş burasındadır ki, sözügedən cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş mənzil Cinayət Məcəlləsinin xüsusi müsadirə edilməli olan əmlakların siyahısını müəyyən edən 99-1.1-ci maddəsinin təsiri altına düşməmişdir. Çünki həmin əmlak ipoteka predmeti olmaqla "Atabank"da girovda olduğundan, məcburi qaydada müsadirə edilə bilməz. Bu üzdən mənzilin üzərinə qoyulmuş həbs və sərəncam verilmə qadağası götürülmüşdür. Məhkəmə Eldəniz Şərbətovun səkkiz il müddətinə həbs olunması və 31057,1 manat pulun ondan tutularaq mülki iddiaçı İlkin Gülməmmədova verilməsi barədə hökm çıxarmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2015-ci il tarixli 1(105)-06/2015 nömrəli qərardan görünür ki, Bakı Hərbi Məhkəməsinin 25 fevral tarixli 1(093)-13/2015 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.
Gülməmmədova Aysel Yasin qızı Yardımlı rayon Məhkəməsinə müraciət edərək Şərbətov Eldəniz Gözəlağa oğlundan 40 min manat alınaraq ona verilməsini tələb etmişdir. Lakin Yardımlı rayon Məhkəməsi Gülməmmədovların təqdim etdiyi və Eldənizin "Atabank" dakı kredit hesabına ödədikləri aylıq ödənişləri təsdiqləyən mədaxil qəbzlərinin iddiaçıya heç bir aidiyyətinin olmadığı qənaətinə gələrək, həmçinin əvvəlki məhkəmə ilə ümumi tələbin 31057,1 manatlıq hissəsi barədə qərarın mövcudluğunu nəzərə alaraq iddianı qismən təmin etmiş, Eldənizdən daha 3239,44 manat alınıb iddiaçıya verilməsini qət etmişdir.
Mahizər Qənbərova ərizəsində yazır ki, Eldəniz Şərbətov atası Gözəlağa Şərbətova etibarnamə verib. Ata Şərbətov isə oğlunun əməllərinin davamı olaraq məhkəmə qərarını əldə rəhbər tutub 4 nəfəri körpə uşaq olmaqla 9 nəfərlik Gülməmmədovlar ailəsinin evdən çıxmalarını tələb etmişdir. Pulu istəyəndə isə deyir ki, nə vaxt oğlum həbsdən çıxar, o zaman borcunu ödəyər. Hazırda iş icra şöbəsinə yönəldilib. Sumqayıt şəhəri üzrə icra idarəsi artıq məktubla Gülməmmədovları xəbərdar edib ki, icra sənədində göstərilən tələbin icrasını təmin etməyəcəkləri halda məhkəmə qətnaməsinin icrası məcburi qaydada icra ediləcəkdir.
Mahizər xanım Eldənizin onlardan başqa daha bir neçə nəfəri ev düzəldəcəyi vədi verərək aldatdığını, üç ildir süründüyü məhkəmələrdə rüşvətxorluğun baş alıb getdiyini, artıq bu ölkədə heç kəsə inamının qalmadığını, boğaza yığıldıqlarını, bu işə ədalətlə baxılmayacağı təqdirdə neft töküb evi də, özlərini də yandırmaq istədiklərini, Azərbaycan vətəndaşlığından imtina etməyə hazırlaşdıqlarını bildirmişdir.

Korrupsiya və qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO