Redaksiyamıza Bakı şəhər sakini, F. X.Xoyski -113, mənzil-27 ünvanda yaşayan Azərbaycan ixtiraçısı, 34 ixtiranın və III nəsil "Azərbaycan tarı" layihəsinin müəllifi, ahıl təqaüdçü Ağamətov Alik Ağamət oğlunun ərizəsi daxil olmuşdur.
Vətəndaş Ağamətov Bakı Apellyasiya Məhkəməsinin 6, Ali Məhkəmənin 6 hakiminin ədalətsizliyindən gileylənmiş, onların korrupsiya maraqları naminə birinci instansiya məhkəməsinin qanuni qətnaməsini ləğv etmələrindən, ona və ixtiyar yaşlı həyat yoldaşının evinin boşanmış gəlinə verilməsini təşkil etdiklərini pisləmişdir.
Ağamətovların keçmiş gəlini - Ağametova İlhamə Axşam qızı Ağamətov Elman Alik oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət edərək, Elman Ağamətovla birgə nikahları dövründə aldıqları müxtəlif əmlakların bölünməsi, cehiz və qızıl-zinət əşyalarının qaytarılması, Bakı şəhəri, F.X.Xoyski küçəsi-113 ünvanda yerləşən 27 saylı mənzilin Ağamətova Umuyət Sultanbəy qızının adına keçməsinə dair əqdin etibarsız sayılması, bunun nəticəsində hüquq verən rəsmi sənədlərin və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, uşaqlarının mənafeyi nəzərə alınmaqla həmin mənzilin bölünərək payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Bakı şəhəri Nərimanov Məhkəməsinin 11 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklardan bəzilərinin keçmiş ərdə qalması, bəzilərinin keçmiş gəlinə verilməsi, iddia tələbinin qalan hisssədə təmin edilməməsi qət olunmuşdur.
Həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mənzillə bağlı hissədə sübutları düzgün qiymətləndirməmiş, həmin mənzilin keçmiş həyat yoldaşı tərəfindən onun iradəsi olmadan və məqsədli şəkildə keçmiş qyınanasına bağışlanmasının hüquqi nəticələrinə əhəmiyyət verməmiş, bununla da tətbiq edilməli olan qanunvericiliyi tətbiq etməyərək nəticədə qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.
Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli qətnaməsi mənzilə dair hissədə ləğv olunaraq həmin hissədə yeni qətnamə çıxarılmış, sözügedən mənzilə dair Ağamətov Elman Alik oğlu ilə Ağamətova Umuyət Sultanbəy qızı arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv olunması və həmin mənzilin 1/2 hissəsinə Ağametova İlhamə Axşam qızının, 1/2 hissəsinə isə Ağamətov Elman Alik oğlunun payının müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Ağamətov Elman Alik oğlunun və Ağamətova Umuyət Sultanbəy qızının birgə verdikləri kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
Məsələ burasındadır ki, işə təkrar apellyasiya qaydasında baxıldığı zaman nəzərə alınmayıb ki, Elman Ağamətov hələ 1998-ci ildə valideynlərinin vəsaiti hesabına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi - 26 ünvanda fərdi ev alıbmış. 11.07.2013-cü il tarixdə məhz həmin evi sataraq İlhamənin istəyi ilə şəhərin mərkəzinə daha yaxın Nərimanov rayonundakı mənzili almışdır. 70 min manata satılmış köhnə evlə 86 min manata alınmış təzə mənzilin qiymətləri arasındakı 16 min manat fərqi də Elmanın atası bankdan kredit götürərək ödəmişdir. Həmin mənzil Elmanın valideynlərinin vəsaiti hesabına alındığından, 06 sentyabr 2013-cü il tarixində mənzili anasına bağışlamışdır. İş materiallarından aydın olmuşdur ki, Ağametova İlhamə Axşam qızı 05.04.2012-ci il tarixində Bakı şəhəri 16 saylı dövlət notariat kontorunda Ağamətov Elman Alik oğluna bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək, habelə qanunla icazə verilən bütün əqdləri bağlamaq səlahiyyətlərini ehtiva edən etibarnamə vermiş, iddiaçının adına 06.06.2008-ci il tarixdə təkrar qeydiyyatdan keçirilmiş Sabunçu qəsəbəsi Anaşkin küçəsi 26 ünvandakı evi onun adından həmin etibarnamə ilə hərəkət edən E. Ağamətov 11 iyul 2013-cü ildə satmış, 20 iyul 2013-cü il tarixdə isə Nərimanov rayonundakı mənzili almışdır. E. Ağamətov Nərimanov rayonundakı mənzilin İlhamə ilə birgə əldə etdikləri qazanc hesabına deyil, valideynlərinə məxsus mənzilin satışından əldə olunmuş vəsait hesabına alındığını irəli sürməklə iddiaya etiraz etmişdir.
Lakin kollegiya Ağamətovların bu arqumentlərini əsaslandırmaq üçün gətirdikləri dəlilləri əsassız hesab etmiş, apellyasiya şikayətini təmin edərək mübahisəli mənzilin bölünməsini qət etmişdir.
Ağamətovlara məhkəmə proseslərində hüquqi yardım göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, fəxri hüquq doktoru, vəkil Kamandar Rəfi oğlu Nəsibov da təsdiqləyir ki, bu işə iltimas olunan legitim qanun normalarının hakimlər tərəfindən tətbiq edilməməsi konseptual səhv ilə nəticələnmiş, Ağamətovun konstitusion hüquqları pozulmuş və verilmiş məhkəmə qətnaməsi qüvvəyə minərək yolverilməz ədalətsizlik baş vermişdir.
Alik Ağamətov yazır ki, oğlunun nümayəndəsi qismində AR məhkəmə sisteminin bütün instansiyalarında eyni iş üzərində aparılan məhkəmə proseslərinin iştirakçısı olaraq aşkarlamışdır ki, bu iş 19 hakimin baxışında olmuşdur. Birinci instansiya məhkəməsinin hakimini çıxmaqla, digər 18 hakim özləri tərəfindən işə iltimas etdiyi qanun normasının (16 fevral 1998-ci il tarixli AR Konstitusiya məhkəməsinin qərarı) yoxluğunu öz qətnamə, qərar və qərardadlarında təsdiq və ya təzahür etmişdir. Buna görə də Alik Ağamətov hesab edir ki, eyni məhkəmə işində iştirak edərkən öz dövlətinin işə iltimas olunan qanun normalarının bilməməsini təzahür edən hakimlərin sayına görə bu hal "Ginnesin rekordlar kitabı"nda yer ala bilər.