Azərbaycan İdeyası

Masallı təhsilində başbilənlərin “cuhud fəndi”

Tarix:28-12-2020, 10:10
Baxış Sayı:266

65 yaş senzinin yalnız orta məktəb müəllimlərinə şamil edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı, onlara qarşı haqsızlıq kimi qiymətləndirildi. Həmçinin, mədəniyyət, təhsil, səhiyyə işçiləri üçün də 65 yaş senzi tətbiq edilir. Bu da sosial ədalət prinsipinə ziddir. Yaş senzi tətbiq edilməyə başlananda, belə bir maddə də vardı ki, 65 yaşdan sonra 5 il müddətində müqavilə ilə çalışmaq hüququ verilir. Bunun üçün də gərəkuyğun şərtlər olsun. Deyək ki, 65 yaşı tamam olmuş müəllimin fənnini tədris edəcək başqa müəllim yoxdursa, məktəb direktoru onu saxlaya bilərdi. Yaxud, təltifləri, mükafatları olanlar, elmi dərəcəsi olanlar, əməkdar müəllimlərə güzəşt ediləcəyi bildirilirdi.
Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlünün bu mövzudafikirləri diqqətəlayiqdir: "Məmurlarla bağlı biz yaş senzinin tətbiqinimüşahidə etmədik. Amma orta məktəb müəlliminin 65 yaşı tamam olan kimi, qapını açıb, hörmətsiz yola saldılar. Hətta yanvar ayında 65 yaşı tamam olmuş müəllimə tədris ilini başa vurmağa da imkan verilmədi. Sizə deyim ki, yaş senzinin tətbiqi bir çox müəllimlərdə böyük ruh düşkünlüyü yaratdı. Elə müəllimlər var, üzr istəyirəm ifadəmə görə, dəli olmaq dərəcəsinə çatdılar. İndi də 65 yaşı tamam olmuş, amma buna baxmayaraq tədris prosesini aparmağa kifayət qədər potensialı, gücü olan müəllimlər var. Mənim üçün hələ də müəmmalıdır ki, yaş senzi niyə məhz orta məktəbmüəllimlərinə şamil edilir? Əgər bu, işsiz müəllimlərin işlə təmin edilməsi məqsədi daşıyırsa, bununla problemi həll etmək onsuz da mümkün olmayacaq. Necə ki, neçə ildir mümkün olmur. İşsiz müəllimlər ordusunun yaranmasının səbəbi isə strateji planlanmanın düzgün aparılmamasıdır.Yəni, orta məktəb müəllimlərinə 65 yaş senzi tətbiq etməklə onsuz da buproblemi həll etmək mümkün deyil. Belə olan halda, əksinə, sevimli işini itirən, illərlə çalışdığı məktəbdən yola salınan müəllimlər bitkin bir vəziyyətə düşür, həyatdan küsürlər. Təqaüdləri də aşağıdır. Faktiki işdən çıxarılan orta məktəb müəllimi əzab çəkir. Müəllimə bu əzabları yaşatmaq nə dərəcədə doğrudur?!"
Redaksiyamıza müraciət edən Masallı rayonunun Ərkivan qəsəbə sakini Allahverdiyeva Validə Fərrux qızının yeni 2021-ci ilin ilk günündə - Yanvarın 1-də 65 yaşı tamam olacaq. Amma Rayon Təhsil Şöbəsinin rəhbərliyi Ərkivan qəsəbə Ə.Bağırov adına 4 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Validə Allahverdiyevanən ad gününə heç də xoşa gəlməyən sürpriz “hədiyyə” hazırlayıb. Ona yaş senzi ilə əlaqədar işdən çıxmalı olduğunu deyiblər. Validə müəllimə əmək müqaviləsinin vaxtının heç olmasa cari tədris ilinin sonuna kimi uzadılmasını xahiş edib. Məktəbin direktoru M.Sadıqov Rayon Təhsil Şöbəsinin müdiriyyətinə Validə müəllimə üçün “xala-xətrin qalmasın” bir məktub yazıb, xahiş edib ki, 02 yanvar 2021-ci ildən 14 iyun 2021-ci il tarixə kimi onunla əmək münasibətlərinin tənzimlənməsinə köməklik göstərilsin.
İndi isə gəlin görək, nəyə görə həmin məktub məhz “xala xətrin qalmasın” xarakteri daşıyır: Direktor məktubda qeyd etmişdir ki, Validə Allahverdiyeva DQ imtahanında 2 dəfə xəstə olduğu üçün iştirak edə bilməmişdir. Məktubda bu xüsusatın altının cızılmasının nə dərəcədə vacib olduğunu deyə bilmərik. Amma nəzərə alanda ki, yaşı 65-i keçən müəllimlərin işə davam edə bilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar arasında onların “səhhətinin vəzifəsinin icrasına imkan verməsi” də var, o halda direktorun güddüyü məqsəd üzə çıxır. Amma yəqin razılaşarsınız, iki dəfə xəstələnmək o demək deyildir ki, xəstəlik xronikidir. Olur ki, cavan adamlar da uzun sürməyən, orqanizm üçün ciddi təhlükə kəsb etməyən, bununla belə əmək qabiliyyətinin müvəqqəti itməsinə səbəb olan, məsələn, mövsümi infeksion xəstəliklərə məruz qalırlar.
Məktubda Validə Allahverdiyevanın təlimdə həmişə yüksək nəticələr əldə etdiyi səthi vurğulansa da, “2015-ci ilin DQ-si zamanı 19 bal (yuxarı sayılmır) nəticə göstərdiyinə baxmayaraq...” sözləri də yer alıb ki, bunun da müəllimənin fəaliyyətini gözdən salmağa hesablanmış önyarğı, “cuhud fəndi” olduğunu sezmək üçün zərrəbinlə baxmağa ehtiyac yoxdur. Xatırladaq ki, Validə müəllimə 1975-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Haqlı sual ortaya çıxır: Direktor əcəba Validə müəllimənin bu 45 illik əmək fəaliyyəti dövründən niyə məhz aşağı nəticəni əks etdirən 2015-ci ilin məlumatını qabardıb?
V.Allahverdiyeva həmçinin bildirir ki, son dövrlər onun əlindən tədris etdiyi əsas fənlər alınıb, qeyri-əsas dərsləri deyir. Məsələ ilə əlaqədar Masallı Rayon Təhsil Şöbəsinin müdiri T.Əkbərovla telefon əlaqəsi saxlayıb V.Allahverdiyevanın xahişinin yerinə yetirilməsinin nəzərdən keçirilməsinin nə dərəcədə mümkünlüyü barədə sual etdik. Cavab verdi ki, bu məsələ yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır: “Yuxarı”dan göstəriş versələr, müqavilə bağlayarıq”.
“Yuxari”ya “aşağı”dan təqdimat göndərilməlidir. “Aşağı” isə buna həvəsli görünmür.


Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür