Torpağının alıtı qızıl, üstü bərəkətlli olan Gədəbəy rayonu Azərbaycanımızın şərəfinə şərəf qatan görkəmli şəxsiyyətlər, bəylər yetirib. Amma bu eldə də ara-sıra qızıl meyarına uyğun gəlməyən gədələrə rast gəlinib. Üstəlik, belə yarıtmazların vəzifəyə yerləşdirilməsi, başqalarının üzərində ağalıq etməsi, dövlətin və xalqın malına sərəncam verməsi acı təəssüf doğurur.
İnzibati binası Qızıltorpaq kəndində yerləşən Gədəbəy rayon 32 saylı Yol İstismar İdarəsinin rəisi İbrahimov Firudin Məhəmməd oğlunun fəaliyyəti barədə ciddi narazılıqlar eşidilir. Xüsusilə Vətən müharibəsi dönəmində, hər kəsdən öz üzərinə düşən məsuliyyəti ciddi anlamalı olduğu dönəmdə Fiurudin İbrahimovun insanlara sayğısız yanaşması diqqəti çəkmişdir. Hələ keçən ilin iyul ayında cəbhənin Tovuz bölgəsində və ona qonşu olan rayonlar istiqamətində erməni təxribatının aktivləşdiyi dönəmdə Gədəbəy rayonunun sərhədyanı zonalarında Rayon İcra Hakimiyyətinn və RİH-nin tərkibindəki fövqəladə hallar komissiyasının təşəbbüsü ilə daxili imkanlar hesabına səngərlər qazılırdı. Əmək kollektivləri və yerli əhali bu təşəbbüsə könüllü qoşulmuşdular. Sərhədyanı kəndlərin yollarının abadlaşdırılması da bu tədbirlər sırasına aid edilmişdi, nədən ki, yollar təkcə iqtisadi deyil, həm də hərbi-strateji əhəmiyyət daşıyır. Amma Gədəbəy rayon 32 saylı Yol İstismar İdarəsinə uzun illərdir rəhbərlik edən rəisi, Firudin İbrahimov bu məsələdə o qədər də könüllü görünmədi.
KİV-ə müraciət edən əlil vətəndaş bildirir ki, öz evi ilə əsas yolun arasındakı əlaqəni yaxşılaşdırmaq məqsədilə Yİİ rəisinə müraciət edib, lakin xahişi Yİİ rəsi tərəfindən geri çevrilib. Bu üzdən 44 günlük müharibənin getdiyi müddətdə olmazın həyəcan yaşayıb: “Mən əlil adamam. Qaçhaqaç olsaydı, ailəmi yola çıxarmaq üçün narahat, demək olar keçilməz məsafəni qət etməliydim. Yol nahiyəsini təmir etdirmək üçün müraciət etdiyim yol idarəsinin rəisi bildirdi ki, guya bütün texnika rayon fövqalədə hallar komissiyasının sərəncamındadır. Halbuki, o, idarənin balansında olan az qala bütün maşın-mexanizmləri icarəyə verib, ayrı-ayrı şəxslərin villalarında işləyir, malikanələrə aparan yollara xidmət edirlər”.
F.İbrahimovun deyib ki, yuxarı təşkilatdan idarənin saxlanılmasına ayrılan vəsait azlıq etdiyi üçün Yİİ bir növ təsərrüfat hesablı fəaliyyət hesabına texnikanı saz saxlamağa, ehtiyat hissələrinin pulunu ödəməyə müvəffəq olur. Belə bir izahat əlbəttə ki, AAY Dövlət Agentliyinə ayrılan vəsaitlərin fonunda inandırıcı görünməyib. Çünki şahidi olduğumuz kimi Agenmtlik torpaqlar işğaldan aad ediləndən sonra Qarabağda nəhəng layihələrə başladı.
Sözügedən idarənn fəaliyyəti barədə təsəvvürlərimizi dəqiqləşdirmək üçün çalışıb əldə etdiyimiz əlavə məlumatlar F.İbrahimovun qol qoyduğu xeyli korrupsiya əməllərindən xəbər verir. Belə ki, bildirildiyinə görə, idarənin balansında olan işçi texnika təyinatları üzrə istifadə edilmir.
Məlumata görə, 102 nəfər işçisi olan idarəyə əlavə olaraq “DOST” MMC-nin xətti ilə 105 işçi cəlb olunub ki, onların da fəaliyyəti yalnız kağız üzərindədir. Qeyd olunur ki, rəis həmin şəxslərin məvacibnin 50 faizini özünə götürür. Hər dəfə yağış yağanda sel gəlir və asfalt örtüyün üzərini qum basır ki, belə hallarda hərəkət edən avtomobillər döngələrdə qumlu yollarda qəzaya uğrayırlar. Belə hadisələrdən biri də keçən il Başkənd ərazisində baş verib. Şıxəli adlı bir sürücü oğlu ilə Başkənd ərazisində hərəkət edərkən döngədə maşın qum örtüklü asfaltın üzərindən sürüşərək dərin dərəyə yuvarlanıb. Nəticədə Şıxəli ciddi xəsarət alıb , oğlunun isə qabırğası sınıb. Halbuki, həmin yollar mütəmadi olaraq 32 saylı Gədəbəy Yol İstismar İdarəsinə qəbul olunan 200 işçilər və texnikalarla təmizlənməlidir. Təssüf ki, həmin işçilərin adları ştatda, kartları isə rəhbər vəzifəlilərin cibində olduğundan, rayonda belə hadisələr tez-tez baş verir.
Yİİ- nin ağır texnikaları isə, Qızıltorpaq kəndində «Çobanqara» deyilən ərazidən 500 metr dağın yüksəkliyində, Səhiyyə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Azad və qardaşına məxsus olan, dəyəri milyonlarla ölçülən təmtəraqlı villanın bünövrəsinin qazılmasında və yolunun çəkilməsində 25.000 manat müqabilində İşləyirlər.
Binəva Dördlər kənd sakinləri isə illərdir 800 metr yolun təmiri üçün ayaq döymədikləri qapı qalmayıb. Hər dəfə də 32 saylı Yİİ-nin rəisi Firudindən və İcra Hakimiyyətinin rəhbər vəzifəlilərindən eyni sözləri eşidirlər: «Büdcədə pulumuz yoxdur, nə vaxt pul versələr onda da yolunuzu təmir etdirəcəyik».
İdarəçilikdə rəhbər vəzifəli şəxslərin rotasiya qaydasında yerdəyişməsi prinsipi var. “Yuxarıdan” müşahidə edirlər ki, bir rayonda bir vəzifəli şəxsin barəsində şikayətlər artır, onun yerini başqa rayona dəyişirlər və bunu anti-korrupsiya tədbiri kimi qələmə verirlər. Yəni, guya məmurun yerli camaata “üzü-gözü alışıb”, ondan çox şey umurlar, öz vəzifəsini həyata keçirəndə şəxsi münasibətlərdən utanıb sərt qərarlar verə bilmir. F.İbrahimovun “hənası isə o hənadan deyil”, onda eldən utanan sifət yoxdur. Utansaydı, idarəəyə məxsus 3 ədəd xidməti minik maşınları – 21 AA — 039 dövlət nömrə nişanlı “Topaş”, 21 AA — 049 nömrəli “Niva” və 21 JB – 021 nömrəli digər avtomobilləri özünün və öz yanında işə götürdüyü oğlunun, eləcə də ailəsinin başqa üzvlərinin şəxsi ehiyaclarına işlətməzdi. Onun yerini başqa rayona dəyişmək, illah da ki, Qarabağa yol çəkməyə göndərmək daha böyük faciə olar. Firudinin inşa etdiyi yoldan keçməkdənsə, minalanmış sahədən keçmək daha təhlükəsizdir. Odur ki, elələrini tamamilə vəzifədən uzaqlaşdırmaq lazımdır.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva