Hacıqabul rayonu, Hacıqabul şəhəri, N.Nərimanov küçəsi, ev-26 ünvanda yaşayan Şərifov İbrahim Calal oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək iş yoldaşı tərəfindən aldanılaraq külli miqdarda pulunun borc adı ilə alınıb mənimsənildiyini bildirmişdir.
Şirvan şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışşı-həkim vəzifəsində 30 illik staja malik olduğunu, işlədiyi müddət ərzində heç kimlə ədavəti olmadığını qeyd edən doktor İbrahim Şərifov yazır ki, 2019-cu ilin iyun ayında Şirvan şəhəri, Heyranxanım küçəsi, ev – 27 ünvanda yaşayan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində orta tibb bacısı vəzifəsində işləyən Bağırzadə Aynurə Razı qızı sürücüləri Şahin Abbasovla birlikdə onun yanına gələrək, başqalarından sələmlə götürmüş olduğu və get-gedə artmaqda olan borcun bağlanılmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt İbrahimin qardaşı müalicəsi pulla da mümkün olmayan qida borusunun xərçəngindən əziyyət çəkir və son günlərini yaşayırmış. Bu hadisə İbrahimi çox sarsıtdığından, o, dərdləri pul ilə sağala biləcək başqalarına əl tutmağa meylli olmuşdur ki, bəlkə gördüyü savab işlərə görə Allahın onun qardaşına rəhmi gələ. İbrahimin təbiri ilə desək, “yazıq donu geyinmiş” Aynurənin vəziyyəti onu təsirləndirmişdir. İbrahim ona heç olmasa, faiz borclarının bağlamasını təklif edərək, ilkin olaraq iki dəfəyə 8000 (4000+4000) AZN faizsiz borc vermişdir. Aynurə onu faizsiz götürəcəyi borcu qaytarmaq iqtidarında olduğuna inandırmaq üçün demişdir ki, əsas işindən əlavə həmçinin maşın alveri ilə də məşğul olur, usta vasitəsilə köhnə maşınları ucuz qiymətə alıb üstünə xərc qoyur, sonra nisbətən baha qiymətə satıb fayda götürür. Bu minvalla o, ara-sıra İbrahimə olan borcundan xırda məbləğlərlə (300-500 AZN) qaytarsa da, yenə də arabir guya növbəti “sərfəli” maşın alverinin baş tutması üçün borc pullar almışdır.
Hər dəfə Aynurəyə verdiyi və aldığı pulları tarixi və məbləği ilə dəftərçəyə qeyd edən İbrahim bir gün borc tarixçəsinin dinamikasına nəzər salanda müşahidə edir ki, Aynurənin ondan aldığı pullar qaytardıqlarını xeyli üstələyib. Nəhayət, Aynurənin onu aldatdığını dərk edən İbrahim etirazını və tələbini qəti şəkildə bildirib: “Çıxılmaz vəziyyətdə qaldığından, hətta bədənini mənə təklif etdi (açıq ifadə üçün üzr istəyirəm). Mən qəti imtina etdim. Mən ona bu imtinanı dönə-dönə etmişəm”. Belə olan halda İbrahim borcu notariat qaydasında rəsmiləşdirməyi təklif edir. Aynurə razılaşsa da, borcun rəsmiləşdirilməsi üçün notariusun iştirakı ilə verilib-alınmalı olan borc məbləğinin banka mədaxil-məxaric olunması tələb olunur. Bu əməliyyatın gerçəkləşməsi üçün də pulu İbrahim özü axtarmalı olur və vur-tut 17000 AZN tapa bilir. Beləliklə, Aynurənin rəsmi sənədlərə imza ataraq təsdiqlədiyi borc məbləği yalnız 24 iyun 2020-ci ildə bağladıqları faizsiz kerdit müqaviləsində göstərilən 17000 (on yeddi min) manatdan ibarət olur. Sonradan Aynurə ona olan itirilmiş inamı yenidən bərpa etmək üçün yenə İbrahimə kiçik məbləğlərlə pul qaytarır. Çox keçmədən İbarhimi öz biznesində canlanma yarandığına, güclü müttəfiq-şəriklər tapdığına, böyük gəlir götürəcəyinə inandıra bilir və yenə iri məbləğdə borclar alır. Eyni proses təkrarlanır. İbrahim nəhayət, özü üçün dönüş nöqtəsi təyin edib tələbini sərt şəkildə ortaya qoyanda Aynurə ona artıq “oyunun bitdiyini”, daha pul qaytarmayacağını, bu işdə tək olmadığını, arxasında başqa adamların durduğunu, bir daha pul tələb edəcəyi təqdirdə onu şərləyəcəyini demişdir: “Axırıncı mesajı ilə məni hədələyib bildirir ki, hara istəyirsən şikayət et, axırda sənin özün üçün pis olacaq”.
İbrahim Şərifov Aynurədən aldığı, ərizəsində göstərdiklərinin təsdiqi kimi çıxış edə biləcək mesajların hamısını telefonunda saxladığını, Aynurənin ona olan, yekun məbləği 71409 (yetmiş bir min dörd yüz doqquz) manat təşkil edən borcunun ara – sıra xırda məbləğlərlə Famil Qurbanov və Alim Qiyasxanov adlı şəxslərin adına olan bank kartları vasitəsilə qaytardığını, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edir. Üstəlik, bildirir ki, Aynurə və başqa tanımadığı şəxslər ona zəng vurub borcdan əlini üzməyini tələb etdiklərinə, Vətən müharibəsi iştirakçısı olan oğlunu oğurlayacaqları ilə hədələdiklərinə görə ailəsinin təhlükəsizliyinin təmin olunması vacibdir.
Vüqar Xəlilov