Azərbaycan İdeyası

“Qaçqınkom”un qəzetimizə təşəkkürlə başlayıb hədə ilə qurtaran məktubu

Tarix:24-12-2021, 12:44
Baxış Sayı:452

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Korrupsiya və Qanun” qəzetinin məktubuna cavab verib. Özünəməxsus tərzdə. Qurumun 12.11.2021-ci il tarixli 02/1493 nömrəli cavab məktubunda Dövlət Komitəsinin nəzarətində olan sahədə mübahisəli halların araşdırıldığı, mövcud nöqsan və çatışmazlıqların mətbu orqan vasitəsilə işıqlandırıldığı, həmçinin, vətəndaşlara köməklik göstərilməsini təşkil etdiyimiz üçün redaksiyaya təşəkkür elan edilir.
Daha sonra şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil etdiyi, dövlət başçısının və Birinci vitse-prezidentin göstəriş və tapşırıqlarına əsasən bu kateqoriyadan olan insanların sosial qayğılarının diqqət mərkəzində saxlanılaraq mövcud problemlərin aradan qaldırılması məqsədilə genişmiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Komitə tərəfindən 2018-ci ildən indiyədək I Qarabağ müharibəsi zamanı döyüşlərdə şəhid olmuş və ya iştirak etmiş 300-dən artıq məcburi köçkün ailəsinin yaşayış sahəsi ilə təmin olunduğu, ehtiyacı olan mənzillərdə təmir işləri aparıldığı xatırlanır.
Nəyə görə 2018-ci ildən indiyədək? Belə başa düşdük ki, bu rəqəm cənab Rövşən Rzayevin Dövlət Komitəsinə sədr vəzifəsinə təyin olunduğu ili göstərir və məktubun tərtibçisi sədr müavini Sabir Əhmədov məhz Rövşən Rzayevin fəaliyyətini təqdir etmək istəyib.
Məktubun qəzetimizin 05.10.2021-ci il tarixli 09 (83) saylı nəşrində yer alan məqalədə ehtiva olunan məsələlərə cavab olaraq göndərildiyi qeyd olunsa da, predmet göstərilməyib və şikayətçinin adı çəkilməyib. Lakin cavab məktubunda yer alan “Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi gündəlik fəaliyyətində heç bir ayrı-seçkiliyə yol vermədən I Qarabağ müharibəsi, 2016-cı il aprel döyüşləri, eləcə də milli həmrəyliyimizin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə, həmçinin qəhrəmanlıq göstərmiş bütün döyüşçülərə diqqət və qayğı ilə yanaşır” cümləsindən başa düşürük ki, söhbət qəzetimizdə dərc olunmuş “Qaçqınkom” rəhbərliyi şəhidləri qaliblərə və məğlublara bölür?” sərlövhəli məqalədən gedir.
Xatırladaq ki, həmin məqalə Sumqayıt şəhəri “Əlvan – metal” pansionatında məskunlaşmış Baxşəliyeva Hafizə Hilal qızının redaksiyaya müraciəti əsasında hazırlanmışdı. Müraciət müəllifi bildirirdi ki, atası Baxşaliyev Hilal Hüseyin oğlu 1994-cü ildə Füzuli rayonu və digər ərazilərimizin bütövlüyünün qorunması uğrunda vuruşmuş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid ailəsi kimi mənzilə ehtiyaclı olduqları üçün Sumqayıt şəhərində bütün aidiyyəti dövlət orqanlarına rəsmi şəkildə müraciət etmələrinə baxmayaraq, heç bir nəticə hasil olmamışdır.
H.Baxşaliyevanın sözlərinə görə, müraciət etdiyi yüksək vəzifəli şəxslərdən onu təhqir edənlər də olub: “Eldar Zeynalov (QMKİDK – nin aparat rəhbəri – red.) mənə dedi ki, sənin atanın ağlı osaydı, müharibəyə getməzdi, şəhid olmazdı. Sənin atan köhnə şəhiddi, biz aprel şəhidlərinə kömək edirik. Qaçqın şəhiddi, bizlik deyil. Rövşən Rzayevin (QMKİDK sədri – red.) qəbulunda olanda dedim ki, iki uşaqla ortada qalmışam. Dedi ki, heç nə olmaz, biz dözümlü xalqıq. Döz, sənin atan indi şəhid olmayıb, köhnə şəhiddi, gözlə, ev olanda verərik, darıxmayın. Bizi lağ elədi, dedi niyə gəlmisiniz, sənin atan şəhid olanda 4 yaşın vardı, bilmirdin ata nədir, elə bil ki, atan heç yoxuymuş. Eldar Zeynalov dedi ki, Mehriban xanım (Birinci vitse-Prezident – red.) gündə bir şəhid övladı göndərir üstümüzə ki, ev verin”.
Təxmin etdiyimiz kimi, Dövlət Komitəsi məqalədə yer alan ittihamı təkzib etmişdir: “Diqqətinizə çatdırırıq ki, məqalə ilə bağlı müvafiq araşdırma aparılmış və qeyd olunan məqamların ümumilikdə reallığı əks etdirmədiyi, şikayətçi tərəfindən məsələyə birtərəfli yanaşıldığı müəyyən edilmişdir...”
Sonra isə Komitə bizə sözün həqiqi mənasında barmaq silkələyir və hüquq-mühafizə orqanları ilə hədələyir: “Əlavə olaraq bildiririk ki, Komitə söz və mətbuat azadlığının, KİV-lərin inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edərək, sosial əhəmiyyət daşıyan qeyri-dəqiq məlumatların yayılmasını araşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlamaqla, hər zaman obyektivlik və bitərəflik prinsiplərini qoruyan bütün sosial media və agentliklər, KİV-lərlə qarşılıqlı fəaliyyətə, görülən işlərin ictimaiyyətə çatdırılmasına önəm verir”.
Sonra isə Komitə nümayəndəsi mətbuatı yalançılıqda suçlayır: “Lakin bəzi hallarda KİV nümayəndələri tərəfindən bu sahədə mövcud qanunvericiliyin tələbləri pozularaq dövlət təşkilatları barəsində yalan, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır ki, bu da həm təşkilatın, həm də mətbu orqanın işgüzar nüfuzuna xələl gətirmiş olur”.
Ən nəhayət, Komitə mənsubu bir az ritorikanı yumşaldıb məsləhət verir: “Qeyd olunanları nəzərə alaraq, belə halların qarşısının alınması, xüsusilə də Ali rəhbərliyin həssas kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısına kölgə salmamaq məqsədilə bu tip qərəzli fikirləri özündə ehtiva edən müraciətlərin öncədən araşdırılması, qarşı tərəfin fikir və mülahizələrinin nəzərə alınması məqsədəuyğun olardı”.
Çox hörmətli Komitə rəhbərliyinə bildiririk ki, bizim jurnalist kollektivi olaraq heç kimə qarşı qərəzimiz yoxdur. Biz ali rəhbərliyin həssas kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısına kölgə salmaq fikrində deyilik. Ali rəhbərliyin həssas kateqoriyadan olan vətəndaşlara diqqət və qayğısını onlara çatdırmaqla vəzifələndirilmiş şəxslərin öz vəzifələrini lazımınca yerinə yetirməməsini və (və ya) vəzifələrindən sui-istifadə etmələrini qınayırıq.
Yaxşı! Deyək ki, şikayətçi Komitə mıənsubları barəsində qərəzli məlumat verib, KİV də həmin məlumatı dəqiqləşdirmədən tirajlayıb. İndi də Komitə həmin məlumatda ehtiva olunan ittihamı təkzib edir, redaksiya da həmin təkzibi dərc edir. Bəs elə isə Komitə şikayətçinin – şəhid ailəsinin mənzil ehtiyacını ödəməkdən imtinanı nə ilə əsaslandırır? Axı cənab Sabir Əhmədovun bizə ünvanladığı, təşəkkürlə başlayıb hədə ilə yekunlaşan “şanlı” məktubunda bu sualın cavabı verilməyib.
P.S. Daimi oxucularımız yaxşı bilirılər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Dövlət Komitəsinin “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirilən aidiyyəti problemlərə biganə qalmasına dəlalət edən çoxsaylı misallar çəkə bilərik. Məsələn, ailələri ilə birgə 2007-ci ildən Yasamal rayon 52 saylı məktəbin ərazisində məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Sənan və Emin Şamıyev qardaşlarının mənzillə təminat məsələləri ilə əlaqədar Dövlət Komitəsinin onlarla oynadığı “gizlənpaç” oyununu 2016-cı ildən bu yana işıqlandırırıq. 2016-cı ildə onların məktublarına cavab verilmişdi ki, mənzillə təmin olunacaqlar. 2019-cu ildə müvəqqəti sığındıqları komaya özləri pəncərə qoymaq istəyəndə Komitənin nümayəndələri onları arxayın salıblar: “Niyə pəncərəyə artıq xərc çəkirsiz? Onsuz da sizə ev veriləcək”. Amma indi Şamıyevlərə cavab verirlər ki, hazırda Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlillərinin mənzillə təminat problemləri öndədir. Vətən müharibəsi bir il əvvəl baş verib və şükür ki, Qələbə ilə başa çatıb. Bəs elə isə Şamıyevlərin problemlərinin ailə qayğılarının artması ilə əlaqədar ictimailəşdirildiyi 2016-cı ildən 2020-ci ilin sentyabrına qədər Dövlət Komitəsi onlara niyə biganə yanaşırdı? Həmin o 4 ildən iki ilini də yazaq Komitənin sabiq sədri Əli Həsənovun günahları sırasına. Bəs cənab Rövşən Rzayev vəzifəyə təyin oljunduğu 2018-ci ildən indiyə qədər Şamıyevlərin problemlərini görmürdümü? Görəsən, Şamıyevlərin ev növbəsi kimlərə satılıb?
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…