Azərbaycan İdeyası

Yevlax polisi yol-nəqliyyat hadisəsi törətmiş qara “Mersedes”i niyə axtarmır?

Tarix:16-03-2022, 09:38
Baxış Sayı:84


Respublika ərazisində ötən il ərzində 1649 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 (+3,9%) fakt, ölənlərin sayı 10 (+1,4%) nəfər, yaralananların sayı isə 42 (+3%) nəfər artıb.
Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olmuşdur.
Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.
Qəzalarda həlak olan 706 nəfərdən (onlardan: 7 yaşına qədər 13 nəfər, 7 yaşından 16 yaşına qədər 36 nəfər, qadınlar 148 nəfər) 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçılarıdır.
Yol-nəqliyyat hadisələrinin iştirakçısı və ya iştirakçılarının yaxın adamları olmayan kənar şəxslərə bu rəqəmlər bəlkə də adi statistika kimi görünə bilər. Amma həmin yol-nəqliyyat hadisələrinin hər biri özündə yarımçıq qırılmış, şikəst olmuş, maddi-mənəvi-psixoloji zərbə almış insan taleləri, əmlaka vurulmuş ziyan və etiraf etməliyik ki, həm də korrupsiya hüquqpozmalarını ehtiva edir. Çoxdan müşahidə olunub ki, polis bir çox hallarda yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərini obyektiv qiymətləndirmir, hadisə yerinə baxış keçirərkən hüquq-mühafizə və cinayət təqibi orqanlarının işini çətinləşdirə biləcək, yumşaq ifadə edərək desək, təhqiqat və axtarış üçün əlavə resursların cəlb olunmasını, peşəkarlıq göstərilməsini tələb edən halları görməzdən gəlir.
Yevlax rayonunun Cırdaxan kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Qnyazov Babək Mehman oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirir ki, 21 yanvar 2021-ci il tarixdə xidmətlərini davam etdirməkdə olan döyüş yoldaşlarına ərzaq aparıb qayıdarkən öz avtomobili ilə Qızılhacılı – Goran yolunda hərəkətdə olduğu vaxt Boruslu yolundan çıxan qara rəngli “Mersedes” markalı başqa avtomobilin onun maşınını sağ yandan vurması nəticəsində idarəetməni itirib və özünün sürdüyü nəqliyyat vasitəsi yolun sol tərəfində dayanan “Lada” markalı digər minik maşınına dəyib. Onu vuran “Mersedes”in sürücüsü hadisə yerindən qaçıb: “Mən özümü itirdiyimə görə “mersedes”in nömrəsini görə bilmədim. Öz maşınım yanmaqda olduğuna baxmayaraq digər maşındakı yaralılara kömək etməyə çalışırdım. Polis çağırdıq. Hadisə yerinə gələn Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı polis kapitanı Arif Zülfüqar Arif oğlu hadisəni görmüş yeganə hal şahidiylə kobud rəftar etdi və onu qorxudaraq ərizə yazıb şahid durmasına mane oldu. Sonra mən avtotexniki ekspertiza təyin olunmasını xahiş etdim. Müstəntiq Zülfüqar məndən pul istədi. Mənsə müharibədən sonra işləmədiyimi, hadisədə təqsirsiz olduğumu bildirdim. O isə məni tutduracağı ilə hədələdi. İstintaq getdiyi vaxt mən səhhətimlə əlaqədar hospitala getməli oldum. Orada olarkən başıma gələnləri danışdığım bir nəfər qazi mənə “102” xidmətində işləyən Mirzəyev Cavid adlı şəxslə danışmağımı məsləhət gördü və onunla tanış etdi. Cavid məni vurub qaçan maşını tapacağını vəd etdi və qarşılığında məndən pul istədi...”
B.Qnyazov bildirir ki, yol-nəqliyyat hadisəsinin əsas səbəbkarı olan sürücünün tapılmasının onun üçün vacib olduğunu nəzərə alaraq Cavidin istədiyi pulu verib: “Cavid Mirzəyev mənə tapşırdı ki, onunla danışığımı Zülfüqara bildirməyim, çünki problem yarana bilər. Bir müddət sonra Mirzəyev mənə xəbər verdi ki, həmin şəxs tapılıb, telefonunda şəkillərini göstərdi. Mən arxayın oldum. Sonra Zülfüqar müəllim məni Şöbəyə çağırdı və vəkilimin olub-olmadığını soruşdu. Mənə vəkillik edə biləcək adamın adını dedim. Müstəntiq onu dərhal tanıdı: “Hə, bizim Fərhad? Nə yaxşı!” Tapşırdı ki, növbəti həftənin birinci günü vəkillə bir yerdə polis şöbəsinə gəlim. Mən Şöbədən arlanan kimi Fərhad müəllimlə əlaqə saxlayıb mənə kömək etməsini xahiş etdim. O isə xəstə olduğunu deyib mənə köməklik etməkdən imtina etdi. Bildim ki, Zülfüqar müəllim ona tapşırıb ki, mənim işimə yaxın durmasın. Bundan sonra özləri mənə vəkil təklif etdilər. Vəkil də mənə məsləhət gördü ki, təqsiri öz boynuma götürüm, mənə də, ziyan çəkmiş digər maşının sahibinə də sığorta pulu ödəniləcək. Mən yenə də razı olmadım. Məhkəmə məni bir il müddətinə azadlığımın məhdudlaşdırılması, iki il sürücülük hüququndan məhrum edilməyim və əlavə olaraq 600 (altı yüz) manat məbləğdə cərimə olumağım barədə qərar çıxardı. Cavid Mirzəyev də, Arif Zülfüqar Arif oğlu da qaqnunsuz əməllərinə görə cəzasız qaldılar, hamısının əvəzinə cəzanı mən çəkdim. Odur ki, birbaşa möhtərəm Prezidentimizə, hörmətli Daxili işlər nazirinə səslənirəm, bu işlə bağlı obyektiv araşdırma aparılsın, mənə köməklik göstərilsin”
Babək Qnyazov probleminin KİV-də ictimailəşdirilməsini, aidiyyəti instansiyalara çatdırılmasını redaksiyamızdan xahiş etmişdir. Qeyd edək ki, qəzetimizin əməkdaşı onunla Yevlax şəhərində də görüşmüş videomüsahibə almışdır. Həmin video-material qəzetimizin “Youtobe” kanalında yerləşdirilmişdir.
Elsevən Gözəldərəli

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…