Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgi ilə pоzmaq da,
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ,
Tale yazan pozulmayan yazıdan.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq...
15 İyun 2022-ci il. Ömrümüzün ən şirin, duyğulu, qayğısız, hər anı bir ömrə bərabər, sehirli, ən təmiz arzulu günlərini - məktəb illərini xatırlamaq üçün bizlər – İmişli rayon keçmiş 1 May qəsəbə orta məktəbini (Hazırki Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbi) 1972-ci ildə bitirmiş (IV buraxılış) 41 nəfər keçmiş şagird yoldaşlar doğma təhsil ocağında bir araya gəlib məzun olmağımızın 50 illik yubileyini yüksək səviyyədə qeyd etdik.
Orta məktəbi başa vuran kimi bu sətirlərin müəllifi, yəni mən – Xuraman Əhliman qızı Quliyeva təhsilimi davam etdirib əvvəlcə 1972-də Lənkəran Pedaqoji Texnikumunu, sonra 1981-də Xalq Təsərrüfatı İnstitutunu bitirdim. Şagird yoldaşlarımın sonrakı aqibətindən bildiklərimi bilirdim, bilmədiklərimi də həmin görüşdə dəqiqləşdirdim: Abbasov Əşrəf Bakı Dövlət Universitetinə, Məlikov Şahin İnşaat İnstitutuna, Quliyeva Qətibə Gəncə Kənd Təsərrüfatı İnstitutuna, Ağayeva Validə, Mustafayeva Gülafiyə Lənkəran Pedaqoji Texnikumuna, Vəliyeva Məleykə Şuşa Pedaqoji Texnikuma, Quliyeva Validə, Mustafayeva Tamilə, Ağayeva Mahirə Tibb Texnikumuna, Şıxaliyeva Qızbəs Maliyyə-Kredit Texnikumuna, Kərimova Rahilə Bakı Mədəni-Maarif Texnikumuna, Kərimov Əlibala Bakı Neft Texnikumuna, Əliyev Razı Politexnik Texnikumuna, Muradov Zahir və Salmanov Ələmdar Kənd Təsərrüfatı Texnikumuna, Kərimov Adil Sənaye Texnikumuna, Əhmədov Adil Bədən Tərbiyəsi Texnikumuna üz tutdular. Zeynalov Məhəmmədəli Ağdam Kənd Təsərrüfatı Texnikumunu qırmızı diplomla qurtarandan sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunun mexanika fakültəsinə qəbul olundu.
Orta məktəbdən sonra təhsillərini davam etdirməyən qızlarımız – Ağayeva Arifə, Əliyeva Tamara, Tağıyeva Zəhra, Atayeva Səadət, Paşayeva Səbiqə, Xələfova Yaqut, Abdullayeva Yaqut da yiyələndikləri mükəmməl təlim – tərbiyəyə görə həyat sınağından alnıaçıq, üzüağ çıxmışlar, qurduqları ailənin dirəyinə çevrilmiş, gəlin düşdükləri ocağın hərarətini artırmışlar.
Kişilərdən sadə peşələri seçənlər çox oldu – Səmədov Qafil, Rzayev Ələmdar, Quliyev Nəsib (sürücü-mexanik), Babayev Şamxal sürücülük peşəsinə yiyələndilər, Xəlilov Zahid isə bacarıqlı saç ustasıdır. Alın təri ilə, halal zəhmətlə dolanışıqlarını təmin etmişlər.
Orta məktəbdən sonra Rostov Dəmiryol İnstitunun Bakı filialına qəbul olunmuş, lakin II kursda oxuyarkən dünyadan nakam köçmüş Hüseynov Qəhrəman və Lənkəran Pedaqoji Texnikumunda oxumuş, dünyadan erkən köçmüş Əsədov Vidadi, İnşaat Texnikumunda təhsil almış Qasımov Xalıq, sürücü işləmiş Pənahov Rafiq və Kərimov Adil qardaşlarımızı, Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunmuş və müəllimə işlədiyi dövrdə vəfat etmiş Həmzəyeva Hafizə bacımızı, təhsilini Pedaqoji İnstitutda davam etdirmiş, cavan ikən haqq dünyasına qovuşmuş Musayeva Ofelya xanımı, Xarici Dillər İnstitutuna daxil olmuş, indi haqq dünyasına qovuşmuş Tağıyeva Hicranı, xatirimizdə gülərüz, mehriban çöhrəsi ilə qalan Azadova Elmiranı, Kərimova Adiləni, Məmmədova Məhluqəni də yada salıb, xatirələrini bir dəqiqəlik sükutla yad etdik. Təlim – tərbiyəyə yiyələnməyimizdə zəhmətləri olmuş sinif rəhbərimiz Telman Məmmədovun, direktorumuz olmuş İnşalla Quliyevin, direktor müavini Şükufə Abdullayevanın, ibtidai sinif müəllimimiz Əhliman İsmayılovun, bizə dərs demiş digər müəllimlər – Balabəy Abdullayevin, Qənimət Məmmədovun, Çərkəz Köçəriyevin, Hidayət Kazımovun, Gülalı Quliyevin, Zakir Kazımovun, Allahyar Bayramovun zəhmətlərini yerə vurmadığımıza görə Tanrıya şükür etdik.
Ümumiyyətlə, Allah şükür eləmək üçün çox səbəblər tapdıq. Sağ-salim qaldığımıza, oğul-qız, nəvə -nəticə yiyəsi olmağımıza, ölkəmizin müstəqilliyinin bərpasına şahidlik etdiyimizə, cənnət Qarabağın işğaldan azad olunduğunu gördüyümüzə, aldığımız hər nəfəsə, təam etdiyimiz hər nemətə görə Uca Yaradana minnətdarlıq duaları oxuduq. Allah hamının yaxşı niyyətli dualarını müstəcəb etsin!
Keçmiş xatirələri bölüşdük. Kimimiz uşaq şıltaqlıqlarımızı yada saldıq, kimimiz o vaxtlar dəbdə olan, sevdiyimiz manhıları zümzümə etdi, kimimiz öz övladlarının nailiyyətlərindən danışdı, kimimiz müasir dövrdə gənclərin tərbiyəsinə mənfi təsir edən tendensiyalardan gileyləndi, kimimizsə itirdiyi yaxınlarını xatırlayıb kövrəldi...
Əlbəttə, yaş öz sözünü demiş, taleyin keşməkeşli yolları hamımızın sifət cizgilərinə, səhhətinə öz izini salmışdır. Amma müşahidə etdim ki, şagird yoldaşlarımın haqlı olaraq qəlbin aynası sayılan gözləri dəyişməmişdi, demək olar xasiyyətləri də elə əvvəlki kimi qalmışdı. Mənim də barəmdə eyni fikirləri söylədilər. Ümumiyyətlə, bizi birləşdirən bir ortaq cəhət vardır - mənimlə şagird yoldaşı olmuş həmyaşıdlarımın hamısı həyatda, cəmiyyətdə, işlədikləri kollektivlərdə, harada olurlarsa-olsun, prinsipial, haqqı deyən, ədalətin tərəfdarları olublar. Bizlər gerçək, güvəniləsi dostlarıq. Xeyirimizdə - şərimizdə bir-birimizi axtarıb-arayan, bir-birimizə əl tutanlarıq.
Doğrudur, heç də hamıya seçdiyi peşə, sənət, ixtisas üzrə ömür boyu işləmək nəsib olmur. Müəllimliyi ən şərəfli peşə sayanların fikrinə şərik olsam da, jurnalistika ilə məşğul olmağıma, qələmə sarılmağıma, həqiqəti yazmağıma, haqqı-hüququ tapdalananlara həyan durduğuma peşiman deyiləm. Elə o səbəbə sevinirəm ki, şagird yoldaşlarımla möhtəşəm yubiley görüşümüz barədə bu məqaləni yazmaq xoşbəxtliyi də məhz mənə qismət oldu.
Son olaraq doğma məktəbimizin indiki direktoruna, müəllim kollektivinə görüşümüzün təşkilinə göstərdikləri dəstəyə, qonaqpərvərliklərinə, istiqanlılıqlarına görə minnətdarlığımız bildirir, yetişməkdə olan nəslin təlim-tərbiyəsi işində müvəffəqiyyətlər, indiki şagirdlərə isə xoşbəxtlik arzulayırıq.