Aslan Aslanov yaddaşlarda Heydər Əliyevin ən sevimli və etimad göstərdiyi kadrlarından biri və gənc övladı qətlə yetirilən bir ata kimi qalıb.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ulduzu parlayan Aslan Aslanov təkcə Şəmkir kimi böyük rayonun icra başçısı kimi deyil, Azərbaycanın Gürcüstandakı qeyri-rəsmi səfiri və ya Heydər Əliyevin Gürcüstan üzrə qeyri-rəsmi xüsusi səlahiyyətli nümayəndəsi statusunda olub. Məhz bu etimadın nəticəsində A. Aslanov o vaxtkı Gürcüstan prezidenti Eduard Şevardnadzenin də yaxın dostu olub və hətta E. Şevardnadze yazdığı məşhur memuarında Aslan Aslanovun iki dövlət və millət arasındakı yorulmaz fəaliyyətinə ayrıca fəsil həsr edib.
Aslan Əli oğlu Aslanov — Şəmkir rayon İcra Hakimiyyətinin başçısı (1993-2005), YAP Siyasi Şurasının Üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü, Tbilisinin fəxri vətəndaşı, polkovnik.
Aslan Əli oğlu Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Daha sonra kənd təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 23 avqust 2018-ci ildə vəfat edib.
Onun fəaliyyətinin ən yaddaqalan hissəsi məhz Gürcüstanda baxımsız vəziyyətdə qalan Cümhuriyyətimizin qurucularının məzarlarının onlara layiq şəkildə abadlaşdırılması və Azərbaycan xalqının tarixində-taleyində müstəsna yer tutan bir sıra görkəmli şəxsiyyətlərin yaşadıqları, işlədikləri məkanların öz halalca sahiblərinə qaytarılması olub. Təsadüfi deyil ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev 2008-ci ildə yazdığı məktubunda məhz Aslan Aslanovun Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərini bu cümlələrlə ifadə edib:
“2006–2007–ci illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətləri N.Nərimanovun, C.Məmmədquluzadənin Tbilisi şəhərində yerləşən ev-muzeylərinin vəziyyəti yerində öyrənilmiş, onların saxlanılmasını təmin etmək məqsədilə Gürcüstan Respublikasının Mədəniyyət, Abidələrin Qorunması və İdman Nazirliyi qarşısında məsələ qaldırılmışdır.
Gürcüstan tərəfi M.F.Axundovun ev-muzeyinin bazası əsasında M.F.Axundov adına Gürcüstan–Azərbaycan Əlaqələri Muzeyi yaratmış, N.Nərimanovun və C.Məmmədquluzadənin ev-muzeyləri isə yeni yaradılmış muzeyin bölmələri kimi bu ölkənin muzeylərinin Dövlət reyestrinə salınmışdır.
Azərbaycamn Gürcüstandakı səfirliyinin yaxından köməyi və vasitəçiliyi ilə N.Nərimanovun və C.Məmmədquluzadənin ev-muzeylərinin yerləşdiyi binaların Azərbaycan mülkiyyətinə verilməsi işi başa çatdırılmaq üzrədir. Gələcəkdə həmin muzeylərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir-bərpa və bədii tərtibat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Hörmətli Aslan müəlim!
Azərbaycanın görkəmli şəxsiyyətləri N.Nərimanovun və C.Məmmədquluzadənin Tbilisi şəhərində mövcud olan ev–muzeylərinin vaxtilə qorunub saxlanılmasında göstərdiyiniz alicənablıq və vətənpərvərliyə, habelə həmin binaların Azərbaycan hökumətinə bağışladığnıza görə Sizə minətdarlığımızı bildiririk”.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin 2007-ci ilin 20 noyabrında o vaxtkı kənd təsərrüfatı nazirinin müavini işləyən Aslan Aslanova yazdığı təşəkkür məktubunda da diqqətçəkən məqamlar var:
“Sizə öz dərin ehtiramımı bildirərək nəzərinizə catdırıram ki, xalqımızın görkəmli mütəfəkkirləri və yazıçıları N.Nərimanovun və C.Məmmədquluzadənin Tiflis şəhərində yerləşən ev-muzeyləri artıq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilmişdir.
Fürsətdən istifadə istifadə edərək bir daha Sizə öz ehtiramımı izhar edir və yuxarıda qeyd olunan və sahibi olduğunuz ev-muzeylərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə bağışladığınız üçün və ümumiyyətlə Azərbaycanın Gürcüstan ərazisində yerləşən maddi və mənəvi mirasının qorunub saxlanması üçün gördüyünüz işlər üçün təşəkkür edirəm”.
Amma tale A. Aslanovun üzünə sonadək gülmədi, övlad itkisindən dolayı aldığı mənəvi-psixoloji zərbə onun təkcə sağlamlığı deyil, həyatı bahasına başa gəldi.
Baxmayaraq ki, 2017-ci ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırıldı, amma bu təltif də onu yaxalamaqda olan ağır xəstəliyin pəncəsindən xilas edə bilmədi. Nəticədə hamı ikinci dəfə ulduzunun parlayacağını gözləsə də, onun 2018-ci ilin 23 avqustunda 57 yaşında ağır xəstəlikdən dünyasını dəyişməsi xəbəri hər kəsi şoka saldı.
Əlbəttə, dünyanın fani və ömürün çox qısa olduğu həqiqətini hamı dərk edir və taleyin bu amansız nizamına boyun əymək zorundadır. Amma etiraf edilməlidir ki, sağlığında haqq etdiyi qiymətini sonadək ala bilməsə də onun Azəırbaycan xalqı qarşısında özünəməxsus yeri var və Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası yaşadıqca onun adı minnətdarlıq və rəhmətlə xatırlanacaq.
Şəxsən bu sətirlərin müəllifi rəhmətlik Aslan müəllimin dindar olmasa da, qəlbən Allaha bağlılığının, xeyirxah əməllərinin çox şahidi olmuşdur. O, tanıdığım neçə-neçə inanclı insanın Həcc ziyarətini təşkil etmiş, İlahiyyat İnstitutunda təhsil almasını təmin etmişdir.
Aslan müəllimin atası, vaxtilə rayon İcraiyyə Komitəsinin sədri işləmiş rəhmətlik Əli Aslanovdan əxz etdiyi gözəl keyfiyyətləri, ilk növbədə alicənablığı, dövlətə, dövlətçiliyə sədaqəti, vətənpərvərliyi bu nəslin digər yadigarları da daşıyırlar. Elsevər və Əziz Aslanov qardaşları cəmiyyətin sayılıb-seçilən ziyalılarıdırlar. Hansı vəzifədə olurlarsa-olsunlar, vəzifə onları deyil, onlar tutduqları vəzifəni zinətləndirirlər.
Əli Aslanovun nəvəsi, Aslan Aslanovun bacısı oğlu Rəşad Abdullayev Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin olunandan Qazaxda cinayətkarlığa, qanunsuzluğun bütün növlərinə qarşı mübarizə işi güclənib, vətəndaşların təhlükəsiz yaşamaq haqqı-hüququ təmin olunub, ictimai asayiş daha etibarlı qorunur. Bundan əvvəl o, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyəndə də özünü doğruldub.
Aslan Aslanova Allahdan rəhmət, Aslanovlar ocağının istisinə qızınan kəslərə xoş günlər arzulayıram.